Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3038/2025 05.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, iddiaçı Məmmədova Xalı̇ də Mürsəl qızının nümayəndəsi və vəkili X2, cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Məmmədova Xalı̇ də Mürsəl qızının cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı "müqavilələrin ləğv edilməsi və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məmmədova Xalı̇ də Mürsəl qızının cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı "müqavilələrin ləğv edilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsi ilə bağlı olaraq, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nömrəsiz 15 iyun 2013-cü il tarixli müqavilənin ləğv edilməsi və Cavabdehnə iddiaçı tərəfindən mənzilə görə 164000 (bir yüz altmış dörd min) AZN məbləğində ödənilmiş pulun və mənzilə görə ödənilmiş 164000 (bir yüz altmış dörd min) manat pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş 99 ay üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 67617 (altmış yeddi min altı yüz on yeddi) AZN (164000x5%=8200/12=683x99=67617) məbləğində pulun -ümumilikdə 231617 (iki yüz otuz bir min altı yüz on yeddi) AZN məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 522 (beş yüz iyirmi iki) AZN məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçı qızına ödənilməsi barədə qətnamə,eləcə də nömrəsiz 15 iyun 2013-cü il tarixli müqavilə üzrə İddiaçı tərəfindən "xxxx" MTK-nın rəhbərliyinə ödənilmiş 164000 (bir yüz altmış dörd min) AZN məbləğində pul vəsaitini MTK müqavilə üzrə öhdəliyini icra edə bilməyəcəyini bilə-bilə, onun etibarından suiistifadə edərək və onu aldadaraq ələ keçirib öz ehtiyacları üçün istifadə etməsi faktı üzrə "xxxx" MTK-nın rəhbərliyinin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, , İddiaçı 15 iyun 2013-cü il tarixdə cavabdeh "xxxx"MTK (idarə heyətinin sədri X1 şəxsində) ilə nömrəsiz 15 iyun 2013-cü il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən tikilməkdə olan kompleksin 2-ci blok, 7-ci mərtəbəsindəki (yaşayışın 3-cü mərtəbəsində) ümumi sahəsi 120 kv.m.təşkil edən 60 saylı mənzilin tikintisini və iddiaçıya təhvil verilməsini öz üzərinə götürmüşdür. Sözügedən müqavilədə mənzilin dəyəri tərəflər arasında 172000 (bir yüz yetmiş iki min ) AZN məbləğində razılaşdırılmışdır. Mənzilin dəyərindən iddiaçı tərəfindən cavabdehə 15 iyun 2013-cü il tarixli maliyyə arayışına əsasən 120000 (bir yüz iyirmi min) AZN, 09 sentyabr 2013-cü il tarixli maliyyə arayışına əsasən 10000 (on min) AZN və 22 yanvar 2016-cı il tarixli maliyyə arayışına əsasən 34000 (otuz dörd min) AZN olmaqla, ümumilikdə 164000 (bir yüz altmış dörd min) AZN məbləğində pul ödənilmişdir. Cavabdehlə iddiaçı arasında nömrəsiz 15 iyun 2013-cü il tarixli müqavilə bağlanarkən binanın tikintisi üçün ayrılmış torpaq sahəsində köçürmə ilə bağlı işlər belə hələ icra olunmurdu. Həmin vaxt cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, 2016-cı ilədək çoxmənzilli binanın təmir-tikinti işləri tam yerinə yetiriləcək, bina istifadəyə veriləcək və payçıların mənzilləri təhvil veriləcəkdir. Lakin cavabdehlə iddiaçının arasında bağlanmış nömrəsiz 15 iyun 2013-cü il tarixli müqavilənin qüvvəyə minməsindən on bir il müddət keçməsinə baxmayaraq həmin çoxmərtəbəli bina bugünədək nəinki tikilməmişdir, hətta köçürmə ilə bağlı işlər belə aparılmamış və halhazırda da həmin ərazidə heç bir iş getmir. Cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyi icra etməli olduğu ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh hər il eyni cavab vermişdir - "icazə vermirlər, icazə verən kimi binanı tikəcəm, get hara istəyirsən şikayət et". Yəni görünən odur ki, cavabdeh binanın tikinti işlərini qərəzli olaraq başa çatdırmaq istəmir, belə ki, cavabdeh tikintinin kim və ya hansı təşkilat tərəfindən dayandırılması və binanın istifadəyə verilməsi müddəti barədə heç bir məlumat vermir. "xxxx" MTK-nın qeyd olunan qanunsuz hərəkətləri barədə iddiaçının yaxın qohumu və həmçinin sözügedən MTK-nın payçısı olan Fuad Ramazanov 2024-cü il ərzində dəfələrlə prokurorluğa şikayət ərizələri ilə müraciət etmişdir, lakin buna baxmayaraq cavabdeh yenə də binanın tikintisinin başlanılması ilə əlaqədar heç bir işlər aparmamışdır. Bu halda iddiaçı sözügedən müqaviləyə marağını itirmiş və müqavilə üzrə ödədiyi pul məbləğinin ona qaytarılması məqsədilə iddiaçı tərəfindən "xxxx" MTK-nın rəhbərliyinə sözügedən müqavilənin ləğvi və pul tələbi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə bildiriş (pretenziya qaydasında) göndərilmiş, lakin münasibət bildirilməsi üçün 7 təqvim günü müddət müəyyən olunmasına baxmayaraq, bu günədək MTK-dan cavab alınmamışdır. Belə olan halda hesab edirlər ki, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış nömrəsiz 15 iyun 2013-cü il tarixli müqavilə məhkəmə qaydasında ləğv olunmalı və cavabdehə iddiaçı tərəfindən ödənilmiş 164000 (bir yüz altmış dörd min) AZN məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Bundan başqa hesab edirik ki, cavabdeh binanın tikintisini 2016-cı ildə bitirərək mənzili iddiaçıya təhvil vermədiyini nəzərə alaraq mənzilə görə ödənilmiş 164000 (bir yüz altmış dörd min) manat pul məbləğinin iddiaçıya qaytarılmasını 99 ay gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 67617 (altmış yeddi min altı yüz on yeddi) AZN (164000x5%=8200/12=683x99-67617) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Məmmədova Xalı̇ də Mürsəl qızının cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı "müqavilələrin ləğv edilməsi və pul" tələbinə dair iddia ərizəsi üzrə iddia müddəti keçdiyindən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Məmmədova Xalı̇ də Mürsəl qızının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiqlənmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənəldlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış aşağıda adları sadalanan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilsin: 1.39. Nəsimi rayonu, M.lbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə Cavabdeh tərəfindən tikintisi nəzərdə tutulan ticarət mərkəzi, ofis və yaşayış binaları (xx.xx.2016-cı il tarixli, 18/03-8/3322 saylı məktub). - Cavabdeh MTK-nın şəxsində onun sədri Kazımova Ş.K ilə payçı İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə payçıya Bakı şəhəri, Nəsimi rayonu D.Əliyeva, Ə.Topçubaşov, M.A Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 2-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m təşkil edən 60 saylı mənzil 172.000 manat müqabilində verilməsi haqqında bağlanmışdır. - Cavabdeh MTK-nın xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M. İbrahimov, D. Əliyeva, Ə.Topçubaşov və M.Ə. Əliyev küçələrin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən ticarət mərkəzi, offis və yaşayış kompleksi "xxxx" MTK-ya məxsusdur. Bu kompleksin 2-cü blok 7-ci mərtəbəsində (yaşayışın 3-cü mərtəbəsində) yerləşən 120 kv/m təşkil edən 60 saylı mənzilin dəyəri 172.000 (yüz yetmiş iki min) AZN təşkil edir. Həmin məbləğdən 120.000 (yüz iyirmi min ) AZN payçı İddiaçı tərəfindən ödənilmişdir, qalan 52.000 (əlli iki min) AZN üç ay ərzində ödəniləcək. - Cavabdeh MTK-nın xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M. İbrahimov, D. Əliyeva, Ə.Topçubaşov və M.Ə. Əliyev küçələrin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən ticarət mərkəzi, offis və yaşayış kompleksi "xxxx" MTK-ya məxsusdur. Bu kompleksin 2-cü blok 7-ci mərtəbəsində (yaşayışın 3-cü mərtəbəsində) yerləşən 120 kv/m təşkil edən 60 saylı mənzilin dəyərindən 130.000 (yüz otuz min ) AZN payçı İddiaçı tərəfindən ödənilmişdir. - Cavabdeh MTK-nın xx.xx.2016-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M. İbrahimov, D. Əliyeva, Ə.Topçubaşov və M.Ə. Əliyev küçələrin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən ticarət mərkəzi, offis və yaşayış kompleksi "xxxx" MTK-ya məxsusdur. Bu kompleksin 2-cü blok 7-ci mərtəbəsində (yaşayışın 3-cü mərtəbəsində) yerləşən 120 kv/m təşkil edən 60 saylı mənzilin dəyərindən 14.000 (on dörd min) AZN payçı İddiaçı tərəfindən "xxxx" MTK -nın xəzinəsinə ödənilmişdir. -Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu xx.xx.2019-ci il tarixli, 26 nömrəli məktubundan görünür ki, Fövqəladə Hallar Nazirliyinin "Azərdövləttikintilayihə" DLİ-nin 14 oktyabr 2017-ci il tarixli aktını nəzərə alaraq D.Əliyeva 141 ünvanında yerləşən binanın ilkin vəziyyətə gətirilərək bərpa edilməsi prosesi mürəkkəbliyinə və çox maliyyə vəsaiti tələb etdiyinə görə qənaətbəxş hesab olunmur. -müqavilənin ləğv edilməsi barədə bildirişdən görünür ki, iddiaçı cavabdehə müraciət etməklə aralarında bağlanmış müqavilənin şərtlərinə 7 təqvim günü müddətində əməl edilmədiyi təqdirdə öhdəliyin icrası ilə yanaşı müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edərəcəyi barədə xəbərdarlıq etmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. - 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 446.1 və 446.2-ci maddələrinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. - 446.4-cü maddəsinə görə kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. - 446.5-ci maddəsinə görə gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq: 446.5.1. müqavilə predmetinin saxlanması ilə əlaqədar çəkilmiş artıq xərclərin əvəzini borcluya ödəməlidir; 446.5.2. əşyanın təsadüfən korlanması və ya məhv olması riski onun üzərinə düşür; 446.5.3. pul öhdəliyi üçün faizlər almaq hüququna daha malik deyildir. - 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 752.1-ci və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icraetməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. - 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 759-cu maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. - 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilmirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ilk olaraq onu qeyd edir ki, iş materiallarından göründüyü kimi, tərəflər podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar Nəzərə alınmalıdır ki, digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı andan icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, iddiaçı podrat müqaviləsi üzrə işlərin nəticələrinin vaxtında ona təhvil verilmədiyinə, yəni cavabdehin öz müqavilə öhdəliyini lazımi qaydada icra etmədiyinə istinad etməklə bunun müqabilində ödənilmiş muzdun qaytarılmasını, həmçinin, qarşı tərəfin qanunazidd davranışı nəticəsində uğradığı maddi zərərin qarşılanmasını tələb edir, qanunla qorunan hüquq və maraqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququnun yarandığını qeyd edir. Cavabdeh isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilmədiyini inkar etmir, lakin pozuntunun onun cavabdeh olmadığı hallardan irəli gəldiyini bildirir. Cavabdeh həmçinin məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. Məhkəmə iddia tələbinin “müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 5-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin öz üzərinə götürdükləri öhdəliklərini tam həcmdə yerinə yetirənə qədər qüvvəsini saxlayır. İş materiallarına əlavə edilmiş müqavilənin ləğv edilməsi barədə bildirişdən görünür ki, iddiaçı cavabdehə müraciət etməklə aralarında bağlanmış müqavilənin şərtlərinə 7 təqvim günü müddətində əməl edilmədiyi təqdirdə öhdəliyin icrası ilə yanaşı müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edərəcəyi barədə xəbərdarlıq etmişdir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin vaxtından əvvəl (icrasından əvvəl) ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində də öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur İşin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında xx.xx.2013-cü il tarixində bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh 172.000 manat müqabilində Bakı şəhəri, Nəsimi rayonu D.Əliyeva, Ə.Topçubaşov, M.A Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 2-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m təşkil edən 60 saylı mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə görüləcək işlər, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. Cavabdeh tərəf olduğu müqaviləyə əsasən 60 saylı mənzili təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyi onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edə bilməmişdir. Sözügedən öhdəliyin icra edilməsinin mümkün olmamasını özündən asılı olmayan hallar ilə əsaslandırmışdır. İş materiallarından da görünür ki, cavabdehin tikinti işlərini davam etdirməsi müvafiq dövlət orqanı tərəfindən əvvəl verilmiş icazənin ləğv edilməsi səbəbindən mümkün olmamışdır. Podratçı verilmiş icazəyə əsasən şəhərsalma və tikinti qanunvericiliyinin pozulmadığına əmin olaraq tikinti işlərinə başlamış, tikintinin qanuniliyi barədə yanlış məlumat verməklə sifarişçiləri yanıltmamış, mümkün risklər barədə susmamışdır. Bu səbəbdən, müqavilə üzrə ödənilmiş məbləğdən başqa, iddiaçının zərərə uğradığı ehtimal edilən maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyət daşıması barədə nəticəyə gəlmək mümkün deyildir. Çünki, hazırkı işdə zərərin yaranmasına dəlalət edən cavabdehin qanunsuz davranışına yol verdiyi hallar müəyyən edilmir. Cavabdeh sübut etmişdir ki, müqavilə bağlanarkən onun həmin halları əvvəlcədən nəzərə alması, yaxud bu halları və nəticələrini istisna etməsi və ya aradan qaldırması mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, cavabdehin icranı gecikdirməsi iddiaçıya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, lakin bu, yalnız o halda mümkündür ki, borclu pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Cavabdeh tərəfindən iddiaçının müqavilə üzrə ödədiyi məbləğin geri qaytarılması tələbinə iddia müddətinin tətbiqi barədə dəlillərə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, öhdəlik davam edən xarakter daşıyırsa və borclu onun icrasından qəti şəkildə imtina etməmişdirsə müqavilənin bağlanma tarixi və ya işlərin icra edilməməsi özözlüyündə iddia müddətinin başlanması üçün kifayət əsas hesab edilə bilməz. Podrat müqaviləsinin hüquqi təbiəti (§60) baxımından həmin müqavilə üzrə öhdəlik, nəticə təhvil verilənədək və ya müqaviləyə xitam verilənədək davam edən xarakter daşıyır. Yəni podratçı işin nəticəsini təhvil vermədikcə və ya müqavilənin icrasından açıq şəkildə imtina edib onu ləğv etmədikcə pozuntu qəti xarakter almır, sifarişçi isə nəticənin gələcəkdə əldə olunacağına ümüd etməyə haqlı olur. Nəzərə alınmadır ki, iddia müddətinin axımı bir qayda olaraq şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Tərəflər arasında bağlanılmış podrat müqaviləsi üzrə münasibətlər davam edən xarakter daşıdığından, müqavilənin ləğvinə dair pretenziya məktubunun təqdim edildiyi tarix – iddia müddətinin başlanğıcı kimi qəbul edilməlidir. İddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin daşınmaz əşyaya dair bağlanmış müqavilə münasibətlərindən irəli gəlməsi nəzərə alınmaqla, mübahisəyə MM-in 373.2-ci maddəsində uyğun olaraq altı illik iddia müddəti tətbiq edilməlidir. Belə olan halda iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş bu müddəti ötürmədən məhkəməyə müraciət etdiyi qənaətinə gəlinməlidir. Son olaraq məhkəmə iddianın “"xxxx" MTK-nın rəhbərliyinin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardadın qəbul edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 522 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş (cəmi 164.000) hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 370 manat tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilmədi, tərəflər arasında 15 iyun 2013-cü il tarixdə bağlanmış müqavilə ləğv edilməli, Cavabdeh MTK-dan 164.000 manat və ödənilmiş dövlət rüsumuna görə 370 manat alınaraq Məmmədova Xalı̇ də Mürsəl qızına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Məmmədova Xalı̇ də Mürsəl qızı ilə Cavabdeh MTK arasından 15 iyun 2013-cü il tarixdə bağlanmış müqavilə ləğv edilsin. Cavabdeh MTK-dan 164.000 (yüz altmış dörd) manat və ödənilmiş dövlət rüsumuna görə 370 (üç yüz yetmiş) manat alınaraq Məmmədova Xalı̇ də Mürsəl qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissədi onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3038/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3038/2025
05.01.2026 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver