Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3205/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, Ərizəçi (Hüseynova (Sultanova) Zülfiyyə Aslan qızı maraqlı şəxs qismində göstərilməklə) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Hüseynova (Sultanova) Zülfiyyə Aslan qızı maraqlı şəxs qismində göstərilməklə) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Hüseynova (Sultanova) Zülfiyyə Aslan qızı arasında mediasiya prosesi nəticəsində imzalanmış MŞB/8/2024-00862 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxslə 21 aprel 2013-cü ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan övladları yoxdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, son illərdə münasibətləri pozulmuş, xasiyyətləri uyğun gəlməmişdir. Münasibətlərin getdikcə pisləşməsi onların ayrılmağına səbəb olmuşdur. Hazırda uzun müddətdir ki, arvadından ayrı yaşayır. Maraqlı şəxsdən dəfələrlə nikahının pozulmasını xahiş etsə də, hər dəfə bir bəhanə edərək yayınmışdır. Məcbur olub Mediasiya təşkilatına müraciət etdikdən sonra qarşı tərəflə ümumi razılığa gəlmiş, bu barədə mediasiya təşkilatı tərəfindən saziş barədə xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Hüseynova (Sultanova) Zülfiyyə Aslan qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Hüseynova (Sultanova) Zülfiyyə Aslan qızı (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 08 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişindən görünür ki:
1. Bİrinci tərəf: Cavabdeh Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Ərizəçi ilə Qaradağ rayon Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 37 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır.
2. Birinci tərəf: Cavabdeh Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş addımlar atacağına dair öhdəlik götürür.
3. İkinci tərəf: Ərizəçi bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Cavabdeh ilə Qaradağ rayon Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 37 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır.
4. İkinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş addımlar atacağı ona məlumdur və buna etiraz etmir. İş materiallarında olan AZ-İİ seriyalı 405371 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X1 arasındakı nikah xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində 37 nömrə altında bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına «Hüseynova» soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (AR Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri) xitam verilə bilər. 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 5.2-ci bəndinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən pozula bilər. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarına əsasən Ərizəçi uşağı yoxdur, Cavabdeh isə əvvəlki nikahından xx.xx.2002-ci il və xx.xx.2005-ci il təvəllüdlü iki uşağı vardır. Göründüyü kimi, ərizəçi və maraqlı şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli nikahdan onların ümumi uşaqlarının olmadığı müəyyən edilmişdir. Belə olan halda Ailə Məcəlləsinin tələbləri baxımından tərəflər nikahın pozulması üçün müvafiq Qeydiyyat Şöbəsinə müraciət etməli olduqları halda, müraciət etməmiş, bunun əvəzində qanunla Qeydiyyat Şöbəsinin səlahiyyətlərinə aid edilmiş məsələni mediasiya prosesində barışıq sazişi bağlamaqla “həll etmişlər”. Hazırda isə nikahın pozulması barədə bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini tələb edirlər. Halbuki yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvad arasında nikahın pozulması Qeydiyyat Şöbəsində həyata keçirilməli, qarşı tərəf Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayındıqda isə nikahın pozulması məhkəmə tərəfindən həyata keçirilməli olan məsələdir. Məhkəmə onu da qeyd edir ki, bundan əvvəl Cavabdeh eyni tələblə - mediasiya prosesi nəticəsində imzalanmış MŞB/8/2024-00862 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006-3143/2024 nömrəli qərardadı ilə ərazi aidiyyəti qaydalarının pozulması əsası ilə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bundan başqa, ərizəçi və maraqlı şəxs tərəfindən hazırki iş üzrə məhkəməyə ünvanlanmış ərizə və teleqramda nikahın pozulmasına etirazlarının olmadığını bildirmişlər. Bununla da müəyyən olunur ki, Ərizəçi və Hüseynova (Sultanova) Zülfiyyə Aslan qızı nikahın pozulmasına razıdırlar, bu isə onlar arasında nikahın pozulması ilə bağlı mübahisənin olmadığını təsdiq etməklə, onların müvafiq ərizə ilə Qeydiyyat Şöbəsinə müraciət etmələrinə hər hansı maneənin olmadığını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işə məkhəmə qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməli, ərizəçi və maraqlı şəxsə nikahın pozulması üçün AR Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etmək hüquqlarına malik olması izah edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.3-cü bəndinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli 27717 nömrəli qəbz əsasında ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi (Hüseynova (Sultanova) Zülfiyyə Aslan qızı maraqlı şəxs qismində göstərilməklə) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçi və maraqlı şəxsə nikahın pozulması üçün AR Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etmək hüquqlarına malik olması izah edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ("KapitalBank” ASC, VÖEN: **********, əməliyyat İD 487723882, qəbz nömrəsi: 27717, tarix: 27.05.24, saat: 14:31) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva