Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3044/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məkhəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh 2592 manat əsas borc, 2388,92 manat faiz borcu olmaqla cəmi 4980,92 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin “dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli Müqavilə ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı Dəyişikliklərin 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum olan “X6 Edilməsi Agentliyi” MMC vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-858 saylı, xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə №138/10 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, cavabdehə illik 20 % tətbiq edilməklə, 12 ay müddətinə 10000 manat məbləğində pul vəsaiti verilmişdir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, bank “Borcalan”a 10000 manat məbləğində kreditin verməyi, 2.3-cü maddəsinə əsasən, isə “Borcalan” isə bu Müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit vəsaitidən istifadə müddətinin axımı Bank borc alanın Ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlayır. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 12 aydır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda 2592 manat əsas borc olmaqla, 2388,92 manat faiz borcu olmaqla cəmi 4980,92 manat məbləğində təşkil edir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi “iddia müddətinin tətbiq olunması” barədə ərizəyə münasibətdə bildirmişdir ki, cavabdehə dair sənədlər 2017-ci ildə onlara təhvil-təslim aktı ilə verildiyindən iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməmişlər. Göstərilənlərə əsasən iddia təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 məhkəməyə “iddia müddətinin tətbiq olunması” barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassız olmaqla yanaşı, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında kredit müqaviləsi xx xxxx 2010-cu il tarixdə bağlanmış və müqavilənin müddəti xx xxxx 2011-ci il tarixdə bitmişdir. İddiaçı təfər 10 ilə yaxın bir müddət keçdikdən sonra iddia qaldırmışdır. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq iddia müddəti tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin ərizəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, №138/10 saylı kredit müqaviləsindən görünür ki, borcverən istehlak məqsədləri üçün borcalana 10000 manat məbləğində krediti illik 20 % dərəcəsi ilə 12 ay müddətinə verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli , 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli S-FK-858 saylı aktın surətindən görünür ki, Təhvil-təslim olan günə Borclunun “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dəki şəxsi borc heablarından çıxarışa əsasən 2592 manat əsas borc olmaqla, 2388,92 manat faiz borcu olmaqla cəmi 4980,92 borcu vardır. İş materiallarından görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC–yə keçmişdir. İş materiallarından olan “X6 edilməsi agentliyi” tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2020-ci il tarixli 502 saylı bildirişdən görünür ki İddiaçı QSC ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC–nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC–yə keçməsi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsini “X6 edilməsi Agentliyi” MMC vasitəsilə həyata keçirilməsi, həmçinin məlumat üçün kredit müqaviləsinə əsasən gecikmədə olan borcu üzrə 2592 manat əsas borc və 2388,92 manat faiz borcu olmaqla, ümumilikdə 4980,92 manat təşkil etməsi bildirilmiş, cavabdehlər 10 gün müddətində borcunu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 138/10 №-li kredit müqaviləsinə əsasən bank Cavabdeh 12 ay müddətinə, illik 20% olmaqla, 10000 manat məbləğində kredit vermiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2011-ci il tarixdə bitmişdir. Məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. Eyni Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından aydın olduğu kimi, tərəflər kredit müqaviləsini xx.xx.2010-cu il tarixdə bağlamış və həmin müqavilənin müddəti xx.xx.2011-ci ildə bitmiş, cavabdeh tərəfindən sonuncu ödəniş isə 2013-cü ildə edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdehin nümayəndəsi və vəkili isə məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bu öhdəliyin icra edilməsinin tələb edilməsi hüququnun onlara ötürülməsi və müddətin buraxılmasını təşkilati məsələlərlə əlaqələndirsə də, məhkəmə hesab edir ki, bu hal iddia müddətinin ötürülməsi üçün üzrlü hal hesab edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması" tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-3044/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3044/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver