Məhkəmə qərarları › İş №2(062)-2294/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2294/2025

25.08.2025 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2294/2025 25.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə onun arasında bağlanmış 23 yanvar 2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 7220 manat pulun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, internet səhifəsində Tovuz şəhərində yerləşən torpaq sahəsinin satışı ilə bağlı elan görmüş və həmin torpaq sahəsinin mülkiyyətçisi ilə əlaqə saxlamışdır. Daha sonra satılan torpaq sahəsinin dəqiq ünvanının həmin torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 ona bildirmişdir. Sonradan o, həmin torpaq sahəsinin Tovuz şəhəri, N.Nərimanov küçəsində yerləşdiyini və "xxxx" MMC-nin ötürücü dirəyindən 0,02 ha aralı məsafə olduğunu da göstərmişdir. Daha sonra o, həmin torpaq sahəsinə yerində baxmış və "xxxx" MMC-nin ötürücü dirəyindən 0,02 ha aralı məsafə olan torpaq sahəsini almağa razılaşmışdır. Onlar arasında xx.xx.2025-cı il tarixində Tovuz Regional ASAN Xidmət Mərkəzinin notarial ofisində 0,04 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilədə qiymət olaraq 5000 manat pul məbləği göstərilsə də, o, 6500 manat pul məbləği ödəmişdir. Bundan sonra o, torpaq sahəsinə dair müvafiq sənədləri DƏDRX-nin 15 saylı Ərazi İdarəsində hazırlatdıranda ona məlum olmuşdur ki, Asya ona göstərdiyi torpaq sahəsini deyil, başqa torpaq sahəsini satmışdır. Həmin torpaq sahələri bitişikdir. Torpaq sahəsinin plan və ölçüsü tərtib olunan zaman ona aydın olmuşdur ki, həmin torpaq sahəsinin üstündən yüksək gərginlik keçir və orada fərdi yaşayış evinin tikintisinə qanun icazə vermir. O, isə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək istədiyindən o, Cavabdeh1 rəsmi bildiriş göndərərək alqı-satqı müqaviləsini pozduğunu bildirmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, o, torpaq sahəsini internet səhifəsindəki elanda görmüş və onun mülkiyyətçisi Asya ilə danışaraq torpaq sahəsinə baxmağa getmişdir. Lakin Asya ona qonşu torpaq sahəsinin 0,01 ha hissəsini də öz torpaq sahəsi kimi göstərərək onu aldatmışdır. O, aldadıldığını 2025-ci ilin fevral ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları ilə həmin torpaq sahəsinə baxış keçiriləndə əməkdaşlar həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinin qadağan olduğunu bildirmişlər. Bununla bağlı əvvəlki mülkiyyətçi Asyaya rəsmi bildiriş göndərmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, torpaq sahəsini düz göstərmişdir və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək mümkündür, sadəcə olaraq iddiaçı əlavə xərc çəkməlidir. Həmçinin o həmin torpaq sahəsini borcu olduğuna görə ucuz qiymətə satmışdır. Hal-hazırda həmin pul məbləğini borcuna ödədiyinə görə həmin məbləği ödəməyə imkanı da çatmır. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə məhkəmə iclasına çağrılan və gəlməmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Təbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənn 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmənin mövqeyi: Hazırki işin mübahisəsiz hissəsi ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə satıcılar, yəni Cavabdeh1 və Cavabdeh2 Tovuz şəhəri, N.Nərimanov küçəsində yerləşən, ümumu sahəsi 0,04 ha olan paylı mülkiyyətdəki torpaq sahəsini İddiaçı mülkiyyətinə vermiş, həmin torpaq sahəsini ümumilikdə 5000 manata satın almışdır. Məhkəmə araşdırılması zamanı tərəflərin izahatlarına əsasən müəyyən edildi ki, iddiaçı həmin müqavilə üzrə aldadıldığını 2025-ci ilin fevral ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları ilə həmin torpaq sahəsinə baxış keçirən zaman öyrənmişdir.İş materiallarından görünür ki, 12 iyun 2025-ci il tarixdə etmişdir, yəni şəxs aldadıldığını bildiyi gündən 4 ay keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cu maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin qərarına əsasən mülki Məcəllənin 354.2-ci maddəsində şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə Konstitusiya Məhkəməsinin qərarına görə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddətindən fərqli olaraq, kəsici müddətin tətbiqi məhkəmənin təşəbbüsü əsasında həyata keçirilir və həmin müddətinin kəsilməsi, dayandırılması və bərpa edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı aldadıldığı 2025-ci ilin fevral ayında məlum olmasına baxmayaraq, 2025-ci ilin iyun ayında müraciət etmiş və Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq kəsici müddəti ötürmüşdür. Ona görə də məhkəmə müəyyən olunmuş kəsici müddətin ötürülməsini nəzərə alaraq, qənaətə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar