Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3219/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən **-CS-*** dövlət qeydiyyat nişanlı, Kia Rio markalı avtomobilə dəymiş ziyana görə İ-MİC- 7450/20 saylı sığorta müqaviləsi və zərər aktına əsasən 1.884 (min səkkiz yüz səksən dörd) manat məbləğində sığorta ödənişi, ödənilmiş 38.84 (otuz səkkiz manat, səksən dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət xərci alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan və etibarnamə əsasında X1 idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobil xx.xx.2021-ci il tarixində **-PE-*** dövlət qeydiyyat nişanlı Ravon R4 LTZ markalı avtonəqliyyat vasitəsinə qarşı qəza törətmişdir. **-CS-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobili xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə kimi "xxxx" ASC sığorta şirkətində İ-MİC-7450/20 saylı sığorta müqaviləsi ilə kasko sığortalanmışdır. Qəza barədə dərhal "xxxx" ASC-yə məlumat verilmiş və "xxxx" ASC-dən nümayəndə gələrək hadisəni qeydə almışdır. Bundan sonra müqavilə üzrə öhdəlik əsasında Kia Rio markalı avtomobili "xxxx" ASC tərəfindən təmir olunması üçün təyin olunan “X10” təmir mərkəzinə yönləndirilmişdir. “X10” tərəfindən tərtib olunmuş zərər aktına əsasən, **-CS-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1884 manat müəyyən olunmuşdur. Lakin, "xxxx" ASC heç bir əsas olmadan avtomobilin kommersiya məqsədilə istifadə olunduğunu qeyd edərək qanunsuz olaraq avtomobilin təmir olunmasından və ya sığorta ödənişinin verilməsindən imtina etmişdir. Halbuki, avtomobil faktiki olaraq kommersiya məqsədilə istifadə olunmadığı halda və ümumiyyətcə müqavilədə bu barədə heç bir qeyd edilmədiyi halda, həmçinin qəza zamanı avtomobil qanuni əsaslarla, etibarnamə ilə idarə olunduğu, hadisə vaxtı avtomobildə sürücüdən başqa heç kim olmadığı halda "xxxx" ASC qanunsuz olaraq heç bir sübut təqdim etmədən sığorta ödənişindən imtina etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ** CS *** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə İ-MİC-7450/20 nömrəli sığorta şəhadətnaməsi ilə (xx.xx.2020 - xx.xx.2021 tarixləri aralığına) "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2021-ci il tarixində X4 "xxxx" ASC-yə Ərizə ilə müraciət edərək əmlaka zərər dəydiyini bildirmişdir. Hadisə ilə bağlı ətraflı araşdırmalar aparıldıqdan sonra xx.xx.2021-ci il tarixində X2 və İddiaçı sözügedən müraciət üzrə "xxxx" ASC-nin məsuliyyətinin yaranmaması ilə əlaqədar məktub göndərilmişdir. Hal-hazırda isə iddiaçı həmin məktub ilə razılaşmayaraq sığorta ödənişinin ödənilməli olduğunu iddia etməkdədir. İşdə olan materiallar isə prosesin düzgün və tam tənzimləndiyini, "xxxx" ASC-nin müvafiq müraciət üzrə məsuliyyətinin yaranmadığını sübut edir. Belə ki: Sığorta müqaviləsi bağlanan zaman İddiaçı avtomobildən yalnız şəxsi (ailəvi) məqsədlər üçün istifadə olunacağını bildirmişdir. Avtomobildən hansı məqsədlərlə istifadə olunması məsələsi sığorta haqqının və azadolma məbləğinin miqdarına təsir edir. Lakin, xx.xx.2021-ci il tarixli müraciətdən sonra müəyyən olunmuşdur ki, əslində sığorta müddəti ərzində avtomobildən ödənişli sərnişin daşımaları üçün – taksi kimi istifadə olunmuşdur. Əgər İddiaçı avtomobildən taksi kimi istifadə olunacağını bildirsəydi, bu halda müvafiq sığorta müqaviləsi üzrə çox daha yüksək məbləğdə sığorta haqqı ödəmiş olacaqdı, eyni zamanda azadolma məbləğinin miqdarı da yüksək olacaqdı. Çünki, avtomobildən taksi kimi istifadə olunduqda onun hadisəyə uğrama ehtimalı yüksəkdir, bu səbəbdən buna müvafiq olaraq sığorta haqqının və azadolma məbləğinin miqdarı yüksək olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 911-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Eyni zamanda Mülki Məcəllənin 912-ci maddəsinin tələblərindən irəli gələrək sığortalının sığorta riskinin artması barədə məlumat vermək vəzifəsi vardır: sığortalı bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya məlumat verməlidir. İddiaçı isə avtomobildən istifadə məqsədləri ilə bağlı qəsdən yanlış məlumat vermiş, sığortaçını sığorta riskini qiymətləndirmək imkanından tam məhrum etmiş, bu isə Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina əsasıdır. xx.xx.2022-ci il tarixli hazırlıq iclasında tərəflərindən İddiaçı avtomobildən hansı məqsədlərlə istifadə olunduğu ilə bağlı suallar ünvanlanmışdır. Həmin suallara cavab olaraq iddiaçı avtomobildən yalnız şəxsi məqsədlər üçün istifadə olunduğunu, avtomobildən ümumiyyətlə taksi kimi istifadə olunmadığını bildirmişdir (bütün bunlar şifahi vəsatətilərinə əsasən məhkəmə iclas protokolunda qeyd olunmuşdur). Daha sonra hazırlıq iclasının gedişində tərəflərindən həm ümumiyyətlə sığorta müddəti ərzində, həm də hadisə baş verən tarixdə avtomobildən taksi kimi istifadə olunduğunu təsdiq edən fotoşəkillər (avtomobilin üzərində taksi şaşkasını, avtomobilə müştərinin müraciətini özündə əks etdirən) təqdim olunmuşdur. Fotoşəkillər MMX kameraları ilə çəkilmiş, həmin fotoşəkillərin çəkilmə tarixi, ərazisi qeyd olunmuşdur. İddiaçının yalnış məlumat verdiyini sübut edən materialların təqdim olunması iddiaçını karıxdırmışdır. Eyni zamanda "xxxx" ASC-nin qəza komissarı sözügedən müraciət üzrə hadisə yerinə gəldikdə hadisənin fotoşəkillərini çəkmiş, həmin fotoşəkillərdə ** CS *** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsinin sürücüsünün hadisə baş verdikdən dərhal sonra taksi şaşkasını sürücü oturacağının altında gizlətməyə çalışdığı öz əksini tapmışdır. Nəticə etibarı ilə İddiaçı yalnız "xxxx" ASC-ni deyil, eyni zamanda məhkəməni də yanıltmağa çalışmışdır. Göründüyü kimi "xxxx" ASC qanunvericiliklə və müqavilə ilə öhdəliklərini düzgün və tam icra etmiş, müvafiq müraciət üzrə isə məsuliyyəti yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, **-CS-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi hazırkı iş üzrə İddiaçı, etibar edilən isə X3r. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli, 1678/1 nömrəli "xxxx" ASC tərəfindən X2 ünvanlanan məktubdan görünür ki, X4 ilə "xxxx" ASC arasında **-CS-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobilin fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası növü üzrə sığortalanması üçün 28 dekabr 2020-ci il tarixində İ-MİC-7450/20 saylı sığorta müqaviləsi bağlanmışdır. 16 aprel 2021-ci il tarixində şirkətə müraciət edilərək, həmin avtomobilə zərər dəyməsi barəsində məlumat verilmişdir. Hadisə dərhal tərəflərindən qeydiyyata alınmış və təfərrüatları aydınlaşdırılarkən məlum olmuşdur ki, hadisə zamanı avtomobili kommersiya məqsədilə (taksi kimi) istifadə etmişdir. Avtomobilin sığortalandığı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” qaydalarının 23.1.5-ci maddəsinə əsasən, sığortalının avtomobil, sığorta olunan və sığorta hadisəsi barəsində sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək imkanından tam və ya qismən məhrum olduqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Ərizə formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmaq və sığorta müqaviləsi qüvvədə olan müddətdə riskin dərəcəsi dəyişdirilərsə bu barədə sığortaçıya məlumat vermək sığortalının vəzifəsidir. **-CS-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobil sığortalanarkən təqdim edilən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə ərizə formasında avtomobilin kommersiya məqsədilə deyil, yalnız şəxsi məqsədlərlə istifadə olunacağı bildirilsə də, həmin avtomobil taksi kimi istifadə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6-cı maddəsinə əsasən, "xxxx" ASC-nin 16 aprel 2021-ci il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli Hesablamanın nəticəsindən görünür ki, **-CS-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1884 (min səkkiz yüz səksən dörd) manat məbləğində müəyyən olunmuşdur İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP ******* seriyalı X8 Haqqında Qərardan görünür ki, 16 aprel 2021-ci il tarixdə X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanan 03 avqust 2021-ci il tarixli məktubdan görünür ki, sığorta hadisəsi ilə əlaqədar **-CS-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobilin taksi fəaliyyəti üçün lisenziyasının olub-olmaması ilə bağlı məktuba cavab olaraq bildirilir ki, sözügedən nəqliyyat vasitəsinə Bakı şəhərinin inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün sonuncu dəfə 22 iyun 2018-ci il tarixində fərqlənmə nişanı almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsi”ndən görünür ki, "xxxx" ASC tərəfindən **-CS-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobil üzrə sığorta predmetinin dəyəri 13.000 manat, şərtsiz azadolma məbləği 100 manat, sığorta haqqı isə 240 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan X4 tərəfindən verilən xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli şəhadətnamə ilə sığortalanmış Kia Rio markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Səbail rayonu ərazisində sığorta hadisəsinə uğramışdır. Mövcud şəhadətnamədə göstərilən risklər üzrə mənafeləri heç bir başqa sığortaçıda sığortalanmamış və baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərlə bağlı heç bir digər ödəniş almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 933.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi olduqda, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd olduqda və qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər olduqda sığorta ödənişi həyata keçirilir. 935.1.8-ci maddəsinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır. 935.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. 935.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 6.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. 13.1 maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır; 13.2 maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" ASC Sığorta Şirkəti ilə sığortalı İddiaçı arasında bağlanan xx.xx.2020-ci il tarixli, İ-MİC-7450/20 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnamə”yə əsasən İddiaçı məxsus KİA RİO markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KNADM412AD6134062. mühərrik nömrəsi G4FACS343473, buraxılış ili 2012-ci il olan minik avtomobili "xxxx"” Sığorta Şirkəti tərəfindən 13.000 manat məbləğində sığortalanmışdır. X1 idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobil xx.xx.2021-ci il tarixində **-PE-*** dövlət qeydiyyat nişanlı Ravon R4 LTZ markalı avtonəqliyyat vasitəsinə qarşı qəza törətmişdir. Qəza nəticəsində iddiaçıya məxsus **-CS-*** dövlət qeydiyyat nişanlı, Kia Rio markalı avtomobilə 1.884 manat məbləğində ziyan dəymişdir. Hadisə baş verdikdən sonra "xxxx" ASC -yə məlumat verilmiş və sığorta ödənişinin verilməsi xahiş edilmiş, lakin Sığorta şirkəti tərəfindən sığorta ödənişi bu günədək verilməmişdir. Cavabdeh sığorta hadisəsinin baş verməsini və dəymiş zərərin məbləğini (1884 manat) mübahisələndirmir. Lakin cavabdehin mövqeyi ondan ibarətdir ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə ərizə formasında avtomobilin kommersiya məqsədilə deyil, yalnız şəxsi məqsədlərlə istifadə olunacağı bildirilsə də, həmin avtomobil taksi kimi istifadə edilmiş, ona görə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6-cı maddəsinə əsasən, "xxxx" ASC-nin 16 aprel 2021-ci il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır. Lakin məhkəmə qeyd edir ki, göstərilən hal tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, İ-MİC-7450/20 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnamə”sinin şərtlərində nəzərdə tutulmadığı üçün, sığorta şirkətinin imtinası əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və 1.884 manat sığorta məbləğindən 240 manat azad olma sığorta haqqı məbləği çıxılmalı (1.884 manat - 240 manat = 1.644 manat), qalan 1.644 manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 38,84 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 38,84 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddia tələbi qismən təmin edilməklə, cavabdeh "xxxx" ASC-dən **-CS-*** dövlət qeydiyyat nişanlı, Kia Rio markalı avtomobilə dəymiş ziyana görə İ-MİC-7450/20 saylı sığorta müqaviləsi və zərər aktına əsasən 1.644 (min altı yüz qırx dörd) manat məbləğində sığorta ödənişi, ödənilmiş 38.84 (otuz səkkiz manat, səksən dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət xərci alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən **-CS-*** dövlət qeydiyyat nişanlı, Kia Rio markalı avtomobilə dəymiş ziyana görə İ-MİC-7450/20 saylı sığorta müqaviləsi və zərər aktına əsasən 1.644 (min altı yüz qırx dörd) manat məbləğində sığorta ödənişi, ödənilmiş 38.84 (otuz səkkiz manat, səksən dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3219/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3219/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver