Məhkəmə qərarları › İş №2(006)-3072/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3072/2023

08.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3072/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1995-ci il tarixdən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində məcburi köçkün kimi yaşayır. Yaşadığı fərdi yaşayış evinə işıq sayğacı quraşdırılmış və sayğacın göstəricisinə uyğun olaraq işıq pulunu vaxtı-vaxtında ödənişlər edirdi. xx.xx.2023-cü il günorta radələrində elektrik enerjisinə olan borca görə heç bir xəbərdarlıq olmadan "xxxx" ASC-nin əməkdaşları gələrək işığı kəsmişlər. Axşam işdən gəlib işığın kəsilməsini gördü. Evdə sudurqalı uşaq olduğu üçün işığı öz yerinə bərpa edərək elektrik enerjisindən istifadə etdi. Sayğacın göstəricisinə uyğun olaraq elektrik enerjisindən istifadə etmişdir. Ertəsi gün məsələnin həll edilməsi məqsədilə işi yoluna qoymaq istərkən, 01 may 2023-cü il tarixdə səhər tezdən "xxxx" ASC əməkdaşları fərdi yaşayış evinə gələrək akt tərtib etdilər. İşıq sayğacına isə müdaxilə edərək iş gördülər. Sonradan ona məlum olmuşdur ki, yarım gün ərzində işıqdan qanuni şəkildə istifadə etdiyinə görə ona heç bir əsas olmadan sadəcə "xxxx" ASC-nin əməkdaşlarına xəbər vermədən qoşulduğuna görə 864,89 manat cərimə yazılmışdır. "xxxx" ASC-yə gedərək hər ay yoxlamalar zamanı belə bir irad bildirilmədiyini və əvvəlki qaydada işıq sərfiyyatına görə ödənişləri eyni qaydada etdiyini və onun tərəfindən sayğaca müdaxilə edilmədiyini, sadəcə ayrılış xətti yerinə bağladığını bildirdi. "xxxx" ASC tərəfindən 01 may 2023-cü il tarixdə tərtib edilmiş 290380 saylı akt əsasında qeyd olunan borcun ödənilməsini tələb edirlər. Əvvəlki qaydada işıq sərfiyyatı ilə sayğacının göstəricisi ilə müəyyən edilmiş borcunu vaxtlı-vaxtında ödəmişdir və bu barədə ona heç bir irad bildirilməmişdir. O cümlədən, abonent olaraq "xxxx" ASC-dən hər hansısa qanunsuz yolla enerji oğurlamamışdır, sayğacın möhür və plombuna müdaxilə etməmişdir və elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etməmişdir. Sayğac Binəqədi rayon Enerji idarəsi tərəfindən qoyulmuşdur. Göstərilənlərə əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış ünvanına dair tərtib edilmiş 01 may 2023-cü il tarixdə 290380№ aktını qanunsuz hesab etməklə işıqdan istifadəyə görə hesablanmış borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 01 may 2023-cü il tarixli, 290380№-li Aktdan görünür ki, ünvan 2 ünvanında abonent kodu **********00008 olan sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, yaranmış borca görə elektrik enerjisinin dayandırılmasına baxmayaraq sayğacdan kənar xətt götürərək mənzildə sayğacdan kənar elektrik enerjisindən istifadə edilir. Abonentin nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə-2, Aydınbəyov, ev (bina):0000, Mənzil 0008 İddiaçı adına olan “**********00008” saylı abunə koduna xx.xx.2023-cü il tarixində EİQ pozulması ilə bağlı olaraq 864,89 manat borc yazılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçıya 4,4 kvt x 24 saat x 0,7 x 90 gün=6653 kvt əlavə ödəniş hesablanmışdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iş materiallarında olan sənədləri və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan akt tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən akt tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq şəxsən abonent və hal şahidlərinin iştirakı təmin olunmamış, akt abonent və hal şahidləri tərəfindən imzalanmamış, həmçinin istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə iddia tələbinin akta əsasən hesablanmış 864,89 manat məbləğində borcun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, akta əsasən iddiaçıya 90 gün üçün əlavə ödəniş hesablanmışdır. Elektrik enerjisindən istifadə üzrə hesablaşma dövrünə uyğun olaraq iddiaçıya bir ay üçün əlavə ödəniş hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır və iddiaçıya aşağıda göstərilən qaydada 30 gün üçün əlavə ödəniş hesablanmalıdır: 4,4 kvt x 24 saat x (0.7) x 30 gün=2217,6 kvts (0.13 man)=288 manat. Akta əsasən hesablanmış borcun digər hissəsi – 576,89 manat isə (864,89-288) əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə İddiaçı adına olan “**********00008” saylı abunə koduna 01 may 2023-cü il tarixli, 290380№-li Akt üzrə hesablanmış 576,89 (beş yüz yetmiş altı manat, səksən doqquz qəpik) manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə İddiaçı adına olan “**********00008” saylı abunə koduna 01 may 2023-cü il tarixli, 290380№-li Akt üzrə hesablanmış 576,89 (beş yüz yetmiş altı manat, səksən doqquz qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar