Məhkəmə qərarları › İş №2(006)-2949/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2949/2024

24.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2949/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh İmanov Eldarın iştirakları ilə İddiaçı "Tac 1 Resı̇ dence" Mənzı̇ l-Tikinti Kooperativinin Nəsimi rayon İcra Hakimiyyətini mübahidə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh İmanov Eldara qarşı qarşı "müqavilələrin etibarsız hesab edilməsi və s" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "Tac 1 Resı̇ dence" Mənzı̇ l-Tikinti Kooperativinin Nəsimi rayon İcra Hakimiyyəti mübahidə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh İmanov Eldara qarşı "müqavilələrin etibarsız hesab edilməsi və s" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyəti Başçısının 345 saylı xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri. ünvan 1 ünvanlarda yerləşən istismar müddəti başa çatmış binalarının yerində pilot layihə əsasında "xxxx" MMC tərəfindən yeni çoxbərtəbəli binaların tikintisinin aparılması nəzərdə tutulmuşdur. Həmin ərazidə cavabdeh Almaniya vətəndaşı olan, DYİ 00*****, xx.xx.2018, DMX vəsiqəsinə malik olan İmanov Eldar adlı vətəndaşa məxsus olan Bakı şəhəri. Nəsimi rayonu. Üzeyir Hacıbəyov küçəsi. 66 ünvanda yerləşən ümumi sahəsi 42.2 kv metr olan 2 otaqlı 38 saylı mənzilin sökülərək əvəzinə yeni tikilən binada müvafiq ölçüdə olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarında nəzərdə tutulmuşdur ki, pilot layihə əsasında vətəndaşlara məxsus mənzillərin sökülərək yerində tikilən yeni banadan vətəndaşa məxsus sökülmüş mənzilin ölçüsünün üzərinə 20% gəlməklə yeni mənzil verilir. Cavabdehə məxsus sökülən mənzil cəmi 42.2 kv metrdən ibarət olmuşdur. Bu sahənin üzərinə 20% gəldikdə (8.44 kv metr) edir 50.64 kv metr. Lakin cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli üç tərəfli müqaviləyə əsasən ona məxsus sökülmüş mənzilin 42.2 kv metr sahəsi üzərinə 20%, yəni 8,5 kv metr deyil, 58.3 kv metr (faktiki olaraq 138.9% təşkil edir) gəlinərək sonuncuya ünvan 3 ünvanda inşa ediləcək binadan 2-ci blok 17-ci mərtəbədə ümumi sahəsi 100,5 kv metrdən ibarət 4 otaqlı 105 saylı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Halbuki, həmin şəxsə 50,7 kv metr (42,2+8,5=50.7) yaşayış sahəsi verilməlidir. Başqa sözlə, həmin vaxt "xxxx" MMC-nin adından çıxış edən X2 vəzifə səlahiyyətlərindən sui istifadə edərək dostu olan yuxarıda qeyd olunan sakinin sökülən mənzilinin sahəsinin üzərinə 20% gəlməklə yeni yaşayış sahəsi vermək əvəzinə, həmin sahənin 138.9%-ni təşkil edən 58,3 kv metr əlavə sahə verilmişdir. Bununlada, adı çəkilən şəxslərin qanunsuz hərəkətləri nəticəsində "xxxx" MMC-yə külli miqdarda əmlak ziyanı vurulmuşdur. Daha sonra, tərəflər arasında xx.xx.2019-cıı il tarixdə imzalanmış müqaviləyə dəyişiklik edilməsinə dair sazişə əsasən cavabdehə verilməli olan ünvan 4 ünvanda inşa ediləcək binadan 2-ci blok 17-ci mərtəbədə ümumi sahəsi 100.5 kv metrdən ibarət 4 otaqlı 105 saylı mənzilin əvəzinə ünvan 4 ünvanda inşa ediləcək binadan (yəni eyni bnadan) cavabdehə 2-ci blok 8-ci mərtəbədə ümumi sahəsi 100,5 kv metrdən ibarət 4 otaqlı 39(40 saylı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Bundan sonra "xxxx" MMC təşkilati-hüquqi formasını dəyişərək "xxxx" etmişdir. Bu zaman "xxxx" MTK-nın təsisçiləri tərəfindən aparılan təftiş nəticəsində yuxarıda göstərilən qanun pozuntuları aşkar olunmuşdur. Belə ki, "xxxx" MMC-yə məxsus 100.5 kv.m sahədən ibarət olan daşınmaz əmlak müvafiq müqavilə əsasında cavabdeh İmanov Eldar adlı şəxsə əvəzsiz verilmişdir. Nəticədə "xxxx" MMC-yə məxsus əmlak sonuncunun mülkiyyətindən çıxmışdır. Hazırki iddia üzrə cavabdeh İmanov Eldar ilə "xxxx" MMC arasında tərtib edilmiş müqavilə qismən etibarsız hesab edilməlidir. Belə ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh İmanov Eldar arasında bağlanmış müqavilədən görünür ki, MMC özünə məxsus inşa edilən hündürmərtəbəli binadan 1 ədəd mənzili cavabdeh İmanov Eldar adlı şəxsə verir, sonuncu isə bunun müqabilində heç bir məbləğdə pul vəsaiti ödəmir, lakin özünə məxsus mənzilin sökülməsinə razılıq verir. Cavabdehə məxsus sökülən mənzil 42.2 kv metr təşkil etdiyi üçün həmin mənzilin əvəzinə yeni tikilən binadan verilən mənzilin sahəsi 50,7 kv metrdən çox ola bilməzdi (42.2+20%=50.7). Göründüyü kimi, cavabdeh İmanov Eldar yaşayış sahəsinə dair müqavilə bağlasa da. həmin müqavilə üzrə cavabdeh İmanov Eldar bu sahəyə görə heç bir məbləğdə vəsait ödəməmiş, yalnız özünə məxsus və sökülməyə məruz qalmış 42.2 kv metr təşkil edən mənzilini təqdim etmiş, bu səbəbdən ona yalnız 50,7 kv metr yaşayış sahəsi təqdim olunmah olduğundan tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2019-cu il tarixdə imzalanmış saziş etibarlı sayıla bilməz. Göstərilənlərə əsasən, cavabdeh İmanov Eldar adlı şəxs ilə iddiaçı "xxxx" MMC (hazırda MTK) arasında ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 100,5 kv.m sahədən ibarət olan mənzilin cavabdeh İmanov Eldar adlı şəxsə verilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2019-cu il tarixdə imzalanmış sazişin qismən, yəni cavabdeh İmanov Eldar adlı şəxsə ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 100,5 kv.m sahədən ibarət olan mənzilin verilməsi hissəsində etibarsız hesab edilərək, həmin şəxsə eyni əsaslarla və eyni mərtəbədə 50,7 kv.m sahəsi olaan mənzilin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməli və iddia ərizəsinə baxılmasından məhkəmə tərəfindən imtina edilməlidir. Belə ki, mülki qanunvericilikdə podrat müqaviləsi üzrə iddia müddəti 3 il nəzərdə tutulmuşdur. Lakin iddiaçı tərəfindən 2018-ci il tarixdə bağlanılmış müqavilənin təsdiq edilməsindən təxminən 6 il keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, İddiaçı "Tac 1 Resı̇ dence" Mənzı̇ l-Tikinti Kooperativinin Nəsimi rayon İcra Hakimiyyəti mübahidə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh İmanov Eldara qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiasına baxılmasından imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı MTK-da 2024-cü ildə təsisçilər dəyişib. Bununla bağlı şirkətdə yoxlamalar keçirilmiş və bununla bağlı akt tərtib edilmişdir. Bu zaman əvvəlki təsisçi tərəfindən bir çox pozuntulara yol verilməsi müəyyən olunmuşdur ki, hazırki mübahisə də, onlardan sadəcə biridir. Belə ki, yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, cavabdehə məxsus 42.2 kv.m sahəyə münasibətdə ona 20% əlavə verilməli olduğu halda təsisçi tərəfindən ona 100.5 kv m sahə verilmişdir. Bu da, həm qanunvericiliyin tələbinə, həm də, MTK-nın maraqlırına ziddir. AR MM-də birbaşa qeyd edilmişdir ki, idarəçi, təsisçi bütün hərəkətləri məhz şirkətin mənafeyi nəzərə alınmaqla etməkdə məsuldur. Təsisçinin ümumi yığıncaq keçirmədən şirkət əmlakını əvəzsiz olaraq vermək hüququ yoxdur. Bununla bağlı məhkəməyə müraciət edərək cavabdehlə MTK arasında bağlanmış müqavilənin qismən, yəni qeyd edilən şərtlər saxlanılmaqla etibarsız hesab edilməsini xahiş edir. İddia müddəti ilə bağlı isə bildirir ki, bu pozuntu faktını xx.xx.2024-cü il tarixdə aşkar etmişlər. Qanunvericiliyin tələbinə əsasən etibarsızlıqla bağlı iddialar iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxtdan bir il müddətinə verilə bilər. Buna görə də, hesab edirlər ki, prosessual müddət də, ötürülməmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh İmanov Eldar izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, cavabdeh MMC olarkən onu faktiki olaraq 6 nəfər şəxs idarə edirdi: Turxan, Qurban, Namiq və hazırda adlarını xatırlamadığım digər üç şəxs. Direktor səlaihiyyətlərini isə Namiq həyata keçirirdi. Cavabdehin ünvan 6 ünvanında yerləşən, çıxarışda 42.2 kv.m göstərilsə də, faktiki olaraq balkonla birlikdə 110 kv m.dən çox olan və yaxşı təmirli mənzili var idi. 2018-ci ildə Namiqlə aralarında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən yuxarıda qeyd etdiyi mənzilin onlara təhvil verilməsi qarşılığında ona 100 kv.m sahəsi olan mənzil verilməsi aralarında razılaşdırıldı. Bundan başqa həmin binada qarajı da, var idi. Həmin qaraj da, iddiaçı tərəfindən əsassız olaraq sökülmüşdür. Bunun əvəzində isə ona obyekt verilməli idi. Həmin razılaşmaya əsasən həmin mənzil 24 ay ərzində təhvil verilməli idi. Lakin məlum olmayan səbəblərə görə tikintidə probelmlər yarandı və tikintinin başa çatdırılması mümkün olmadı. Artıq 60 aydır ki, mənzillər sakinlərə təhvil verilmir. Bu da, sakinlər arasında narazılıqlar yaratmışdır. Hazırda Turxan ona qarşı iddia qaldırıb ki, güya Namiqlə əlbir olmuşdur. Lakin bu tam yalandır. O, ümumiyyətlə Namiqi tanımamışdır. Onunla məhz Turxan tanış edib. Özünə məxsus evin ümumilikdə 100 kv.m olmasınıda cavabdeh bilirdi. Onun ərazisi balkonla birlikdə rəsmi olmasada faktiki olaraq 100 kv.m idi, bunu fotoşəkillər ilə sübuta yetirmişdir. Həmçinin 2019-cu ildə Turxanla aralarında yeni bir müqavilə bağlanmışdır. Buna səbəb isə o idi ki, ilkin müqavilə bağlanılarkən ona 17-ci mərtəbədə yerləşən mənzil verlməsi razılaşdırılmışdı. Lakin sonradan Turxan zəng vuraraq bildirdi ki, bir nəfər şəxs var və o 17-ci mərtəbəni bütünlükdə almaq istəyir. İddiaçı tərəf bunu reallaşdırmaq üçün təklif etdi ki, 17-ci mərtəbədə yerləşən mənzildən imtina edəcəyi təqdirdə ona digər mərtəbələrdən iki mənzil verəcəklər. Cavabdeh də, bununla razılaşmışdır. Bununla bağlı Turxanla aralarında yeni bir müqavilə bağlanıldı. Əlində bunu sübut edəcək kifayət qədər sübutları vardır. Əgər Turxan hesab edirdisə ki, onlar Namiqlə əlbir olub qanunsuz müqavilə bağlamışlar, yenidən onunla müqavilə bağlaması tam absurd olardı. Bu belə olsaydı, Turxan həmin vaxt öz etirazını bildirərdi. Bundan başqa hətta Turxan özləri tərəfindən cavabdehə veriləcək olan mənzili onlara 350 min manata satmağı təklif etmişdir. Həmçinin tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə də məhkəməyə təqdim edilmişdir. Belə ki, podrat münasibətləri üzrə tərəflər arasıdakı müqavilənin etibarsızlığı ilə bağlı iddialar 3 il müddətində qaldırıla bilər ki, iddiaçı tərəfindən həmin müddət ötürülmüşdür. Hesab edir ki, hazırki iddia sırf məndən əvəz çıxmaq məqsədi daşıyır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" MMC-nin adından X2 ilə İmanov Eldar arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Nəsimi Rayon İcra Hakimiyyətinin 345 saylı 26 dekabr 2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov, Z.Əliyeva, Rixard Zorge və K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi, İmanov Eldar isə mülkiyyətində olan mənzilin boşaltdırılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının əvəzləşməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən "xxxx" MMC ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 42,2 kv.m ibarət, 2 otaqlı, 38 saylı mənzilin sökülərək, əvəzinə mənzilin kvadraturasına əlavə olaraq 58,3 kv.m yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 24 təqvim ayı ərzində ünvan 5 ünvanında inşa ediləcək 22 mərtəbəli yaşayış kompleksində 2 blok, 17-ci mərtəbə, ümumi sahəsi 100,5 kv.m ibarət, 4 otaqlı, 105 saylı mənzili təhvil verməyi və 6 təqvim ay ərzində tam təmir etməyi öz üzərinə götürmüşdür.

8. İş materiallarında olan "xxxx" MMC-nin adından X1 ilə İmanov Eldar arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə dəyişiklik edilməsinə dair sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M/839 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin 1.3-cü bəndi aşağıdaki kimi verilsin: "xxxx" MMC ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 42,2 kv.m ibarət, 2 otaqlı, 38 saylı mənzilin sökülərək, əvəzinə mənzilin kvadraturasına əlavə olaraq 58,3 kv.m yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 24 təqvim ayı ərzində ünvan 5 ünvanında inşa ediləcək 22 mərtəbəli yaşayış kompleksində 2 blok, 8-ci mərtəbə, ümumi sahəsi 100,5 kv.m ibarət, 4 otaqlı, 105 saylı mənzili təhvil verməyi və 6 təqvim ay ərzində tam təmir etməyi öz üzərinə götürmüşdür.”

9. İş materiallarında olan "xxxx" MMC-nin adından X1 ilə İmanov Eldar arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Nəsimi Rayon İcra Hakimiyyətinin 345 saylı 26 dekabr 2017-ci il tarixli sərəncamına əsasən ünvan 5 ünvanında tikilən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 49,3 kv.m ibarət olan, blok 2, 13-cü mərtəbə, 1 otaqlı 80 saylı mənzili təmirsiz olaraq satmağı, İmanov Eldar isə bu müqavilə ilə razılaşdırılmış şərtlər ilə ödənişləri tam ödəniş edərək almağı öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” “Satıcıya” mənzil üçün ümumilikdə 49300 manat ödəniş etməlidir (3.1.2-ci bəndə əsasən mənzilin 1 kv.m üçün 1000 manat ödəyir).

10. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, İmanov Eldar tərəfindən 49300 AZN ödəniş həyata keçirilmişdir.

11. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 13-cü mərtəbəsində, ümumi sahəsi 49,3 kv.m olan, 1 otaqlı 80 saylı mənzilin dəyəri İmanov Eldar tərəfindən tam olaraq ödənilmişdir.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixində tərtib olunmuş aktdan görünür ki, Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyəti Başçısının 345 saylı xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri. ünvan 1 ünvanlarda yerləşən istismar müddəti başa çatmış binalarının yerində pilot layihə əsasında "xxxx" MMC tərəfindən yeni çoxbərtəbəli binaların tikintisinin aparılması nəzərdə tutulmuşdur. Həmin ərazidə cavabdeh Almaniya vətəndaşı olan, DYİ 00*****, xx.xx.2018, DMX vəsiqəsinə malik olan İmanov Eldar adlı vətəndaşa məxsus olan Bakı şəhəri. Nəsimi rayonu. Üzeyir Hacıbəyov küçəsi. 66 ünvanda yerləşən ümumi sahəsi 42.2 kv metr olan 2 otaqlı 38 saylı mənzilin sökülərək əvəzinə yeni tikilən binada müvafiq ölçüdə olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarında nəzərdə tutulmuşdur ki, pilot layihə əsasında vətəndaşlara məxsus mənzillərin sökülərək yerində tikilən yeni banadan vətəndaşa məxsus sökülmüş mənzilin ölçüsünün üzərinə 20% gəlməklə yeni mənzil verilir. Cavabdehə məxsus sökülən mənzil cəmi 42.2 kv metrdən ibarət olmuşdur. Bu sahənin üzərinə 20% gəldikdə (8.44 kv metr) edir 50.64 kv metr. Lakin cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli üç tərəfli müqaviləyə əsasən ona məxsus sökülmüş mənzilin 42.2 kv metr sahəsi üzərinə 20%, yəni 8,5 kv metr deyil, 58.3 kv metr (faktiki olaraq 138.9% təşkil edir) gəlinərək sonuncuya ünvan 3 ünvanda inşa ediləcək binadan 2-ci blok 17-ci mərtəbədə ümumi sahəsi 100,5 kv metrdən ibarət 4 otaqlı 105 saylı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Halbuki, həmin şəxsə 50,7 kv metr (42,2+8,5=50.7) yaşayış sahəsi verilməlidir. Başqa sözlə, həmin vaxt "xxxx" MMC-nin adından çıxış edən X2 vəzifə səlahiyyətlərindən sui istifadə edərək dostu olan yuxarıda qeyd olunan sakinin sökülən mənzilinin sahəsinin üzərinə 20% gəlməklə yeni yaşayış sahəsi vermək əvəzinə, həmin sahənin 138.9%-ni təşkil edən 58,3 kv metr əlavə sahə verilmişdir. Bununlada, adı çəkilən şəxslərin qanunsuz hərəkətləri nəticəsində "xxxx" MMC-yə külli miqdarda əmlak ziyanı vurulmuşdur.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 AZN dövlət rüsumu ödənilmişdir.

14. İş materiallarında olan bir ədəd səs yazısı olan sərt DİSK.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında İmanov Eldara məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 42,2 kv.m olan, 2 otaqlı 38 saylı mənzilin sökülərək əvəzində yeni tikilən binada mənzil verilməsini nəzərdə tutan müqavilə bağlanmışdır. Hazırda iddiaçı cavabdehə verilməli olan kv.m-dən artıq sahə verildiyini əsas gətirərək bağlanmış müqavilənin qismən etibarsız hesab olunmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən isə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

19. Sonuncu Məcəllənin 776.2-ci maddəsində qeyd edilmişdir ki, əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

21. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

22. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, hazırki işdə iddiaçı "xxxx" MMC-nin adından X2 ilə cavabdeh İmanov Eldar arasında xx.xx.2018-ci il tarixində müqavilə bağlanmış, müqavilə ilə "xxxx" MMC ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 42,2 kv.m ibarət, 2 otaqlı, 38 saylı mənzilin əvəzinə ünvan 5 ünvanında inşa ediləcək 22 mərtəbəli yaşayış kompleksində 2 blok, 17-ci mərtəbə, ümumi sahəsi 100,5 kv.m ibarət, 4 otaqlı, 105 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamış və hər iki tərəf sərbəst şəkildə müqavilə azadlığı prinsipini nəzərə almaqla azad şəkildə öz iradəsinə uyğun müqavilə bağlamışlar.

24. Həmçinin məhkəmə onu da qeyd edir ki, köhnə mənzilin yerinə yeni mənzilin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarı ilə 20 faiz meyarla müəyyən edilməsi ilə verilməsi sökünütünü və tikintini aparan hüquqi şəxsin ondan daha çox sahə verilə bilməməsini qadağan etməmişdir.

25. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə olunmuş fotoşəkillər (sərt diskdə olan) cavabdeh İmanov Eldara məxsus mənzilin faktiki sahəsinin iddiaçının iddia etdiyi sahədən çox olduğunu da təsdiq edir.

26. Lakin həmin fotoşəkillər olmasa belə bu qətnamənin 22-23 –cü abzaslarındakı hüququ mövqeyə görə məhkəmə iddiaçı ilə cavabdeh arasında azad şəkildə bağlanmış müqavilələrə istinad edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Həmçinin iddiaçının özünün müqavilələrin qismən etibarsız hesab edilməsi (bütövlükdə olmamaqla) barədə iddia verməsinin özü də hardasa özlüyündə tərəflər arasında müqavilələrnin etibarlı olmasını ehtiva etməkdədir.

27. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

29. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

30. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

32. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

33. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

34. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

35. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

36. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3) müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Plenum Qərarındakı hüquqi mövqeyə görə müəyyən edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

38. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ilə iddiaçının əvvəlki qanuni təmsilçisi arasında olan səs yazıları gizli səs yazısı olsada sübut kimi qəbul edilməlidir. Çünki bu halda səs yazısındakı tərəflər eyni olmuş və hazırki müqavilə tərəfləri arasındakı mənzilin sökülməsi və əvəzində yeni mənzilin verilməsi və s kimi danışıqları əhatə etmiş, cavabdeh özünü hardasa sığortlamaq üçün bu addıma əl atmışdır (qətnamənin 36-cı abzasındakı hüquqi mövqe).

39. Bundan əlavə məhkəmə cavabdeh iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə münasibətdə qeyd edir ki, iddianın özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə də zərurət qalmamışdır. Belə ki, iddia müddəti yalnız iddia tələbi əsaslı olduğu təqdirdə ona tətbiq edilməli olan hüquq olduğundan bu halda tətbiq edilməsi mümkün deyildir. Lakin məhkəmə onuda qeyd edir ki, bu kimi iddia tələblərində hüquq münasibəti podrat münasibətlərindən yarandığından bu halda 5 illik iddia müddəti tətbiq edilə bilərdi ki, ilkin müqavilə xx.xx.2018-ci ildə bağlandığından həmin müddət belə iddiaçı tərəfindən ötürülmüşdür (lakin iddia özü əsassız olduğundan iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmır).

40. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, "xxxx" MMC ilə İmanov Eldar arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2019-cu il tarixdə imzalanmış sazişin qismən etibarsız hesab olunması üçün hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

41. Məhkəmə iddianın digər hissəsi olan cavabdehə 50,7 kv.m sahəsi olan mənzilin veriməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi ilkin hissələrdə (əqdlərin qismən etibarsız hesab edilməsi) təmin edilmədiyindən və ilkin tələblə bağlı olduğundan əlavə araşdırılma aparılmadan prosessual qənaət prinsipini nəzərə almaqla bu hissədə də təmin edilə bilməz.

42. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı "Tac 1 Resı̇ dence" Mənzı̇ l-Tikinti Kooperativinin Nəsimi rayon İcra Hakimiyyəti mübahidə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh İmanov Eldara qarşı "müqavilələrin etibarsız hesab edilməsi və s" tələbinə dair iddiası təmin edilməməlidir.

43. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən,məhkəmə xərcləri dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 (yüz) manat iddiaçıya aid edilməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "Tac 1 Resı̇ dence" Mənzı̇ l-Tikinti Kooperativinin Nəsimi rayon İcra Hakimiyyəti mübahidə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh İmanov Eldara qarşı "müqavilələrin etibarsız hesab edilməsi və s" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar