Məhkəmə qərarları › İş №2(006)-3079/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3079/2023

22.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3079/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 187 manat məbləğin onun evinin su hesabından silinməsi və müraciətinə baxılması barədə "xxxx" ASC tərəfindən çıxarılmış aktiv borcların ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən o, yaşadığı ünvanda 2011-ci ildə 1209 m3 sərfiyyat hesablanmışdır. Həmin dövrdə su hesabına artıq pul vəsaitidə ödəmişdir. Bir il ərzində 4 nəfər ailə üzvü ilə 1209 m3 təmiz su və 224.7 m3 çirkab su istifadə etməsi mümkün deyil. Halbuki uzun müddət həmin evdə ünvanda yaşamamışlar. Türkiyədə olmuşlar. Türkiyədə olduğu müddətdə aylarla su işlənməmişdir. Hesaba artıq pul ödəməsinə baxmayaraq ona borc gəlmişdir. Birinci müraciəti 2022-ci il iyun ayında "xxxx" ASC yə bu məsələ ilə bağlı müraciət etmişdir. Müsbət cavab ala bilməmişdir. Növbəti müraciəti xx.xx.2023-cü il tarixdə olmuş, yenədə xeyrinə cavab ala bilmədir. xx.xx.2006-cı 13327214 nömrəli müqavilə bağlanaraq **********780 saylı abonent kodu açılmışdır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2011-ci il tarixli 405 nömrəli əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında Fərmana əsasən xx.xx.2011-ci il tarixinə kimi xidmətlərdən istifadəyə görə borclar silinmişdir. Lakin, onun yaşadığı ünvanda su borcu həmin qanuna əsasən silinməmişdir. Əlavə su hesabına ödədiyi pul məbləğidə hesabda batmışdır. Qanuna əsasən Prezidentin fərmanına görə köhnə borclar silinməlidir “Azərsu" ASC-də onun su hesab vəsaitini qatıblar borclara siliblər. xx.xx.2011-ci il tarixdən 2021-ci ilin noyabr ayına qədər ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşamış və mənzildəki su sərfiyyatını o, və ailəsi məktəb tətilləri zamanı Bakıya gəldiyi vaxt istifadə etdikləri miqdardır. Bakıda yaşadığı müddətdə 2022ci ildən 51 m3 içməli su, 21,9 m3 isə çirkab su sərfiyyatı olmuşdur. Bu borc məbləği tərəfindən xx.xx.2023-cü il tarixində ödənilmişdir. O, bütün kommunal borclarını vaxtlı-vaxtında ödəyən insandır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verməklə onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin 08 aprel 2011ci il tarixli fərmanına əsasən əhali qrupuna aid istehlakçıların içməli su və kanalizasiya xidmətlərinə görə 2011-ci ilin fevral ayının 1-nə olan dövr ərzində yaranmış borclar silinmişdir. 2011-ci ilin fevral ayının 1-nə **********780 nömrəli abonent kodunun 155.00 manat borcu olmuşdur və həmin borc məbləği fərmana əsasən silinmişdir. 2007-2011-ci illər ərzində istehlakçı tərəfindən yalnız 2009-cu ildə cəmi 52.00 manat ödəniş edilmişdir, qalan illər ərzində hər hansı ödəniş edilməsi barədə məlumat abonent bazasında qeydə alınmamışdır. Abonent tərəfindən mübahisələndirilmiş borc məbləği suölçən cihazın göstəricisinə əsasən 2020-ci ildən sonrakı dövrləri əhatə edir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləməklə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması uçün xx.xx.2006-ci il tarixində 13327214 nömrəli müqavilə bağlanaraq **********780 saylı abonent kodu açılmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 08.04 2011-ci il tarixli 405 nömrəli “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi uzrə yaranmış borcların silinməsi” haqqında Fərmanına əsasən xx.xx.2011-ci il tarixinə kimi xidmətlərdən istifadəyə görə borclar silinmişdir. Tərəfindən sayğacın göstəricisinə əsasən ödənilmiş məbləğ 2011-ci ilin yanvar ayında olduğu üçün müraciətin müsbət həlli imkan xaricindədir. Sözügedən mənzilin hesabatı su xətti üzərində xx.xx.2013-cü il tarixindən quraşdırılmış SSS-15M markalı, 32798 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmaqdadır. Hazırda sayğacın son göstəricisi 1787 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə mənzilin hesabında 187.11 manat borc yaranmışdır. Qeyd edilən borc sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Həmçinin bildirilmişdir ki, “Azərsu" ASC-nin “Elektron su portalında qeydiyyatdan keçərək abonent hesabında yaranmış qalıq borcunun öyrənə və ödəyə, hesab fakturalarına və ödənışlərinə nəzarət edə, “Elektron müraciət bölməsindən isə “Azərsu" ASC-yə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilər. Eyni zamanda bildirmişdir ki, “Sudan istifadə Qaydalarfnın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borclarını su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilər. Bunun üçün Nəsimi rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalamağı tövsiyyə olunur. Yaranmış borcun ödənilməsi xahiş olunur. Əks təqdirdə “Sudan istifadə Qaydaları”nın 8.1.8-ci yarımbəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacaq və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti uzrə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Cavabdeh ASC-nin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan 1 ünvanında yerləşən mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparıldığı **********780 saylı abonent kodu xx.xx.2006-cı il tarixili, 13327214 saylı müqavilə ilə İddiaçı adına 32798 nömrəli mexaniki tipli su rəsmiləşdirilmiş, ünvanın su xətti üzərində SSS-15 markalı sayğacı quraşdırılmışdır. Həmin koda vətəndaş tərəfindən 2008-ci ildə 51 manat, 2009-cu ildə 52 manat, 2010-cu ildə 62 manat, 2011-ci ildə 155 manat vəsait ödənilmişdir. Qeyd olunan illər üzrə ünvana sayğac göstəricisi 1410 m3 olmaqla ümumilikdə 1409 m3 (318.20 manat) sərfiyyat hesablanmışdır. Bütün ödənişlər nəzərə alınmaqla 2011-ci ilin ilin sonuna ümumilikdə abonentin hesabında 1.80 manat artıq ödəniş olmuşdur. Hazırda sayğac göstəricisi 1810 m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonentin hesabında 169.11 manat borc var. Qeyd edilən borc sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İş materiallarında olan abonent kartından görünür ki, **********780 saylı abonent kodu üzrə borc 169.11 manat (2010-ci il üzrə 30.41 manat, 2021-ci il üzrə-48.7 manat, 2022-ci il üzrə 120 manat, 2023-cü il üzrə 99 manat) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 4.1, 4.1.1, 4.1.2, 4.1.3 və 4.1.7-ci maddələrinə əsasən, su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçının vəzifələridir. 5.1 və 5.1.8-ci maddələrinə əsasən STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək istehlakçının hüququdur. Məhkəmə qeyd edir ki, “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi uzrə yaranmış borcların silinməsi” haqqında Fərmanına əsasən xx.xx.2011-ci il tarixinə kimi xidmətlərdən istifadəyə görə borcların silinməsi nəzərdə tutulmuşdur. İddiaçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsinin təmin edilməsini öhdəsinə götürsə də, 2020- 2023-cü il tarixədək olan dövr üçün 169.11 manat borcunu ödəməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən silinməsi tələb edilən borc, iddiaçının abunə koduna hesablanmış cərimə borcu deyildir. Həmin məbləğ iddiaçı tərəfindən içməli su və çirkab sular üzrə xidmətlərin dəyəri olaraq hesablanmış borcun 2020- 2023-cü illər üzrə yaranmış qalıqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar