Məhkəmə qərarları › İş №2(006)-3074/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3074/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3074/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndələri X13 və X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X7 SOCAR-ın X24 Trestinin əməkdaşı olmuşdur. M.Babayev xx.xx.2015-ci il tarixdə neft buruqlarında işləyən zaman bədbəxt hadisə nəticəsində vəfat etmişdir. İddiaçı mərhum həyat yoldaşının 1-ci dərəcəli vərəsəsidir. Həyat yoldaşının vəfatına görə qanuni vərəsəsi olaraq iddiaçıya «Paşa Həyat» sığorta şirkəti tərəfindən 100.000 manat sığorta pulu ödənilməli olduğu halda, həmin məbləğdən yalnız 67.000 manat sığorta pulu ödənilmişdir. Yerdə qalan 33.000 manat məbləğində sığorta pulu isə bu günədək ödənilməmişdir. Mərhum həyat yoldaşı X1 ölümünə görə ödənilməmiş 33.000 manat məbləğində sığorta ödənişinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinə heç bir cavab verilməmişdir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq mərhum həyat yoldaşı X1 vəfat etməsi ilə əlaqədar sığorta pulunun ödənilməmiş hissəsinin, yəni 33.000 manat məbləğində sığorta pulunun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, hazırki iddianın predmeti olan məsələ «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» xx.xx.2010-cu il tarixli Qanunla tənzimlənir. Həmin qanunun 5-ci maddəsinə əsasən iddiaçının özü, 2 uşağı və anası – ümumilikdə 4 nəfər sığorta ödənişindən faydalanan şəxslər hesab edilmişlər. İddiaçının həyat yoldaşı 2015-ci ildə «Günəşli» platformasında itkin düşmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli qərarında göstərilən düstura əsasən 77.010,15 manat sığorta ödənişi hesablanmışdır. Həmin ödənişə uyğun olaraq iddiaçıya 2 dəfə sığorta ödənişi ödənilmişdir. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X23 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, "xxxx" ASC ilə SOCAR-ın «X24» Tresti arasında xx.xx.2011-ci il tarixli 0175-11 №-li «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi» bağlanmış və həmin icbari müqavilənin əlavəsinə Trestin digər işçiləri kimi mərhum sığorta olunan X7 da icbari sığorta olunmuşdur. M.İ.Babayev xx.xx.2015-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölmüş və hadisənin istehsalatda baş verməsi işəgötürən tərəfindən tərtib edilmiş «İstehsalatda bədbəxt hadisə haqqında» 09/2016 №-li aktla (İZ formalı) təsdiq edilmişdir. Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanunun ilə tənzimlənir. Siyahısı müvafiq normativ hüquqi aktla müəyyən edilmiş sənədlər və faydalanan şəxslərin ərizələri Sığorta Şirkətinə təqdim olunduqdan sonra Əsra Babayeva və İsmayıl Babayev adlı yetkinlik yaşına çatmamış uşaqlar, uşağa qulluq etməklə məşğul olan arvadı İddiaçı və pensiya yaşına çatmış anası X16 5-ci maddəsinin tələbləri baxımından ölmüş sığorta olunan Mikayıl Babayevin faydalanan şəxsləri hesab edilmişdir. Qanunun 16.3-cü və 17.4-cü maddələrinə görə sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda onun faydalanan şəxslərinə birdəfəlik sığorta ödənişi verilir və birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır. Sığorta şirkəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası»na əsasən yuxarıda adı çəkilən faydalanan şəxslərə (arvadı İddiaçı, on yaşına çatmamış uşaqları - Babayev İsmayıl və Babayeva Əsraya müvafiq olaraq 14761,77 manat və 29.095,20 manat, anası Vəliyeva Fitruza - 15.415,61 manat) ümumilikdə 77.010,15 manat məbləğində birdəfəlik sığorta ödənişi məbləği hesablanmış və qeyd olunan məbləğlər tərtib edilmiş xx.xx.2016-cı il tarixli C-CPA 0007/2016 №-li sığorta aktına əsasən İddiaçı və Fitruz Vəliyevaya aid bank hesablarına köçürülmüşdür. Daha sonra İddiaçı 2-ci dərəcəli əlilliyi bağlı TSEK-in qərarını Şirkətə təqdim etmiş, həmin sənəd əsasında sonuncu əlilliyi olan şəxs kimi növbəti dəfə faydalanan şəxs sayılmış və ona Qaydanın tələblərinə uyğun olaraq 9796,89 manat məbləğində birdəfəlik sığorta ödənişi hesablanmışdır. Qeyd olunan vəsait Şirkət tərəfindən İddiaçı adına olan bank hesabına köçürülmüşdür. İddiaçının iddia tələbi ondan ibarətdir ki, ərinin ölümünə görə müəyyən edilmiş 100.000 manat sığorta məbləğinin 67.000 manatı sığorta pulu ödənilsə də, yerdə qalan 33.000 manat sığorta pulunu sığorta şirkəti bu günədək ödəməmişdir. İddianın əsasını təşkil edən bu dəlillə bağlı qeyd edir ki, Qanunun 2.0.15-ci maddəsinə görə sığorta məbləği - icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir. Bu anlayış o mənanı ifadə edir ki, Sığorta şirkətinin baş vermiş sığorta sığorta hadisəsi üzrə faydalanan şəxs(lər)ə ödəyəcəyi sığorta ödənişi həmin məbləğlə məhdudlaşır. Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göründüyü kimi, Sığorta şirkəti baş vermiş bədbəxt hadisə üzrə icbari sığorta qanunlarına müvafiq olaraq hesablama aparmış və yuxarıda göstərildiyi kimi ümumilikdə 86.807,04 manat həcmində sığorta ödənişi faydalanan şəxslərə ödənilmişdir. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Ordubad rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X7 ilə X20 arasında xx.xx.1994-cü il tarixdə nikah bağlanılmışdır.

8. İş üzrə «Sığortaçı» qismində "xxxx" ASC ilə «Sığortalı» qismində «ARDNŞ-nin X24» Tresti arasında bağlanmış 0175-11 nömrəli, xx.xx.2011-ci il tarixli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin surətindən görünür ki, sığortalının qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi və ya mülki-hüquq müqavilə əsasında dənizdə və quruda X24 fəaliyyətinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirlməsinə və ya ölümünə görə Sığortaçı qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəsinə götürmüşdür. 9.İş üzrə istehsalatda bədbəxt hadisə haqqında 09/2016 saylı (İZ formalı) aktın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə «28 May» NQÇİ-nin Günəşli yatağında 10 saylı Dərin dəniz özülündə baş vermiş partlayış nəticəsində yaranmış yanğınla əlaqədar işçilərin təxliyəsi zamanı kəskin küləkli şəraiti səbəbindən xilasedici qayıqlardan birinin özülün çəp dirəklərinin arasına ilişərək qalması, digər qayığın qırılıb suya düşməsi bədbəxt hadisənin səbəb olmuş və nəticədə SOCAR-ın «X24» trestinin 10 saylı X27 Qazmaya xidmət edən elektrik montyoru X7 ölmüşdür. 10.İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X7 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 285 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: bədənin ümumi soyumasıdır.

11. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli C-CPA 0007/2016 nömrəli sığorta aktının surətinə əsasən İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə hallarından icbari sığorta növü üzrə sığortalanmış SOCAR-ın «X24» Trestinin işçisi X1 xx.xx.2015-ci il tarixli sığorta olunan ölümü nəticəsində faydalanan şəxslər İddiaçı 17.737,57 manat, X8 29.095,20 manat, X3 14.761,77 manat, X6 15.415,61 manat sığorta birdəfəlik ödənişi həyata keçirilmişdir.

12. İş üzrə «Paşa Bank» tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 44023 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X6 xx.xx.2016-cı il tarixli, CCPA 0007/2016 saylı sığorta aktına əsasən 15.415,61 manat sığorta ödənişi ödənilmişdir. 13.İş üzrə «Paşa Bank» tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 44022 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2016-cı il tarixli, CCPA 0007/2016 saylı sığorta aktına əsasən cəmi 61.594,54 manat sığorta ödənişi ödənilmişdir. 14.İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2017-ci il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı ikinci dərəcəli əlilidir (müddətli əlillik təyin edildiyi üçün – müddət 5 illik – xx.xx.2022-ci ilə kimi), «Arxa qütbün və ləkənin degenerasiyası, OU-tor qişanın mərkəzi distrofiyası. Vis OU=0,07 k/etmir (yüzdə yeddi)» diaqnozu qoyulmuşdur. 15.İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli C-CPA 0007/2016 nömrəli sığorta aktına 01 №-li əlavənin surətinə əsasən İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə hallarından icbari sığorta növü üzrə sığortalanmış SOCAR-ın «X24» Trestinin işçisi X1 xx.xx.2015-ci il tarixli sığorta olunan ölümü nəticəsində faydalanan şəxs İddiaçı 9796,89 manat birdəfəlik sığorta ödənişi həyata keçirilmişdir. 16.İş üzrə xx.xx.2017-ci il tarixli, 615 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı CCPA 0007/2016-01 saylı sığorta aktına əsasən 9796,89 manat sığorta ödənişi ödənilmişdir. 17.İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətində həyat yoldaşı X1 SOCAR-ın «X24» trestində xx.xx.2015-ci il tarixdə iş vaxtı ölümü ilə bağlı sığorta pulunun ödənilməmiş hissəsinin ödənilməsinin təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»na müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə yaradılmış komissiya tərəfindən M.Babayevin iş vaxtı ölümü ilə nəticələnmiş bədbəxt hadisə təhqiq edilmiş, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilərək SOCAR-ın «X24» trestində uçota alınmışdır. İstehsalat qəzası nəticəsində xəsarət almış işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin himayəsində olmuş şəxslərə (faydalanan şəxslərə) sığorta ödənişlərinin verilməsi «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanununun tələblərinə müvafiq qaydada həyata keçirilir. Yuxarıda qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən sığortaçıların icbari sığorta üzrə fəaliyyətinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı (Azərbaycan Respublikasının Mərkəzi Bankı) tərəfindən həyata keçirildiyindən və sığorta müqaviləsi üzrə sığorta məbləğinin müəyyən edilməsi və ödənilməsi məsələlərinə baxılması X14 Xidmətinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunur.

18. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Şirkətinə ünvanlanmış ərizənin surətindən görünür ki, mərhum həyat yoldaşı X7 SOCAR-ın X24 Trestinin əməkdaşlı olmuşdur. O, xx.xx.2015-ci il tarixdə neft buruqlarında işləyən zaman bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Həyat yoldaşının vəfatına görə qanuni vərəsəsi olaraq ona 100.000 manat məbləğində sığorta pulu ödənilməli olduğu halda, həmin məbləğdən yalnız 67.000 manat məbləğində sığorta pulu ödənilmişdir. Yerdə qalan 33.000 manat sığorta pulu isə bu günkü günədək ödənilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq mərhum həyat yoldaşı X1 vəfatı ilə əlaqədar sığorta pulunun ödənilməmiş hissəsinin, yəni 33.000 manat məbləğində sığorta pulunun qanuni vərəsə olaraq ona ödənilməsini təmin etməsini xahiş etmişdir.

19. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş birdəfəlik sığorta ödənişi məbləğinin hesablanmasına dair arayışın surətindən görünür ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununun 17.4-cü maddəsinə əsasən birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən olunmuş qaydada hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası»nın 2.1.2.1-ci yarımbəndinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda hər hansı bir faydalanan şəxs üçün birdəfəlik sığorta ödənişinin məbləği aşağıdakı düsturla hesablanır: BSOi = P x Ai N +1 Burada: BSOi – faydalanan şəxsə verilmən birdəfəlik sığorta ödənişi; i – faydalanan şəxsin say indeksi; N – sığorta olunanın himayəsində olmuş şəxslərin (ölümündən sonra doğulması gözlənilən uşağı nəzərə alınmaqla) sayıdır; P – sığorta olunanın illik əmək haqqı fondu; Ai – bu Qaydanın 2.1.3-cü bəndi ilə müəyyən edilmiş müvafiq cədvəldə nəzərdə tutulan, hər hansı bir faydalanan şəxsin, Qanunun 5.1.2.3-cü maddəsində nəzərdətutulmuş halda isə qulluq edilənlərin ən kiçiyinin yaşına uyğun hesablama əmsalıdır. Baş vermiş sığorta hadisəsi nəticəsində vəfat etmiş Babayev Mikayıl müəyyən edilmiş faydalanan şəxslərinə birdəfəlik sığorta ödənişi məbləği aşağıdakı qaydada hesablanmışdır: 1.Mərhum sığorta olunanın 18 yaşına çatmamış 2 uşağı vardır. İcbari Qanunun 5.1.2.1-ci maddəsinə əsasən 18 yaşına çatmamış uşaqlar faydalanan şəxslər sayılmaqla onlara münasibətdə sığorta ödənişinin məbləği hesablanarkən Qaydanın 2.1.3.1-ci yanımbəndinə əsasən 2 nömrəli cədvəlinə uyğun hesablama əmsallarından istifadə edilmişdir: 1.1. xx.xx.2009-cu il təvəllüdlü X12 – 10.776 (bir illik əmək haqqı fondu) – 11.800 (hesablama əmsalı) : 4 = 29.095,20 manat; 1.2. xx.xx.1998-ci il təvəllüdlü X9 - 10.776 (bir illik əmək haqqı fondu) – 5,4795 (hesablama əmsalı) : 4 = 14.761,77 manat.

2. Mərhum sığorta olunanın arvadı 14 yaşına çatmamış uşağa qulluq etməklə məşğul etməklə məşğul olduğundan İcbari Qanunun 5.1.2.3-cü maddəsinə əsasən faydalanan əxs sayılmaqla ona sığorta ödənişinin məbləği hesablanarkən Qaydanın 2.1.3.2-ci yarımbəndinə əsasən 1 nömrəli cədvəlinə uyğun hesablama əmsalından istifadə edilmişdir: 2.1. İddiaçı – 10.776 (bir illik əmək haqqı fondu) x 6.5841 (hesablama əmsalı) : 4 = 17.737,57 manat.

3. Mərhum sığorta olunan anası pensiyaçı olduğundan İcbari Qanunun 5.1.2.1-ci maddəsinə əsasən faydalanan şəxs sayılmaqla ona sığorta ödənişinin məbləği hesablanarkən Qaydanın 2.1.3.5-ci yarımbəndinə əsasən 3 nömrəli cədvəlin «Müddət müəyyən edilmədikdə» adlı sütununa uyğun hesablama əmsalından istifadə edilmişdir: 3.1. xx.xx.1937-ci il təvəllüdlü X11 – 10.776 (bir illik əmək haqqı fondu) x 5.7222 : 4 = 15.415,61 manat. Qeyd: Ödənilən birdəfəlik sığorta ödənişinin cəmi məbləği – 77.010,15 manat.

4. Daha sonra İddiaçı 2017-ci ilin mart ayında ona təyin edilən 2 dərəcəli əlilliyi bağlı müvafiq sənədi Şirkətə təqdim etmişdir. Belə ki, İcbari Qanunun 5.1.2.4-cü maddəsinə əsasən sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər faydalanan şəxs sayılırlar. Bu səbəbdən ona sığorta ödənişi hesablanarkən Qaydanın2.1.3.4-cü yarımbəndinə əsasən 3 nömrəli cədvəlin müvafiq sütununa uyğun hesablama əmsalından istifadə edilmişdir: 4.1. xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (müddətli əlillik təyin edildiyi üçün – müddət 5 illik) – 10.776 (bir illik əmək haqqı fondu) x 4,5457 (hesablama əmsalı) : 5 (himayədə olan faydalanan şəxslərin sayı artdığı üçün) = 9.796,89 manat. Beləliklə baş vermiş sığorta hadisəsi üzrə mərhum X1 faydalanan şəxslərinə ümumilikdə 86.807,04 (77.010 + 9.796,89) manat birdəfəlik sığorta ödənişi hesablanıb ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

20. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının həyat yoldaşı SOCAR-ın «X24» Trestinin işçisi olmuş və xx.xx.2015-ci il tarixdə «28 May» NQÇİ-nin Günəşli yatağında baş vermiş bədbəxt hadisəsi nəticəsində həlak olmuşdur. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» xx.xx.2010-cu il tarixli Qanunun 5-ci maddəsinə əsasən iddiaçının özü, 2 uşağı və anası – ümumilikdə 4 nəfər sığorta ödənişindən faydalanan şəxslər hesab edilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 192 nömrəli qərarında göstərilən düstura əsasən cəmi 77.010,15 manat sığorta ödənişi hesablanıb ödənilmişdir. Daha sonra iddiaçı 2-ci dərəcəli əlilliyi ilə bağlı TSEK-in qərarını sığorta şirkətinə təqdim etmiş, həmin sənəd əsasında iddiaçı əlilliyi olan şəxs kimi növbəti dəfə faydalanan şəxs sayılmış və ona 9796,89 manat məbləğində birdəfəlik sığorta ödənişi hesablanıb ödənilmişdir. Sığorta şirkəti tərəfindən faydalanan şəxslərə ümumilikdə 86.807,04 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçının iddia tələbi ondan ibarətdir ki, ərinin ölümünə görə müəyyən edilmiş 100.000 manat sığorta məbləğinin 67.000 manatı sığorta pulu ödənilsə də, yerdə qalan 33.000 manat sığorta pulunun sığorta şirkəti tərəfindən hal hazıradək ödənilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən ödənilməmiş qalmış 33.000 manat sığorta ödənişinin ödənilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

21. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.

22. Həmin Məcəllənin 1121.1.3-cü və 1121.1.4-cü maddələrinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü- əmək qabiliyyətindən asılı olmayaraq, həmçinin ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər zərərin əvəzinin ödənilməsi hüququ vardır.

23. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 192 nömrəli qərarına əsasən «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarındn icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixi, 3 nömrəli qərarı ilə tənzimlənir.

24. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanunun 5.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: 16.3.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə; 16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda; 16.3.3. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.

25. Eyni Qanunun 17.4-cü maddəsinə əsasən bu Qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır.

26. Göstərilən Qanunun 2.0.15-ci maddəsinə sığorta məbləği – icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

28. Məhkəmə qeyd edir ki, sığorta şirkəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası»na əsasən faydalanan şəxslər Mikayıl Babayevin həyat yoldaşı İddiaçı 17.737,57 manat, on yaşına çatmamış uşaqları X3 14761,77 manat və X4 29.095,20 manat, anası X5 15.415,61 manat, cəmi 77.010,15 manat məbləğində birdəfəlik sığorta məbləği ödənilmişdir. Daha sonra iddiaçı 2017-ci ilin mart ayında ona təyin edilən 2-ci dərəcəli əlilliyi ilə bağlı müvafiq sənədi sığorta şirkətinə təqdim etmiş, həmin sənəd əsasında iddiaçı əlilliyi olan şəxs kimi növbəti dəfə faydalanan şəxs sayılmış və ona 9796,89 manat birdəfəlik sığorta məbləği ödənilmişdir. Beləliklə, sığorta şirkəti baş vermiş bədbəxt hadisə üzrə icbari sığorta qanunlarına müvafiq olaraq hesablama aparmış və ümumilikdə 86.807,04 manat həcmində sığorta ödənişi faydalanan şəxslərə ödənilmişdir.

29. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı həyat yoldaşının vəfat etməsi ilə əlaqədar ödənilməmiş qalmış 33.000 manat sığorta pulunun ödənilməsi ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir.

30. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

32. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı).

33. Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur.

34. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

35. Hazırki mülki işin gedişatı zamanı iddiaçı məhkəməyə iddiada göstərdiyi halları təsdiq edən heç bir mötəbər dəlil təqdim edə bilməmiş, mülki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədlər isə bu faktın əksini deməyə əsas vermişdir.

36. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

37. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). 38.Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mərhum həyat yoldaşının vəfat etməsi ilə əlaqədar sığorta pulunun ödənilməmiş hissəsinin, yəni 33.000 manat məbləğində sığorta pulunun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

39. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdiq etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

41. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərci iddiaçıya aid edilməlidir.

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mərhum həyat yoldaşının vəfat etməsi ilə əlaqədar sığorta pulunun ödənilməmiş hissəsinin, yəni 33.000 manat məbləğində sığorta pulunun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar