Məhkəmə qərarları › İş №2(006)-3123/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3123/2021

18.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3123/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “protokol və müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Quliyeva Rəyisə Telman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilənin və “Hərracın nəticələri haqqında” №Y-273 saylı, 07.07.2017-ci il tarixli Yekun Protokolun etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzilin Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMK yanında DƏDR Xidmətində Daşınmaz əmlakın dövlət reyestrində 12.07.2017-ci ildə, ********** nömrə ilə tam mülkiyyət hüququ ilə Dövlət qeydiyyatına alınmasına dair qeydin etibarsız hesab edilməsi, bu barədə verilmiş Seriya RX seriyalı № ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ilin mart ayında ona məlum olmuşdur ki, qardaşı X5 ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzilə dair 14.12.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində həyat yoldaşı (cavabdeh) Cavabdeh1 və qeydlərinə qarşı "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilənin, “Hərracın nəticələri haqqında” №Y-273 saylı, 07.07.2017-ci il tarixli Yekun Protokolun etibarsız hesab edilərək ləğv edilməsi və s. tələblərə dair iddia qaldırmışdır. Ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzil qardaşı X6 ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Aldığı məlumata görə Nəsimi Rayon İcra şöbəsi tərəfindən həmin mənzilin açıq hərracda satılması üçün "xxxx"nə sifariş verilmişdir. Mənzil qiymətləndirlərək satılması üçün Hərrac Mərkəzi tərəfindən satışa çıxarılmış və Hərrac Mərkəzi ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın omları üzrə əmlakın alqı-satqısı barədə 07 iyun 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Cavabdeh1 Azərbaycan Respublikası ƏMK yanında DƏDRX Daşınmaz əmlakın dövlət reyestrində həmin mənzili xsusi mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirmiş və bu barədə Seriya RX seriyalı № ******* nömrəli çıxarış verilmişdir. Hesab edir ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin qiymətləndirilməsi və "xxxx" tərəfindən açıq həracda satılması zamanı ciddi qanun pozuntularına yol verilmişdir. Cavabdeh "xxxx" ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzilin hərracın keçirilməsi barədə ona məlumat verməmiş, sifarişli poçt göndərişi (məktubu) göndərməmişdir. Bununla da, cavabdeh “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 və 42.3-cü maddələri və Mülki Məcəllənin 415.2-ci maddəsi ilə müəyyən edilmiş qaydalara əməl etməmiş, ipoteka qoyan şəxs olaraq onun hüquqlarının pozulması ilə nəticələnən hərəkətləri etmişdir. O, ipotekaqoyan tərəf kimi hərracın iştirakçısı olduğu halda hərracın keçirilməsi barədə ona məlumat verilmədiyindən Qanunun 43-cü maddəsinə əsasən hərrac baş tutmamış hesab edilir. Odur ki, ona məxsus mənzilin qiymətləndirilməsi və açıq hərracda satılmasına dair cavabdeh “Əmlak İxtisaslaşıdırılmış Hərrac Mərkəzi” ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilə və “Hərracın nəticələri haqqına” №Y-273 saylı, 07.07.2017-ci il tarixli Yekun Protokol və ondan doğan hüquqi nəticələr etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi X4 iddia tələbinin əsassız olduğunu bildirərək, rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlərə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən 31.03.2017-ci il, 14.04.2017-ci il, 05.05.2017-ci il və 19.05.2017-ci il tarixlərində sifarişçi Nəsimi rayon İcra Şöbəsinə, tələbkar "xxxx" ASC-yə və borclular Quliyeva Rəyisə Telman qızı və X3 ünvanlanmış bildirişlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzil satılmaq üçün açıq hərraca çıxarılmışdır. Qeyd edilən bildirişlərdən görünür ki, Quliyeva Rəyisə Telman qızının adına ünvanlanmış məktublar Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 və ünvan 3 ünvanına göndərilmişdir. “Birja yenilikləri” qəzetinin 31 mart – 06 aprel 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzilinin ilkin satış qiyməti 47.000 manat müəyyən edilməklə, açıq hərracın 03 may 2017-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. “Birja yenilikləri” qəzetinin 14 aprel – 20 aprel 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzilinin ilkin satış qiyməti 47.000 manat müəyyən edilməklə, açıq hərracın 03 may 2017-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. “Birja yenilikləri” qəzetinin 19 may – 25 may 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzilinin təkrar hərracdakı satış qiyməti 39.950 manat müəyyən edilməklə, açıq hərracın 07 iyun 2017-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. "xxxx" MMC-nin Hərracın nəticələri haqqında Y-273 nömrəli protokolunun surətindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin sifarişi, "xxxx" MMC-nin təşkilatçılığı ilə 07 iyun 2017-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzil ilkin satış qiyməti 77.000 manat və son qiymət 40903 manat olmaqla Cavabdeh1 satılmışdır. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 07.06.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, alıcı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzili 40.903 manata əldə etmişdir. 05.02.2021-ci il tarixli, 236 nömrəli Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 11 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 236 nömrəli Arayışdan görünür ki, Quliyeva Rəyisə Telman qızı ünvan 4 ünvanında yaşayır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin sifarişi (Bakı Apelyasiya Məhkəməsinin 01.12.2015-ci il tarixli, 2(103)-4018/2015 saylı icra vərəqəsi) əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə hərrac keçirilmiş, 07 iyun 2017-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzili 40.903 manata alıcı Cavabdeh1 satılmışdır. Hərracların keçirilməsi ilə bağlı qəzetlərdə elanlar verilmiş, eyni zamanda bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks edilən bildirişlər göndərilmişdir. Hazırda iddiaçı qeyd edilən hərrac barədə onlara lazımi qaydada məlumat verilmədiyinə istinad edərək bu əsasla hərracın etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bu Məcəllənin 416.1-ci və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mübahisənin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Bu Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 46.1-cı maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzilinin hərracdan satılma ilə bağlı keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Məhkəmə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Hərracın yekunları barədə 07.07.2017-ci il tarixli protokolun və müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd olunması ilə əlaqədar gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Məhkəmə qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyini, kəsici müddətin isə iddia müddətinin bir növü olduğunu və cavabdeh tərəfindən tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən araşdırılmalı məsələ olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddəti institutunun tətbiqinə ehtiyac ortadan qalxır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçının tələblərinin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının rədd edilməsi nəticəsinə gəlir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “Protokol və müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinətələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar