Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2925/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ona (**********00683 abonent kodu üzrə) hesablamış 589,48 manat borcun silinməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixində cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətininsaytından ona məlum olmuşdur ki, onun cavabdehə, guya, 589,49 manat borcuvar. (abonent kodu **********00683) Sərf olunmuş elektrik enerjisinə görə onun dəyərini vaxtlıvaxtında ödəmiş, cavabdehə heç bir borcu olmalı deyil. Bu məsələni araşdırmaq üçün cavabdehin Sumqayıt şəhərində yerləşən “Şimal” RETSİ-yə getmiş. və heç bir nəticə əldə edə bilməmişdir. Oradan ona bildirmişlər ki, məhkəməyə müraciət edə bilər.Bu borc əsassız və qanunsuz borcdur. Bunun heç bir əsası yoxdur. Bir istehlakçı olaraq, hüquqları pozulur və bu səbəbdən sözügedən borc ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli aktdan belə nəticəyə gəlindi ki, iddia predmetini təşkil edən 589,49 manat borcunyaranmasına (yazılmasına) əsas, məhz, həmin akt olmuşdur. Sözügedən aktda qeyd edilmişdir ki, guya, baxış zamanı məlum olmuşdur ki, “...fərdi yaşayış evinə sayğacın giriş xəttindən zajimlə qoşulmaqla kənar xətt daxil olur.”Bu tamamilə əsassız olduğundan, qanunvericilik normaları pozulmaqla tərtib edildiyindən və həqiqətə uyğun olmaması səbəbdən onun cavabdehə borcu yarana bilməz. Belə ki, birincisi, Sayğac həyətdə, yəni, ona aid ərazidə deyil, insanların hərəkət etdiyi yaxud insanların gözü önündə, küçədə - divarda asıldığından (quraşdırıldığından), sayğacın giriş xəttində hər hansı bir kənar predmetin, qurğunun, o cümlədən cavabdehin dili ilə desək, “zajimin”, eyni zamanda, “kənar xəttin” olması, əlbəttə, real deyil, absurddur. İkincisi, əgər, həqiqətən aktda göstərilən pozuntuya yol verilmişdirsə, nəyə görə yaxud hansı səbəbdən maraqlarına toxunan istehlakçının, yəni onun yaxud onunla birgə yaşayan ailə üzvlərinin iştirakı yaxud xəbəri olmadan, həmin akt birtərəfli qaydada, yalnız bir nəfərin - işdə maraqlı olan cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilərək imzalanmışdır?! Enerjitəchizatı müəssisəsi (cavabdeh “xxxx” ASC) ilə məişət abonenti (əhali) arasındakı münasibətləri tənzimləyən “Elektroenergetika haqqında”, ’’Energetika haqqında” Azərbaycan Respublikasının qanunları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydalrı” haqqında xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarında analoji aktların tərtib edilməsi qaydaları müəyyən edilmədiyindən, bu halda işgüzar adətlərə uyğun olaraq, analogiya tətbiq edilməklə, yəni, işgüzar adətlərə uyğun akt tərtib edilməsi qanunauyğun olardı. Məlum olduğu kimi, praktikada formalaşmış işgüzar adətlərə görə, aktlar, işdə maraqlarına toxunan yaxud maraqlı şəxslərin (onların nümayəndələrinin), ən azından, iki nəfərin iştirakı ilə tərtib edilərək, imzalanaraq təsdiq edilir.Üçüncüsü, məlum olduğu kimi, elektrik enerjisinin istehlakçılara ötürülməsi, satışı və ondan istifadə qaydaları, o cümlədən, enerjitəchizatı müəssisəsi (“xxxx” ASC) ilə məişət abonenti (əhali) arasındakı münasibətlər, əsasən, “Elektroenergetika haqqında”, ’’Energetika haqqında” Azərbaycan Respublikasının qanunları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydalrı” haqqında xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə tənzimlənir. Həmin normativ - hüquqi aktlara nəzər yetirdikdə, cavabdehin aktda qeyd etdiyi “zajim” yaxud “kənar xətt” anlayışları (ifadələri) mövcud deyildir. Yəni, cavabdehin tərtib etdiyi aktda nəyin yaxud hansı normativ aktın pozulduğu və ya hüquqpozma obyektinin nədən ibarət olması anlaşılmır, məlum deyil yaxud göstərilməmişdir. Bu da onu deməyə əsas verir ki, tərəfindən hər hansı bir hüquq pozuntusuna (deliktə) yol verilməmişdir. Belə olan halda, hər hansı bir məsuliyyət daşımaqdan yaxud əlavə borcun hesablanmasından söhbət gedə bilməz. Bununla da, cavabdeh tərəfindən onun barəsində yazılmış aktın - borcun əsassız və qanunsuz olması təsdiqini tapmış olur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi iki, iddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuşdur. Kənar xətt aşkar olunmuşdur. Akta əsasən borc hesablanmışdır. Tələb əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli bildiriş xəbərdarlığından görünür ki, İddiaçı Novruz oğlunun “xxxx” ASC-yə **********00683 saylı abunə kodu üzrə 589,74 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, NDM 017849 saylı aktdan görünür ki, həmin tarixdə “xxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu- **********00683) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, fərdi yaşayış evinə sayğacın giriş xəttindən zajimlə qoşulmaqla kənar xətt daxil olduğu aşkar edilmişdir. İş materiallarında olan Abunə kodu **********00683 olan abunə haqqında sənəddən görünür ki, xx.xx.2020-ci il tarixli NDM 017849 saylı akta əsasən İddiaçı Novruz oğluna 535,37 manat əlavə ödəniş hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 saylı qərarının 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot vənəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarından göründüyü kimi məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, NDM 017849 saylı aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət edilmədən tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilmir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçının evin çöl divarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş yuxarıda göstərilən akt etibarlı deyildir və beləliklə də onun əsasında hesablanmış borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbində 589,48 manat borcun silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçıya cəmi 535,37 manat borcun əsassız olaraq hesablandığı müəyyən edildiyindən, iddia qismən təmin edilməli, 535,37 manat borc İddiaçı **********00683 nömrəli abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 535,37 (beş yüz otuz beş manat, otuz yeddi qəpik) manat borc İddiaçı **********00683 nömrəli abunə hesabından silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-2925/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2925/2020
22.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver