Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3162/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktların etibarsız hesab olunması, borcun silinməsi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktların etibarsız hesab olunması, borcun silinməsi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM 032258 saylı Aktın və xx.xx.2023-cü il tarixli 012782 saylı Akt- protokolun etibarsız hesab olunması, həmin aktlar əsasında onun abonent hesabına əsassız olaraq yazılmış 1139,10 manat məbləğində borcun silinməsi və ona yetirilmiş 1000 AZN manat məbləğində mənəvi zərərin cavabdeh "xxxx" ASC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı təxminən bu ilin aprel ayının ortalarında işdən çıxıb ona məxsus olan ünvan 1 ünvanında yerləşən evinə getdikdə işıqlarının yanmadığını görmüş, araşdırma apardıqda onun xəbəri olmadan, ona heç xəbərdarlıq edilmədən evinin elektrik təchizatının həyət evinin çölündə, yəni evindən təxminən 20 metr məsafədə quraşdırılmış elektrik sayğacından kəsildiyi müəyyən edilmişdir. Elektrik enerjisinin dayandırılmasının səbəbini aydınlaşdırmaq üçün "xxxx" ASC-nin ərazi üzrə Biləcəri bölməsinə gedərək, onların bu kimi qanunsuz hərəkətlərindən, mənzilinə aid olan sayğaca onun xəbəri və iştirakı olmadan, hal şahidlərinin iştirakı olmadan baxış keçirib əlavə borc yazdıqlarına görə öz iradını bildirmişdir. Orada ona evinin abunə haqqında çıxarışı təqdim edilmiş və Baş İdarəyə ərizə ilə müraciət etməsi bildirilmişdir. "xxxx" ASC-yə ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən ona “müraciətinin araşdırılmasına dair” cavab vermişlər. Həmin cavabda qeyd edilmişdir ki, - “Sizin elektrik enerjisi sərfıyyatına görə yaranmış borcun araşdırılması barədə "xxxx" ASCyə daxil olmuş müraciətinizə (xx.xx.2024-cü il tarixli, Ə-4885-5/2024 nömrəli) Müştəri Xidmətləri İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixdə qeyd edilən ünvanda Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları"na riayət olunmasına baxış keçirilən zaman sayğacın sxemdən keçən yükü qeyd etmədiyi aşkarlanmışdır. Bu qüsur sənədləşdirilmiş və NDM 032258 saylı akt tərtib edilmişdir. Sayğac istismara yararsız olduğu üçün yenisi ilə əvəz edilmiş və çıxarılan sayğac rəy verilməsi üçün labaratoriyada yoxlanılmışdır. Sayğacarın və cərəyan transformatorlarının yoxlanılması haqqında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 012782 saylı akt-protokolda sayğacın daxili sisteminə şunt vasitəsi ilə müdaxilə olunduğu və bu səbəbdən sayğacın xəta faizləri ilə az sərfıyyat hesabladığı barədə rəy verilmişdir. Həmçinin, ünvana aid **********80015 nömrəli kod üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, sayğacın xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək az sərfıyyat (cəmi 787 Kvt.s) hesabladığı və müxtəlif dövrlərdə elektrik enerjisindən sayğacdan kənar istifadə olunduğuna dair aktlar tərtib edildiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə yeni sayğac quradırıldıqdan sonra isə aylıq sərfıyyat təxminən 200-800 Kvt.s təşkil etmişdir. İtirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə “Elektrik enerjisindən istifadə Qaydalarf’na uyğun olaraq, tarif fərqi nəzərə alınmaqla, 8870 Kvt.s (1139,10 manat) elektrik enerjisi dəyərində hesabat sənədi hazırlanmışdır. NDM 032258 saylı akt üzrə aparılmış hesablaşma məqsədəuyğun hesab edilir və ödənilməsi zəruri sayılır. Xahiş edirik nəzərə alasınız”. Bütün bunlar tamamilə ağ yalandır, sadəcə olaraq "xxxx" ASC-nin əməkdaşları özlərini sığortalamaq, müdafiə etmək məqsədi ilə, törətdikləri qanuna zidd əməllərini ört-basdır etmək üçün onun xəbəri və iştirakı olmadan guya akt tərtib ediblər. Bu günə qədər nə onun iştirakıya heç bir akt tərtib edilməyib, nə də ki, bu günə qədər onun ünvanına dair ona heç bir akt verilməyib. Halbuki “Elektrik enerjisinin istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 №-li Qərarının 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Göründüyü kimi, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları onu dəvət etmədən, ondan xəbərsiz olaraq həm nəzarətçi kimi, həm də hal şahidi kimi aktı tərtib edib, özləri də imzalayıblar, baxmayaraq ki, qanunvericilikdə istehlakçı tərəfindən enerji sərfiyyatı ilə bağlı pozuntular aşkar edildikdə, istehlakçının və iki hal şahidinin iştirakı bir mənalı şəkildə tələb olunur. "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşlarının bu kimi qanunsuz hərəkətləri ona çox pis təsir etmişdir, onların qanuna zidd hərəkətləri nəticəsində o, ağır sarsıntılara məruz qalmışdır, əzab-əziyyət çəkmişdir, sağlamlığı pozulduğundan ona təxminən 1000 manat məbləğində mənəvi zərər yetirilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2019-cu ildə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, bina 48, mənzil 15 ünvanında yerləşən evi almış, sayğacda problem olduğunu bilməmişdir. Evi adına keçirmək istədikdə köhnə mülkiyyətçinin 279 manat borcu olduğu bildirilmiş və həmin borcu ödədikdən sonra evi adına keçirə bilmişdir. Bir müddət həmin evdə təmir işləri getdiyi üçün yaşamamış, yalnız 2021-ci ildə evə köçmüşdür. Sayğaca pul ödəmək istədikdə, provayderdə həmişə -2, -3 manat göstərildiyindən, bunu borcunun olmaması kimi qəbul etmişdir. Bu il xəbəri olmadan sayğac dəyişdirilmişdir. Köhnə sayğac laboratoriyaya aparılmış və rəy verilmişdir ki, sayğaca müdaxilə olunmuşdur. Sayğac evindən kənarda, qonşunun hasarında yerləşir. Sayğaca başqa adam tərəfindən müdaxilə edilmişdir. Evdə heç kim yaşamır, özü ancaq gecələr evdə olur. Evdə soyuducu, kombi, kondisioner işləyir. Akt tərtib olunarkən iddiaçı iştirak etməmişdir və ona heç bir məlumat verilməmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə sayğaca baxış keçirilmişdir. Sayğaca baxış keçirildikdə məlum olmuşdur ki, sxemdən keçən yükü sayğac 100 faizlik hiss etmir. Laboratoriyaya məlumat verilmiş, işçilər gəlib həmin sayğacı demontaj etmiş və yeni sayğac quraşdırılmışdır. Laboratoriyada sayğac yoxlanılmış və rəy verilmişdir. Laboratoriya rəy vermişdir ki, sayğac 82 faiz xəta ilə işləyir. 1139 manat əlavə sərfiyyat yazılmışdır. Akt tərtib olunarkən iddiaçı iştirak etməmişdir. Akt tərtib edilən zaman abonent iştirak etmədikdə işçilər tərəfindən videoçəkiliş aparılır. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. Bildirir ki, İddiaçı yaşayış evinə xx.xx.2023-cü il tarixdə yeni sayğac quraşdırılmışdır. Yeni sayğac üzrə istifadə olunmş elektrik enerjisi haqqında məlumat aşağıdakı kimidir: xx.xx.2023 - 32 gün - 127 kvts- 10,16 manat, xx.xx.2023 - 29 gün - 18 kvts - 1,44 manat, xx.xx.2023 - 34 gün - 134 kvts - 10,72 manat, xx.xx.2023 - 29 gün - 231 kvts - 18,79 manat, xx.xx.2023 - 32 gün - 66 kvts - 5,28 manat, xx.xx.2023 - 33 gün - 174 kvts - 13,92 manat, xx.xx.2023 - 29 gün - 409 kvts - 39,17 manat, xx.xx.2024 - 32 gün - 719 kvts - 79,47 manat, xx.xx.2024 - 31 gün - 838 kvts - 93,94 manat. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 13-13/2-2-18-G-4885-5/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunun surətinə əsasən, əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə qeyd edilən ünvanda Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları"na riayət olunmasına baxış keçirilən zaman sayğacın sxemdən keçən yükü qeyd etmədiyi aşkarlanmışdır. Bu qüsur sənədləşdirilmiş və NDM 032258 saylı akt tərtib edilmişdir. Sayğac istismara yararsız olduğu üçün yenisi ilə əvəz edilmiş və çıxarılan sayğac rəy verilməsi üçün labaratoriyada yoxlanılmışdır. Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 012782 saylı akt-protokolda sayğacın daxili sisteminə şunt vasitəsi ilə müdaxilə olunduğu və bu səbəbdən sayğacın xəta faizləri ilə az sərfıyyat hesabladığı barədə rəy verilmişdir. Həmçinin, ünvana aid **********80015 nömrəli kod üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, sayğacın xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək az sərfıyyat (cəmi 787 Kvt.s) hesabladığı və müxtəlif dövrlərdə elektrik enerjisindən sayğacdan kənar istifadə olunduğuna dair aktlar tərtib edildiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə yeni sayğac quradırıldıqdan sonra isə aylıq sərfıyyat təxminən 200-800 Kvt.s təşkil etmişdir. İtirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə “Elektrik enerjisindən istifadə Qaydalarf’na uyğun olaraq, tarif fərqi nəzərə alınmaqla, 8870 Kvt.s (1139,10 manat) elektrik enerjisi dəyərində hesabat sənədi hazırlanmışdır. NDM 032258 saylı akt üzrə aparılmış hesablaşma məqsədəuyğun hesab edilir və ödənilməsi zəruri sayılır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 032258 nömrəli akta əsasən, baxış zamanı elektrik sayğacı sxemdən keçən yükü qeyd etmədiyi məlum olmuş, sayğacın yenisi ilə əvəz olunması və labaratoriya şəraitində rəy verilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 012782 nömrəli akt-protokola əsasən, sayğacın AZS möhürünün normal olması, sayğacın daxilinə baxış keçiirlən zaman daxili sxemə şunt vasitəsilə müdaxilənin aşkar edildiyi, bu səbəbdən sayğacın xəta prisnipləri ilə az sərfiyyat hesablaması, sayğacın istismara yararsız olduğu qeyd olunmuşdur. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2023-cü il tarixli 428008 nömrəli protokolun surətinə əsasən İddiaçı məxsus abun kodu **********80015 olan yaşayış evinə 77054357 nömrəli yeni sayğac quraşdırılmışdır. Abonentə aid saldo məlumatlarından görünür ki, abonentdən sayğac üzrə öncəki dövrlərdə yaranmış borcla yanaşı xx.xx.2023-cü il tarixli NDM seriyalı 032258 nömrəli akt əsasında hesablanmış 1139 (16, 9 və 1114 manat) borcun ödənilməsi (xx.xx.2023-cü il tarixdə) tələb olunmuşdur. "xxxx" ASC-nin akt komissiyası tərəfindən «Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahəsi üzrə və texniki sahələr üzrə tələblər» adlı xx.xx.2023-cü il tarixli sənədinə əsasən, İddiaçı yaşayış evinə dair borc aşağıdakı qaydada hesablanmışdır: 17.6kvt x 24 saat x 0.7 x 30gün=8870kvts, Tarif (0.08 man) -200 kvts x 0.08 =16.0 manat Tarif (0.09 man) -100 kvts x 0.09 =9.0 manat Tarif (0.13 man) -8570 kvts x 0.13 =1114.15 manat Cəmi 1139,15 manat Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında İddiaçı məxsus olan yaşayış sahəsi üçün quraşdırılmış elektrik enerjisi sərfiyyatını ölçən sayğaca xx.xx.2023-cü il tarixdə keçirilən baxış zamanı sayğacın sxemdən keçən yükü qeyd etmədiyi müəyyən edilmişdir. Müvafiq aktın tərtib olunmasından sonra İddiaçı yaşayış evinə dair borc 17.6kvt x 24 saat x 0.7 x 30 gün=8870kvts götürülməklə cəmi 1139,15 manat həddində müəyyən edilmişdir. İddiaçı barəsində tərtib olunmuş akta və abonent saldosuna əsasən ona 1139,15 manat hesablanmış borcun silinməsi, aktların etibarsız hesab edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmə tərəfindən abunə vərəqəsi təhlil edilərkən müəyyən edilir ki, abunəçinin evə köçüb yaşamağa başladığı 2021-ci ilin iyul ayından yeni sayğac quraşdırılan 2023-cü ilin may ayınadək olan dövr ərzində 1, 2, 5, 6, 9 kvt elektrik enerjisi sərfiyyatı olmuş, lakin abunəçi barəsində mübahisələndirilən akt tərtib edildikdən və yeni sayğac quraşdırıldıqdan sonra sərfiyyat 127, 134, 231, 409, 719 və hətta 838 kvt-a qədər olmuşdur ki, bu hal da ona dəlalət edir ki, abunəçinin sayğaca müdaxilə etməsi halı istisna edilmir. Məhkəmə iddia tələbinin 25 aprel və 27 may 2023-cü il tarixli aktların etibarsız hesab edilməsi ilə bağlı hissəsində iddianı əsassız sayaraq qeyd edir ki, sözügedən aktlar hər hansı hüquq müəyyənedici sənəd olmamaqla, yalnız sağyaca baxışın nəticələrini özündə əks etdirən sənədlərdir və aktların etibarsızlığı üçün hər hansı hüquqi əsaslar mövcud deyildir. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi aktların etibarsızlığına dair istinad etdiyi hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddianın borcun silinməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, "xxxx" ASC tərəfindən 30 günlük müddət üçün enerji sərfiyyatına görə 1139,15 manat borcun hesablanması hədsiz yüksək olmaqla ağlabatan və ədalətli deyildir. Bu baxımdan məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17 və 8.17-1-ci bəndilərində sonuncu baxış tarixindən müvafiq olaraq üç aydan və 12 aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyərinin yenidən hesablanmasını nəzərdə tutmasını əsas götürərək (göstərilən qaydalarda hesablama üçün minimal müddətin müəyyən edilmədiyini, iddiaçının ona məxsus evdə tək qalaraq elektrik enerjisindən məhdud şəkildə (yalnız gecələr iş saatından sonra) istifadə etməsini nəzərə almaqla) iddiaçıya məxsus evə dair göstəricilərin daha qısa müddət üçün hesablanmaqla borcun 101,31 manat həddində müəyyən edilməsini və iddianın borcun silinməsinə dair hissəsinin qismən – qalan 1037,84 (1139,15-101,31=1037,84) manat hissəsində silinməsini məqsədəmüvafiq hesab edir. İddiaçıya hesablanmış borc 30 gün üçün 1139,15 manat məbləğində hesablanmışdır. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi ərizədə yeni sayğacın quraşdırılmasından sonrakı aylarda hesablanmış sərfiyyat məbləğlərini də (ən yüksək məbləğ 93,94 manat olmuşdur) nəzərdən keçirilməklə, iddiaçıya hesablanmış borcun məbləğini 3 gün müddəti üçün 17.6kvt x 24 saatx0,7x 3 gün=887 kvts; 200 kvtx 0,08 man.=16 manat, 100kvtsx0,09 man.=9 manat, 587kvt (887kvt-200-100) x0,13 man.=76,31 manat; cəmi 76,31+16+9=101,31 manat həddində müəyyən edilməsini ağlabatan və real hesab edir. Məhkəmə iddianın 1000 manat mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi nəticəsində 1000 manat mənəvi zərər dəyməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddiasının mənəvi zərərlə bağlı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olduğu hadla məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, **********80015 abunə kodu üzrə hesablanmış 1037,84 manat borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanı (**********80015 Abunə kodu) üzrə hesablanmış 1037,84 (bir min otuz yeddi manat səksən dörd qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3162/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3162/2024
26.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver