Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3206/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, İddiaçı X10 cavabdeh Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı (X3, X20, X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) mirasın faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payın müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı X24 cavabdeh Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixdə vəfat etmiş X11 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 125 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı münasibətdə mirasın qəbulu ilə əlaqədar buraxılmış müddətin üzürlü sayılması və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X11 miras qalmış ünvan 1ünvanında yerləşən fərdi yaşayış evindən mirasın qəbulu ilə əlaqədar buraxılmış müddət üzürlü sayılsın və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X11 miras qalmış ünvan 1ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X11 miras qalmış ünvan 1ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı 1/4 hissədə payı muəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək bundan əvvəl təqdim etdiyi iddia tələbinin dəqiqləşməsinə dair ərizəsinin nəzərə alınmamasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 125 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı atası X16 mülkiyyətindədir. X26 xx.xx.2019-cu ildə “dəqiqləşdirilməmiş ürək çatışmazlığı səbəbindən” vəfat etmişdir. İddiaçı doğulduğu gündən Bakı şəhəri, Nəsimi rayonu, X45 küçəsi, ev 125 ünvanında yaşamış, 19 fevral 1999-cu il tarixində mərhum həyat yoldaşı X27 ilə nikaha daxil olmuş, nikahda olduğu müddət ərzində ünvan 3ünvanına qeydiyyata düşmüşdür. İddiaçı yoldaşı Elçin Bəyişov xx.xx.2000-ci il tarixdə vəfat etdikdən sonra isə atası Vaqif Soltanovun yanına Bakı şəhəri, Nəsimi rayonu, X45 küçəsi, ev 125 ünvanına köçərək orada yaşamışdır. İddiaçı atası Vaqif Soltanovun xx.xx.2019-cu ildə vəfatından sonra da atasının mülkiyyətində yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmişdir. İddiaçı atası Vaqif Soltanov ilə birlikdə yaşadığı dönəmdə yəni, xx.xx.2018-ci il tarixdə beyin infaktı keçirmiş, nəticədə sağlamlıq imkanları məhdudlaşmış, özünü sərbəst idarə edə bilmək qabiliyyətini itirmişdir. Bu səbəbdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdə “birinci dərəcəli əlillik” statusu verilmişdir. İddiaçı 2018-ci il tarixdən əmək qabiliyyətsiz olması, kiminsə baxımına möhtac qalması və bu səbəbdən atası Vaqif Soltanovun himayəsində olaraq Bakı şəhəri, Nəsimi rayonu, X45 küçəsi ev 125 ünvanında yaşaması labüd olmuşdur. Çünki onun doğma anası Məlahət Soltanova da 2013-cü ildə vəfat etmişdir. İddiaçı atası Vaqif Soltanovun ikinci həyat yoldaşı X1 verdiyi yazılı izahatından da görünür ki, o, Vaqif Soltanov ilə 2014-cü il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 125 ünvanında yaşamağa başladığı gündən İddiaçı həmin mənzilin sakini olaraq bilmişdir. Vaqif Soltanovun vəfatından sonra da İddiaçı həmin ünvanda yaşamağa davam edir, eyni zamanda, İddiaçı xəstəliyi ilə əlaqədar ona hazırki gündə də qulluq edir, onun qayğısına qalır. Həmçinin, yuxarıda qeyd edilən faktları Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 125 ünvanında ümumi həyətdə yerləşən qonşu mənzilin sakini X17 da təsdiqləyərək, Gülnar Soltanova ilə eyni məzmunda izahat vermişdir. Hal-hazırda Bakı şəhəri, 29 saylı Notariat Ofisinə müraciət edərək, 25 avqust 2019-cu il tarixdə vəfat etmiş X11 miras qalmış əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edildiyini, bu səbəbdən vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilsə də, müddət ötürüldüyündən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuş, xx.xx.2024-cü il tarixli, 530 №-li imtina məktubu təqdim edilmişdir. Həmçinin qeyd edir ki, Bakı şəhəri, 29 saylı Notariat Ofisinin 546 saylı, 20 may 2024-cü il tarixli məktubundan görünür ki, X16 vərəsələrindən heç birinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında, qərarın təcrübədə vərəsəlik münasibətlərini tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədilə bu qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunacağı göstərilmişdir. Lakin mərhum X11 miras qalan əmlak üzrə vərəsələrindən hər hansınasa vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsi hazırkı mübahisə üzrə mülki dövriyyənin sabitliyinin pozulmadığını göstərir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X3 izahatında bildirmişdir ki, mərhum X16 ikinci arvadıdır. Mərhumla 2014-cü ildə ailə həyatı qurmuşlar və Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsindəki 125 saylı evə gəlin köçmüşdür. Ailə həyatı qurduqları vaxt İddiaçı həmin mənzildə yaşamışdır. Mərhum 2019-cu ildə ürək çatışmazlığından vəfat etmişdir və İddiaçı həmin vaxt o mənzildə yaşamışdır. Eyni həyətdə olan digər evdə isə mərhumun oğlu Coşqun yaşamışdır. İddiaçı xəstəliyi 2018-ci ildə təsdiq olunmuşdur və ona özü baxmışdır. X26 2019-cu ildə vəfat etdikdən sonra İddiaçı ilə birlikdə həmin ünvanda yaşayırlar. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X7 nümayəndəsi X37 izahatında bildirmişdir ki, anası Könül Mehdiyeva, özü və qardaşı Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsindəki 125 saylı evdə qeydiyyatdadır, lakin orada yaşamırlar. Xalası İddiaçı həmin evdə yaşayır. xx.xx.2019-cu ildə babası rəhmətə getmişdir. İddiaçı 2000-ci ildə həyat yoldaşı rəhmətə getdikdən sonra həmişə həmin evdə yaşamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 və cavabdeh 29 saylı Notariat Ofisinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur, İddiaçı doğulandan həmin evdə olmuşdur. İddiaçı sonra ailə həyatı quraraq başqa evə köçmüş, lakin 2 ildən sonra həyat yoldaşı vəfat etmiş və həmin evə geri qayıtmışdır. Həmin evdə mərhumun oğlu Coşqun, qızı İddiaçı və ikinci həyat yoldaşı Gülnar Soltanova yaşamışdır. Öləndən sonra İddiaçı fasiləsiz o evdə yaşamışdır. B.Esmira 1-ci qrup əlildir və özü rahat hərəkət edə bilmir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nəsimi (Oktyabr) Rayon Qeydiyyat (VVADQ) Şöbəsi tərəfindən V-JQ seriyalı 272498 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X18 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X26 və ana qrafasında X19 qeyd edilmişdir. Nəsimi Rayon Qeydiyyat (VVADQ) Şöbəsi tərfindən verilmiş Vİİ-JQ seriyalı 367570 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, X32 ilə X18 arasındak nikah xx.xx.1999-cu il tarixdə bağlanmşdır. Nikah bağlandıqdan sonra qadına «Bəyişova» soyadı verilmişdir. Nəsimi Rayon Qeydiyyat (VVADQ) Şöbəsi tərəfindən verilmiş AZ seriyalı 139045 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X27 ürək damar çatışmamazlığından xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 035930 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X26 xx.xx.2019cu il tarixdə dəqiqləşdirilməmiş ürək çatışmazlığından vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışının surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsindəki 125 saylı evin mülkiyyətçisi X22r. Bakı şəhəri 29 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 530 nömrəli məktuba əsasən, iddiaçıya mirasın qəbulu üçün müddəti ötürdüyündən ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən müddətsiz olaraq “birinci dərəcəli əlillik” statusu verilmiş və əmək qabiliyyətsiz hesab edilmişdir. Diaqnoz: Beyin infarktının nəticələri. Sol orta beyin arteriya hövzəsində keçirilmiş hemorragik insultun davamlı qalıq əlamətləri...Ürəyin aterosklerotik xəstəliyi. AR Səhiyyə Nazirliyininin Bakı şəhəri Baş Səhiyyə İdarəsi X36 ambulator kitabçadan çıxarışlarına əsasən İddiaçı xx.xx.2018- xx.xx.2018, xx.xx.2018- xx.xx.2018, xx.xx.2019xx.xx.2019, xx.xx.2019- xx.xx.2019 və xx.xx.2020- xx.xx.2020-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar ambulator və stasionar müalicələr qəbul etmişdir. Bakı şəhəri 29 saylı Notariat Ofisinin 546 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, X3, X20 və İddiaçı ərizələrinə əsasən V-30/2024 nömrə ilə vərəsəlik işi açılmışdır. X2 Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirələrkən valideynləri X12 və X8 olan Vaqif Soltanovun doğumunun xx.xx.1950-ci ildə Ağsu rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. X28 xx.xx.1976-cı ildə Tərtər rayonunun Hüsənli icra nümayəndəliyində Bayramova (Soltanova) Mahirə Həsən qızı ilə nikah bağlamış və bu nikaha sonuncunun xx.xx.2013-cü ildə ölməsi ilə əlaqədar xitam verilmişdir. X26 xx.xx.2014-cü ildə Paşayeva (Soltanova) Gülnar Qiyaməddin qızı ilə nikaha daxil olmuş və bu nikaha isə V.Soltanovun xx.xx.2019-cu ildə ölməsi ilə əlaqədar xitam verilmişdir. Həmçinin araşdırma zamanı valideynləri X29 və X19 olan xx.xx.1977-ci il təvəllüdlü Esmira Soltanovanın, xx.xx.1978-ci il təvəllüdlü Könül Soltanovanın və xx.xx.1980-ci il təvəllüdlü Coşqun Soltanovun doğumuna dair məlumat aşkarlanmışdır. Göstərilənlərlə yanaşı bildirilir ki, "Elektron notariat" informasiya sistemində və Dövlət notariat arxivində aparılmış araşdırma nəticəsində miras qoyan V.Soltanov tərəfindən notariat ofislərində vəsiyyətnamə rəsmiləşdirilməsi faktı müəyyən edilməmişdir. Nəsimi Rayon 41 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsindəki 125 nömrəli fərdi yaşayış evində uzun müddətdir yaşayır. Halhazırda həmin ünvanda aşağıdakı şəxslər yaşayırlar: X4, X21, X5, X13 və X20. Həmin fərdi yaşayış evinin mənzil kommunal xidmət xərcləri X4 tərəfindən ödənilir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış sərhədkeçmə məlumalarına əsasən, X9 xx.xx.2023-cü il tarixdən Moskva şəhərinə çıxış etmişdir. Tətbiq edilən hüquq: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. “Notariat haqqında” Qanun Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, İddiaçı mərhum X16 qızıdır. X26 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra, sağlığında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 125 ünvanında yerləşən əmlakı, onun öldüyü məqamda sağ olan arvadı - X3, övladları- X20, X21 və İddiaçı miras qalmışdır. X6, Mehdiyeva Könül və İddiaçı qeyd edilən miras əmlakla bağlı 2024-cü ildə ərizə ilə notariat ofisinə müraciət edərək, mirasın qəbul edilməsinə dair fikirlərini ifadə etmişlər. Bakı Şəhəri 29 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 530 nömrəli məktubu ilə mirasın qəbulu üçün qanunla müəyyən olunmuş 3 aylıq müddətin ötürülməsi əsası ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı hazırki məhkəmə mübahisəsində atasından miras qalmış əmlakdan pay almağa nail olmaq istəyir və mirası qəbul etmək üçün müəyyən edilmiş müddəti ötürdüyünə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü hesab edilərək, həmin müddətin uzadılması tələbini irəli sürür. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində, yəni, atasının vəfat etdiyi xx.xx.2019-cu il tarixdə atasından miras qalmış evdə yaşadığını, bununla da əmlakı faktiki olaraq qəbul etdiyini, lakin xx.xx.2018-ci il tarixdə keçirdiyi beyin infarktı nəticəsində sağlamlıq imkanları məhdudlaşdığından və özünü sərbəst idarə etmək qabiliyyətini itirdiyindən (bu hallar onun atasının himayəsində yaşamasını labüd etmişdir), vərəsəliyi rəsmiləşdirmək üçün notariat orqanına müraciət etmək imkanının olmadığını bildirərək, qeyd edilənlərin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsində üzrlü hal kimi nəzərə alınmasını xahiş edir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı miras qoyan X16 qızı olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq miras qoyanın birinci növbə vərəsəsi kimi mirasdan pay almaq hüququ vardır. Mirası qəbul etmə müddətinə münasibətdə məhkəmə qeyd edir ki, bu müddət hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirasın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlakla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin qərarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının atasının ölümündən sonra miras əmlakın qəbulu barədə notariat kontoruna vaxtında müraciət etməməsi, sonradan notariat kontoruna müraciət etdikdə isə mirasın qəbul müddətinin ötürülməsi əsası ilə vərəsəlik işinin notarial qaydada sənədləşdirilməsinin mümkün olmaması, onun məhkəmə müdafiəsi hüququndan istifadə etməklə pozulmuş hüququnun bərpasını aradan qaldırmır. Çünki iddiaçı atasından miras qalmış əmlaka münasibətdə mirasın qəbul edilməsi müddətini üzürlü olaraq ötürmüşdür. Əks yanaşma mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Hazırki iş üzrə vərəsənin təqdim olunmuş xəstəlik tarixindən çıxarışlardan göründüyü kimi, özünü sərbəst şəkildə idarə etmək qabiliyyətinin məhdudlaşdırılması ilə nəticələnən səhhətində ciddi problemlər yaşaması (2018-2020-ci illərdə xəstəliyi ilə əlaqədar mütəmadi ambulator və stasionar müalicələr qəbul etmiş, birinci dərəcəli əlillik qrupu təyin edilmişdir), səbəbindən notariat orqanına qanunla müəyyənləşdirilmiş müddətlərdə müraciət edə bilməməsinə dair dəlilləri ağlabatan olmaqla işin mövcud hallarına, tərəflərin vəziyyətinə uyğun gəlir və iddiaçının istinad etdiyi hallar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi üçün əsas kimi çıxış edir. Məhkəmə qeyd edir ki, müvafiq hal müəyyən edilərkən həmçinin vərəsələr arasında miras əmlakla bağlı mübahisənin olmaması (Mülki Məcəllənin 1301-ci maddəsinin tələbi baxımından yerində olmayan vərəsə - X9 isə payının ayrılacağının zəruriliyi), iddiaçının mirasın qəbulu müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun mirasın qəbulu ilə bağlı müddətlərin uzadılmasına dair hüquqi mövqeyi nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X11 miras qalmış ünvan 1ünvanında yerləşən fərdi yaşayış evinə dair mirasın qəbulu ilə əlaqədar gecikdirilmiş müddət üzürlü hesab edilərək mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X11 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 125 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirasın qəbulu ilə əlaqədar gecikdirilmiş müddət üzürlü hesab edilərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3206/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3206/2024
27.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver