Məhkəmə qərarları › İş №2(006)-2974/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2974/2023

18.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2974/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT ASC ilə X12 arasında xx.xx.2017-ci il tarixli, 2017/00501-1 saylı müqavilə ilə 60 ay illik 24% olmaqla 12.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq X4, daha sonra isə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 87,22 kv.m sahəsi olan 4 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Mənzil girov qoyulan zaman onların hüquqi savadsızlığından istifadə edərək 12.000 dollar puldan ötrü yeganə yaşayış yeri girov kimi qoyulmuşdur. Halbuki, həmin mənzildə onlarla bərabər X16, X13, X11, X17, X23, X18, X20, X6 və X8 qeydiyyatdadırlar. Mənzil iddiaçı və ailəsinin yeganə yaşayış yeri olmasına baxmayaraq bankda ipoteka müqaviləsinin girov predmetidir. Müqavilə onların konstitusion hüquqlarının pozulması ilə bağlandığından etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən, "xxxx" BOKT ASC ilə X12 arasında xx.xx.2017-ci il tarixli, 2017/00501-1 saylı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaqla iclasa dəvət edilmiş, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 4992096№-li Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 09 may 2005-ci il tarixdən qeydiyyatdadır. Mülki işin materiallarında olan "xxxx" BOKT ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli Hesabdan çıxarışdan görünür ki, Bank tərəfindən X7 xx.xx.2017-ci il tarixində 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan "xxxx" BOKT ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X2 əsas borc üzrə 10717.69 ABŞ dolları, faiz borcu üzrə 525.63 ABŞ dolları, cərimə borcu üzrə 276 ABŞ dolları, cəmi 11519.32 ABŞ dolları borcun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan X3 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1-yə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 74000 manat müəyyən edilməklə açıq hərracdan satılması, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində X1 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qət olunmuşdur. Cavabdeh X9 qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, cavabdeh X2 tutulmalı olan faiz borcunun məbləği 357.84 ABŞ dolları, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1-nin ikkin satış qiyməsi isə 84000 manat müəyyən olunmuşdur. Cavabdeh X9 qeyd olunan qətnamədən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, ipoteka predmeti üzrə açıq hərracın keçirilməsi üçün vaxt təyin edilmişdir. Daha sonra İddiaçı icra məmurunun hərəkətlərini qanunsuz hesab edərək icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdə, saat 11:00-da hərraca çıxarılmış, hərrac baş tutmamışdır. Bundan sonra İddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin yekun qərarı qəbul olunduqdan sonra qanuna müvafiq qaydada icra tədbirləri davam etdiriləcəkdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, "xxxx" BOKT ASC ilə X9 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Nicat Nəbiyevə 60 ay müddətinə, illik 24% dərəcəsi ilə 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən X1, xx.xx.2019-cu il tarixdən isə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Nicat Nəbiyev kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2734/2020 saylı qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh X2 tutulmalı olan faiz borcunun məbləği 357.84 ABŞ dolları, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1-nin ilkin satış qiyməti isə 84000 manat müəyyən olunmuşdur. Beləliklə, iddia tələbindən də göründüyü kimi hazırki iş üzrə mübahisənin predmeti mübahisəli mənzilin iddiaçıdan əvvəlki mülkiyyətçisi ilə Bank arasında bağlanmış ipoteka müqaviləsidir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.2ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MMin 269.1-269.3-cü maddələri). Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İpoteka müqaviləsinin mühüm şərtləri Mülki Məcəllənin 307-ci maddəsində və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində öz əksini tapmışdır. Qanunverici tərəfindən qeyd olunan şərtlərin məcmusu qəti və geniş təfsir oluna bilməyən kimi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan normalarda yaşayış sahəsinə dair istifadə hüququna malik olan, onun mülkiyyətçisi olmayan şəxslərin ipoteka müqaviləsinin bağlanmasına razılığın verilməsi şərti nəzərdə tutulmamışdır. Buna görə də ipoteka müqaviləsinin bağlandığı vaxt bu cür razılığın alınması ipoteka saxlayan üçün mütləq şərt deyildir. Bundan əlavə, ipotekanın reallaşdırılması nəticəsində vəziyyəti pisləşmiş belə şəxslər ipoteka müqaviləsini yuxarıda qeyd olunan əsasla mübahisələndirmək deyil, ipoteka saxlayanı təmin etmək üçün ipotekanı özünə keçirmək ixtiyarları vardır (Mülki Məcəllənin 315-ci maddəsi). Göründüyü kimi ipoteka müqaviləsi bağlanan zaman mübahisəli mənzilin mülkiyyətçisi X10 olmuş, həmin vaxt İddiaçı isə mübahisəli mənzildə yaşamış və həmin mənzil üzrə qeydiyyatda olmuşdur. Sonradan, yəni xx.xx.2019-cu il tarixdə mübahisəli mənzil İddiaçı mülkiyyətinə keçmişdir. Digər tərəfdən, iddiaçının qeyd etdiyinə görə mübahisəli mənzilin ipotekaya qoyulmasından məlumatlı olmuşdur. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilib ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, işin müəyyən edilmiş hallardan görünür ki, ipoteka müqaviləsi xx.xx.2017ci il tarixdə bağlanmış, lakin iddiaçı müqavilə bağlandıqdan 6 il sonra onun etibarlılığı mübahisələndirilmişdir. Qanunvericiliyə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Buna görə də məhkəmə hesab edir ki, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə iddia tələbləri təmin olunmamalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar