Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3176/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilə şərtlərinin dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Beynəlxalq Bank ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Tam Kart" müqaviləsinin və xx.xx.2021-ci il tarixdə imzalanmış istehlak krediti müqaviləsinin şərtlərinin dəyişdirilərək üzərindəki öhdəliyin yüngülləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bank ASC ilə aralarında bağlanmış 21 avqust 2021-ci il tarixli “Tam Kart” müqaviləsinə əsasən bank tərəfindən ona 6000 manat məbləğində kredit, xx.xx.2021-ci il tarixdə imzalanmış istehlak krediti müqaviləsinə əsasən 9000 manat məbləğində nəğd pul krediti (20%) ayrılmışdır. Qeyd etmişdir ki, nəzərdə tutulmuş məbləğdən məqsədyönlü şəkildə istifadə edilməsinə baxmayaraq böyüyən ailə dolanışığı və çətinliyi, işlə əlaqədar bir neçə proyektin bitməsi, əlavə gəlir mənbələrinin olmaması, ağır güzəran, qiymət artımı, ailədə çalışan tək bir nəfər olaraq onun olması səbəbindən, götürdüyü öhdəlikləri yerinə yetirə bilməmiş, nəticə etibarilə borc yaranmış və kartına mənfi balans qoyulması ilə nəhayətə çatmışdır. Onu da qeyd etmişdir ki, öhdəsində 2 azyaşlı körpə uşağı vardır. O, borcunu ödəməkdən imtina etmir ancaq halhazırkı vəziyyətində borcunu mövcud şərtlərlə ödəyə bilməsi qeyrimümkün olmuşdur. ABB-nın Baş ofisinə, həmçinin Qara Qarayev filialına 3 dəfə yaxınlaşıb məsələni həll etməyə çalışsa da, məsələ nəticə verməmişdir. Nəinki kreditin yenidən hesablanması, heç restruktizasiyası barədə tələbinə belə etinasız yanaşılmışdır. Buna baxmayaraq, qəsdi şəkildə əmək haqqının 50%-nə olmaması gərəkirkən yönəİdilmə olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, maddi sıxıntı kimi digər kredit və öhdəliklərinin olduğunu nəzərə çatırmaq istəmişdir: UMİCO market - 1187 manat -World Telekom - 1034 manat -Albalı Bank-100 manat. Onu da qeyd etmişdir ki, ABB tərəfindən yaşayış minimumu nəzərə alınmadan hər ay onun əmək haqqı kartından qanunvericiliyə zidd olaraq şişirdilmiş məbləğlər tutulur. Göstərilənləri nəzərə alaraq hazırki vaxtda maliyyə vəziyyəti ağır olduğundan və borcunun mövcud müqavilə şərtləri ilə ödənilməsi mümkün olmadığından və bu vəziyyət ilə əlaqədar Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasan mövcud müqavilə şərtlərinin də yişdirilməsi zərurəti yaranmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 mülki işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, İddiaçı ilə Bank arasında davamlı restrukturizasıya ilə bağlı kredit müqavilələri bağlanmış və hər növbəti kredit əvvəlki kredit üzrə öhdəliklərin bağlanılması üçün istifadə olunmuşdur. Belə ki, iddiaçı ilə Bank arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və borcluya 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit üzrə 3198 manat məbləğində olan qalıq borc xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi ilə ödənilərək müqaviləyə xitam verilmişdir. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və borcluya 4800 manat məbləğində kredit verilmişdir. Həmin kredit üzrə 1181 manat məbləğində olan qalıq borc xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi ilə ödənilərək müqaviləyə xitam verilmişdir. xx.xx.2021-ci ii tarixli kredit müqaviləsi bağlanmış və borcluya 9300 manat məbləğində kredit verilmişdir. Həmin kredit üzrə 3098.93 manat məbləğində olan qalıq borc xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi ilə ödənilərək müqaviləyə xitam verilmişdir. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış və borcluya 1500 manat məbləğində kredit verilmişdir. Həmin kredit üzrə 1452 manat məbləğində olan qalıq borc xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsilə ödə-nilərək müqaviləyə xitam verilmişdir. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış və borcluya 9000 manat məbləğində kredit verilmişdir. Hazırda həmin kredit üzrə 6545.94 manat məbləğində borc mövcuddur. Həmçinin iddiaçıya xx.xx.2021-ci il tarixdə xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 6000 manat dəyərində kredit xətti açılmışdır. Həmin xətt üzrə mövcud qalıq borc 4117.72 manat təşkil edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləməklə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan borc verən "xxxx" ASC ilə borc alan İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış BPM**********21 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə sonuncuya 9000 manat məbləğində kreditin 48 ay müddətinə 20% ödəmək şərtilə verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış BPM**********06 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, həmin müqavilə sonuncuya 15 000 manat məbləğədək kreditdən istifadəyə görə illik 24% ödəmək şərtilə kredit limiti ayrılmışdır. İş materiallarında olan pretenziyadan görünür ki, iddiaçı tərəfindən banka müqavilə şərtlərində dəyişiklik edilməsi barədə müraciət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən "xxxx"ASC-dən kreditlər götürülmüşdür. Hazırda xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən onun borcu 6545.94 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə 4117.72 manat təşkil edir. İddiaçı sözügedən müqavilələr üzrə şərtlərin dəyişdirilərək üzərindəki öhdəliyin yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinin dəyişdirilməsi tərəflərin razılığı ilə mümkün olduğundan, cavabdeh həmin şərtləri qəbul etmədiyindən, eyni zamanda müqavilə şərtlərinin bir tərəfin tələbi ilə dəyişdirilməsinin yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə biləcəyi mümkün olduqda, müqavilə şərtlərini pozan tərəf isə iddiaçı olduğundan hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilə şərtlərinin dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3176/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3176/2023
24.10.2023 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver