Məhkəmə qərarları › İş №2(006)-3042/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3042/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3042/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Ağaəli oğlunun Cavabdeh MMC-yə qarşı «pul və öhdəliyin icrası» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağaəli oğlu Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ünvan 1 ünvanda yerləşən mənzilin söküldüyü 29 may 2020-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək hər ay üçün 400 manat kirayə haqqı məbləğinin ödənilməsi və 10.000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, İddiaçı Ağaəli oğlu Cavabdeh MMC-yə qarşı «öhdəliyin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 126 saylı müqavilə üzrə öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(006)-4963/2021 saylı qərardadı ilə yuxarıda göstərilən iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Birinci iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 25 may 2018-ci il tarixli 126 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, «Yaşayış hüququ olan» şəxs, yəni İddiaçı bu müqaviləyə əsasən, istifadəsində olan ünvan 1 ünvanda yerləşən 41 saylı MKİS-in mühəndisi tərəfindən çəkilən mənzilin sxeminə əsasən faktiki sahəsi 50 m2-dən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada «Tikinti şirkəti» tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1.2-ci bəndinə əsasən, «Tikinti şirkəti» ünvan 1 ünvanda yerləşən «Yaşayış hüququ olan»-ın istifadəsində olan yaşayış sahəsinin sökülməsini və söküləcək mənzilin 50,0 m2 olan hissəsinə nəzərdə tutulmuş 20 % əlavə edilərək həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 10-cu blok, 9-cu mərtəbəsində 60,0 m2 təmirsiz mənzili «Yaşayış hüququ olan»-ın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.2.5-ci bəndində «Tikinti şirkətinin» vəzifəsi kimi binanın təməli qoyulan gündən 24 (iyirmi dörd) ayın tamamında «Yaşayış hüququ olan»-ı təmirsiz mənzillə təmin etməzsə gecikdirilmiş hər ay üçün 400 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürməsi müəyyən edilmişdir. Göründüyü kimi tərəflər arasında müqavilənin bağlanma vaxtı 25 may 2018-ci il, icrasının son müddəti 2 il müəyyən edilmiş, müqavilənin icrasına müqavilənin bağlandığı andan başlanmışdır. Eyni zamanda cavabdehin uzun müddətdir ki, iddiaçını mənzillə təmin etməməsi mənəvi zərərin formalaşması üçün əsasdır. İkinci iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 25 may 2018-ci il tarixli, 126 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, «Yaşayış hüququ olan» şəxs, yəni İddiaçı bu müqaviləyə əsasən, istifadəsində olan ünvan 2 ünvanda yerləşən 41 saylı MKİS-in mühəndisi tərəfindən çəkilən mənzilin sxeminə əsasən faktiki sahəsi 50 m2-dən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qayadada «Tikinti şirkəti» tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1.2-ci bəndinə əsasən, «Tikinti şirkəti» ünvan 2 ünvanda yerləşən «Yaşayış hüququ olan»-ın istifadəsində olan yaşayış sahəsinin sökülməsini və söküləcək mənzilin 50.0 m2 olan hissəsinə nəzərdə tutulmuş 20 % əlavə edilərək həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 10-cu blok, 9-cu mərtəbəsində 60,0 m2 təmirsiz mənzili «Yaşayış hüququ olan»-ın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.2.5-ci bəndində «Tikinti şirkətinin» vəzifəsi kimi binanın təməli qoyulan gündən 24 ayın tamamında «Yaşayış hüququ olan»-ı təmirsiz mənzillə təmin etməzsə gecikdirilmiş hər ay üçün 400 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürməsi müəyyən edilmişdir. Göründüyü kimi tərəflər arasında müqavilənin bağlanma vaxtı 25 may 2018-ci il, icrasının son müddəti 2 il müəyyən edilmiş, müqavilənin icrasına müqavilənin bağlandığı andan başlanmışdır. Tərəflər (İddiaçı va Cavabdeh MMC) arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 nömrəli müqavilə X4 tərəfindən evin ona məxsus olması, buna görə də tərəflər (İddiaçı və Cavabdeh MMC) arasında bağlanmış müqavilənin etibarsız olması əsası ilə mübahisələndirilmişdir. Bununla əlaqədar, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(006)-4391/2018 saylı qətnaməsilə iddiaçı X1 iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsində yerləşən 106 saylı fərdi yaşayış evinə dair bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilə etibarsız hesab edilmiş, Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi 106 ünvanda inşa edilən yeni yaşayış binasından 2 otaqlı, sahəsi 60 m2-dən az olmayan təmirli mənzilin iddiaçı X3 təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, Cavabdeh MMC-yə Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi 106 ünvanda yerləşən mənzilin söküldüyü 29 may 2018-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək iddiaçı X3 hər ay üçün 400 manat kirayə haqqının verilməsi həvalə edilmiş, iddia ərizəsi qalan hissədə əsassız olduğundan rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən onun tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(103)-13920/2018 saylı qətnaməsi ilə (sədrlik edən T.Səmədov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(006)-4391/2018 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2686/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(103)-13920/2018 saylı qətnaməsi cavabdeh İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 may 2018-ci il tarixli 126 saylı müqavilənin etibarsız hesab olunmasına dair hissəsdə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-8698/2019 saylı qətnaməsi ilə (sədrlik edən X.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(006)-4391/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 25 may 2018-ci il tarixli 126 saylı müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən Sənan Hacıyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (103)- 8698/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 86980/2019 saylı icra vərəqəsi verilmiş, icra işi Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin icraatına daxil olsa da, hazırkı dövrə qədər Cavabdeh MMC 25 may 2018-ci il tarixli 126 nömrəli müqavilə üzrə öhdəliyini yerinə yetirmir. Göründüyü kimi tərəflər (İddiaçı və Cavabdeh MMC) arasında etibarlı müqavilə olmasına baxmayaraq, digər tərəf müqavilə üzrə öhdəliyini yerinə yetirmir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddia ərizələrinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddiaların təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaların əsassız olduğunu bildirdi və məhkəmədən iddiaların rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddialar qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 25 may 2018-ci il tarixli 126 saylı müqavilədən görünür ki, tərəflər aşağıdakı məzmunda üzərlərinə öhdəliklər götürmüşlər: Müqavilənin 1.1.1-ci bəndinə əsasən – yaşayış hüququ olan bu Müqaviləyə əsasən istifadəsində olan ünvan 3 ünvanda yerləşən, 41 saylı MKİS-nin mühəndisi tərəfindən çəkilən mənzilin sxeminə əsasən faktiki sahəsi 50,0 m2-dən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 1.1.2-ci bəndinə əsasən – tikinti şirkəti ünvan 4 ünvanda yerləşən yaşayış hüququ olanın istifadəsində olan yaşayış sahəsinin sökülməsini və söküləcək mənzilin 50,0 m2 olan hissəsinə nəzərdə tutulmuş 20 % əlavə edilərək həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirəcək, inşa etdiyi binanın 10-cu blok, 9-cu mərtəbəsində 60,0 m2, təmirsiz mənzili yaşayış hüququ olanın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.2.4-cü bəndinə əsasən tikinti şirkəti öhdəsinə götürmüşdür ki, binanın bünövrəsi qoyulandan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili yaşayış hüququ olana təhvil verəcək. Müqavilənin 2.2.5-ci bəndinə əsasən binanın təməli qoyulan gündən etibarən 24 ayın tamamında yaşayış hüququ olanı təmirsiz mənzil ilə təmin etməzsə gecikdirilmiş hər ay üçün 400 manat məbləğində kirayə haqqını ödəməyi tikinti şirkəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(006)-2091/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı Ağaəli oğluna qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli 2(102)-1098/2022 saylı qərarından görünür ki: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzillə təmin olunma və daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinin qismən təmin olunması, Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsində yerləşən 106 saylı fərdi yaşayış evinə dair bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi 106 ünvanda inşa edilən yeni yaşayış binasından 2 otaqlı, sahəsi 60 m2-dən az olmayan təmirli mənzilin iddiaçı X3 təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC-yə Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi 106 ünvanda yerləşən mənzilin söküldüyü 29 may 2018-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək iddiaçı X3 hər ay üçün 400 manat kirayə haqqının verilməsinin həvalə edilməsi, iddia ərizəsinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs İddiaçı və X2 apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(006)-4391/2018 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7608/2019 saylı qərarı ilə Cavabdeh MMC-nin direktoru Fərid Xəlilinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8698/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilərək qətnamənin «qət etdi» hissəsinə «Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(006)-4391/2018 nömrəli qətnaməsi Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 25 may 2018-ci il tarixli 126 saylı müqavilənin etibarsız hesab olunmasının təmin edilməsi hissəsində ləğv edilsin» sözlərinin əlavə edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7196/2021 nömrəli iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli 2(102)-1098/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2021-ci il tarixli 2(103)-7196/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia ərizəsində yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Göründüyü kimi, tərəflər arasında 25 may 2018-ci il tarixli 126 saylı müqavilə bağlanmış, iddiaçı öz üzərinə, cavabdeh isə öz üzərinə müəyyən öhdəliklər götürmüşlər. İddiaçı Ağaəli oğlu 25 may 2018-ci il tarixli 126 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, yaşadığı yaşayış sahəsini cavabdehə təhvil vermişdir. İddiaçının cavabdeh qarşısında icra edilməmiş hər hansı öhdəliyi yoxdur. Cavabdeh MMC isə 25 may 2018-ci il tarixli 126 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Binanın bünövrəsi qoyulandan sonra, yəni xx.xx.2018-ci il tarixdən 24 ay ərzində mənzil iddiaçıya təhvil verilməmiş, həmçinin mənzilin vaxtında təhvil verilməməsinə baxmayaraq mənzil təhvil verilənə qədər iddiaçıya kirayə haqqının ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda sadalananlardan göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bu səbəbdən, iddia tələbləri - müqavilədə qeyd edilən mənzilin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və xx.xx.2020-ci il tarixdən başlayaraq mənzil təhvil verilən günədək hər ay 400 manat kirayə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissələrində əsaslıdır və həmin hissələrdə iddialar təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 nömrəli müqavilədə qeyd edilən mənzilin iddiaçıya təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı; 08 avqust 2020-ci il tarixdən etibarən Cavabdeh MMC tərəfindən İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilin yerində inşa edilən yaşayış binasından yeni mənzil təhvil verilənədək hər ay 400 manat kirayə haqqı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona hər iki iddia tələbi üzrə mənəvi (real) zərərin vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 nömrəli müqavilədə qeyd edilən mənzilin iddiaçıya təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. 08 avqust 2020-ci il tarixdən etibarən Cavabdeh MMC tərəfindən İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilin yerində inşa edilən yaşayış binasından yeni mənzil təhvil verilənədək hər ay 400 manat kirayə haqqı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar