Məhkəmə qərarları › İş №2(006)-3170/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3170/2021

19.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3170/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC ilə bağlanmış 15 dekabr 2011-ci il tarixli, 146 saylı kredit müqaviləsinin və 15 dekabr 2011-ci il tarixli, 146/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə cavabdeh qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun deyil, LPO "xxxx" ASC-nin cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 dekabr 2011-ci il tarixində Ləğv etmə prosesində olan "xxxx" ASC ilə aralarında 146 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən müqavilə üzrə borc verən "xxxx" ASC illik faiz dərəcəsi 15 faiz olmaqla, 180 ay müddətinə 109.000 manat məbləğində pul vəsaitini verməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsi üzrə 109.000 manat məbləğində pul vəsaitinin verilməsinin əsası kimi isə 15 dekabr 2011-ci il tarixdə Ləğv etmə prosesində olan "xxxx" ASC ilə 146/1 saylı ipoteka müqaviləsində ipoteka predmeti kimi qeyd olunmuş ünvan 1 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 m2 ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzilin borc alan, yəni onun tərəfindən alınması göstərilmişdir. 15 dekabr 2011-ci il tarixdə Ləğv etmə prosesində olan "xxxx" ASC ilə bağlanılmış 146/1 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 m2 ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzilin ümumi dəyəri 109.000 manat məbləğində müəyyən edilərək qiymətləndirilmişdir. Belə ki, Ləğv etmə prosesində olan "xxxx" ASC ilə sözügedən kredit və ipoteka müqaviləsi bağlanılsa da, kredit müqaviləsi üzrə Ləğv etmə prosesində olan "xxxx" ASC tərəf öz üzərinə götürdüyü hər hansısa bir öhdəliyini icra etməmişdir. Yəni, müqavilələr imzalansa da, formal xarakter daşıyaraq, sadəcə kağız üzərində qalmışdır. Belə ki, müqavilədən sonra tərəfindən rəsmi ərizə ilə müraciət edilmiş və sözügedən müqavilələrin pozulmasını xahiş etmişdir. Bütün öhdəliklərin və eyni zamanda müqavilələrin ləğv olunduğu ona bildirilmişdir. Bu səbəbdən bankdan hər hansı bir kredit məbləği alınmamış və ipotekaya qoyulacaq mənzil isə mülkiyyətinə verilməmişdir. Məhz bu səbəbdən, öhdəliklərini icra etməyən Ləğv etmə prosesində olan "xxxx" ASC tərəfindən onun barəsində hesablanmış 109.000 manat məbləğində borc öhdəliyinin mövcud olması həqiqəti əks etdirmir. Qeyd etdiyi kimi, o, müqavilədə öz əksini tapmış illik faiz dərəcəsi 15 faiz olmaqla, 180 ay müddətinə verilmiş 109.000 manat məbləğində olan kredit predmetini hal-hazırda ləğv prosesində olan bank tərəfdən qəbul etməmişdir. Ümumiyyətlə, onun kredit məbləği olan 109.000 manat məbləğində pul vəsaitini qəbul etməyinə dair hər hansı bir kassa mədaxil qəbzi və ya digər hüquqmüəyyənedici sənəd mövcud deyildir. Eyni zamanda, 10 ildən artıq bir müddətdir ki, sözügedən müqavilələrin imzalanmasına baxmayaq, hal-hazırda ləğv prosesində olan bank tərəfindən ona qarşı bir dəfə belə olsun borc öhdəliyinin icrasına dair tələb yönəldilməmişdir. Beləliklə, kredit və ipoteka müqaviləsi imzalandığı vaxtdan bu günədək o, Ləğv etmə prosesində olan "xxxx" ASC tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilmədiyi üçün belə bir şəraitdə artıq bu müqavilələrin mövcud olmadığını zənn etmişdir. Əlavə olaraq bildirir ki, ötən ilin sonlarına doğru o, 109.000 manat məbləğində borc öhdəliyinin olduğunu öyrənmişdir. Məsələnin aydınlaşdırılması üçün Azərbaycan Kredit Bürosuna yanlışlığın olmasına və bu yanlışlığın aradan qaldırılmasına dair məktub ünvanlamışdır. Azərbaycan Kredit Bürosunun 02 noyabr 2020-ci il tarixli, V-628/20 saylı cavab məktubuna əsasən məsələnin aydınlaşdırılması üçün müvafiq məlumat təchizatçısına müraciət edildiyini və 109.000 manat məbləğində borc öhdəliyinin mövcud olduğu qeyd edilmişdir. Mübahisənin həlli yolu kimi isə bank və ya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O, da öz növbəsində Ləğv etmə prosesində olan "xxxx" ASC-dən sözügedən absurd müqavilə üzrə öhdəliyinin olub-olmamasına dair Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Cavab məkubuna əsasən, 05 oktyabr 2020-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına müvafiq olaraq ümumilikdə 109.000 manat məbləğində borc öhdəliyinin olmasına dair məlumat verildi. 109.000 manat məbləğində borc öhdəliyinin olması absurddur, özündə həqiqəti əks etdirmir. Belə ki, 15 dekabr 2011-ci il tarixli, 146/1 saylı ipoteka müqaviləsində ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 m2 ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzil onun xüsusi mülkiyyəti olmayıb, hal-hazırda da mülkiyyətində deyildir. Odur ki, kredit müqaviləsində qeyd olunan və hal-hazırda ləğv olan bank tərəfindən verilmiş pul vəsaitinin təyinatı kimi qeyd olunan mənzilin alınması kimi xarakterizə edilsə də, o, nə kredit müqaviləsi üzrə borc öhdəliyi kimi göstərilmiş 109.000 manat məbləğində pul vəsaitini əldə etmiş, nə də ki, pul vəsaitindən təyinatı üzrə istifadə edərək, sözügedən mənzili almışdır. Pul vəsaitinin istifadə təyinatı kimi göstərilmiş və ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 m2 ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzil onun mülkiyyətində olmadığı üçün sözügedən müqavilələrin qüvvədə olmasından və həmin müqavilələr üzrə borc öhdəliyinin mövcudluğundan söhbət belə gedə bilməz. Hesab edir ki, sözügedən mübahisə predmeti olan 15 dekabr 2011-ci il tarixli, 146 saylı kredit müqaviləsi və 15 dekabr 2011-ci il tarixli, 146/1 saylı ipoteka müqaviləsi uydurma əqddir. Belə ki, hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğundan əhəmiyyətsizdir. Odur ki, Ləğv etmə prosesində olan "xxxx" ASC ilə onun arasında bağlanmış 15 dekabr 2011-ci il tarixli, 146 saylı kredit müqaviləsi və 15 dekabr 2011-ci il tarixli, 146/1 saylı ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi X1 fikrini nəzərə alaraq, işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2011-ci il tarixli, 146 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən İddiaçı 180 ay müddətinə illik 15% ödəmək şərti ilə 109.000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2011-ci il tarixli, 146/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 m2 ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka yüklü edilmiş, mənzilin ümumi dəyəri 109.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı sonuncu dəfə verilmiş 12.02.2021-ci il tarixli “borc öhdəliyinin olub-olmaması barədə” cavab məktubundan görünür ki, bank tərəfindən İddiaçı 15 dekabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə 109.000 manat məbləğində, illik faiz dərəcəsi 15 faiz olmaqla, 180 ay müddətinə kreditin verildiyi və sonuncunun sözügedən kredit müqaviləsi üzrə 08.02.2021-ci il tarixə bank əməliyyat sisteminin məlumatlarına əsasən ümumilikdə 109.000 manat məbləğində borc öhdəliyinin mövcud olduğu bildirilmişdir. İş materiallarına əlavə olunmuş 15 dekabr 2011-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 15.12.2011-ci il tarixdə "xxxx" ASC-dən 109.000 manat məbləğində pul vəsaitini qeyd edilən orderə imza etməklə almışdır. İş üzrə tam və hərtərəfli, obyektiv araşdırma aparmaq məqsədi ilə məhkəmənin 14.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2021-ci il tarixli 4/927 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 56, 67-68-ci vərəqələrində olan "xxxx" ASC ilə İddiaçı aralarında olan 15 dekabr 2011-ci il tarixli, 146 nömrəli kredit müqaviləsində “Kreditor İddiaçı” qrafasında olan imza və imzadan aşağıda olan “İddiaçı” yazıları və 109.000 manata dair 15 dekabr 2011-ci il kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 104 manat təşkil etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında 15 dekabr 2011-ci il tarixli, 146 saylı kredit müqaviləsi və kredit müqaviləsinin təminatı olaraq 15 dekabr 2011-ci il tarixli, 146/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Eyni tarixdə də, kredit müqaviləsi ilə müəyyən edilmiş məbləğ (109.000 manat) kassa məxaric orderinə əsasən İddiaçı təqdim olunmuşdur. Hazırda İddiaçı kredit müqaviləsinin onun tərəfindən imzalandığını, lakin həmin müqavilə ilə müəyyən edilmiş 109.000 manat pul məbləğini almadığını, kassa məxaric orderində olan imzanın ona məxsus olmadığını əsas gətirərək etibarsız hesab olunmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında qanuni əsaslarla bağlanmış müqavilələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, mübahisələndirilən kredit müqaviləsi üzrə kredit məbləğinin verilməsinə dair kassa məxaric orderin üzərindəki imzalar həqiqətən də, İddiaçı tərəfindən icra edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas müəyyən olunmadığından, iddia bu hissədə rədd edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırda iddiaçı tətəfindən kredit müqaviləsi ilə yanaşı eyni tarixdə bağlanmış ipoteka müqaviləsi mübahisələndirilsə də, onun qanuniliyini şübhə altına alan hər hansı bir sübut müəyyən olunmamışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza xərci olan 104 manat cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci olan 104 manat cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar