Məhkəmə qərarları › İş №2(006)-3200/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3200/2020

15.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3200/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının vəkili İsgəndərova Könül Teyyub qızının, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı "borcun silinməsi və.s" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC tərəfindən ünvan 1 ünvanında quraşdırılmış **********50001 abunə kodlu, **********5M1509749 nömrəli işıq sayğacına əsassız olaraq hesablanmış 1.034,68 manat (bir min otuz dörd manat altmış səkkiz qəpik) məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 2 ünvanına xx.xx.2001-ci ildə işıq sayğacı quraşdırılmış və sonuncu dəfə xx.xx.2020-ci il tarixində dəyişdirilərək yeni PAUD- MP 106 tipli **********5M1509749 nömrəli yeni sayğacla əvəz edilmişdir. Bundan sonra onlara bildiriş təqdim edilərək 894,68 manat (səkkiz yüz doxsan dörd manat altmış səkkiz qəpik) məbləğində qalıq borcla birlikdə, 1.034,68 manat məbləğində ümumi borcunun olduğu bildirilmişdir. Eyni zamanda, bu bildirişdə göstərilən məbləğin 10 gün ərzində ödənilməməsi halında elektrik enerjisi verilişinin dayandırılacağı qeyd olunmuşdur. Abunə haqqında çıxarışdan belə görünür ki, xx.xx.2002 və xx.xx.02020-ci ilin arasında sayğac oxunmalarına əsasən elektrik enerji sərfiyyatına görə 2.448.41 manat (iki min dörd yüz qırx səkkiz manat qırx bir qəpik) məbləğində və bağlanan aktlar əsasında 1004,90 manat (bir min dörd manat doxsan qəpik) məbləğində borc hesablanmış, bu illər ərzində tərəfindən ödənilən 2.519.72 (iki min beş yüz on doqquz manat yetmiş iki qəpik) məbləğində pul çıxılmaqla, xx.xx.2020-ci il tarixə, ümumilikdə 894,65 manat məbləğində borcu olmuşdur. Qeyd etmək istəyir ki, çıxarışdan da göründüyü kimi bağlanmış aktlara əsasən, hesablanmış borcların əksəriyyəti xx.xx.2002 və xx.xx.2011-ci illər aralığına aiddir. Hətta xx.xx.2009-cu il və 3 1.01,2010-cu illər tarixində ona müvafiq olaraq 456 manat və 522 manat məbləğində borc hesablanmışdır ki, bu qədər borcun orta sərfiyyatın aşılmasına görə birdən-birə yaranması mümkünsüzdür. O, hər hansı bır obyekt işlətmir və ya bu ünvanda hər hansı əlavə elektrik enerjisi tələb edəcək bir fəaliyyətlə məşğul olmur. Bir yaşayış sahəsində 20 ilə yaxın müddətdə ümumi enerji sərfiyyatının qiyməti çıxarışa əsasən 2.448,41 manat olduğu halda, bu məbləğin haradasa yarısının cəmi iki il ərzində akta əsasən yaranmış olması absurddur. Axı hansı səbəbdən sözügedən tarixlərdə bu həcmdə borc onun xəbəri olmadan yaranmışdır. Buna əlavə olaraq, qanunvericiliyinə əsasən, beş illik müddətin keçməsi ilə əlaqədar olaraq həmin tarixlər üçün hesablanmış olan borclara dair cavabdehin tələb hüququ artıq yoxdur. Buna baxmayaraq, cavabdeh hələ də qanunsuz olaraq bu borcu onlardan tələb etməyə davam edir. Qeyd edilən borc təxminən 10 il bundan əvvəldən yaranmağa başlasa da, cavabdehin indiyədək həmin borcu məhkəmə qaydasında tələb etməməklə tələb etmə hüququnu itirmişdir və bu səbəbdən də sözügedən məbləğləri ödəmək üzrə öhdəliyinə müddətin keçməsinə görə xitam verilməlidir. Həmçinin göstərilən borclar yazılarkən də onun xəbəri olmamış və hansı səbəbdən bu qədər borcun yaranması ona məlum deyildir. O, illərdir ki, mütəmadi olaraq enerji sərfiyyatına görə yaranmış borcunu qanuni şəkildə ödəyir. Heç bir qanunsuz vasitədən istifadə etmir və ya öhdəliklərindən birdən-birə bu qədər borcun yaranmış olması və xüsusilə də, bu borcların 2011-ci ilə qədər yazılmış hansısa aktlardan irəli gəlməsi absurddur. Bundan başqa qeyd etmək istəyir ki, abunə haqqında çıxarışa görə, onun xx.xx.2020-ci il tarixinə cəmi 894,68 (səkkiz yüz doxsan dörd manat altmış səkkiz qəpik) manat məbləğində borcu olmuşdur. Lakin bir gün sonra gələn bildirişdə ödənilməli məbləğ 1.034,68 manat (bir min otuz dörd manat altmış səkkiz qəpik) olaraq göstərilmişdir. Burada da bir gün ərzində yaranan bu qədər məbləğ fərqinin nədən qaynaqlandığı məlum deyildir. Bu barədə çıxarışda da hər hansı bir qeyd olunmamışdır. Bu səbəbdən də hesab edir ki, "xxxxxxxx" ASC-nin ona qarşı bu tələbi tamamilə qanunsuz və əsassızdır. Bütün yuxarıda göstərilənləri əsas götürərək, cavabdeh “xxxxxxxx" ASC tərəfindən ondan qanunsuz olaraq tələb olunan 1.034.68 manat məbləğində borcun silinməsini məqsədəmüvafıq hesab edir. Yuxarıda göstərilənlərə əsasən “xxxxxxxx” ASC tərəfindən ünvan 1 ünvanında quraşdırılmış **********50001 abunə kodlu, **********5M1509749 nömrəli işıq sayğacına əsassız olaraq hesablanmış 1.034,68 manat (bir min otuz dörd manat altmış səkkiz qəpik) məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili İsgəndərova Könül Teyyub qızı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. “xxxxxxxx” ASC tərəfindən abunə kodu **********50001 olan İddiaçı ünvanlanmış bildirişə əsasən, ona qalıq borc 894,68 manat olmaqla 1034,68 manat məbləğində borc hesablanmışdır. Abunə kodu **********50001 olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı 2.623,72 manat məbləğində hesablanmış borcdan 2.627,72 manat tərəfindən “xxxxxxxx” ASC-nin hesabına köçürülmüşdür. Həmçinin İddiaçı limitdən artıq sərfiyyat borcu 11,48 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli abonent İddiaçı məxsus abunə kodu **********50001 olan abunə haqqında sənəddən görünür ki, abonentin (iddiaçının) sayğac oxunuşu üzrə borcu, orta limitdən artıq sərfiyyat üzrə 11,48 manat məbləğində borcu nəzərə almaq şərti ilə (2623,72 (sayğac oxunuşu üzrə borc) – 2627,72 (ödəmələr) - 11,48) 7,48 manat təşkil edir. 1004,90 manat məbləğində borc isə aktlar bölməsinə aiddir və işlədicilərin gücünə görə orta sərfiyyatla hesablanmış borc məbləğidir. Cavabdeh həmin borcun yaranma əsasları və hesablanması qaydası ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 1027,2 manat borc iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmaqla, 1027,2 manat məbləğində borc **********50001 saylı abunə hesabından silinməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxxxxxx” ASC tərəfindən hesablanmış 1027,2 manat məbləğində borc İddiaçı məxsus **********50001 saylı abunə kodundan silinsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar