Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3047/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh LPO QSC «xxxx» KB-yə qarşı "borcun restrukturizasiya olunması və s." tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO QSC «xxxx» KB-yə qarşı "borcun restrukturizasiya olunması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx” KB ilə aralarında bağlanmış 04.06.2015-ci il tarixli, 100/16/109984/15 saylı kredit müqaviləsinə əsasən yaranmış borcuna "Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 55 nömrəli Fərmanın tətbiq edilməsi, borcunun restrukturizasiya olunması, onunla həmin Fərmanda qeyd edilmiş güzəştli şərtlərlə kredit müqaviləsi bağlanması, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun və Azərbaycan Respublikası X4 tövsiyə edilmiş tədbirləri görməməsi nəticəsində ona dəymiş ziyan olan 20000 (iyirmi min) manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan və Azərbaycan Respublikası Mərkəzi Bankından alınıb ona verilinəsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, QSC “xxxx” KB ilə onun arasında bağlanmış 04.06.2015-ci il tarixli 100/16/109984/15 saylı kredit müqaviləsinə əsasən o, bankdan 36 ay müddətinə, 25% dərəcəsi ilə 3000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit üzrə borclarını ödəmişdir. Lakin ölkədə baş verən devalvasiya nəticəsində hamı kimi o da borcunu vaxtlı-vaxtında ödəyə bilməmişdir. Nəticədə onun banka borcu yaranmışdır. 28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalamışdır. Həmin Fərmanının 5.1-ci bəndində Azərbaycan Respublikasının Mərkəzi Bankına bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsini tövsiyə edilmişdir. Beləliklə onun da həmin 28 fevral 2019-cu il tarixə borcu yarandığı və ödəyə bilmədiyi üçün Fərmanın təsirinə düşmüşdür. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edilməsi, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının reslrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasım təmin edən tədbirlər görülməsi tövsiyə edilmişdir. Belə olan həmin vaxtı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2010-cu il tarixli qərarına əsasən "xxxx" kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edildiyi üçün “xxxx" kommersisa bankının idarə edilməsi Əmanətlərin Sığortalanması Fonduna verilmişdir. Göründüyü kimi onun "xxxx" KB-yə borcu olduğu üçün həmin borcu uzun müddətdir ki, ödəyə bilmədiyi üçün vaxtı keçmiş borcu olduğu üçün "xxxx" KB-da ləğv prosesində olduğu üçün ona X1 nəzarət etmişdir. Həmin Fərmana əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək Mərkəzi Banka verməli olduğu halda bunu etməmişdir. Beləliklə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası görməli olduğu işi görməmişdir. Lakin ləğv edildiyi üçün onun maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifəsi Mərkəzi Banka verilmişdir. Lakin o, "xxxx" RB-da olan borcunun restrukturizasiya olunmadığını görüb 09 oktyabr 2019-cu il tarixdə borcunun restrukturizasiyası məqsədilə müraciət etmişdir. Müraciətindən 1 aydan çox vaxt keçməsinə baxmayaraq heç bir cavab verilmədiyi üçün o, ikinci dəfə Azərbaycan Respublikası X1na, üçüncü dəfə Mərkəzi Banka mürciət etmişdir. Lakin həmin müraciətlərinə cavab verməli olduqları, borcunun restrukturizasiyası ilə bağlı heç bir iş görməmişlər. Göründüyü kimi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun və Azərbaycan Respublikas Mərkəzi Bankının Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanındakı tövsiyələrə əməl etməməsi səhlənkarlıqla yanaşması nəticəsində onun "xxxx" KB-da olan borcumun faizi silinməmiş, əsas borc restrukturizasiya olunmamış, hələ bu azmış kimi Fərmanın əksinə olaraq mənə qarşı əsas, faiz və cərimə borcunun tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan başqa onun xxxx MMC-dən aldığı çıxarışdan görünür ki, onun borcu mövcud deyildir. Öhdəliklərini icra edə bilmədiyindən 2009-cu ildə Bank Standart KB QSC onu məhkəməyə vermiş, müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etmişdir. O, həmin dövrdə dəfələrlə Maliyyə Bazarlarına Nəzarət Palatasına və cavabdehə müraciət edərək həmin kredit müqaviləsi üzrə borcunun olubolmaması və borc qaldığı təqdirdə həmin məbləğin restrukzasiya olunmasını tələb etsə də, ona rəsmi cavab verərək həmin kredit müqaviləsi üzrə məlumatların Mərkəzi Bankın elektron məlumat bazasında (elektron portalda) həmin kredit müqaviləsinə dair məlumatlar aşkar olunmadığından restrukzasiya tədbirlərinin aparılmasının mümkün olmadığı qeyd edilərək onun prezidentin fərmanından irəli gələn hüquqları pozulmuşdur. Cavabdehin həmin kredit müqaviləsinə dair məlumatların Mərkəzi Bankın elektron məlumat bazasına daxil etməməsi ilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında 28 fevral 2019cu il tarixli 55 nömrıli fərmanında yararlana və həmin kredit üzrə borclarını düzgün hesablama və qalıq məbləğ restrukturizasiya olunmamış və onu çətin vəziyyətə salmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, 2(006)-3047/2021 saylı mülki iş üzrə cavabdeh LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO QSC “xxxx” KB ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3047/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO QSC “xxxx” KB-yə qarşı "kompensasiyanın ödənilməsi və s." tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikasının Mərkəzi Bankına aid hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO QSC «xxxx» KB-nin nümayəndəsi X3 iddiaya etiraz etmiş, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. QSC «xxxx» KB-nin Quba filialı ilə İddiaçı arasında bağlanmış 100/16/109984/15 saylı, 04.06.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə illik 25% dərəcəsi ilə 3000 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” MMC-dən 09.10.2019-cu il tarixli, SF-24092 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı 04.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə aktiv öhdəlikləri haqqında məlumat mövcud deyildir. İddiaçı tərəfindən Mərkəzi Banka ünvanlanmış 02.02.2020-ci il tarixli ərizədən görünür ki, o, borcunun restrkturizasiya edilməsi ilə bağlı Mərkəzi Banka müraciət etmişdir. 23.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, QSC “xxxx" KB ilə İddiaçı arasında bağlanmış 04.06.2015-ci il tarixli, 100/16/109984/15 saylı Kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 2012,15 manat məbləğində əsas borc, 485,19 manat məbləğində faiz borcu, 440,27 manat məbləğində cərimə borcu, 294 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 3231,61 manat məbləğində borcu yaranmışdır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi 100/16/109984/15 saylı, 04.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən QSC «xxxx» KB tərəfindən İddiaçı 36 ay müddətinə illik 25% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. İddiaçının həmin kredit müqaviləsi üzrə yaranmış borcun məbləği cəmi 3231,61 manat təşkil etməkdədir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək borcunu tam ödəməsə də, “xxxx” MMC-nin məlumat bazasındakı “xxxx” qrafasında İddiaçı LPO QSC “xxxx" KB-yə 04.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması qeyd edilmişdir. Hazırda İddiaçı məhkəmədən aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir:
1. QSC "xxxx” KB ilə arasında bağlanmış 04.06.2015-ci il tarixli, 100/16/109984/15 saylı kredit müqaviləsinə əsasən yaranmış borcuna "Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 55 nömrəli Fərmanın tətbiq edilməsi;
2. Borcunun restrukturizasiya olunması;
3. Onunla həmin Fərmanda qeyd edilmiş güzəştli şərtlərlə kredit müqaviləsi bağlanması, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının, Əmanətlərin Sığortalanması Fondunun və X4 tövsiyə edilmiş tədbirləri görməməsi nəticəsində ona dəymiş ziyan olan 20000 (iyirmi min) manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan alınıb ona verilməsi. Məhkəmə iddianın rədd edilməli olduğu qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci, 4.2-ci və 5.1-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Həmin Qaydaların 6.7-ci, 8.1-ci və 8.8-ci bəndlərinə görə palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Fərmanın və bu Qaydanın tətbiqi ilə bağlı müraciətlərə baxılması və yaranan mübahisələrin həlli məqsədilə Palata tərəfindən işçi qrup və Apellyasiya Komissiyası (bundan sonra – Komissiya) yaradılır. Fiziki şəxsə kompensasiya ödənilməli olduqda və bu barədə məlumat bu Qaydanın 4.1-ci bəndində göstərilən siyahıda əks etdirilmədikdə və ya həmin məlumatda səhv olduqda, Komissiyanın qərarına əsasən Palata fiziki şəxsin adını həmin siyahıya daxil edir (məlumatlarda düzəliş edir) və bu Qaydaya uyğun olaraq kompensasiyanın fiziki şəxsə ödənilməsini təmin edən tədbirlər görür. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Beləliklə yuxarıda qeyd edilən normativ-hüquqi aktlardan göründüyü kimi, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin müəyyən edilməsi, kompensasiya məbləğinin hesablanması və həmin məbləğin müvafiq bank hesablarına köçürülməsi, eyni zamanda kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi (restrukturizasiya) əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatasının, Palatanın mövcudluğuna xitam verildiyi andan isə Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən funksiya və vəzifələr Mərkəzi Banka aid edildiyindən, LPO QSC «xxxx» KB isə hazırkı iddia tələbi üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən sözü gedən Fərmanın müvafiq bəndinə əsaslanaraq iddia tələblərinin dəqiqləşdirilməsi, yəni restrukturizasiya olunması ehtimalı olan əsas borc haqqında müvafiq məlumatın düzgün verilməsi vəzifəsinin LPO QSC «xxxx» KB-nin üzərinə qoyulması barədə iddia tələblərində dəyişiklik edilməsi iddiaçıya təklif olunsa da, o, iddia ərizəsinə dəyişikliyi etməkdən imtina etmiş, işə irəli sürülmüş iddia tələbləri üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki məhkəmə araşdırması zamanı iddiaçının tərəf olduğu kredit müqaviləsi üzrə məlumatların “xxxx” MMC-yə düzgün ötürülmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia “QSC "xxxx” KB ilə aralarında bağlanmış 04.06.2015-ci il tarixli, 100/16/109984/15 saylı kredit müqaviləsinə əsasən yaranmış borcuna "Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixli 55 nömrəli Fərmanın tətbiq edilməsi və borcunun restrukturizasiya olunması” hissəsində əsassız olduğu üçün rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün məhkəmə tərəfindən iddianın “maddi zərərin ödənilməsi” hissəsində əsassız sayılmaqla rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh LPO QSC «xxxx» KB-yə qarşı "borcun restrukturizasiya olunması və s." tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tələbinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Cəmilə Musayeva