Məhkəmə qərarları › İş №2(006)-3029/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3029/2023

09.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3029/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən ona qarşı tərtib edilmiş abunə müqaviləsinə əsasən hesablanmış 3065 manat 91 qəpik borc məbləğinin qanunsuz və əsassız hesab edilərək **********30087 saylı abonent hesabından (saldo) silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında işıq sayğacının quraşdırılması barədə İddiaçı (işıq qurğusu istifadəçisi) ilə cavabdeh "xxxx" ASC (işıq paylayıcısı) arasında işığın istismarına dair həmin ünvanda işıq sayğacı quraşdırılmışdır. İşıq sayğacı quraşdırılan müddətdən hal-hazırki vaxtadək mütəmadi olaraq istifadə olunmuş işıq enerjisinə görə ödənilməli olan məbləğlər tam şəkildə ödənilmişdir. Lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək heç bir əsas olmadan, yəni istismara dair müqavilə olmadan iddiaçının adına borc hesablanaraq abonent saldosuna əlavə edilmişdir. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehə müraciət etsə də, bunun sadəcə metodiki hesablama olduğu onun diqqətinə çatdırılmışdır. Göstərilən borcun yaranması həmin dövr üçün işığın istismarına dair iddiaçı ilə cavabdeh arasında müqavilə olmadan həmin xəttə digər şəxslər tərəfindən qanunsuz qoşulmalardan irəli gəlir. Bununla yanaşı, göstərilən borc məbləğinin iddiaçıdan tələb edilmədiyi, lakin buna baxmayaraq silinmənin aparılmasının da qeyrimümkün olduğu ona bildirilmişdir. Hal-hazırda göstərilən borc məbləği 3065 manat 91 qəpik təşkil edir. Cavabdehin sözügedən hərəkətləri ilə iddiaçının istehlakçı hüquqları kobud şəkildə pozularaq onun üzərinə qanunsuz və əsassız öhdəlik qoyulmuşdur və iddiaçı pozulmuş hüquqlarının müdafiəsinin yalnız məhkəmə qaydasında mümkün olacağı qənaətinə gəlmişdir. Odur ki, "xxxx" ASC-nin 3065 manat 91 qəpik məbləğində hesablamış olduğu borc əsassız hesab edilməli, ləğv edilərək silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclar yazıldığı dövrdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu, Zığ küçəsi, bina 3, 5 saylı mənzildə yaşamış və ona aylıq təqdim edilən hesabat üzrə borcları ödəmişdir. Silinməli olan borc sayğacsız istifadə zamanı yaranan borcdur, həmin borcun ödənilməsi barədə cavabdeh "xxxx" ASC tərəfindən ona bildiriş təqdim edilməli idi. Lakin borc sayğacsız, hər hansı akta görə yazılmış, sərfiyyata görə yazılmayan, yəni mənşəyi bəlli olmayan borcdur. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib bildirdi ki, hazırda abonentin sərfiyyata görə sayğac üzrə 10.41 manat borcu var. 2006-cı ildən sayğac quraşdırılan tarixə, yəni 2009-cu ilə qədər ona 3282.42 manat borc hesablanmışdır. İş materiallarında olan qəbzlərə əsasən həmin borcdan 227 manat abonent tərəfindən ödənilmişdir. Nəticə olaraq abonentə 2006-cı ildən 2009-cu ilə qədər yazılmış borc üzrə qalıq məbləğ 3055.42 manat təşkil edir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2004-cü il tarixli texniki pasportundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 3 saylı evin 5 nömrəli mənzilinin sahibi İddiaçıdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 223522 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 3 saylı evin 5 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1368 saylı reyestr kitabında 205472ci səhifədə 30/205472 № ilə xx.xx.2005-ci il tarixində qeydiyyat aparılmışdır. Ödəniş qəbzlərindən görünür ki, abonent İddiaçı məxsus **********30087 saylı abunə kodu üzrə elektrik enerjisindən istifadəyə görə: xx.xx.2006-cı il tarixdə - 20 manat; xx.xx.2006-cı il tarixdə - 10 manat; xx.xx.2007-ci il tarixdə - 5 manat; xx.xx.2007-ci il tarixdə - 10 manat; xx.xx.2007-ci il tarixdə - 12 manat; xx.xx.2007-ci il tarixdə - 10 manat; xx.xx.2007-ci il tarixdə - 10 manat; xx.xx.2007-ci il tarixdə - 10 manat; xx.xx.2007-ci il tarixdə - 10 manat; xx.xx.2007-ci il tarixdə - 10 manat; xx.xx.2007-ci il tarixdə - 10 manat; xx.xx.2008-ci il tarixdə - 10 manat; xx.xx.2008-ci il tarixdə - 10 manat; xx.xx.2008-ci il tarixdə - 10 manat; xx.xx.2008-ci il tarixdə - 10 manat; xx.xx.2008-ci il tarixdə - 10 manat; xx.xx.2008-ci il tarixdə - 10 manat; xx.xx.2008-ci il tarixdə - 10 manat; xx.xx.2008-ci il tarixdə - 10 manat; xx.xx.2009-cu il tarixdə - 15 manat; xx.xx.2009-cu il tarixdə - 15 manat; xx.xx.2009-cu il tarixdə - 10 manat; xx.xx.2009-cu il tarixdə - 10 manat; xx.xx.2009-cu il tarixdə - 9 manat; xx.xx.2009-cu il tarixdə - 15 manat; xx.xx.2009-cu il tarixdə - 16 manat; xx.xx.2009-cu il tarixdə - 12 manat; xx.xx.2009-cu il tarixdə - 14 manat 46 qəpik məbləğlərində ödəniş edilmişdir. "xxxx" ASC-nin 03 mart 2023-cü il tarixli məktubundan görünür ki, **********30087 saylı abunə kodu üzrə araşdırma aparılmış, elektrik hesabat sayğacı quraşdırılanadək itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə, sərf olunan elektrik enerjisinin hesabatının yaşayış evindəki işlədicilərin gücünə görə orta sərfiyyatla aparıldığı müəyyən edilmişdir. Metodik hesabatın aparıldığı dövrdə sərf edilən elektrik enerjisinin dəyəri ödənilmədiyindən qalıq borc yaranmışdır. Aparılmış metodik hesabatın tətbiq edildiyi son müddətdən 14 il keçdiyi üçün hesabata yenidən baxılması mümkün deyil və yaranmış borcun ödənilməsi zəruri hesab edilir. "xxxx" ASC-nin abonentin hərəkət cədvəlindən görünür ki, ünvan 2 ünvanı üzrə İddiaçı məxsus **********30087 nömrəli abunə kodunun 2023-cü il üzrə borcu 3065.82 manat təşkil edir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış “Enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” 365923 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləsində qeyd edilmişdir ki, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq, yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Hesablaşma dövrü 1 ay qəbul olunur. Abunə haqqında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli sənədlərdən görünür ki, ünvan 2 ünvanı üzrə İddiaçı məxsus **********30087 nömrəli abunə koduna 2006-cı ilin noyabr ayından etibarən aktlar üzrə, 2009-cu ilin iyul ayından etibarən isə sayğac göstəricilərinə əsasən hesablama aparılmışdır. xx.xx.2009-cu il tarixdə sayğac quraşdırma xidmət bədəli üzrə borc hesablanmışdır. xx.xx.2023-cü il tarixə abunə kodunda olan borcun məbləği 3065.91 manat, xx.xx.2023-cü il tarixə isə 3065.83 manat təşkil etmişdir. Nikahın bağlanması haqqında 416333 nömrəli şəhadətnamədən görünür ki, X4 ilə X5 xx.xx.1988-ci il tarixində 175 № ilə qeyd edilməklə nikaha daxil olmuş, arvada “Səfərova” soyadı verilmişdir. Beləliklə, tərəflərin izahatları və mülki işin materialları əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 5 saylı mənzilə cavabdeh "xxxx" ASC tərəfindən 2009-cu ilin iyul ayında sayğac quraşdırılmışdır. Ev üzrə abunə kodunun nömrəsi **********30087-dir. Həmin abunə koduna 2006-cı ilin noyabr ayından etibarən aktlar üzrə orta sərfiyyata əsasən hesablama aparılaraq 2009-cu ilin iyul ayında sayğac quraşdırılanadək əksəriyyəti 90 manatdan yuxarı olan borclar hesablanıb yazılmış, 2009-cu ilin iyul ayından etibarən isə sayğac göstəricilərinə əsasən daha az məbləğlərdə sərfiyyat borclarının olması müəyyən olunmuşdur. Hazırda iddiaçı 2006-cı ildən 2009-cu ildə sayğac quraşdırılanadək yaranan borcların onun abunə koduna əsassız yazılmasını iddia edərək bildirir ki, 1989-cu ildən etibarən həmin evdə yaşayır, yüksək məbləğdə borcların yazıldığı 2006-2009-ci illər ərzində hər ay cavabdehin əməkdaşları tərəfindən təqdim edilmiş hesabatlar üzrə vaxtlı-vaxtında aylıq ödənişlər etmişdir. İddiaçı tərəf bu barədə qəbzləri məhkəməyə təqdim etməklə əlavə edir ki, cavabdeh tərəfindən əsassız yazılmış məbləğin silinməsi zəruridir. Cavabdeh tərəf isə həmin ünvanda 2006-cı ildən 2009-cu ilədək sayğacsız istifadə olduğunu, buna görə də yazılmış borcun əsaslı olduğunu bildirərək, borcun silinməməsini məhkəmədən xahiş edir. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh tərəfindən 2009-cu ilin iyul ayında iddiaçıya məxsus ünvana sayğac quraşdırılanadək yazılmış borc üzrə hazırda abunə kodunun qalıq borcunu təşkil edən 3065.83 manatdan 10.41 manat borcun sayğac üzrə sərfiyyat borcu olması nəzərə alınaraq, qalan 3055.42 manat borc əsassız hesab olunaraq silinməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli abunə haqqında sənəd əsasında məhkəmə tərəfindən müəyyən edilir ki, 2006-cı ildən 2009-cu ilin iyul ayında iddiaçıya məxsus ünvana sayğac quraşdırılanadək cavabdeh tərəfindən hazırda təqdim edilə bilməyən və tərtib edildiyi zaman iddiaçının və ya bitərəf üçüncü şəxsin iştirakının təmin olunub-olunmadığı mübahisəli olan aktlar əsasında iddiaçının yaşayaraq aylıq borcunu cavabdehin təqdim etdiyi hesabatlar əsasında ödədiyi dövr ərzində ona borc yazılmışdır. Həmin sənəd əsasında o da müəyyən edilir ki, mübahisəli borcların məbləğləri sayğac quraşdırılan dövrdən etibarən sərfiyyata görə hesablanan borcların məbləğləri ilə kəskin fərqlənir. Belə ki, aktlar üzrə hesablanmış borcların məbləğləri sərfiyyat borclarının məbləğlərindən nəzərəçarpan dərəcədə yüksəkdir. İddiaçı borcun ona məxsus olmadığını, qanunsuz və əsassız yazıldığını mübahisələndirir, cavabdeh tərəf isə borcların əsaslı yazılmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmir. Bu günədək cavabdeh tərəfindən iddiaçıya qarşı həmin borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməməsi də göstərir ki, cavabdehin borcun əsaslı yazılmasına dair sübutları yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 9.1-ci bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məxsus abunə koduna yazılmış 3065 manat 91 qəpik borcun əsassız olduğunu mübahisələndirmiş, məhkəmə tərəfindən toplanmış sübutlar əsasında iddiaçıya məxsus abunə kodu üzrə onun cavabdehə 3065.83 manat məbləğində borcunun olduğu, həmin borcdan 10.41 manat məbləğin sayğac üzrə sərfiyyata görə yazıldığı müəyyən edilmiş, cavabdeh qeyd olunan borc məbləğinin 2006-2009-cu illər üzrə sayğac quraşdırılmazdan əvvəl ünvanda edilmiş sərfiyyata görə aktlar üzrə yazıldığını bildirsə də, onun yaranma əsasları və hesablanma qaydası barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus **********30087 nömrəli abunə koduna "xxxx" ASC tərəfindən əsassız yazılmış 3055.42 (üç min əlli beş manat qırx iki) manat məbləğində borc silinməlidir. Burada qeyd edilməlidir ki, borcun əsassız yazılması özündə həm də onun qanunsuz yazılmasını ehtiva edir. Buna görə də silinən borca münasibətdə hər iki anlayışın istifadə edilməsi prosessual qənaət prinsipinə zidd hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən əsassız yazılmış 3055.42 (üç min əlli beş manat qırx iki qəpik) manat məbləğində borc **********30087 nömrəli abunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən əsassız yazılmış 3055.42 (üç min əlli beş manat qırx iki qəpik) manat məbləğində borc **********30087 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar