Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3085/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək hər gün üçün əlavə iş saatları zamanı İddiaçı yerinə yetirdiyi işə görə əmək haqqısının hesablanaraq ödənilməsi, İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2023-cü il tarixində bağlanmış və xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqavilələrinin bir nüsxəsinin İddiaçı təqdim edilməsi, qeyri-iş günləri işlədiyi günlərə görə aylıq əmək haqqının 2 mislinə uyğun olaraq 1050 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixində Cavabdeh QSC-də satıcı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixində işdən azad olunmuşdur. İddiaçı Cavabdeh QSC-yə məxsus P091 saylı, Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən mağazada satıcı vəzifəsində işlədiyi zaman hər gün saat 08:00-dan saat 23:00-a qədər işdə olurdu. Hər gün işə gedən zaman barmaq izi qeyd etdirməklə işə başlamış və 23:00-da da eyni qaydada barmaq izi ilə işdən çıxma vaxtını qeyd etdirmişdir. İddiaçı işlədiyi dövr ərzində əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtından artıq vaxtda işlədiyindən, bununla bağlı əlavə ödənişləri tələb etməyə başlamış, bu zaman ona əmək müqaviləsində 08:00-23:00-dək iş vaxtının müəyyən edildiyi bildirildiyindən, tanış olmaq üçün əmək müqaviləsini tələb etmişdir. Lakin İddiaçı əmək müqaviləsini təqdim etməkdən imtina etmişlər. Bu zaman xx.xx.2024-cü il tarixində İddiaçı X3 müraciət etmişdir. Bundan sonra mağaza rəhbərliyi İddiaçı X3 müraciətini bildikdən sonra, Cavabdeh QSC-nin X4 Şöbəsinin müdiri İnara Rüstəmova adlı şəxs İddiaçı zəng vuraraq, istirahət günündə - 18 mart 2024-cü il tarixində ofisə yaxınlaşmalı olduğunu bildirmişdir. Bundan sonra İddiaçı işlədiyi mağazaya e-mail yazaraq, nöqsanın ona aid olması kimi qiymətləndirilməsini qeyd etmişdir. 19 aprel 2024-cü il tarixində İddiaçı işlədiyi mağazaya zəng vurularaq, aralarında bağlanmış əmək müqaviləsi müddətinin xx.xx.2024-cü il tarixində bitməsi səbəbi ilə artıq işdən azad olunduğu bildirilmişdir. Lakin İddiaçı ilə Cavabdeh QSC arasındakı əmək müqaviləsi xx.xx.2023-cü il tarixində bağlanmış və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək yenidən əmək müqaviləsinin müddəti uzadılmışdır. Bundan sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Cavabdeh QSC İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, qabaqcadan xəbərdarlıq etməmiş, onun barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. İddiaçı dəfələrlə Cavabdeh QSC-yə müraciət edərək işlədiyi əlavə iş saatlarına görə əlavə haqqın ödənilməsini tələb etməsinə baxmayaraq, əmək haqqısının ödənilməsi təmin edilməmişdir. Cavabdeh QSC-nin direktoru X5 xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə İddiaçı işdən azad edilməsi barədə əmr qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə İddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl sonuncunu rəsmi xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli idi. Göstərilənlərə əsasən, Cavabdeh QSC-dən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək hər gün üçün əlavə iş saatları zamanı yerinə yetirdiyi işə görə əmək haqqının hesablanaraq ödənilməsi, İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2023-cü il tarixində bağlanmış və xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqavilələrinin bir nüsxəsinin İddiaçı təqdim edilməsi, qeyri-iş günləri işlədiyi günlərə görə aylıq əmək haqqının 2 mislinə uyğun olaraq 1050 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
3. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən etiraz təqdim edilərək, iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2023-cü il tarixində onun həmin QSC-yə 4 (dörd) ay müddətinə satıcı vəzifəsinə qəbul edilməsi barədə müddətli əmək müqaviləsi bağlanmış və onunla bağlanmış əmək müqaviləsi 1 (bir) dəfə əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixində qurtarması nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində ləğv edilmişdir. İddiaçı onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixində qurtarması nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində ləğv edilmişdir. Bundan narazı qalaraq iddiaçı “qeyri-iş günlərində işləməsi, əlavə iş saatlarında qalması və əvəzində ona əmək haqqının hesablanmaması” kimi həqiqəti əks etdirməyən, onun tərəfindən qərəzli şəkildə qəsdən bilə-bilə uydurulmuş məlumatları əsassız olaraq iddia ərizəsində qeyd etmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək haqqı tələbinə dair” iddia ərizəsinin əsassız olduğunu bildiyi halda məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (işəgötütən) ilə İddiaçı (işçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, işçi 3 ay sınaq müddəti olmaqla, xx.xx.2023 tarixindən xx.xx.2023 tarixindək 4 ay bir gün müddətinə həmin QSC-də “mağaza, Əsas, Satıcı” vəzifəsinə işə qəbul edilmişdir. İşçinin əmək haqqı 500 manat məbləğində vəzifə maaşından ibarətdir. İşçi gündə 8 saatdan, həftədə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Birinci növbə saat 09:00-da başlanır və saat 17:00-da qurtarır. İkinci növbə saat 14:00-da başlanır və saat 22:00da qurtarır.
9. İmzalanma tarixi xx.xx.2023-cü il tarixli olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı işəgötürən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “aylıq əmək haqqının məbləği – 500 manat olmaqla” “satıcı” vəzifəsinə işə qəbul edilmiş, Əmək müqaviləsinin bağlandığı tarix – xx.xx.2023, əmək müqaviləsinin növü müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix – xx.xx.2023 qeyd edilmişdir.
10. xx.xx.2024-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək, aylıq əmək haqqı məbləği 525 manat müəyyən edilmişdir. Bildirişin qeyd hissəsində göstərilmişdir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç bir müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur”.
11. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Cavabdeh QSC ilə xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində müddətin bitməsi ilə əlaqədar xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Xəbərdarlıq sənədi xx.xx.2024-cü il tarixdə İddiaçı təqdim edilsə də, o heç bir səbəb göstərmədən onu imzalamaqdan imtina etmişdir.
12. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 350/A nömrəli əmrindən görünür ki, 21 avqust 2023-cü il tarixindən cəmiyyətdə “satıcı” vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsi müddətinin qurtarması) tutduğu vəzifədən/peşədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və istifadə edilməmiş 14 günlük əmək məzuniyyəti əvəzinin ona kompensasiya kimi ödənilməsi əmr edilmişdir.
13. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində “350/A nömrəli əmrə əsasən işəgötürən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “68.2.b, əmək müqaviləsi müddətinin qurtarması” əsası ilə xitam verilmişdir.
14. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, nəzarətçi vəzifəsində işləyən İddiaçı əmək haqqı üzrə verilən məbləğ 2023-cü ilin avqust ayı üzrə - 175,00 manat, 2023-cü ilin sentyabr ayı üzrə - 451,50 manat, 2023-cü ilin oktyabr ayı üzrə - 451,50 manat, 2023-cü ilin noyabr ayı üzrə - 451,50 manat, 2023-cü ilin dekabr ayı üzrə - 451,50 manat, 2024-cü ilin yanvar ayı üzrə - 481,50 manat, 2024-cü ilin fevral ayı üzrə - 502,89 manat, 2024-cü ilin mart ayı üzrə - 498,38 manat, 2024-cü ilin aprel ayı üzrə - 372,95 manat və 2024-cü ilin aprel ayı üzrə - 225,75 manat olmaqla, cəmi 4062,47 manat pul ödənilmişdir.
15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubundan görünür ki, onun müraciəti ilə əlaqədar izahat və əmək haqqı bank hesabından çıxarışa ehtiyac olduğundan ünvanına (Abşeron rayonu, X9 küçəsi) 3-17-5/2-M-16678/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, İddiaçı tərəfindən araşdırmaya izahat və əmək haqqı bank hesabından çıxarışı təqdim edilmişdir. Araşdırma zamanı Cavabdeh QSC-nin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 102A, X12, 11 mərtəbə ünvanına xx.xx.2024-cü il tarixli 3-17-5/2-16688/2024 nömrəli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin təqdim olunması tələb edilmiş, lakin müəssisə tərəfindən sənədlər tam təqdim edilmədiyindən İddiaçı müraciətinin araşdırılmasını tam başa çatdırmaq mümkün olmamışdır. Müəssisə tərəfindən təqdim edilmiş məktubda İddiaçı iş zamanı vəzifə öhdəliklərindən kənar işlərin görülməsi ilə bağlı təzyiq olunması, iş günü olmayan günlərdə baş ofisə dəvət olunması və bu məsələ ilə əlaqədar xəbərdarlıq olunmasının əsassız olduğu qeyd edilmişdir. Təqdim edilən əmək haqqı bank hesabından çıxarışa idarə tərəfindən baxış keçirilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdə 451 (dörd yüz əlli bir manat məbləğində əmək haqqı təyinatı ilə ödəniş edilsə də, müəssisə tərəfindən sənədlər tam təqdim edilmədiyindən ona ödənilən ödəncin düzgün hesablanıb ödənilməsinə münasibət bildirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək və məşğulluq” altsisteminə idarə tərəfindən baxış keçirilərkən İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə dair bildirişə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsi müddətinin qurtarması) əsaslanmaqla xitam verildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç bir müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müəssisənin ünvanına 3-17-5/2-28679/2024 nömrəli, xx.xx.2024-cü il tarixli yenidən məktub ünvanlanaraq İddiaçı aid olan sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh QSC tərəfindən X7 Xidməti Bakı şəhər İdarəsinə sənədlər təqdim ediləcəyi təqdirdə İddiaçı müraciəti yenidən araşdırılaraq cavablandırılacağı bildirilmişdir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir.
16. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən verilmiş cavabda bildirilmişdir ki, müraciətin yerində araşdırılması mümkün olmadığından Cəmiyyət tərəfindən tələb olunan sənədlərin təqdim edilməsi üzrə tədbir görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət edilmiş və sənədlər Xidmətə təqdim edildikdə müraciətə baxılaraq əlavə məlumat veriləcəyi, şikayətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir.
17. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00976 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etsə də, Cavabdeh QSC-nin nümayəndəsinin iştirakı təmin edilməmişdir. İddiaçı tərəfindən 50 manat İMS + 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir.
18. "xxxx" ASC-nin İddiaçı məxsus hesabdan xx.xx.2023-xx.xx.2024-cü il dövrü əhatə edən çıxarışdan aylıq əmək haqqı ödənişlərinin edilməsi müəyyən edilir.
19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış əmək müqaviləsi (iş yeri: əsas, müqaviləsinin bağlanma növü: müddətli, müqavilənin bitmə tarixi: xx.xx.2023-cü il, müqavilənin xitam tarixi: xx.xx.2024, müqavilənin statusu: xitam edilib, aylıq əmək haqqı: 525 manat, vəzifənin adı: satıcı) xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aşkar edilmişdir.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6414 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında mövcud olan mühasibatlıq sənədlərinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Cavabdeh QSC-də əlavə işləməsi halı müəyyən edilmədiyindən hazırki tədqiqatla ona əlavə iş saatlarına görə ödənilməmiş əmək haqqı məbləği müəyyən edilmədi. Eyni zamanda qeyd edilir ki, iddiaçının iddia ərizəsində qeyd olunanlar, yəni iddiaçı Cavabdeh QSC-yə məxsus P091 saylı, Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən mağazada satıcı vəzifəsində işləyən zaman hər gün saat 08:00-dan saat 23:00dək işdə olub-olmaması halları məhkəmə-mühasibatlıq ekspertizasının həll etdiyi məsələlər xaricində olduğundan, yəni hüquqi xarakterli məsələ olduğu üçün bu hala məhkəmə tərəfindən araşdırma aparıldıqdan sonra hüquqi qiymət verilməlidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
21. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə (kontrakt) əsasən 3 ay sınaq müddəti olmaqla 4 ay müddətinə Cavabdeh QSC-də satıcı vəzifəsinə işə qəbul edilmişdir. 4 ay sonra - xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsinin müddəti bitdikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. xx.xx.2024-cü il tarixli əmək müqaviləsində edilmiş dəyişikliyə əsasən İddiaçı aylıq əmək haqqı 525 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində müddətin bitməsi ilə əlaqədar xitam veriləcəyi bildirilmişdir. İddiaçı xəbərdarlıqla tanış olmasını təsdiq edən imzanı çəkməkdən imtina etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 350/A nömrəli əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsi müddətinin qurtarması) iddiaçı tutduğu vəzifədən/peşədən azad edilərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
22. İddiaçı hazırda xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək hər gün üçün əlavə iş saatları zamanı yerinə yetirdiyi işə görə əmək haqqısının hesablanaraq ödənilməsi, onunla Cavabdeh QSC arasında xx.xx.2023-cü il tarixində bağlanmış və xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqavilələrinin bir nüsxəsinin ona təqdim edilməsi, qeyri-iş günləri işlədiyi günlərə görə aylıq əmək haqqının 2 mislinə uyğun olaraq 1050 manat pul vəsaitinin tutularaq ona ödənilməsini, cavabdeh isə iddia tələbinin rədd edilməsini xahiş edir. c) Məhkəmənin mövqeyi:
23. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh QSC-də işlədiyi müddətdə iş günlərində 8 saatdan çox işlədiyini, istirahət günlərində işlədiyini, lakin onun gördüyü işlərə görə haqqının ödənilmədiyini iddia edir. İddiaçı öz dəlillərini məhkəməyə təqdim etdiyi audio-video yazı ilə əsaslandırır. Belə ki, həmin audio-video yazıda başqa bir şəxs Cavabdeh QSC-nin əməkdaşından işə qəbul olmaq üçün iş rejimi barədə məlumat alır və ona “həftədə üç dəfə saat 9:00-dan 23:00-a qədər işləyəcəyini, növbəli iş rejimi olduğunu və qalan günlər daha tez 4-də, 5-də iş vaxtının bitdiyi” deyilir. Məhkəmə iddiaçının qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, həmin audio-video yazı mötəbər sübut hesab oluna bilməz. Həmin video-yazının nə vaxt, hansı şəraitdə, kim tərəfindən çəkilməsi məhkəmə tərəfindən müəyyən edilmir. Başqa bir şəxsə iş rejiminin hansı formada olduğunun deyilməsi, hazırkı iş üzrə iddiaçının həmin iş rejimində işlədiyini sübut etmir. Əmək müqaviləsi fərdi qaydada bağlanan müqavilədir. İddiaçı ilə cavabdeh arasında bağlanan müqavilədə işçinin iş rejimi, gündəlik iş saatı qeyd olunmuş və razılaşdırılmışdır.
24. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh müəssisədə iş vaxtından əlavə və istirahət günlərində işlədiyini sübut edəcək heç bir əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, dəfələrlə hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduqlarını bildirmişdir. İddiaçı isə məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişdir. İddiaçı yalnız iddia tələbini formal şifahi mülahizələr ilə əsaslandırmışdır. Cavabdeh isə məhkəməyə iddiaçının işlədiyi dövrə uyğun aylar üzrə davamiyyət cədvəllərini təqdim etmişdir. Həmin davamiyyət cədvəllərindən görünür ki, işçinin iş günü, iş saatı, istirahət və bayram günləri əmək qanunvericiliyinin tələbləri çərçivəsində müəyyən edilmiş, işçi iş vaxtından əlavə işə cəlb edilməmişdir. Qeyd olunan sənədlər məhkəmə tərəfindən araşdırılaraq mötəbər sübut kimi qiymətləndirilmiş, həmin sübutlarda göstərilən faktları təkzib edən heç bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
25. Məhkəmə nəzərə alır ki, iddiaçının iş vaxtından artıq işə cəlb edilməsi barədə cavabdehin heç bir əmri (sərəncamı, qərarı) olmamışdır. Həmçinin, iddiaçı cavabdeh müəssisədə işlədiyi müddət ərzində iş vaxtından artıq və ya istirahət günlərində işlədiyinə görə ona əlavə əmək haqqının verilməsi tələbinə dair işəgötürənə müraciət etdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş elektron yazılardan görünür ki, iddiaçı və cavabdeh arasındakı mübahisənin predmeti iddiaçının vəzifə öhdəliklərinə əməl etmədiyi, iddiaçıya vəzifə funksiyasında aid olmayan tapşırıqların verilməsi olmuşdur. Yəni əmək münasibətləri davam edən zaman iddiaçı və cavabdeh arasında iş vaxtından artıq işlədiyinə, istirahət günlərində işlədiyinə görə əlavə haqqın ödənilməsi mübahisə predmeti olmamışdır. Məhkəmə qeyd edir ki, əgər iddiaçı iş vaxtından artıq iş yerində olması halını sübut etsə də belə, bu hal iddia tələbinin təmin olunması üçün əsas hesab oluna bilməz. Çünki işçi məhz işəgötürənin tələbləri əsasında iş vaxtından artıq işlədiyini sübut etməlidir. Hazırkı mübahisədə isə işçi nəinki işəgötürənin tələbi ilə iş vaxtından artıq işlədiyini sübut edə bilmir, ümumiyyətlə, iş vaxtından artıq və ya istirahət günlərində işlədiyini belə sübut edə bilmir.
26. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısına İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Cavabdeh QSC-də əlavə işləməsi halının müəyyən edilib-edilməməsi və əlavə iş saatına görə ödənilməmiş əmək haqqının olub-olmaması sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Cavabdeh QSC-də əlavə işləməsi halı müəyyən edilmədiyindən ona əlavə iş saatlarına görə ödənilməmiş əmək haqqı məbləği də müəyyən edilməmişdir.
27. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək hər gün üçün əlavə iş saatları zamanı İddiaçı yerinə yetirdiyi işə görə əmək haqqısının hesablanaraq ödənilməsi, qeyri-iş günləri işlədiyi günlərə görə aylıq əmək haqqının 2 mislinə uyğun olaraq 1050 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi həmin hissədə sübut edilmədiyindən təmin edilməməlidir.
28. Məhkəmə iddia tələbinin iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində bağlanmış və xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqavilələrinin bir nüsxəsinin iddiaçıya təqdim edilməsinə münasibətdə qeyd edir ki, həmin əmək müqaviləsinin 10.2-ci bəndinə əsasən əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsi məhkəmə araşdırmaları dövründə rəsmi qaydada qəbzə imza etdirməklə iddiaçıya şəxsən təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin iddiaçıya təqdim edilməsinə dair iddia tələbinin təmin edilməsinə prosessual qənaət prinsipi baxımından zərurət aradan qalxdığından, iddia həmin hissədə təmin edilməməlidir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin iddiaçıya təqdim edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında həmin tarixdə müqavilə bağlanmamışdır. Həmin tarixdə müddətli əmək müqaviləsinin müddəti bitmiş və tərəflər əmək müqaviləsinə xitam vermədiklərinə görə eyni şərtlərlə eyni müddətə uzadılmışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
29. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
30. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 9-cu maddəsinin “e”, “ə”, “g”, “h”, “n” bəndlərinə görə iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək, qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq, qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək, iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. 11-ci maddəsinin “a”, “b”, ”c” bəndlərinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 45-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 89-cu maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə görə tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. 90-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. 95-ci maddəsinin 1-ci hissəsinə görə iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 99-cu maddəsinin 1-ci hissəsinə görə iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 164-cü maddəsinin 1-ci hissəsinə görə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir. 165-ci maddəsinin 1-ci hissəsinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
34. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən məhkəmə xərcləri İddiaçı aid edilməlidir.
Nəticə:
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova