Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2998/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X13 iştirakı ilə İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmək haqqının, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru A.F.Əlləzovaya qarşı «əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyasının tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» MMC şirkəti ilə 02.02.2020-ci il tarixdən 02.02.2022-ci il tarixədək əmək müqavilə bağlanmışdır. İddiaçının işinin mahiyyəti hörmətli Azərbaycan Respublikasının Prezidentinin göstərişinə əsasən «Azərbaycan İstilik Elektrik Stansiyası»nda yenidənqurma işləri ilə əlaqədar «xxxx» MMcyə aid olan Su təmizləmə qurğuları işində iddiaçını menecer vəzifəsinə qəbul etmişlər. Baxmayaraq, 01.10.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qeyri-qanuni olaraq, şəxsi ərizəsi belə olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. İddiaçı «xxxx» MMC-dən ərizənin və əmrin surətini tələb edərkən heç bir cavab ala bilməmişdir. Onun üçün də məcbur olub Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri yanında X9 müraciət etmişdir. İddiaçının müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri yanında X7 11.01.2020-ci il tarixdə, **********0 nömrəli cavabı göndərilmişdir. Göstərilənlərə əsasən cavabdeh «xxxx» MMC tərəfindən 01.10.2020-ci il tarixdən 02.02.2021-ci il tarixə kimi 4 ay müddətinə iddiaçıya ödənilməyən 2000 manatın (maddi və mənəvi ziyana) və kompensasiyaya görə 2000 manatın, dövlət rüsumu kimi ödədiyi 30 manatın, cəmi 4030 manatın cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru A.F.Əlləzova əsl cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X15 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X5 ilə «xxxx» MMC (VÖEN: **********) arasında 01.02.2020-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır (01.02.2022-ci ilədək). İş yeri Mingəçevir şəhəri olmaqla, əvvəlki əmək haqqı 300 manat, 01.07.2020-ci il tarixdən etibarən 500 manat təşkil etmişdir. Cavabdeh 01.10.2020-ci il tarixdə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsaslanaraq (tərəflərin birinin təşəbbüsü) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. Belə ki, iddiaçı ümumiyyətlə işdən azad olunması barədə ərizə ilə müraciət etməmişdir və ona heç bir son haqqı-hesab ödənilməmişdir. İddiaçı tərəfindən cənab Prezidentə, Prokurorluq orqanlarına və ƏƏSN yanında X9 müraciətlər olunmuş, müfəttişliyin 17.12.2020-ci il və 11.01.2021-ci il tarixli məktublarına əsasən cavabdehin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi bildirilmişdir. Bundan sonra cavabdeh 28.12.2020-ci il tarixli 17 saylı əmrlə iddiaçını işə bərpa etmiş, 01.10.2020-12.01.2021-ci il dövrü üçün ona orta əmək haqqının ödənilməsini əmr etmişdir. Halbuki, iddiaçıya heç bir məbləğ ödənilməmiş və bu əmr barədə onun məlumatı olmamışdır. Həmin əmr iddiaçıya uzun müddət keçdikdən sonra müfəttişlik tərəfindən göndərilmişdir. Beləliklə cavabdeh «xxxx» MMC iddiaçının hüquqlarını kobud surətdə pozmuş, onu qanunsuz işdən azad etmiş, ona heç bir son haqq-hesab ödənişi etməmiş, daha sonra ondan xəbərsiz onu işə bərpa etmiş, iddiaçı yeni işə düzəlmək istəyərkən adına aktiv əmək müqaviləsi olduğundan yeni işə büzələ bilməmişdir. İddiaçı cavabdehin təqsiri ucbatından indiyədək işə düzələ bilmir və əmək haqqı ala bilmir. Məzuniyyyət haqqının hesablanması: 6000 manat (məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği)/12=500 manat (orta aylıq əmək haqqı). 500 (orta aylıq əmək haqqı)/30,4=16,45 (bir günlük əmək haqqı). 16,45 manat (bir günlük əmək haqqı) x 21 (məzuniyyət günləri) = 345,45 manat (məzuniyyət haqqı). Göstərilənlərə əsasən X5 ilə «xxxx» MMC (VÖEN **********) arasında bağlanmış 01.02.2020-ci il tarixli əmək müqaviləsinə 01.05.2021-ci il tarixdən xitam verilməsi və bu barədə iddiaçıya məxsus əmək kitabçasında və «X1 Sistemində» qeyd aparılmasının «xxxx» MMC-yə həvalə edilməsi, 01.10.2020-ci il tarixdən 01.05.2021-ci il tarixədək 3500 manat (7 ay x 500) əmək haqqının, istifadə olunmamış məzuniyyətə görə 345,45 manatın, dəymiş mənəvi zərər görə 2000 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun ümumilikdə cəmi 5875,45 manat məbləğində pulun cavabdeh «xxxx» MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X15 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh «xxxx» MMC-nin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı X5 ilə «xxxx» MMC arasında bağlanmış Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Narınc Abduraxmanova «xxxx» MMC-də 01.02.2020-ci il tarixdən menecer vəzifəsində çalışmış, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 01.02.2022-ci il tarixi müəyyən edilmiş, onun aylıq əmək haqqı 300 manat təşkil etmiş, 01.07.2020-ci il tarixdən 500 manat təşkil etmişdir. Bildiriş 01.07.2020-ci il tarixdə sistemə daxil edilmişdir. İş üzrə «xxxx» MMC tərəfindən X3 ünvanlanmış məktubdan görünür ki, N.Abduraxmanova ilə 01.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01.10.2020-ci il tarixli əmr 28.12.2020-ci il əmrlə ləğv edilmiş və N.Abduraxmanova işə bərpa edilmişdir. Odur ki, işin icrasına başlaması zəruridir və bu barədə N.Abduraxmanovaya dəfələrlə ştfahi və yazılı məlumat (xəbərdarlıq) verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin etibarsız hesab edilməsi barədə (işə bərpa edilməsi üçün) X14 Xidmətinə rəsmi qaydada müraciət edilmişdir. Bir daha xatırladırlar ki, işə gəlmədiyi halda əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verilməsi zərurəti yaranacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin «xxxx» MMC-nin rəhbərliyinə ünvanlanmış 17.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı rəhbərlik etdiyi müəssisədə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətinə X14 Xidmətinin Bakı şəhəri idarəsində baxılmışdır. Araşdırma zamanı təqdim edilmiş sənədlərdən İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyi məlum olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini və nəticəsi barədə X14 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan «xxxx» MMC-nin 28.12.2020-ci il tarixli 17 nömrəli əmrin surətindən görünür ki, X2 Əmək müqaviləsinə xitam verilməsi barədə 01.10.2020-ci il tarixli, 13-K saylı əmrin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilənədək tutduğu vəzifəyə (menecer) işə bərpa edilməsi, əmək müqaviləsinə xitam verildiyi gündən (01.10.2020) işə bərpa edildiyi günə qədər (12.01.2021) dövr üçün orta əmək haqqının ödənilməsi, əmək müqavilələrinin elektron informasiya sistemində İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə bildirişin etibarsız hesab edilməsi üçün X14 Xidmətinə müraciətin ünvanlanması, İddiaçı işə bərpa edildiyi barədə rəsmi məlumatlandırılması əmr verilmişdir. Əsas: X14 Xidməti Bakı şəhər İdarəsinin 17.12.2020-ci il tarixli **********1 nömrəli məktub. İş materiallarında olan «xxxx» MMC tərəfindən X14 Xidmətinə ünvanlanmış məktubun surətindən görünür ki, X14 Xidmətinin Bakı şəhər İdarəsinin 17.12.2021-ci il tarixli, **********1 nömrəli məktubu və qüvvədə olan əmək qanunvericiliyi rəhbər tutaraq X2 Əmək müqaviləsinə xitam verilməsi barədə 01.10.2020-ci il tarixli 13-k saylı əmrin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilənədək tutduğu vəzifəyə (menecer) işə bərpa edilməsi, əmək müqaviləsinə xitam verildiyi gündən (01.10.2020) işə bərpa edildiyi günə qədər (28.12.2020) dövr üçün orta əmək haqqının ödənpilməsi barədə 28.12.2020-ci il tarixli əmr verilmişdir. 28.12.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar Əmək müqavilələrinin elektron informasiya sistemində X2 Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsinə köməklik edilməsini xahiş etmişlər. İş üzrə «xxxx» MMC tərəfindən Narınc Abduraxmanovaya ünvanlanmış məktubun surətindən görünür ki, 28.12.2020-ci il tarixdən xitam ərizəsi ləğv olunmuşdur. Odur ki, 05.01.2021-ci il tarixdən N.Abduraxmanovanı yenidən «xxxx» MMC-yə menecer vəzifəsinə 500 manat maaş olmaqla işə dəvət edirlər. 05.01.2021-ci il tarixdən saat 09.00da Nəsimi rayonu, Xan Şuşinski küç., 21a-da yerləşən ofisinə yaxınlaşması xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin X3, surəti X14 Xidmətinə ünvanlanmış 11.01.2021-ci il tarixli məktubun surətindən görünür ki, «xxxx» MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətinə X14 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciəti ilə əlaqədar müəssisənin direktoru A.F.Əlləzovanın təqdim etdiyi məktuba və N.X6 Müfəttişliyi Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinə verdiyi izahata əsasən aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ct hissəsinin «a» bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyi məlum olmuşdur. Eyni zamanda əmək müqaviləsinə xitam verilərkən son haqq hesabının işəgötürən tərəfindən ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də «xxxx» MMC-nin direktoru X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 və 192.4-cü maddələrinə əsasən ******* nömrəli 17.12.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi barələ əmrin ləğv edilməsi və son haqq-hesabın ödənilməsi ilə bağlı cəmiyyətin rəhbərliyinə məktub ünvanlanmışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin 23.04.2021-c il tarixli iş yerinə dair arayışından görünür ki, X5 «xxxx» MMC-də 01.02.2020-ci il tarixdən menecer vəzifəsində çalışmış, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 01.02.2022-ci il tarixi müəyyən edilmişdir. İş üzrə hesabdan çıxarışdan görünür ki, X4 müəyyən aralıqlarla ilkin olaraq 02.03.2020-ci il tarixdən 282,50 manat, sonuncu ödəniş isə 01.10.2020-ci il tarixdə 682,30 manat məbləğində pul hesabına köçürülmüşdür. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01.02.2020-ci il tarixdə iki il müddətinə əmək müqaviləsi bağlanılmış və həmin əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh şirkətə menecer vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı 01.02.2020-ci il tarixdə cavabdehlə əmək münasibətlərinə daxil olaraq müqavilə bağlanmış, 01.10.2020-ci il tarixdə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə qeyd edilməklə xitam verilmiş, 28.12.2020-ci il tarixdə iş yerinə bərpa etmişdir. Daha sonradan iddiaçı işdən azad olunması xahişi ilə müraciət etsədə ona heç bir məlumat verilməmişdir. Odur ki, iddiaçı əmək müqaviləsinə 01.05.2021-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin q) bəndinə əsasən işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci bəndində göstərilmişdir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bundan əlavə, həmin Məcəllənin 175-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, əmək haqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki, bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Eyni Məcəllənin 288-ci maddəsinin «d» bəndinə əsasən bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 290-cı maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Bundan başqa, Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin, Əmək Məcəlləsinin 299-cu maddəsində qeyd olunur ki, fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.02.2020-ci il tarixli əmək müqaviləsinə 01.05.2021-ci il tarixdən xitam verilməsi, bu barədə iddiaçıya məxsus əmək kitabçasında və «X1 Sistemində» qeyd aparılmasının cavabdehə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıya ödənilməmiş 01.10.2020-ci il tarixdən 01.05.2021-ci il tarixədək 3.500 (7 ay x 500 manat) manat əmək haqqı ona ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilərkən ona istifadə etmədiyi məzuniyyətə görə kompensasiya da ödənilmədiyindən, həmin pulun tutulması ilə bağlı tələb əsaslı hesab edilməli və təmin edilməlidir. Bundan əlavə, iddianın 2000 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 62-ci maddəsinin 5-ci bəndinə əsasən işçinin işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Ali Məhkəmənin Plenumu yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddiaçı Narınc Abduraxmanova cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını onun işə götürən tərəfindən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi, sonradan işə bərpa edilməsi, daha sonradan iddiaçının işdən azad olunması barədə iradə ifadəsinə münasibət bildirməməsini, iş materiallarında iddiaçının müalicə aldığına dair sənədləri nəzərdən keçirdərək hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X5 ilə cavabdeh «xxxx» MMC arasında bağlanmış 01.02.2020-ci il tarixli əmək müqaviləsinə 01.05.2021-ci il tarixdən xitam verilməsi, bu barədə X5 məxsus əmək kitabçasında və «Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində» qeyd aparılmasının cavabdeh «xxxx» MMCyə həvalə edilməli, «xxxx» MMC-dən X2 xeyrinə ödənilməmiş 01.10.2020-ci il tarixdən 01.05.2021-ci il tarixədək 3.500 (üç min beş yüz) manat məbləğində əmək haqqı, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 345,45 (üç yüz qırx beş manat qırx beş qəpik) manat, 2000 manat məbləğində mənəvi ziyan, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X5 ilə cavabdeh «xxxx» MMC arasında bağlanmış 01.02.2020-ci il tarixli əmək müqaviləsinə 01.05.2021-ci il tarixdən xitam verilsin. Bu barədə X5 məxsus əmək kitabçasında və «Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində» qeyd aparılmasının cavabdeh «xxxx» MMC-yə həvalə edilsin. «xxxx» MMC-dən X2 xeyrinə ödənilməmiş 01.10.2020-ci il tarixdən 01.05.2021-ci il tarixədək 3.500 (üç min beş yüz) manat məbləğində əmək haqqı, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 345,45 (üç yüz qırx beş manat qırx beş qəpik) manat, 2000 manat mənəvi ziyan, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2998/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2998/2021
04.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver