Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-307/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Sığorta Şirkətində sığortalı olan "Mercedes Benz C180" markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus "Mercedes Benz C180" markalı **-NC-*** qeydiyyat nişanlı avtomobilinə dəymiş 4193 (dörd min yüz doxan üç) manat məbləğində zərərin, ziyan aktının tərtib olunması üçün ödədiyi 50 manat rüsumu və 63 manat məhkəmə rüsumu olmaqla, ümumi olaraq 4306 (dörd min üç yüz altı) manat pulun, "xxxx" ASC şirkəti tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: xx.xx.2024-cü il tarixdə Quba şəhəri ərazisində "Mercedes C180" markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı minik maşını və iddiaçıya məxsus "Mercedes Benz C180" markalı **-NC-*** qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində iddiaçının avtomobilinə maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi "Mercedes C180" markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 4193 (dörd min yüz doxan üç) manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra Quba şəhərində fəaliyyət göstərən avto təmir stansiyasının ustaları tərəfindən avtomobilinə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. "xxxx" ASC Sığorta şirkətinin əməkdaşları tərəfindən isə, qəza zamanı maddi zərər dəymiş onun avtomobilinə 2750 (iki min yeddi yüz əlli) manat sığorta ödənişi hesablanmışdır. Bu məbləğ onun avtomobilinin təmiri üçün yetərli deyil. Bu məsələni şirkətin əməkdaşları ilə dəfələrlə müzakirə etməyinə, şikayətini bildirməyinə baxmayaraq, sığorta ödənişinin məbləğində artım etməmişlər. Şirkətin əməkdaşları tərəfindən qiymətləndirmə hesablanarkən, maşının çöl hissəsində görünən əzilmiş detallarının qiymətləri və işçilərin zəhmət haqları hesablanmışdır. Amma zərbə ön hissədən olduğuna görə avtomobilin motorxanada yerləşən detalları və sürət qutusu da zədələnmiş və yararsız hala düşmüşdür. O, dəfələrlə avtomobilinə baxış keçirmək üçün şirkətin ekspertini dəvət etsə də, buna heç bir məhəl qoyulmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmənin hazırlıq iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat versə də, məhkəmə baxış iclaslarına gəlməmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək göstəmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 25 aprel 2025-ci il tarixli 9/1353-8/414 nömrəli ekspert rəyində ekspertiza qarşısında qoyulmuş suallara müvafiq olaraq ekspert həm iddiaçının, həm də cavabdehin təqdim etdiyi qüsur aktlarına münasibət bildirmişdir. Nəticə etibarı ilə hal-hazırda 2 fərqli məbləğ mövcuddur. Qeyd olunanların nəzərə alınması xahiş olunur. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Elektron məhkəm informasiya sistemindən çıxarılmış iddiaçının əmlak məlumatlarına əsasən "Mercedes Benz C180" minik markalı, **-NC-*** qeydiyyat nişanlı (Ban: WDB2020181A77074, Mühərrik nömrəsi **********8974) İddiaçı mülkiyyətindədir. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən, "Mercedes Benz C180" minik markalı, **-NC-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən 1 il müddətinə icbari qaydada sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat müəyyən edilmişdir. “Təbriz” firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 021 nömrəli qüsur aktına əsasən "Mercedes Benz C180" minik markalı, **-NC-*** qeydiyyat nişanlı (1999-cu il buraxılışlı, Ban: WDB2020181A77074, Mühərrik nömrəsi **********8974) minik avtomobilinə 4193 manat ziyan dəymişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən "Mercedes Benz C180" minik markalı, **-NC-*** qeydiyyat nişanlı (1999-cu il buraxılışlı, Ban: WDB2020181A77074, Mühərrik nömrəsi **********8974) minik avtomobilinə 2750 manat ziyan dəydiyi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3432/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1353-8/414 nömrəli xx.xx.2025-ci il tarixli rəyinə əsasən Nəzəri hesablama yolu ilə “Təbriz Firması” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 021 nömrəli qüsur aktına əsasən 1999-cu il buraxılışlı “Mercedes Benz C 180” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3854.0 müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 2804,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1050,00 manat. Nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 260823 nömrəli qüsur aktına əsasən 1999-cu il buraxılışlı “Mercedes Benz C 180” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2784.0 müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 1734,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1050,00 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 63 manat dövlət rüsumu ödəmişdir. Təbriz firmasının xx.xx.2024-cü il tarixli 664063 nömrəli qəbzinə əsasən avtomobilə dəymiş zərər məbləğinin müəyyən olumasına görə 50 manat xərc ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.3-cü maddəsinə əsasən sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. 925-1.4-cü maddəsinə əsasən müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 925-1.5-ci maddəsinə əsasən müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). «İcbari sığortalar haqqında» Qanunun: 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 18.1-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 52–1.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52–1.2-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 52–1.3-cü maddəsinə əsasən yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar Mərkəzi Bank tərəfindən müəyyən edilir. 56.1-ci maddəsinə əsasə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşdən görünür ki, «Mercedes Benz C180» minik markalı, **-NC-*** qeydiyyat nişanlı (1999-cu il buraxılışlı, Ban: WDB2020181A77074, Mühərrik nömrəsi **********8974) markalı minik avtomobili İddiaçı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan minik avtomobili cavabdeh "xxxx" ASC-də sığorta etdirmişdir. Sığorta məbləği 5.000 manat təşkil etmişdir. Sığorta müqaviləsinin əhatə etdiyi dövr ərzində baş vermiş avto nəqliyyt hadisəsi nəticəsində sığorta edilmiş minik avtomobil yararsız hala düşmüş və bununla da, sığorta hadisəsi baş vermişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, İddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Hazırda tərəflər arasında mübahisə sığorta ödənişinin məbləği ilə əlaqədardır. Belə ki, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində ona məxsus minik avtomobilnə 4193 manat ziyan dəydiyini iddia edir, cavabdeh isə buna etiraz edərək dəymiş ziyanın 2750 manat təşkil etdiyini bildirir. Qeyd edilən fikir ayrılığını araşdırmaq məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaları təyin edilərək keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 9/1353-8/414 nömrəli xx.xx.2025-ci il tarixli rəyinə əsasən Nəzəri hesablama yolu ilə “Təbriz Firması” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 021 nömrəli qüsur aktına əsasən 1999-cu il buraxılışlı “Mercedes Benz C 180” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3854 manat, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 260823 nömrəli qüsur aktına əsasən 2784 manat müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində avtomobilə dəymiş zərərin məbləğinin iki müxtəlif qiymətləndiricinin məlumatlarına istinad olunmaqla, 3854 və 2784 manat təşkil etməsi qeyd edilmişdir. Məhkəmə ekspert rəyinin, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında aparılan hesablama əsas götürülməklə müəyyən edilən 3854 manat zərər hissəsini daha qəbuledilən hesab edir və mövqeyini onunla əsaslandırır ki, hər iki tərəfin təqdim etdiyi qüsur aktında göstərilmiş, habelə ekspert tərəfindən qiymətləndirilmiş bəzi hissələr və görülməli olan təmir-bərpa işlərinin məbləğlərində aşkar fərqlər müəyyən edilir. Belə ki, bəzi hissələrin və görülməli işlərin müqayisəsi aparılarkən onlardan kapot, radiator barmaqlığının məbləği, habelə dəmirçi, elektrik və çilingər işlərinin cavabdeh şirkət tərəfindən təqdim edilən qüsur aktındakı qiymətlərinin ekspert rəyində müəyyən edilən qiymətlərdən kəskin fərqləndiyi müşahidə edilmiş, şirkətin qüsur aktında həmin məbləğlərin mövcud bazar qiymətlərindən çox aşağı göstərildiyi müəyyən edilmişdir: Şirkətin qüsur aktında kapot 180 manat, radiator barmaqlığı 50 manat göstərildiyi halda, ekspert rəyində həmin hissələrin qiymətlərinin müvafiq olaraq 250 və 80 manat olduğu, habelə cavabdehin qüsur aktında dəmirçi işinə görə 350 manat, elektrik işinə görə 40 manat, çilingər işinə görə 60 manat göstərildiyi halda, ekspert rəyində həmin qiymətlərin müvafiq olaraq 400, 100 və 150 manat olduğu görülür. Bundan başqa iddiaçının təqdim etdiyi qüsur aktında göstərilən antifriz radiatoru və sürət qutusunun zədələndiyi göstərilsə də, sığorta şirkətinin qüsur aktında həmin hissələr ümumiyyətlə qiymətləndirilməmişdir. Qeyd edilməlidir ki, həmin hissələrə ekspert tərəfindən müvafiq olaraq 190 manat və 450 manat qiymət müəyyən edilmişdir. Göründüyü kimi göstərilən fərqlər (cavabdehin zərər aktı ilə ekspert rəyində müəyyən edilən) ümumilikdə cəmlənərək nəzərə alındıqda, ekspert rəyində 2 fərqli qüsur aktı əsasında müəyyən edilmiş məbləğ fərqinin haradan əmələ gəlməsini görmək mümkündür. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə rəyi vermiş ekspertin xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin (3854 manat) işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin məbləğlə razılaşır və cavabdehdən sığorta müqaviləsi üzrə 3854 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun sayır. Qeyd edilən rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3854 manat cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 63 manat məbləğində dövlət rüsumunun 57 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Eyni zamanda iddiaçının ziyan aktının tərtib olunması üçün ödədiyi 50 manat xərc cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın təmin edilmiş tələbə mütənasib olaraq 45 manatı cavabdehdən, 5 manatı isə iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 3854 (üç min səkkiz yüz əlli dörd) manat sığorta ödənişi, iddia ərizəsinin verilməsi ilə bağlı 57 (əlli yeddi) manat dövlət rüsumunun əvəzi, zərər aktının tərtib olunması üçün ödənilmiş 50 manat xərc, ümumilikdə 3961 (üç min doqquz yüz altmış bir) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 45 (qırx beş) manatı cavabdeh "xxxx" ASC-dən, 5 (beş) manatı isə İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-307/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-307/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver