Məhkəmə qərarları › İş №2(006)-305/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-305/2021

06.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-305/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Əhmədəli qızının Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arlarında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, AN-İ№0781665 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız, hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyesterdən çıxarışın qeydiyyatının etibarsız hesab edilməsi, ünvan 1nin cavabdehdən alınaraq onun mülkiyyətinə qaytarılması, ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Ailəvi münasibətləri olmuşdur. Evlərinin bir ailə üzvü kimi münasibətləri olmuşdur. Demək olar ki, bir birlərinə qarşı inam və etibarları yaranmışdır. Həyat yoldaşı X3 ilə aralarındakı münasibətlərin soyuması və faktiki olaraq ər-arvad münasibətlərinin pozulması səbəbindən ailələrinin dağılması vəziyyətində (sözsüz, ki, sonradan bildiyinə görə ailəsinin dağılmasında Sakitin də az rolu olmamışdır) cavabdeh bundan sui-istifadə edərək əvvəlcədən notariusla özü məsələni həll edib ondan mülkiyyətində olan torpaq sahəsinin oğlu X2 adına keçirilməsi adı ilə notariusa gəlib bağışlama müqaviləsinə imza etməyini xahiş etmişdir. Çünki, onların ailəsinin bütün təşkilatlarda, müəssisələrdə və digər orqanlarda aparılan işlərini həmişə Cavabdeh həyata keçirirdi. Onun sağlamlıq durumunda ciddi problemləri yarandığından cavabdehdən torpağının oğlunun adına keçirilməsi üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Demək olar ki, həmin vaxtlarda o, evdən çölə çıxmırdı. 13 sentyabr 2019-cu ildə Cavabdeh onu bakı şəhəri 27 saylı notariat kontorunda gözlədiyini və təcili ora gəlib bağışlama müqaviləsini imza eləməyini bildirmişdir. O da şəxsiyyət vəsiqəsini götürüb həmin ünvana getmişdir. Notariusda o, əvvəlcədən sakit və notariat kontoru tərəfindən hazırlanmış sənədlərin imza yeri göstərilməklə bir neçə sənədə imza etdirilmişdir. Sözsüz ki, imza etdiyi sənədin mülkiyyətində olan torpaq sahəsinin oğlu X2 adına keçirilməsi barədə bağışlama müqaviləsinin olduğunu zənn edib oxumadan imzalamışdır. Ona imzalanmaq üçün göstərilən sənədlərin imza vərəqlərinə (imzlanmalı yerlər ona konkret “bura imza et, bura imza et” deməklə) imzaladıqdan sonra çıxıb evə getmişdir. Sonradan anası ilə Sakit arasında yaranmış mübahisə zamanı ona məlum olmuşdur ki, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndi 1042a saylı bağ sahəsini oğlu X2 adına keçirilməsi adı ilə alqı-satqı müqaviləsi əsasında öz adına keçirmişdir. O, vəkilə müraciət etdikdən sonra vəkilin AR ƏMDK sanımla DƏDRX-nin 1 saylı ərazi İdarəsinə sorğu verildikdən sonra ona rəsmi olaraq məlum olmuşdur ki, mülkiyyətində olan ünvan 1 27 saylı DNK-nun 4Ə-388 reyestr nömrəli 13 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmişdir. Tərəflərindən verilmiş sorğu əsasında cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisinin notariusu X6 tərəfindən təsdiq edilmiş 13 sentyabr 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və bununla bağlı aparılan bütün notariat hərəkətlərini tələb etmişlər. Notariat hərəkətinə diqqət yetirdikdə ona məlum olmuşdur ki, cavabdehlə aralarında bağlanmış 13 sentyabr 2019-cu il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsində torpaq sahəsi guya tərəfindən Cavabdeh 35 000 (otuz beş min) manata satılmışdır. Hansı ki, aralarında heç bir alqı-satqı olması barədə razılıq əldə olunmamış və cavabdeh tərəfindən bu məqsədlə də ona 35 000 (otuz beş min) manat pul verilməmişdir. 35 000 (otuz beş min) manat pulun ona verilməsinə dair notariat işində heç bir sənəd və ya qəbz də yoxdur. Hesab edir ki, bu da Cavabdeh ilə onun arasında bağlanmış müqavilənin etibarsız əqd kimi uydurma əqd olmasına dəlalət edir. Müqavilə formal olaraq bağlanmışdır. Hesab edir ki, Cavabdeh onu aldadaraq torpaq sahəsini öz adına qanunsuz olaraq özgəninkiləşdirmişdir. Belə olmasaydı cavabdeh torpağını alqısatqı dəyərini ona ödəyərdi. Bir məsələni də məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh özü notariat kontorunda əvvəlcədən bütün sənədləri hazırlatmışdı və o, yalnız dəvət olunub formal olaraq sənədləri imzalamışdır. Heç sənədləri oxumamış da, Notariat kontorunun cavabdehlə aralarında bağlanmış formal müqavilənin bağlanması zamanı buna dair razılığının verilməsi üçün həyat yoldaşı X3 da olmamışdır. O heç vaxt onunla notariat ofisinə getməmişdir, hakim notariat kontorundan işi tələb etdikdən sonra ona məlum olmuşdur ki, həyat yoldaşı X3 17 noyabr 2017-ci il tarixdə 2 saylı ASAN xidmət mərkəzində onun ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyi barədə Ərizə vermişdir. Ailəsinin dağılmasında bilavasitə rolu olmuş Cavabdeh həyat yoldaşı X3 ilə əlbir olaraq bağ torpaq sahəsinin adından çıxarılaraq mənimsənilməsinə nail olublar. X3 belə formada və məzmunda ərizə verdiyi halda heç vaxt ona belə bir ərizənin verməsi barədə məlumat verməmişdir. Sual olunur, necə ola bilər ki, onlar bağ torpaq sahəsinin alqı-satqısı barədə razılığa 13 sentyabr 2019-cu ildə gəlirlər, lakin həyat yoldaşı X3 yuxarıda göstərilən ərizəni 17 noyabr 2017-ci il tarixdə ərizə verir və həmin ərizə onda yox, cavabdehdə saxlanılıb. Axı 2017-ci ildə onun torpağı nə satmaq nə də oğlunun adına keçirtmək barədə nə məqsədi nədə fikri olmayıb. Onu bu fikirə, yəni torpağı oğlunun adına keçirtməyi isə cavabdeh təklif etmişdir. İddiaçı X8 öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən məhkəmə İddiaçı Əhmədəli qızının ərizəsinə əsasən onu iddiaçı (hüquq varisi) qismində tanımışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 29.06.2011-ci il tarixdə qeydiyyata alınmışdır. ünvan 2 ünvanlanmış 13.09.2019-cu il tarixdə, 4Ə-388 saylı reyestrlə rəsmiləşdirilmiş ünvan 3nin alqı-satqı müqaviləsinə dair sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, - 13.09.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X8 ünvan 3 ünvanında mülkiyyətində yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 35.000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. - X8 tərəfindən notariat ofisinə ünvanlanmış 12.09.2019-cu il tarixli ərizəyə əsasən, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29.06.2011-ci il tarixdə verilmiş, **********97 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında ünvan 3 ünvanında yerləşən torpaq sahəsini satmaq istədiyini bildirmişdir. - X3 tərəfindən notariat ofisinə ünvanlanmış 17.11.2017-cu il tarixli ərizəyə əsasən, o, X4 özünə məxsus ünvan 3 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. - 12.09.2019-cu il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh alqı-satqı müqaviləsinə əsasən AZ16MUGA**********00020AZM07 hesabına 35.000 manat məbləğində pul köçürülmüşdür. - 27 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına ünvanlanmış ərizəyə əsasən, notarius Cavabdeh tərəfindən notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilməli olan 35000 manat məbləğində müqavilə tərəfindən təsdiq edildikdən sonra yaranmış vergi öhdəliklərinin (borcu) dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə daşınmaz əmlakın satış dəyərindən 600 manat pul çıxıldıqdan sonra 34400 manat pulu X5 verilməsi üçün bankda olan AZ16MUGA**********00020AZM07 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış13.09.2019-cu il tarixdə, 4Ə-388 saylı reyestrlə rəsmiləşdirilmiş ünvan 3nin alqı-satqı müqaviləsinə dair sənədlərdən görünür ki, 27 saylı notariat ofisinin notariusu Eldar Qurbanov tərəfindən 14 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış 11.02.2021-ci il tarixli məktubdan görünür ki, X8 ilə Cavabdeh arasında 13.09.2019-cu il tarixdə 4ə-388 saylı reyestrlə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi,1042 a saylı bağ sahəsinin alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Notariusun 456 nömrəli, 12.09.2019-cu il tarixli məktubu əsasında Cavabdeh tərəfindən 35 000 (otuz beş min) manat pulun X5 ödənilməsi üçün onun depozit hesabına pul qoyulmuşdur. Pulun qoyulması barədə onlara order daxil olmuşdur. Alqı-satqı müqaviləsi başa çatdıqdan sonra 600 (altı yüz manat) vergi çıxılmaqla yerdə qalan 34400 (otuz dörd min dörd yüz) manat pulun X5 verilməsi üçün ona çek verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X8 13.09.2019-cu il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, o, özünə məxsus olan ünvan 3ni 35.000 manata Cavabdeh satmışdır. Hazırda İddiaçı Əhmədəli qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X8 arsında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, AN-İ№0781665 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyesterdən çıxarışın qeydiyyatının etibarsız hesab edilməsi, ünvan 1nin cavabdehdən alınaraq onun mülkiyyətinə qaytarılması, ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci və 339.3-cü maddələri təşkil edir. Mülki Məcəllənin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmununa görə “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının 13.09.2019-cu il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması məqsədi ilə aldadılması barədə dəlillər öz təsdiqini tapmamışdır. Əksinə iş materiallarında olan sübutların təhlili nəticəsində məhkəmə bu qənaətə gəlmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısı müqaviləsinin bağlanması ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. “Notariat haqqında” Qanunun 46-cı maddəsinə əsasən, “qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.” Notariat hərəkətlərinin aparılması əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatla (bundan sonra “Təlimat”) tənzimlənir. Təlimatın 38-ci bəndinə görə, notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Təlimatın 46-cı bəndinə əsasən, notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır. Təlimatın 48-ci bəndinə əsasən, daşınmaz əmlak (o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və X10”nə daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar) “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir. Təlimatın 49-cu bəndinə əsasən, nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr o zaman təsdiq oluna bilər ki, əmlaka sərəncam verilməsi barədə ər-arvadın digərinin yaşayış yeri üzrə harada qeydiyyatda olmasından asılı olmayaraq notariat qaydasında təsdiq edilmiş razılığı olsun. Həmin bəndin dördüncü abzasına əsasən, müqavilə üzrə ödəniş əmlakın ümumi satış qiyməti nəzərə alınmaqla, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Bu halda müqavilə üzrə hər dəfə tərəflərdən biri digərinə ödənişi məbləğindən asılı olmayaraq, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirir. Həmin bəndin doqquzuncu abzasına əsasən, əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, hazırki işdə mübahisələndirilən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi qanunvericiliyə uyğun şəkildə bağlanılmış, həmin müqavilə, müqavilə tərəfi olan şəxslər tərəfindən şəxsən imzalanmış və hərəkətlərinin hüquqi nəticələri onlara məlum olmuşdur. İddiaçı tərəfindən alqı-satqı müqaviləsinin aldatma nəticəsində bağlanmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bununla da, o, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əhmədəli qızının Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar