Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3153/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «pul məbləğinin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «pul məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-nin əməkdaşlarının tərtib etdikləri 099437 saylı akta əsasən ona tətbiq edilmiş cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 099437 saylı aktda qeyd edilmişdir ki, EEİQ-yə uyğun olaraq sayğaca baxış keçirilən zaman sayğacın dövriyyədən kənarlaşdırılması məlum olmuşdur, abonent evdə olmadığı üçün evə çəkilən xəttin yükünü ölçmək mümkün olmamışdır, kənar xəttin en kəsiyi 2,5 mm-dir, alüminiumdur. Qalan hissəsini oxumaq qeyri-mümkündür. Həmin sayğac çöldədir, əgər kənar xətt olsaydı, nəzarətçi nə üçün bu günə kimi idarəyə və ona xəbərdarlıq etməmişdir? Həmin gün o, evdə olmuşdur. Ona bu barədə heç bir məlumat verilməyib. «xxxx» ASC-dən ona göndərilən bildirişdə müəyyən olunmuşdur ki, 700 manat 58 qəpik borcu yaranmışdır. Həmin borcun haradan yarandığını o, bilmir və həmin borcun silinməsini istəyir və bununla əlaqədar məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən evdə yaşayış yoxdur. 1997-ci ildən çıxmışlar həmin evdən, Bakı şəhərində yaşayırlar. Sayğac küçədə quraşdırılıb. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı adına Şamaxı rayonu Şəhriyar qəsəbəsində olan evə (ünvana) verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********00248 abonent kodu verilmişdir. 07 iyun 2018-ci il tarixdə tərtib edilmiş R seriyalı 099437 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, sayğac dövriyədən kənarlaşdırılıb, abonent evdə olmadığı üçün evə çəkilən xəttin yükünü ölçmək mümkün olmamışdır. Kənar xəttin en kəsiyi 2,5 mm., alüminiumdur. 13 iyun 2018-ci il tarixli əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər barədə icra vərəqəsinə əsasən aktda göstərilən məlumatlar nəzərə alınaraq iddiaçıya əlavə sərfiyyat üçün 243 manat 98 qəpik borc hesablanmışdır. Bundan sonra, iddiaçıya itirilmiş elektrik enerjisinə görə 243 manat 98 qəpik borcu olması barədə müvafiq bildiriş göndərilmişdir. Akt tərtib olunarkən abonent və şahidlərin iştirakı təmin edilməmişdir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarına əlavə olunmuş Şamaxı rayonu Şəhriyar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 noyabr 2019-cu il tarixli 08 saylı arayışdan görünür ki, İddiaçı 2000-ci ildən Şəhriyar qəsəbəsində qeydiyyatda deyil və yaşamır. Məhkəmə iclasında toplanmış sübutlarla təsdiq olunmuşdur ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən evdə yaşayış olmamış, həmin evə verilən elektrik enerjisinin hesabatını aparan sayğac iddiaçının məsuliyyət sərhəddində deyil, küçədə quraşdırılmış, yaşayış olmaması ilə bağlı sərfiyyat olmamışdır. Həmçinin həmin ev 2020-ci ildə zəlzələ ilə bağlı dağıntıların və zərərin aradan qaldırılması üçün Dövlət tərəfindən təmir edilmişdir. Bunadək, evdə yaşayış baş vermiş zəlzələ nəticəsində vurulmuş zərərlə, evin texniki vəziyyətinə görə mümkün deyildi. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonenti və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bu səbəbdən, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 07 iyun 2018-ci il tarixdə tərtib edilmiş R seriyalı 099437 saylı akt ləğv edilməli, 07 iyun 2018-ci il tarixdə tərtib edilmiş R seriyalı 099437 saylı akta əsasən Şamaxı rayonu Şəhriyar qəsəbəsi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00248 saylı abunə koduna hesablanmış 243 manat 98 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 07 iyun 2018-ci il tarixdə tərtib edilmiş R seriyalı 099437 saylı akt ləğv edilsin. 07 iyun 2018-ci il tarixdə tərtib edilmiş R seriyalı 099437 saylı akta əsasən Şamaxı rayonu Şəhriyar qəsəbəsi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00248 saylı abunə koduna hesablanmış 243 manat 98 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3153/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3153/2021
27.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver