Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3013/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pozulmuş istehlakçı hüququnun bərpası və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pozulmuş istehlakçı hüququnun bərpası və s.» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş istehlakçı hüquqlarının bərpası, "xxxx" ASC Səbail RETSİ tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 10-cu döngə, 0026 ünvanında yerləşən evin sayğacına (abunə kodu - **********D0026) hesablanmış 590 (beş yüz doxsan) manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 26 ünvanında yerləşən üçotaqlı evdə abunə kodu **********D0026 olan sayğac quraşdırılmışdır. Təxminən 2019-cu ilin əvvəllərində "xxxx" ASC-nin Səbail rayon idarəsinin nəzarətçisi tərəfindən mənzildə elektrik enerjisindən istifadənin vəziyyətinə baxış keçirilmiş, yoxlama zamanı sayğacda heç bir qüsur və ümumiyyətlə, mənzildə kənar xəttin və həyətdə elektrik sərfiyyatına təsir edəcək hər hansı bir elektrik avadanlığının olduğu aşkar edilməmişdir. Nəzarətçinin özü də bunu etiraf etmişdir. Lakin nəzarətçinin dediyinə görə evdən kənarda, yəni evdən təxminən 500 metr aşağıda iddiaçıya məxsus su nasosunun mövcud olması səbəbindən əlavə pul ödənilməlidir. İddiaçı bu məsələyə etiraz edərək, ona məxsus başqa hər hansı elektrik avadanlığının olmadığını bildirmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdən **********D0027 abonent kodlu sayğacın hesabında olan 603 manat pul iddiaçıya məxsus **********D0026 saylı abunə kodlu sayğaca hesablanmışdır ki, bu da iddiaçının hüquqlarını pozur. İddiaçı hesab edir ki, 603 manat pul vəsaitinin iddiaçıya məxsus **********D0026 saylı abunə kodlu sayğacın üzərinə hesablanması qanunsuzdur və həmin məbləğ silinməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində "xxxx" ASC-nin deyil, "xxxx" ASC-nin cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Belə ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında iddia ərizəsində qeyd etdiklərinə əlavə olaraq bildirmişdir ki, Səbail rayon İdarəsinə dəfələrlə müraciət etmiş, lakin ona bildirilmişdir ki, borcunu ödəməlidir, qalan məbləğ isə silinəcəkdir. Sonralar isə bunu edə bilməyəcəklərini və Bakı Regional Enerji Satışı və Təchizatı İdarəsinə müraciət etməli olduğunu bildirmişdilər. Həmin İdarəyə müraciət etməsinə baxmayaraq, ona cavab verilməyib. İddiaçı yaranmış borca görə ödəniş etmədiyini, həmçinin, su nasosunun mövcud olmasına baxmayaraq, ondan istifadə etmədiyini, məcburi köçkün olduğundan su ehtiyacının dövlət tərəfindən qarşılandığını da əlavə etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib bildirdi ki, iddiaçı ilə 2022-ci ildə smart kart tipli sayğacın quraşdırılması ilə bağlı yeni müqavilə imzalanmışdır. Burada sayğaca hər hansı müdaxilə olmasından söhbət gedə bilməz. Əvvəllər də hesablanmış borc məbləği məhz iddiaçının abunə kodu üzrə müəyyən olunmuş, ödənilməyən borc məbləği isə xx.xx.2020-ci ildə xidməti məlumata əsasən, bir sayğacdan digərinə aid edilmişdir. Bununla bağlı cavabdeh tərəfindən törədilmiş heç bir hüquq pozuntusu olmamışdır. Su nasosu 2011-ci ildən quraşdırılmış, 2014-cü ildə isə ləğv edilmişdir. İddiaçı da bu su nasosundan istifadə etdiyindən 940 manat məbləğində borcu yaranmışdır. Cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan abunə haqqında sənəddən görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 10-cu döngə, 0027 ünvanında yaşayan abonent İddiaçı (abunə kodu: **********D0027) xidməti məlumata əsasən xx.xx.2020-ci il tarixinə 0,07 manat tarif üzrə (300 kvt) - 21,00 manat, 0,11 manat tarif üzrə (5,131 kvt) - 564,41 manat olmaqla, cəmi 585,41 manat məbləğində borc hesablanmışdır. Mülki işin materiallarında olan abonentin hərəkət cədvəlindən görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 10-cu döngə, 0027 ünvanında yaşayan abonent İddiaçı (abunə kodu: **********D0027) 2015-2019-cu illər üzrə 585,36 manat, 2020-ci il üzrə 5431 kvth sərfiyyat olmaqla 585,41 manat məbləğində borcu olmuşdur. Mülki işin materiallarında olan "xxxx" ASC-nin bildirişindən görünür ki, abonent İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 10-cu döngə, 0027 ünvanında yerləşən evinin sayğacına (abunə kodu: **********D0027) xx.xx.2020-ci il tarixində olan son göstəriciyə əsasən borcu yoxdur. Mülki işin materiallarında olan "xxxx" ASC-nin bildiriş xəbərdarlıq sənədindən görünür ki, abonent İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 10-cu döngə, 0026 ünvanında yerləşən evinin sayğacına (abunə kodu: **********D0026) xx.xx.2021-ci il tarixində olan son göstərici əsas götürülməklə 603 manat məbləğində qalıq borc hesablanmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin bildiriş xəbərdarlıq sənədindən görünür ki, abonent İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 10-cu döngə, 0026 ünvanında yerləşən evinin sayğacına (abunə kodu: **********D0026) xx.xx.2022-ci il tarixində olan son göstərici əsas götürülməklə 590,0 manat məbləğində qalıq borc hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 339124 №-li "xxxx" ASC-nin Satış Departamentinin direktoru Elçin Dadaşov ilə abonent İddiaçı (abonent kodu: **********D0026) arasında bağlanmış enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısına birtipli müqaviləsindən görünür ki, abonentə məxsus Badamdar qəsəbəsi, 1-ci massiv, 10-cu döngədə yerləşən evə “Sip 1593” markalı sayğac quraşdırılmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin bildirişindən görünür ki, abonent İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 10-cu döngə, 0026 ünvanında yerləşən evinin sayğacına (abunə kodu: **********D0026) xx.xx.2022-ci il tarixində olan son göstərici əsas götürülməklə 599,13 manat məbləğində qalıq borc hesablanmışdır. Mülki işin materiallarında olan Səbail RİHB-nin Badamdar qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 444 saylı arayışından görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkün düşmüş, hal-hazırda Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ö/t ünvanında müvəqqəti məskunlaşmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçının qonşuları onun su ehtiyaclarının dövlət tərəfindən qarşılandığını və buna görə də əlavə su nasosuna ehtiyacı olmadığını təsdiq etmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus olan evin yaxınlığında 2011-ci ildə su nasosu quraşdırılmış, 2014-cü ildə isə ləğv edilmişdir. İddiaçının bu nasosdan istifadə etdiyinə görə cavabdeh tərəfindən iddiaçıya həmin dövrlər üzrə borc məbləği hesablanmışdır. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 590 manat məbləğində hesablanmış borcun silinməsini tələb etsə də, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının 585,41 manat məbləğində qalıq borcu mövcuddur. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 339124 №-li müqaviləyə əsasən, iddiaçıya məxsus olan evə yeni sayğac quraşdırılmış, əvvəlki sayğac üzrə hesablanmış borc məbləği yeni sayğaca köçürülmüş, beləliklə də, iş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya su nasosu ilə əlaqədar hesablanan borc məbləği, 2015-ci ildən etibarən illər üzrə keçirilmiş və nəticədə iddiaçının hazırki vaxta cavabdehə olan borcunun məbləği 585,41 manat təşkil edir. Beləliklə, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının cavabdehə olan borcunun yaranma vaxtı 2011-2014-cü illərə təsadüf edir. Mülki qanunvericiliyin normalarına əsasən, həmin borc öhdəliyi ilə bağlı cavabdehin iddiaçıdan ödəniş etmək tələbi artıq qüvvəsini itirmişdir, ona görə də iddiaçı 585,41 manat məbləğində borcun silinməsinə dair iddia qaldırmaqla həmin borcun silinməsini məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. Həmçinin, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması da məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, iddiaçıya məxsus abunə koduna hesablanmış borc məbləği silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Beləliklə, məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən hesab edir ki, iddiaçının cavabdehə olan 585,41 manat məbləğində borcu Mülki Məcəllənin 551.2.1-ci maddəsində nəzərdə tutulan digər vaxtaşırı ödənişlərdən yaranmış borc kimi qiymətləndirilməli və hazırki hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.2-551.2.1-ci maddəsinə əsasən beş il kimi müəyyən edilməlidir. İddiaçının cavabdehə olan 585,41 manat məbləğində borcu 2017-ci ildən əvvəlki dövrdə yarandığından, cavabdehin iddiaçıdan həmin borcu tələbetmə müddəti olan 5 ildən artıq vaxt keçməsi halı aşkardır. Bu səbəbdən də cavabdehin sözügedən borc öhdəliyi üzrə iddiaçıya qarşı tələb irəli sürmək hüququ artıq mövcud deyildir. Göründüyü kimi, hazırda abunə haqqında sənəddə əks olunan məlumatda xx.xx.2020-ci ildə xidməti məlumata əsasən yazılmış 585,41 manat borc məbləğinin yaranma tarixi 2011-2014-cü illərə təsadüf etdiyindən, hazırda həmin borcun yarandığı tarixdən 5 ildən artıq müddət keçdiyi üçün və bu günə qədər "xxxx" ASC borc tələbi ilə bağlı məhkəmədə iddia qaldırmadığı üçün artıq həmin öhdəliyə xitam verilmişdir. Bu səbəbdən də iddiaçı hüquqlarının bərpa edilərək 585,41 manat məbləğində borca münasibətdə borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, iddia qismən təmin olunaraq, iddiaçının pozulmuş hüquqları bərpa olunmaqla 585,41 manat borc silinməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçının pozulmuş hüquqları bərpa olunmaqla "xxxx" ASC tərəfindən hesablanmış 585,41 manat məbləğində borc İddiaçı məxsus **********D0026 abunə kodundan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3013/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3013/2022
06.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver