Məhkəmə qərarları › İş №2(006)-322/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-322/2022

03.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-322/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Nizami rayon Enerji Satış İdarəsi tərəfindən tərtib olunmuş aktın etibarsız hesab edilməsi və akt üzrə hesablanmış 3.499 manat 80 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş mülkiyyətçi olan Vladimir Pereverzevin adından 3.499 manat 80 qəpik pulun ondan tələb edilməsinin cavabdehə qadağan edilməsi və onunla cavabdeh arasında abunə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 62 saylı evin 6 saylı mənzilini 11 mart 2021-ci il tarixdə almışdır. Sözügedən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və 11.03.2021-ci il tarixdən onun mülkiyyətindədir. Qeyd edir ki, elektrik sayğacının göstəricilərinə əsasən istifadə etdikləri elektrik enerjisinin dəyəri onlar tərəfindən vaxtı-vaxtında ödənilir. Buna baxmayaraq, "xxxx" ASC-nin Nizami rayon Enerji Satış İdarəsi tərəfindən enerji sərfıyyatına görə 3.499,80 manat borcun yarandığı bildirilmişdir. Bununla da, İdarənin işçiləri tərəfindən mənzilə elektrik enerjisinin verilməsinin dayandırılmasına dəfələrlə cəhd edilmişdir. Borcun olduğunu bildirsələr də, bununla bağlı akt və ya digər hər-hansı sənəd təqdim edilməmiş və borcun necə yaranmasından tam məlumatsızdır. Odur ki, məhkəməyə müraciət etmək qərarına qəlmişdir. Qeyd etmək istəyir ki, sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən ünvanda olan 64267244 nömrəli sayğac 22.06.2021-ci il tarixdə çıxarılmış, əvəzində **********7 nömrəli sayğac quraşdırılmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehin nümayəndələri ünvan 1-da elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmış, sayğaca baxış keçirilmişdir. Məlum olmuşdur ki, mənzildə sayğacdan kənar xətdən istifadə edilir. Belə ki, mənzilə gedən elektrik veriliş xətti söndürülmüş, lakin kondisioner işləmişdir. Mənzilin qapısı tərəflərindən döyüldükdən kondisioner söndürülmüşdür. Mənzilə daxil olub baxış keçirməyə icazələri olmadığından, kənar xətdən axan yükü ölçmək mümkün olmamışdır. Kənar xətt ləğv edilmişdir. Qeyd olunanlarla bağlı keçmiş mülkiyyətçi Vladimir Pereverzevin adına 26 iyun 2021-ci il tarixdə R seriyalı 192896 saylı akt tərtib olunmuşdur. Abonentin aktı imzalamaqdan imtina etdiyi və aktı tərtib edən şəxslərə güc tətbiq etdiyi qeyd olunmuşdur. Bundan sonra, itirilmiş elektrik enerjisinə görə 88,99 manat və 21 manat cəmi 109,99 manat borc hesablanmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş “abunə haqqında” arayışdan görünür ki, hazırda abonent Vladimir Pereverzevin 3.279,04 manat borcu vardır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 62 saylı evin 6 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin faktiki hallarından görünür ki, mənzilin yeni mülkiyyətçisi olan İddiaçı ilə cavabdeh arasında abonent müqaviləsi bağlanmamışdır. Lakin, İddiaçı mənzili aldığı vaxtdan sonra mənzildə faktiki olaraq elektrik enerjisindən istifadə etmiş və özünün real olaraq 59,43 manat borcu yaranmış, habelə 26.06.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən müvafiq olaraq 109,99 manat (88,99 + 21) borc hesablanmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı 169,42 manat (59,43+88,99+21) borcu vardır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı tələb edilən 3279,04 manat borc məbləğindən 169,42 manat borc məbləği onun istifadə etdiyi dövrə təsadüf etməklə ona məxsus borc olduğundan ondan tələb edilə bilərdi. Həmin məbləğdən 3109,62 (3279,04-169,42=3109,62) manat borc məbləği İddiaçı tərəfindən mənzil əldə edilənədək olan dövrə təsadüf etdiyindən həmin məbləğ İddiaçı tələb edilə bilməzdi. Habelə İddiaçı yuxarıda qeyd edilən mənzilin yeni mülkiyyətçisi olduğundan onunla "xxxx" ASC arasında abunə müqaviləsi bağlanmalıdır. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının mənzili aldığı dövrədək hesablanmış 3109,62 manat borcun iddiaçıdan tələb edilməsi cavabdeh "xxxx" ASC-yə qadağan edilməli, ünvan 1 ünvanı üzrə İddiaçı ilə abunə müqaviləsi bağlanması cavabdeh "xxxx" ASC-yə həvalə olunmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsində 3499,80 manat borc olduğu göstərilsə də “abunə haqqında” arayışdan görünür ki, hazırda abonent Vladimir Pereverzevin 3.279,04 manat borcu olduğu göstərilmiş, həmin borcdan da 169,42 manat borc məbləği İddiaçı istifadə etdiyi dövrə təsadüf etdiyindən elektrik enerjisindən faktiki istifadə etdiyi, habelə yuxarıda qeyd edilən akt üzrə hesablanmış borc məbləğidir və o, həmin borcu cavabdehə ödəməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mənzili aldığı dövrədək hesablanmış 3109,62 borcun ondan tələb edilməsi cavabdeh "xxxx" ASC-yə qadağan edilsin. ünvan 1 ünvanı üzrə İddiaçı ilə abunə müqaviləsi bağlanması cavabdeh "xxxx" ASC-yə həvalə olunsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar