Məhkəmə qərarları › İş №2(006)-3095/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3095/2024

10.09.2024 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3095/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi (Səid) Məhərrəm oğlunun notariusun qərarından verilmiş şikayətə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (Səid) Məhərrəm oğlu şikayətlə məhkəməyə müraciət edərək, ona X1 miras qalmış daşınma əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsinə dair Bakı şəhər 14 saylı Notariat Ofiinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi (Səid) Məhərrəm oğlu mərhum atası X2 ölüm gününə Bakı şəhəri, Cavadxan küçəsi, ev 1, mənzil 41-də qeydiyyatda olmuş və xx.xx.2011-ci ildə vəfat etmiş atasından miras qalan əmlaka dair qanun üzrə vərəsəsidir. Ölmüş şəxsin digər vərəsəsi olan - oğlu Maraqlı şəxs2 xx.xx.2012-ci il tarixli 11 saylı reyestr nömrəli müraciətinə əsasən Bakı şəhəri 14 saylı Notariat ofisində vərəsəlik işi açılmış və xx.xx.2012-ci il tarixdə ona 28 saylı reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhum atası X1 miras qalmış əmlak Bakı şəhəri, Cavadxan küçəsi, ev 1, mənzil 41 və ünvan 1 ünvanında yerləşən yaşayış sahələrindən ibarətdir. Miras əmlakı qəbul etmək üçün notariat ofisinə tərəfindən nümayəndə vasitəsi ilə ərizə ilə müraciət olunmuş, lakin müraciətə 11 aprel 2024-cü il tarixli 1067 nömrəli məktubla imtina cavabı verilmişdir. Notarius məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257 maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Vərəsə Maraqlı şəxs2 atasından miras qalmış, buraxılış ili 1995-ci il olan RENO-12 minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 26 yanvar 2012-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət etmişdir. Zəruri sənədlər, həmçinin, tərəfinizdən imzalanmış 6 yanvar 2012-ci ildə, 006 reyestr nömrəsi qeydə alınaraq, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin konsulluq şöbəsi tərəfindən təsdiq edilmiş, atası M.Abdullayevdən miras qalmış "Reno-12" minik avtomobildən imtina etməsi barədə ərizə də vərəsə tərəfindən təqdim edilmişdir. Vərəsələrin dairəsi onun tərəfindən müəyyən edilmiş və 28 yanvar 2012-ci il tarixdə, 2V-28 reyestr nömrəsi ilə qeydiyyata alınaraq qeyd olunan avtomobilə dair, tam olaraq Maraqlı şəxs2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Əlavə olaraq bildiririk ki, miras əmlakdan imtina etdiyindən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, onun payı nəzərə alınmamış və adı şəhadətnamədə qeyd edilməmişdir. Bu səbəbdən də miras qoyandan qalmış əmlaklara dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkanı xaricindədir, izah edilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən notarisun göstərdiyi yerin məhkəməsinə şikayət verə bilər. Notariusun belə cavabı ilə razi deyildir. Belə ki, notariusun məktubdunda qeyd etdiyi kimi, avtomobildən imtina etməsi barədə onun tərəfindən ərizə təqdim edilməmişdir. Belə ki, o, avtomobil barədə ərizə deyil, bacısının məsləhəti ilə özünün əllə yazdığı xx.xx.2012-ci il tarixli etibarnaməni vermişdir. Bacısı telefonla söhbətdə ona demişdir ki, pula ehtiyac olduğu üçün, avtomobili tez satmaq lazımdır. Həmin etibarnamənin Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı konsulluqunda notariat hərəkətinin aparılması qaydasında rəsmiləşdirməmişdir. Mülki Məcəllənin 1257-ci maddəsinin mahiyyətini ona heç kim izah etməmişdir. Burada xüsusən qeyd etmişdir ki, onun etibarnaməsi bacısının vasitəsi ilə notariusa təqdim ediləndən sonra, notariusun vəzifə borcu idi ki, onunla əlaqə saxlayıb aparılan notariat hərəkətlərlə bağlı onun hüquq və vəzifələrini izah etsin, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərsin, notariat hərəkətlərinin aparılması nəticələri barədə ona və bacısı Maraqlı şəxs3 də xəbərdarlıq etsin və bu barədə onun ərizəsində müvafiq qeydlər aparsın. Əgər aparılan notariat hərəkəti nəticəsində qanunun qeyd edilən müddəasında göstərilən nəticələrin baş verməsini ona izah edən olsaydı, onda təbii ki, belə bir etibarnamə verməzdi. O, sadəcə hesab etmişdir ki, o, təkcə avtomobilin qardaşının adına keçirilməsinə və sonradan satılmasına görə etibarnamə verir. Hətta etibarnamədə qeyd etmişdir ki, həmin avtomobilə dair onun gələcəkdə heç bir tələbi olmayacaqdır. Həmçinin burada belə sual yaranır ki, nəyə görə o, miras əmlakdan imtina barədə notariusa ünvanlanmış ərizə ilə deyil, etibarnamə ilə müraciət edir. Bu bir daha onu göstərir ki, etibarnamənin yazılması zamanı notariat hərəkətlərinin aparılmasının qaydasını və nəticələrini bilən vəzifəli şəxs iştirak etməyib və ona hərəkətinin nəticəsi barədə məlumat verməmişdir. Miras qoyandan qalmış əmlaklara dair notariusun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkanınının xaricində olması barədə verdiyi məktubla razı olmadığı üçün, hüquqularının müdafiəsi üçün xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə miras qalmış daşınmaz əmlaka dair şəhadətnamənin verilməsi vəzifəsinin notariat ofisinin üzərinə qoyulması tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və izah edilmişdir ki, ərizənin qaytarılması barədə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, məhkəmənin gəldiyi nəticədən göründüyü kimi, hazırki halda məhkəməyə müraciət edən ərizəçi, şəhadətnamənin verilməsindən imtina edilməsi barədə (məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasında) sübutları ərizəsinə əlavə etməmişdir. Məhkəmə hazırki məsələ ilə bağlı (daşınmaz əmlaklara dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi) ərizəçiyə ilk öncə müvafiq notariat ofisinə müraciət etməli olmasını, məsələnin həllinin mümkün olmadığı təqdirdə notariat ofisinin imtinasından (qərarından) məhkəməyə şikayət vermək hüququnun olmasını izah etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil şikayətin təmin edilməsini xahiş etdi və onun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Maraqlı şəxs2 miras əmlakdan qardaşına pay verilməsinə etirazının olmadığını bildirdi. Maraqlı şəxs3 və Bakı şəhəri 14 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da Maraqlı şəxs3 və Bakı şəhəri 14 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır, buna görə də şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Maraqlı şəxs2dur. Miras əmlak Reno 12 minik markalı ** ET *** dövlət nömrə nişanlı avtomaşından ibarətdir. İş materiallarında olan Ərizəçi tərəfindən xx.xx.2012-ci il tarixdə imzaladığı etibarnamənin surətindən görünür ki, o, həmin etibarnamə ilə xx.xx.2011-ci il tarixdə vəfat etmiş atası X1 miras qalan Reno markalı avtomobildən ona çatan paydan imtina etmiş, gələcəkdə bu maşına görə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan X4 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, xx.xx.2011-ci il tarixdə vəfat etmiş atası X1 miras qalan Reno 12 minik markalı 10ET163 dövlət nömrə nişanlı avtomobildən ona düşən miras paydan Maraqlı şəxs2 xeyrinə imtina etmişdir. Bununla əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, 16 noyabr 2011-ci il tarixdə vəfat etmiş, X1 miras qalmış daşınmaz əmlaklara dair adına, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsilə bağlı, Bakı şəhəri, 14 saylı notariat ofisinə daxil olmuş müraciətə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsinə əsasən, vərəsə tərəfindən, hər hənsı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Vərəsə Maraqlı şəxs2 oglu, X1 miras qalmış, buraxılış ili 1995-ci İİ olan, RENO-12 minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsilə bağlı, 26 yanvar 2012-ci il tarixdə, notariat ofisinə ərizə ilə mürəciət etmişdir. Zəruri sənədlər, həmçinin, tərəfindən imzalanmış, 6 yanvar 2012-ci ildə, 006 reyestr nömrəsilə qeydə alınaraq, Azərbaycan Respublikasının, Almaniya Federativ Respublikasındkı səfirliyinin konsulluq şöbəsi tərəfindən təsdiq edilmiş, atası M.Abdullayevdən miras qalmış, RENO 12 minik markalı, avtomobildən imtina etməsi barədə ərizə də vərəsə tərəfindən təqdim edilmişdir. Vərəsələrin dairəsi tərəfindən müəyyən edilmiş və 28 yanvar 2012-ci il tarixdə, 2V-28 reyestr nömrəsilə qeydiyyatı aparılaraq, qeyd olunan avtomobilə dair, tam olaraq Maraqlı şəxs2 adına, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakdan imtina etdiyindən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, onun nəzərə alınmamış və adı şəhadətnaməyə qeyd edilməmişdir. Bu səbəbdən də miras qoyandan qalmış digər əmlaklara dair adına, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkan xaricindədir. İzah edilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci və «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən notariusun fəaliyyət göstərdiyi yerin məhkəməsinə şikayət verə bilər. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu Elmar Qəzənfər oglu Əliyevin xx.xx.2024-cü il tarixli notariat hərəkətlərini aparmaqdan imtina edilməsi haqqında qərarının surətindən görünür ki, Səid Məhərrəm oglu Abdullayevə, X1 miras qalmış daşınmaz əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, X6 oglu 16 noyabr 2011-ci ildə vəfat etmişdir. Vərəsə Maraqlı şəxs2 oglu, X1 miras qalmış, buraxılış ili 1995 ci il olan, RENO- 12 minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsilə bağlı, 26 yanvar 2012-ci il tarixdə, notariat ofisinə ərizə ilə mürəciət etmişdir. Zəruri sənədlər, həmçinin, Səid Məhərrəm oglu Abdullayev tərəfindən imzalanmış və 6 yanvar 2012-ci ildə, 006 reyestr nömrəsilə qeydə alınaraq, Azərbaycan Respublikasının, Almaniya Federativ Respublikasındakı səfirliyinin konsulluq şöbəsi tərəfindən təsdiq edilmiş, atası M.Abdullayevdən miras qalmış, RENO 12 minik markalı, avtomobildən imtina etməyi barədə ərizəsi də vərəsə tərəfindən təqdim edilmişdir. Vərəsələrin dairəsi tərəfindən müəyyən edilmiş və 28 yanvar 2012-ci il tarixdə, 2V-28 reyestr nömrəsilə qeydiyyatı aparılaraq, qeyd olunan avtomobilə dair, tam olaraq Maraqlı şəxs2 adına, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakdan imtina etdiyindən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, Səid Adullayevin payı nəzərə alınmamış və adı şəhadətnaməyə qeyd edilməmişdir. Bu səbəbdən də miras qoyandan qalmış digər əmlaklara dair Ərizəçi adına, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkanı xaricində olmuşdur. Səid Abdullayevin etibarnamə üzrə nümayəndəsi Vəkil oglu xx.xx.2024-cü ildə Bakı şəhəri 14 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, miras qoyan X1 qalmış daşınmaz əmlaklara dair, Səid Abdullayevin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-cim addəsinin tələbləri tərəfindən, ərizəçiyə izah edilmiş və xx.xx.2024-cü il tarixdə, 1067 nömrə ilə qeydə alınaraq təqdim edilmiş məktubla, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin imkanı xaricində olması onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubda göstərilmişdir ki, vətəndaş X5 tərəfindən konsulluq bölməsində xx.xx.2012-ci il tarixində sözügedən etibarnamənin verilməsinə dair reyestr kitabında qeydiyyatın aparıldığı müəyyən edilmişdir. Lakin, X3 mirasla bağlı etibarnaməsi təsdiq edilib notarial hərəkət həyata keçirilərkən ona, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1257-ci maddəsində qeyd olunan (Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir) müddəlardan irəli gələrək yarana biləcək hüquqi vəziyyətə dair "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 2-ci bəndinə əsasən, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə şəxsə xəbərdarlıq edilib-edilmədiyinə dair hər hansı təsdiq edilmiş sənəd aşkar olunmamışdır. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi (Səid) Məhərrəm oğlu mərhum atasından miras qalmış avtomobildən imtina etmiş, notariat ofisi tərəfindən bu əsasla qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina qərarı vermişdir. Səid Abdullayev qanunvericiliyin tələblərinin ona izah edilməməsini iddia etməklə, notariat ofisinin hərəkətlərinin qanunsuz hesab etmiş və sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, şikayət əsassızıdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 8-ci bəndində göstərilir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Şikayətçi şikayətinin təmin edilməli olması dəlillərini “etibarnamənin yazılması zamanı notariat hərəkətlərinin aparılması qaydasının və nəticələrini bilən vəzifəli şəxsin iştirak etməməsi və ona hərəkətinin nəticəsi barədə məlumatın verməməsi” kimi əsaslandırmaqla “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə əməl edilmədiyini vurğulamışdır. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Məhkəmə qeyd edir, hazırki şikayət Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən qəbul edilmiş qərarın hüquqa zidd qəbul edilib-edilməməsi nöqteyi nəzərdən qiymətləndirilməlidir. Ərizəçi onun tərəfindən “etibarnamə verilərkən bunun nə ilə nəticələnməsinin ona izah edilməməsi” Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən qəbul edilmiş qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı notariat ofisi qanunun tələbinə uyğun olaraq qanundan irəli gələn hüququndan istifadə etməklə düzgün olaraq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi (Səid) Məhərrəm oğlunun notariusun qərarından verdiyi şikayət təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar