Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3218/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 MTK-ya qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxx» ASC-yə və Cavabdeh2 MTK-ya qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-dən 5.835 manat 01 qəpik və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK-nın cavabdehlər siyahısından çıxarılaraq, üçüncü şəxs qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 MTK arasında 25 oktyabr 2016-cı il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən 23 saylı orta məktəbin yanında tikilməkdə olan 5-ci binanın 5-ci blokunun 4-cü mərtəbənin 25 saylı 2 otağına dair ********* saylı payçı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə o, ilkin ödəniş etmədən hər ay 487,50 manat olmaqla 240 ay (20 il) müddətinə mənzilin dəyərini Cavabdeh2 MTK-ya ödəməli idi. Mənzilin ümumi dəyəri 50.511 manat təşkil edir. Həmin pulu 25 oktyabr 2016-cı il tarixli 1-25-10-2016-QR-K9 saylı təminat krediti müqaviləsinə əsasən (onunla «xxxx» ASC arasında bağlanmış müqaviləyə əsasən) «xxxx» ASC Cavabdeh2 MTK-ya ödəmişdir (cəmi ödənilib 58.391 manat). Yuxarıda qeyd edildiyi kimi Cavabdeh2 MTK müqaviləyə əsasən binanın bünövrəsi qoyulduqdan sonra 17 ay müddətində mənzili təmir edib, ona təhvil verməli idi. O, 17.01.2018-ci il tarixdə mənzildən və pay hüququndan imtina etməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir. O, 17.01.2018-ci il tarixə qədər «xxxx» ASC-nin Sumqayıt filialına sözügedən mənzilə görə 7.204 manat 50 qəpik ödəniş etmişdir. Ödənilən 7.204 manat 50 qəpiyin 1.369 manat 49 qəpik hissəsi əsas borca görə, 5.835 manat 01 qəpik hissəsi faizə görə ödənilmişdir. Kredit verilərkən kredit məbləğinin 1 %-i, yəni 505 manat 11 qəpiyi komission haqqı kimi tutulmuşdur. Abşeron rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli 2(012)-3118/2019 saylı qətnaməsi ilə 7.204 manat pulun 1.369 manat 49 qəpiyinin Cavabdeh2 MTK-dan tutulması qət edilmişdir. Bildirir ki, onun müqavilədən imtina etdiyi tarixə, yəni 17.01.2018-ci ilə Cavabdeh2 MTK-ya borcu olmamışdır. Vaxtlı-vaxtında qrafikə uyğun kredit məbləğini ödəmişdir. Payçı müqaviləsindən imtinaya səbəb mənzilin ona vaxtında (bünövrəsi qoyulduqdan 17 ay sonra) təhvil verilməməsi olmuşdur. Cavabdeh tərəf olan Cavabdeh2 MTK sözügedən mənzilə görə ödəmiş olduğu 7.204 manat 50 qəpik kreditdən ona yalnız 1.369 manat 49 qəpiyi qaytarmamışdır. Hal-hazırda 5.835 manat 01 qəpik pul ödənilməmiş qalmışdır. Cavabdeh2 MTK həmin pulu ödəməkdən imtina edir. Səbəb kimi göstərir ki, ödəmiş olduğu 7.204 manat 50 qəpiyin 1.369 manat 49 qəpiyi əsas borc kimi Cavabdeh2 MTK-ya, yerdə qalan 5.835 manat 01 qəpik faiz kimi «xxxx» ASC-yə ödənilib. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X3 məhkəməyə iddia tələbinə yazılı etirazı təqdim edərək, İddiaçı «xxxx» ASC-yə qarşı pul tələbinə dair iddiasının rədd edilməli olmasını bildirdi. Belə ki, iddiaçının cavabdehlə bağladığı 25.10.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona Cavabdeh2 MTK-ya məxsus Sumqayıt şəhəri 9-cu mikrorayon 5-ci bina 5-ci blok 25 nömrəli mənzilin alınması məqsədi ilə 50.511 manat məbləğində kredit verilmişdir. İddiaçının bank qarşısında qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı kimi müvafiq mənzilin ipoteka ilə yüklü edilməsi və MTK-nın bank qarşısında zaminliyi çıxış edirdi. İddiaçı sonradan MTK-ya müraciət edərək, mənzildən imtina etmiş və mənzil MTK tərəfindən üçüncü şəxsə satılmış və MTK tərəfindən kreditin qalıq məbləği bank tərəfindən verilmiş bildiriş əsasında banka ödənilmişdir (qeyd edilən hallar Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli 2(105)-532/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir). İddiaçı onun tərəfindən kredit müqaviləsi üzrə banka ödənilmiş əsas borcun və faizin, ümumilikdə 7.204 manat 50 qəpiyin MTK tərəfindən ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə yekun məhkəmə aktı olaraq çıxış edən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli 2(105)-532/2020 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsinə dair (MTK-dan iddiaçının xeyrinə iddiaçı tərəfindən banka əsas borc üzrə ödənilmiş 1.369 manat 49 qəpik məbləğində vəsaitin tutulması hissəsində) Abşeron rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir (iddiaçı ilk baxış iclasında bu barədə bildirmişdir). İddiaçının hazırda 25.10.2016-cı il tarixli kredit müqaviləsi üzrə banka etdiyi faiz ödənişlərinin bankdan onun xeyrinə tutulması tələbinin əsassız olduğunu qeyd edərək, bildirirlər ki, bankla iddiaçı arasında bağlanmış kredit müqaviləsinin etibarlılığı heç bir məhkəmə mübahisəsinin predmeti olmamış, iddiaçı tərəfindən MTK-ya qarşı qaldırılmış iddia tələbləri üzrə məhkəmə prosesləri zamanı kredit müqaviləsi mübahisələndirilməmişdir. Kredit müqaviləsinə əsasən borc alan kredit üzrə əsas borc və faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmiş və borc alan tərəfindən ödənişlər müqaviləyə uyğun həyata keçirilmişdir. Eyni zamanda, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli 2(105)-532/2020 saylı qətnaməsində də həmin kredit müqaviləsinə istinad edilməklə, iddia tələbinə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən, İddiaçı «xxxx» ASC-yə qarşı pul tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(105)-532/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 MTK-nın Sumqayıt filialına və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs «xxxx» ASC-yə qarşı «pul» tələbinə dair iddiası Abşeron rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli 2(012)-3118/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh2 MTK-dan 25 oktyabr 2016-cı il tarixli ********* saylı payçı müqaviləsi üzrə 1.369 manat 49 qəpik və ödənilmiş dövlət rüsumuna görə 5 manat 70 qəpik pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli 2(012)-3118/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan qətnamə ilə müəyyən edilmiş hallar (Cavabdeh2 MTK tərəfindən iddiaçıya yalnız 1.369 manat 49 qəpik məbləğində vəsaitin ödənilməli olması) aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ faiz məbləği olmaqla, həmin pul bankdan iddiaçının xeyrinə tutula bilməz. Bank kredit müqaviləsi üzrə yalnız xidmət göstərir, bank tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. İddiaçı bankdan kredit almış, bank qarşısında öhdəlik götürmüş və banka faiz məbləği həmin müqaviləyə görə ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 MTK-ya qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 MTK-ya qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3218/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3218/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver