Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3014/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı 12 mart 2004-cü il təvəllüdlü X6 1-ci qrup əlildir. O, anadangəlmə qüsurlu olduğu üçün özünü idarə edə bilmir. Həmçinin müalicəsi dövründə başqa əhəmiyyətli qərar qəbul etmək, hüquqlarından istifadə edə, hətda müstəqil hərəkət edə bilmir. Onun mənafeyi naminə qəyyum təyin edilməsi olduqca əhəmiyyətlidir. Köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla yardıma ehtiyacı vardır. Qeyd olunanlara əsasən, 12 mart 2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 fevral 2021-ci il tarixində verilmiş AZ-İV seriya 537832 nömrəli doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 12 mart 2004-cü ildə Bakı şəhərində doğulmuş, valideynləri X1 ilə Ərizəçidır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X7 müddətsiz olaraq 1-ci qrup əlildir və əmək qabiliyyətsiz olmaqla yanaşı daimi kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Diaqnoz: kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici tetlaflegik forma, ağır dərəcəli əqli gerilik nitq qüsuru və davranış pozğunluqları ilə yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, digər şəxsin qulluğuna ehtiyacı var. Spastik tetraplegiya, spastik tetraplegiya əzələ gücü yuxarı əzələ aşağı və yuxarı ətraflarda 2 baldır. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqri gerilik nitq qüsuru və davranış opozğunluğu ilə İQ 20%. Müştərək daxili çəpgözlük, çəpgözlük.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 xx.xx.2022-ci il tarixli, 2752 №-li rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları (F72) aşkar olunmuşdur. Bunu anamnestik məlumatlar erkən yaşlarından kobud nevroloji əlamətlərin qeyd olunması,psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların əksəriyətini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəiflənməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları aşkar olunur. - X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. - X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 12 mart 2004-cü il tarixində Bakı şəhərində anadan olmuş X7 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
13. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
16. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
17. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 12 mart 2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov