Məhkəmə qərarları › İş №2(006)-3209/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3209/2022

03.10.2022 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3209/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilədə dəyişikliklər edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilədə dəyişikliklər edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 1.1.2-ci maddəsində “Əgər bu müqavilənin bağlanmasından sonra 2 il müddəti ərzində “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə mənzil təhvil verilməzsə, onda hər əlavə ay üçün 800 manat məbləğində kirayə haqqı “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir. Həmçinin, əgər tərəflər arasında təhvil veriləcək mənzilin sahəsində artım olunarsa, onda həmin mənzilin hər artıq 1 kv.m-nə görə 400 manat məbləğində təmir xərci “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir” və aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əlavənin 1.1.3cü bəndinə “Əgər “Tikinti Şirkəti” bu mənzili xx.xx.2021-ci il tarixinə qədər “Əmlak mülkiyyətçisi”nə təhvil verməzsə, onda bu mənzilin dəyərinin ödənişi ilə əlaqədar qalan məbləğlə əlaqədar yenidən 2 il müddətinə yeni ödəniş cədvəli tərtib edilərək, qalan məbləğ “Əmlak mülkiyyətçisi” tərəfindən həmin ödəniş cədvəlinə uyğun olaraq ödəniləcəkdir” sözlərinin əlavə edilməsi barədə qətnamə çıxarılmasın məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 69 saylı müqavilənin 1.1.2-ci və xx.xx.2019-cu il tarixli müqaviləyə Əlavənin 1.1.3-cü bəndlərində dəyişikliklər edilməsini xahiş etmişdir. Lakin, onun xahişi nəzərə alınmamış və cavabdeh tərəfindən bu müqavilədə qarşılıqlı razılaşma ilə düzəlişin edilməsi mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi, ev 15, mənzil 46-nın tikinti məqsədi ilə sökülməsi və onun əvəzinə ona mənzil verilməsi barədə onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilə və bu müqaviləyə əlavə olaraq xx.xx.2019-cu il tarixli 069/01 saylı müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 1.2-ci bəndində Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi, ev 15, mənzil 46-nın əvəzinə ona S.Zeynalov küçəsində inşa ediləcək yeni çoxmərtəbəli yaşayış binasından 50 kv.m mənzilin verilməsi göstərilmişdir. Eyni zamanda həmin müqavilənin 1.1.2-ci bəndində ona tikinti şirkəti tərəfindən mənzillə təmin edilənə qədər kompensasiya şəklində veriləcək kirayə haqqı və yeni mənzildə nəzərdə tutulan təmir xərcini nağd pul şəklində 35.000 manat məbləğində ona ödənilməsi göstərilmişdir. Nəzərə çatdırılmışdır ki, müqavilənin bu bəndi qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, bu bənddə ona ödəniləcək kirayə haqqının və təmir xərclərinin məbləği ayrı-ayrılıqda göstərilməmişdir. Eyni zamanda onun bu müqaviləyə edilmiş xx.xx.2019-cu il tarixli əlavədən də görünür ki, həmin müqaviləyə görə ona veriləcək mənzilin sahəsi 87.4 kv.m göstərilmişdir. Yəni birinci müqavilədə göstərilmiş mənzilin sahəsindən 37.4 kv.m artıq sahə göstərilmişdir. Lakin, bu artıq sahənin təmir pulu ona ödənilməmişdir. Həmçinin, kirayə haqqı da az hesablanmış və müqavilənin bağlanmasından 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq bugünə kimi mənzil ona təhvil verilməsinə baxmayaraq, əlavə qaldığı müddətə görə də ona kirayə haqqı ödənilməmişdir. Ona görə də onların arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 1.1.2-ci maddəsində dəyişiklik edilərək ödənilmiş 35.000 manat məbləğində pul yalnız müqavilə bağlanıldıqdan sonra 2 il üçün nəzərdə tutulmalı və həmin müddət bitdikdən sonra hər ay üçün əlavə 800 manat məbləğində kirayə haqqı ödənilməlidir. Eyni zamanda əlavə müqavilə ilə aldığı mənzilin sahəsi 37.4 kv.m artıq olduğu üçün həmin artıq sahənin təmirinə görə də 1 kv.m-ə görə 400 manat ödəmək şərtilə 14.960 manat məbləğində əlavə pul da ödənilməlidir. Həmçinin qeyd edilmişdir ki, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 2.2.4-cü bəndində göstərilmişdir ki, “yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili əmlak mülkiyyətçisinə təhvil verməyi tikinti şirkəti üzərinə götürür”. Bu bənddə göstərilmiş “yaşayış binasının bünövrəsi qoyulduqdan sonra” cümləsi qeyri-dəqiq, mücərrəd bir vaxt anlayışı kimi qəbul edilir. Belə ki, yaşayış binasının bünövrəsinin qoyulmasınınh dəqiq vaxtı müqavilədə göstərilmədiyindən, bu cümlə AR Mülki Məcəlləsinin tələblərinə görə qanunaziddir. Belə ki, hər bir bağlanan müqavilədə müqavilə öhdəliklərinin icrası müddəti dəqiq göstərilməlidir. Ona görə də hesab edilir ki, "xxxx" MMC tərəfindən üzərinə götürdüyü öhdəliklərin icrası müddəti dəqiq göstərilmədiyindən və artıq aralarında bağlanmış birinci müqavilənin bağlandığı müddətdən 4 ildən artıq vaxt ötməyinə baxmayaraq, "xxxx" MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmamışdır. Bu isə həm müqavilənin bir tərəfi kimi, həm də mülkiyyətçi kimi onun hüquqlarını pozur. Eyni zamanda əlavə maddi xərclər çəkməyə məcbur edir. Belə ki, aralarında bağlanmış razılaşmaya əsasən bu mənzil ona 24 ay müddətinə tikilərək təhvil verilməli idi. Ona da "xxxx" MMC tərəfindən bunu nəzərə alaraq 24 ay müddəti üçün kirayə haqqı ödənilmişdir. Lakin, yuxarıda qeyd etdiyi kimi, artıq həmin müqavilənin bağlanmasından 42 ay keçməsinə baxmayaraq, o mənzillə təmin olunmamışdır. Təbii ki, mülkiyyətində mənzilin olmadığı üçün də o kirayədə yaşamağa məcburdur. Lakin, "xxxx" MMC tərəfindən həmin 14 ay əlavə yaşadığı müddət üçün kirayə haqqı ödənilməmişdir. Ona görə də hesab edir ki, müqavilədə olan bu qanunazidd hallar aradan qaldırılmalı və aralarında bağlanmış bu müqavilələrdə müvafiq dəyişikliklər edilməlidir. Ona görə də aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 1.1.2-ci maddəsində “Əgər bu müqavilənin bağlanmasından sonra 2 il müddəti ərzində “Tikinti Şirkəti” tərəfindən “əmlak mülkiyyətçisi”nə mənzil təhvil verilməzsə, onda hər əlavə ay üçün 800 manat məbləğində kirayə haqqı “Tikinti şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir. Həmçinin, əgər tərəflər arasında təhvil veriləcək mənzilin sahəsində artım olunarsa, onda mənzilin hər artıq 1 kv.m-nə görə 400 manat məbləğində təmir xərci “Tikinti şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir” və aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əlavənin 1.1.3cü bəndinə “Əgər “Tikinti şirkəti” bu mənzili xx.xx.2021-ci il tarixinə qədər “Əmlak mülkiyyətçisi”nə təhvil verməzsə, onda bu mənzilin dəyərinin ödənişi ilə əlaqədar qalan məbləğlə əlaqədar yenidən 2 il müddətinə yeni ödəniş cədvəli tərtib edilərək, qalan məbləğ “Əmlak mülkiyyətçisi” tərəfindən həmin ödəniş cədvəlinə uyğun olaraq ödəniləcəkdir” sözləri əlavə edilməlidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddiası təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Müqavilənin surətindən görünür ki, 01 noyabr 2018-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Tikinti şirkəti) ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı (Əmlak mülkiyyətçisi) arasında müqavilə bağlanmış, həmin müqavilənin 1.1.1-ci bəndinə əsasən, əmlak mülkiyyətçisi ünvan 1 ünvanında yerləşən faktiki 25,79 kv.metrdən ibarət yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi, 1.1.2-ci bəndinə əsasən, tikinti şirkəti isə əmlak mülkiyyətçisini mənzil ilə təmin edən günədək kompensasiya şəklində veriləcək kirayə haqqını və yeni mənzildə nəzərdə tutulan təmir xərcini nağd pul şəklində 35.000 manatı əmlak mülkiyyətçisinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, Tikinti şirkəti ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və Sahib Zeynalov küçəsində yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 50,0 kv.metr təmirsiz mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndinə əsasən, bu müqaviləyə bütün əlavə dəyişikliklər maraqlı tərəfin rəsmi müraciəti və tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. Bu müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan əlavə razılaşma ilə rəsmiləşdirilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləyə əlavənin surətindən görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli Müqaviləyə 069/01 №-li Əlavə 01 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1.1-ci bəndinə əsasən, əmlak mülkiyyətçisi ünvan 1 ünvanında yerləşən faktiki 25,79 kv.metrdən ibarət yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 1.1.2-ci bəndinə əsasən, əmlak mülkiyyətçisi ilə 01 noyabr 2018-ci il tarixli 069 №-li bağlanmış müqavilədə qeyd olunan 50,0 kv.metr təmirsiz mənzilə ödəniş cədvəlinə uyğun 37,4 kv.metr sahə əlavə olunaraq ümumi sahə 87,4 kv.metr təşkil edir. Bu müqavilənin 1.1.3-cü bəndinə əsasən, əmlak mülkiyyətçisi 37,4 kv.metr əlavə sahəyə ödəniləcək 52.500 manat məbləğdən 10.500 manat nağd ödəniş edərək, qalan 42.000 manat məbləği 13 avqust 2019-cu il tarixindən 13 fevral 2021-ci il tarixinə qədər ödəniş cədvəlinə uyğun tikinti şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. 1.2-ci bəndinə əsasən, tikinti şirkəti ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və Azadlıq prospektində yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 87,4 kv.metr təmirsiz mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı tələblə bağlı pretenziya qaydasına riayət edərək məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə məktubla müraciət edərək təklifini bildirmiş, ona rəsmi qaydada məlumat verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Beləliklə, məhkəmə zamanı iclasda iştirak edən iddiaçının nümayəndəsinin izahatından, həmçinin iş materiallarından müəyyən edildi ki, tərəflər arasında xx.xx.2018ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, tikinti şirkəti tərəfindən sökülən mənzilin əvəzinə gələcəkdə tikiləcək olan binada sahəsi 50 kv.m olan mənzil əmlakın mülkiyyətçisinə (iddiaçı) verilməli idi. Həmçinin, müqaviləyə əsasən, mülkiyyətçi mənzillə tam təmin edilənə qədər kompensasiya şəklində 35.000 manat məbləğində pul (təmir haqqı) mülkiyyətçiyə verilməli idi. Lakin, həmin müqavilədə kirayə haqqı və təmir üçün ödənilməli olan pul məbləğləri ayrı-ayrılıqda qeyd edilməmişdir. Əlavə olaraq, xx.xx.2019cu il tarixli müqaviləyə əlavədə mülkiyyətçiyə əlavə olaraq 37.4 kv.m, ümumilikdə 87.4 kv.m sahənin verilməsi göstərilmişdir. Lakin, şirkət tərəfindən əlavə sahə ilə təmir haqqı da mülkiyyətçiyə ödənilməmişdir. Beləliklə, müqavilə qanunvericiliyin tələbləri pozularaq tərtib edilmiş, həmçinin qarşı tərəf müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hazırda iddiaçı müqavilələrin bəndlərində dəyişikliklər edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən, hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilə və xx.xx.2019-cu il tarixli müqaviləyə Əlavənin bəndləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia əsaslıdır. Belə ki, iş materiallarında olan müqavilələrdən göründüyü kimi, cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 50 kv. m sahədən ibarət mənzili onun mülkiyyətinə verməyi və 35.000 manat məbləğində kompensasiya ödənilməsini öhdəsinə götürsə də, bu öhdəlikləri yerinə yetirməməklə bərabər, eyni zamanda həm müqavilələri qanunvericiliyin tələblərini pozaraq tərtib etmiş, həm kirayə haqqını iddiaçıya ödəməmiş, həm də şərtləşdirilmiş müddətdə mənzili mülkiyyətçiyə təhvil verməmişdir. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Bu səbəbdən məhkəmə iddia tələbini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. İş materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsinin tələblərindən çıxış edərək, ilk öncə cavabdehə müraciət edərək, müqavilələrin dəyişdirilməsini təklif etsə də, lakin cavab ala bilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 1.1.2-ci maddəsində “Əgər bu müqavilənin bağlanmasından sonra 2 il müddəti ərzində “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə mənzil təhvil verilməzsə, onda hər əlavə ay üçün 800 manat məbləğində kirayə haqqı “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir. Həmçinin, əgər tərəflər arasında təhvil veriləcək mənzilin sahəsində artım olunarsa, onda həmin mənzilin hər artıq 1 kv.m-nə görə 400 manat məbləğində təmir xərci “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir” və aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əlavənin 1.1.3cü bəndinə “Əgər “Tikinti Şirkəti” bu mənzili xx.xx.2021-ci il tarixinə qədər “Əmlak mülkiyyətçisi”nə təhvil verməzsə, onda bu mənzilin dəyərinin ödənişi ilə əlaqədar qalan məbləğlə əlaqədar yenidən 2 il müddətinə yeni ödəniş cədvəli tərtib edilərək, qalan məbləğ “Əmlak mülkiyyətçisi” tərəfindən həmin ödəniş cədvəlinə uyğun olaraq ödəniləcəkdir” sözləri əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 1.1.2-ci maddəsində “Əgər bu müqavilənin bağlanmasından sonra 2 il müddəti ərzində “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə mənzil təhvil verilməzsə, onda hər əlavə ay üçün 800 manat məbləğində kirayə haqqı “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir. Həmçinin, əgər tərəflər arasında təhvil veriləcək mənzilin sahəsində artım olunarsa, onda həmin mənzilin hər artıq 1 kv.m-nə görə 400 manat məbləğində təmir xərci “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir” və aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əlavənin 1.1.3cü bəndinə “Əgər “Tikinti Şirkəti” bu mənzili xx.xx.2021-ci il tarixinə qədər “Əmlak mülkiyyətçisi”nə təhvil verməzsə, onda bu mənzilin dəyərinin ödənişi ilə əlaqədar qalan məbləğlə əlaqədar yenidən 2 il müddətinə yeni ödəniş cədvəli tərtib edilərək, qalan məbləğ “Əmlak mülkiyyətçisi” tərəfindən həmin ödəniş cədvəlinə uyğun olaraq ödəniləcəkdir” sözləri əlavə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar