Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2993/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC borclu Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması tələbi» barədə əmr qaydasında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 00-xx-xx-010497 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 28% olmaqla 2614 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan əlavə, 00-xx-xx-010497 saylı kredit müqaviləsinin 4.2-ci maddəsinə uyğun olaraq kreditin qaytarılması hər ayın 13-dən gec olmayaraq, 91,10 ABŞ dolları məbləğində olmaqla, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsinə uyğun olaraq nəzərdə tutulmuşdur. Cavabdeh kredit müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etmir. Tərəflərindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, bu günə kimi borcunu ödəməmişdir. Belə ki, M/03-12860 saylı arayışa əsasən Cavabdeh xx.xx.2015-ci il tarixinə İddiaçı ASC-yə əsas borcu 2422,48 ABŞ dolları, faiz borcu 648,57 ABŞ dolları, cəmi borcu isə 3071,05 ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən borclu Cavabdeh əsas borc 2422,48 ABŞ dolları, faiz borcu 648,57 ABŞ dolları, cəmi borcu 3071,05 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(006)-9278/2015 saylı məhkəmə əmri ilə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2422,48 ABŞ dolları əsas borc, 648,57 ABŞ dolları faiz borcu, cəmi 3071,05 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu məbləğində pulun tutulması əmr edilmişdir. Cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(006)-9278/2015 saylı əmrinə dair etiraz verərək, əmrin ləğv edilib iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə borclu Cavabdeh ərizəsi təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(006)-9278/2015 saylı əmri ləğv edilmiş, kreditor İddiaçı ASC-nin borclu Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması tələbi» barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 372,74 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 00-xx-xx- 010497 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 28% olmaqla 2614 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Banka 2422,48 ABŞ dolları əsas, 648,57 ABŞ dolları faiz borcu, cəmi 3071,05 ABŞ dolları borcu vardır. Hazırda isə Bank iddia tələbinin həcmini azaldaraq cavabdehdən 372,74 ABŞ dolları məbləğində pul tələb edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 00-xx-xx-010497 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 28% olmaqla 2614 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 372,74 (üç yüz yetmiş iki ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 372,74 (üç yüz yetmiş iki ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2993/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2993/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver