Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-322/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə (X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı kredit müqavilələrinin etibarsız hesab edilməsi, kredit reyestrindən adının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında olan xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit xəttinin bağlanması, kredit reyestrindən adının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli GTZK8011544B299 nömrəli Kredit Müqaviləsi və xx.xx.2024-cü il tarixli X11 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmanın etibarsız hesab edilməsi, hər iki müqavilə üzrə kredit reyestrindən adının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: xx.xx.2024-cü il tarixdə axşam saatlarında dələduz şəxslər iddiaçıya zəng vuraraq özünü bankın əməkdaşı kimi təqdim edərək birbank proqramında yoxlama apardıqlarını bildirmiş, onun mobil telefonuna sonradan adını bildiyi "ANYDESK" proqramı vasitəsi ilə daxil olaraq onun adından onlayn 1000 manat kredit sifariş vermiş və 1500 manatlıq kredit xətti açmışlar, bir bank kartına kredit vasitəsi ilə pulun daxil olmasına nail olmaqla, həmçinin balansında olan 510 manat vəsaitlə birlikdə kreditdən və kredit xəttindən hesabına daxil olmuş vəsaiti, cəmi 3010 manat pulunu başqa hesaba köçürməklə mənimsəmişlər. Dərhal 196 qaynar xəttinə zəng vuraraq məlumat vermişdir. Ona bildirilmişdir ki, bu barədə polisə məlumat verməlidir. Bu barədə 102 xidmətinə müraciət etmişdir. Onun kartına onun videgörüntülü icazəsi olmadan kredit xətti ayrılması mümkünsüzdür. X8 kartını ona debet kart üçün istifadə edirdi və onlara kredit yox adi birkart üçün müraciət etmişdir. Onun iradə ifadəsi olmadan 2500 manat kredit ona ayrılmış, tanımadığı insanlar tərəfindən çəkilməsinə baxmayaraq onun adı qanunsuz şəkildə kreditor kimi hal-hazırda bank sistemində qeydiyyatdadır. Bir çox yerə və polisə rəsmi ərizə ilə müraciət etsə də pozulmuş huququnu bərpa edə bilməmişdir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Cavabdeh "xxxx" ASC hüquqlarını kobudcasına pozmağa davam edir. Onun video görüntülü icazəsi olmadan birbank kartına kredit xətti ayrılması qanunsuzdur. Cavabdehin etirazı: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə X11 Kart müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müştəri və bank təsdiq etmişdir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. xx.xx.2024-cü il tarixdə isə İddiaçı ilə bağlanmış GTZK8011544B299 nömrəli kredit müqaviləsinə əsasən müştəriyə 35 ay müddətinə, illik 32% dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmiş, həmçinin həmin tarixdə xx.xx.2022-ci il tarixli BRCB8735422A122 saylı birbank cashback kredit xətti //// X11 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşma bağlanmış və həmin müqavilənin 4.1-ci bəndinə əsasən kredit xəttinin yeni məbləği 1500 manat müəyyən olunmuşdur. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı tərəfindən bildirilənlər iş materiallarında olan sübutlar və işin halları ilə öz təsdiqini tapmır. İşin həqiq halları və iş materiallarında olan sübutlar iddiaçının özü tərəfindən kreditin götürülməsini və həmin kredit vəsaitinə sərəncamın verildiyini təsdiq edir. xx.xx.2024-cü il tarixli GTZK8011544B299 nömrəli Kredit Müqaviləsinə İddiaçı 35 ay müddətinə qaytarılması və kreditdən istifadəyə görə illik 32% ödənilməsi şərti ilə 1000 AZN məbləğində kredit vəsaiti müqavilə şərtlərinə (2.1 və 2.2-ci yarımbəndləri) əsasən iddiaçının adına açılmış 410100H**********299 nömrəli cari hesaba köçürülərək iddiaçının sərəncamına verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Bundan sonra iddiaçı tərəfindən özünə məxsus hesabına köçürülmüş kredit və həmin hesabda olan şəxsi vəsaitinə sərəncam verilərək, yəni iddiaçının istifadəsində olan və Banka məlum olan +**********57 mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə birdəfəlik 3D təhlükəsizlik kodları göndərilərək və onun tərəfindən müvafiq kod daxil edilməklə təsdiq edilərək uğurlu köçürülmə əməliyyatı icra edilmişdir (birdəfəlik 3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış mülki işin materiallarına əlavə edilmişdir). İddiaçı tərəfindən “Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli X11 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq mövcud kredit xətti limitinin artımı üçün müraciət edilmiş və xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X11 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilmiş və kredit xəttinin yeni məbləği 1500 AZN məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi tərəflər öz iradə ifadələrini bildirməklə aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını və formasını müəyyən etmişlər. Həmin qaydaya əsasən isə Birbank cashback kredit xətti //// X11 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanılmaqla tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB8735422A122 nömrəli Birbank Cashback Kredit Xətti Müqaviləsinin şərtlərinə dəyişiklik edilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qanunvericilikdən müqavilənin dəyişdirilməsi haqqında razılaşmanın bağlanılması tərəflər öz aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını müəyyən edə bilərlər və belə qayda müəyyən edildiyi təqdirdə müqaviləyə dəyişiklik həmin qaydaya əsasən edilə bilər. Həmçinin nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatların iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatların aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. Göründüyü kimi iddiaçının sərəncamına və razılığına əsasən sözügedən köçürmə əməliyyatları icra edilmiş və həmin köçürmə əməliyyatları kredit xəttindən istifadə edilərək kredit vəsaiti hesabına icra edildiyi üçün Banka ödənilməmiş borcu yaranmışdır. Bu səbəbdən iddiaçının iddia tələbi də qanunaziddir. Odur ki, məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, onun adından 1000 manat və 1500 manat məbləğində kredit götürüblər, 510 manat isə öz kartında olan pulu çəkiblər. Halbuki heç bir yerdə işləmir, təqaüd belə almır. Bankın özünə şəxsən kredit götürmək üçün müraciət etsə, ona nəinki cavabdeh bank, digər banklar da kredit verməkdən imtina edərlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, iddiaçıya təsdiq kodları göndərilib və iddiaçı onları qəbul etmişdir. Kredit ayrılanda videogörüntü də olur. Kamerada üz görüntüsü var. Bunun əsasında iddiaçıya kredit ayrılıb. Müştəriyə üz tanıma əsasında kredit verilir. Müqavilədə yazılıb ki, üçüncü şəxslərə bank məlumatlarının paylaşılmasına görə məsuliyyəti bank daşımır. Bank belə şeylərlə bağlı həmişə müştəriyə xəbərdarlıq edir. Məhkəməyə təqdim olunan şəkil xx.xx.2024-cü il tarixdə çəkilmiş şəkildir. 1000 manat kredit nağd sifariş olunub, 1500 manat isə debet kartı kredit kartına çevrilərək limit ayrılmışdır. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahat verərək bildirdi ki, İnternetdə “Paşa İnvestisiya” ilə bağlı reklamlar var idi, ordan qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçdikdən sonra ona zəng gəlmiş və özünü “X12”nın şöbə müdiri kimi təqdim edən şəxs investisiya layihəsi ilə bağlı qeydiyyatdan keçmək barədə istəyini soruşmuş, o isə şərtlər barədə məlumat almaq istədikdə 100 manatdan yuxarı pul qoya biləcəyini bildirmişdir Ona dedilər ki, “biz ordan dollar alışı və satışı edəcəyik, Siz də ordan pul qazanacaqsınız”. O 200 manat depozitə qoymaq istədiyini bildirmiş, həmin məbləği haraya ödəyəcəyini soruşduqda ona “m10” nömrəsi verilmişdir və 200 manat pulu ora ödəmişdir. Sonra ona bildirilmişdir ki, “sizin ətrafınızda kimlər investisiya edəcək, onları Sizin kartınızdan edəcəyik”. O da bunun qanuni olub-olmadığını soruşduqda hər şeyin qanun çərçivəsində olduğu nəzərinə çatdırılmışdır. Aparılmış əməliyyatların qəbzlərini də ona atmışdılar. Sonra “Birbank” tətbiqinə baxanda hesabına 1.850 manat, 35 manat, sonra da 940 manat pul köçürüldüyünü görmüşdür. İndi ona məlum oldu ki, həmin pullar iddiaçıya məxsus kartdan gələn məbləğlərdi. Cavabdeh ASC-dən ona zəng gəlmiş, ondan kredit sifariş veribvermədiyi soruşulmuş, o isə belə bir sifarişinin olmadığını bildirmişdir. Daha sonra bankın əməkdaşı kartını nömrəsini başqa şəxsə verib-verməməsini soruşmuş, o isə bunu təsdiqləmişdir. Bu zaman bankdan kartına müdaxilələr olunduğu barədə ona məlumat verilmişdir. Bundan sonra kartını dayandırmışdır. Onun hesabına gələn pullar onun iştirakı olmadan başqa hesablara köçürülmüşdür və bunları təsdiq edən qəbzlər də mövcuddur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2022-ci il tarixli X13 X9 əsasən bank İddiaçı xx.xx.2025-ci il tarixədək ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır. Kredit xəttindən istifadə edilə biləcək məbləğ ümumilikdə 15000 manat həddində müəyyən edilmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanması göstərilmiş xx.xx.2024-cü il tarixli X11 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilə üzrə kredit xəttinin yeni məbləği illik 35 faiz ödəmək şərtilə 1500 manat müəyyən olunmuşdur. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanması göstərilmiş xx.xx.2024-cü il tarixli GTZK8011544B299 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya ilik 25 faiz ödəmək şərtilə 35 ay müddətinə 1000 manat kredit verilmişdir. Cavabdeh ASC-nin ödəniş qrafikinə əsasən İddiaçı banka olan 1000 AZN borcu üzrə 35 ay müddətinə hər ay 44.30 manat ödəməlidir. İddiaçı Cavabdeh ASC-yə ünvanladığı ərizədən görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi və kredit xətti müqaviləsi onun iradəsinə zidd və tərəfindən təşəbbüs göstərilərək bağlanmadığından həmin müqaviləni ləğv etməsini xahiş etmişdir. Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı istifadəsində olan Cavabdeh ASC-yə məxsus plastik kartdan 2862 manat pul vahidi digər karta köçürməlkə oğurluq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3527/2024 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/1434 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən: - Tədqiqat obyekti sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 9T” markalı “M2010J19SG” modelli “**********96465, **********96473’’ İMEİ kodlu mobil smartfondur. - Tədqiq olunan mobil cihaz yaddaşında hal-hazırda mövcud olan bütün tətbiqlərə, yəni proqram təminatlarına baxış zamanı onların içərisindən «Birban» və «Anydesk» proqram təminatı müəyyən olunmadı. - Lakin mobil smartfonunun «Play Market» bölməsində mobil smartfonunu yaddışana quraşdırılıb və daha sonra silinmiş proqram təminatlarına aid siyahıda yəni, “Quraşdırılmayıb” adlı bölmədə “Birbank”, “Anydesk” və digər bir neçə proqram təminatının adları müəyyən olundu - Mobil smartfon yaddaşından Əldə olunan bütün rəqəmsal qeydlər təhlil olunduqdan sonra mobil smartfonun yaddaşından xx.xx.2024-cü ildə “Anydesk” proqram təminatının quraşdırılmasına dair rəqəmsal izlər aşkar olundu. - Məlumat üçün bildirilir ki, “Anydesk” proqram təminatı istifadəçi icazə verdiyi təqdirdə uzaqdan mobil cihaza qoşularaq həmin cihaz üzərində istənilən əməliyyatı aparmağa icazə verən tətbiqdir. - Tədqiq olunan mobil cihaz yaddaşında kriminalistik tədqiqatlarda istifadə olunan proqram təminatları vasitəsilə əldə olunmuş hesabatda həmin cihazın yaddaşında “Malware” tipli virusların olmasına dair hər hansı bir rəqəmsal iz aşkar olunmadı. Nəzərinizə çatdırılır ki, “Malware”- cihaz resurslarına, yaxud orada saxlanılan informasiyanı icazəsiz əldə etmək və onlardan istifadə etmək, cihaz fəaliyyətini yavaşlatmaq, yaxud istifadəçiyə ziyan vurmaq (məlumatı silmək, dəyişdirmək) üçün nəzərdə tutulmuş viruslar toplusudur. - Ekspertizanın təyini haqqında qərarda ekspert qarşısında qoyulmuş “xx.xx.2024-cü il tarixdə İddiaçı istifadəsində olan və cavabdeh "xxxx" ASC-yə məxsus BirBank Cashback Plus 416973****9016 nömrəli plastik kartla əməliyyatın (əməliyyatların) aparılması zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının “04” fevral 2022-ci il tarixli 04/2 №li qərar ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” nın və 14 iyul 2021 -ci il tarixli 20/1 №li qərar ilə təsdiq edilmiş "X1 idarə edilməsi Qaydası"nın tələblərinə əməl edilmişdirmi? sual məhkəmə kompyter texniki ekspertizanın həll məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır. Ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Maddə 339.3.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 746-2.5. İstehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Maddə 746-2.6. İstehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mərkəzi X7 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”: (hüquq münsibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 5.8. Məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya 6 nömrəli Əlavə ilə tənzimlənir. 5.9. Məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir. 5.13. Fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir.
“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na 6 nömrəli əlavəyə əsasən video eyniləşdirməyə dair tələblər məsafədən bank hesablarının açılması zamanı rezident hüquqi şəxsin qanuni təmsilçisinin, rezident fərdi sahibkarın, rezident və qeyri-rezident fiziki şəxslərin (bundan sonra – fiziki şəxs) video zəng, habelə mövcud müştərilərin həmçinin video çəkiliş vasitəsilə eyniləşdirilməsinə (bundan sonra birlikdə – video eyniləşdirmə) dair tələbləri müəyyən edir.
2. Video eyniləşdirmənin başlanmasından əvvəl görülən tədbirlər Video eyniləşdirmənin başlanmasından əvvəl yalnız şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı olan və mərkəzləşdirilmiş şəkildə yaradılan birdəfəlik qısa mesaj (SMS OTP) göndərilir. Göndərilən SMS OTP fiziki şəxs tərəfindən video eyniləşdirmənin aparıldığı interfeys vasitəsilə onlayn olaraq qeyd edilir. Həmin SMS OTP sistemdə uğurla təsdiqlənərsə, şəxsin mobil telefon nömrəsi təsdiq edilmiş hesab edilir. 3.1. Video zəng zamanı tətbiq edilən metod üzbəüz eyniləşdirmə metoduna (şəxsin fiziki olaraq bankın inzibati binasına yaxınlaşması zamanı tətbiq edilən metoda) bənzər və risklərin minimallaşdırılması əsasında hazırlanır. 3.2. Video zəng bu mövzuda təlimdən keçmiş bank əməkdaşı tərəfindən aparılır. 3.3. Video zəng zamanı bank əməkdaşının şəxsiyyətin eyniləşdirilməsi üçün istifadə edilə bilən sənədlərin xüsusiyyətlərini və bu sənədlər üçün tətbiq edilən etibarlı yoxlama metodlarını öyrənməsi, habelə dələduzluq və ya digər hüquq pozuntusu halları, bu Qaydanın və aidiyyəti digər hüquqi aktların tələbləri barədə məlumatlı olması təmin edilir. 3.4. Bank əməkdaşının ildə ən azı bir dəfə və ya bu Tələblərin 2.5-ci bəndinə uyğun olaraq hər bir yenilənmədən sonra video zəng prosesi, o cümlədən fərdi məlumatlar qanunvericiliyi barədə təlim keçməsi təmin edilir. 5.6. Video zəngin sonunda fiziki şəxsin ona göstəriləcək bank xidmətləri barədə məlumatlı olduğunu və bank müştərisi olmağa razı olduğunu şifahi təsdiq etməsi ilə proses başa çatır. 6.1. Video çəkiliş bankda hesabı mövcud olan müştərilər tərəfindən məsafədən bank hesabının açılması məqsədilə aparılır. 6.2. Video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə edir. 6.3. Video çəkilişin müddəti ən azı 10 (on) saniyə olmalıdır. 6.4. Təqdim olunan şəkillərin və video çəkilişin müraciət edən şəxsə mənsub olduğunu avtomatik rejimdə təsdiq etmək mümkün olmadıqda, bank video zəngin edilməsi ilə bağlı müştəriyə əlavə sorğu göndərə bilər. 6.5. Təqdim edilən şəxsiyyəti təsdiq edən sənədin həqiqiliyinin və həmin sənəd üzrə məlumatların yoxlanılması üçün dövlət informasiya sisteminə sorğu göndərilir və eyniliyi yoxlanılır. 6.6. Müştərinin həqiqiliyi ona aid video çəkilişdə və şəxsiyyəti təsdiq edən sənəddə əks olunan simalar (üz cizgiləri) bir-birinə uyğun olduğu təqdirdə təsdiq olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə özünü Cavabdeh ASC-nin əməkdaşı kimi təqdim etmiş şəxs iddiaçının mobil nömrəsinə zəng edərək Birbank proqramında yoxlama apardıqlarını bildirmiş, iddiaçının ötürdüyü şifrə əsasında onun mobil telefonuna "Anydesk" proqramı vasitəsi ilə daxil olaraq onun adından onlayn qaydada kredit sifariş verilmiş və kredit xətti açılmasına nail olunmuşdur. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi və eyni tarixli X11 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma əsasında Cavabdeh ASC iddiaçıya məxsus plastik kart hesabına müvafiq olaraq 1000 və 1500 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan üçüncü şəxs qismində işə cəlb edilmiş X2 hesabına, ondan isə başqa hesablara köçürülmüşdür. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Əməliyyatlardan bir neçə dəqiqə sonra iddiaçı ona kredit ayrıldığını görmüş və həmin pulun başqa karta yükləndiyi əks olunmuşdur. Dərhal 196 qaynar xəttinə, habelə polisə məlumat vermişdir. Hazırda İddiaçı Cavabdeh ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi, kredit xəttinin bağlanması, kredit reyestrindən adının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir və iddiasını xx.xx.2024-cü il tarixdə 1000 manat kreditin götürülməsinin, habelə kredit limitinin artırılaraq 1500 manat müəyyən edilməsinin onun tərəfindən icra edilmədiyini, kredit götürmək niyyətinin olmadığını, ona zəng edən şəxs tərəfindən aldadılmaqla, yəni, onun bank əməkdaşı olmasına inandırılmaqla təhlükəsizlik kodunu ötürməsi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək iddiaçının təqsiri üzündən sözügedən əməliyyatların aparılmasının baş verdiyini, həmin əməliyyatların məxfi saxlanılmalı olan məlumatların üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparıldığını, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə bankar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyətin müştəriyə aid olmasını, debet kartın verilməsinə dair iddiaçı ilə bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə (1500 manat kredit limitinin ayrılmasına münasibətdə) müştərinin məsuliyyət daşımasına dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi X7 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası VƏ video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. (5.5.2.) Bundan başqa bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. İddia tələbindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ASC ilə bağlanmış 1000 manat kreditin verilməsinə dair xx.xx.2024-cü il tarixli GTZK8011544B299 nömrəli Kredit Müqaviləsi və 1500 manat kredit limitinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli Əlavə Razılaşma mübahisələndirilir. Məhkəmə ilk növbədə 1500 manat kredit limitinin ayrılmasına dair xx.xx.2024cü il tarixli Əlavə Razılaşmaya münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh bank İddiaçı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış X11 Kart müqaviləsindən irəli gələrək ona onlayn müraciəti əsasında xx.xx.2024-cü il tarixdə 1500 manat limitin ayrıldığını, kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün üztanıma əməliyyatı aparılmadan kredit xəttinin yenilənə bilinməsini və buna görə də xx.xx.2024-cü il tarixli müqavilə bağlanarkən bank tərəfindən qaydalara əməl olunmasını iddia edir. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda adıçəkilən qaydalarda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. Qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya gücləndirilmiş müştəri autentifikasiyası (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırkı halda isə bank tərəfindən iddiaçıya 1500 manat kedit limitinin ayrılması zamanı yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, səs tanınması, barmaq izi və s. kimi elementlərdən istifadə təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, bankın “müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin məsuliyyət daşıması”na dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək məsuliyyəti yalnız müştərinin üzərinə yükləməklə, özünü baş verə biləcək neqativ hallardan sığortalaması, mövcud reallıq üzrə baş verən dələduzluq hallarının yayılması fonunda bank müvafiq problemlərlə bağlı məhkəmənin icraatında kifayət qədər analoji işlərin olmasını bildiyi halda, təhlükəsizlik tədbirlərini lazımi qaydada, yəni, yuxarıda göstərilən tələblərə uyğun həyata keçirməmişdir ki, bu da saysız-hesabsız məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarmışdır. Halbuki Qaydaya 6 saylı əlavədə video eyniləşdirmə zamanı mümkün əməliyyat və digər risklər nəzərə alınaraq lazımi səviyyədə təhlükəsizlik tədbirləri görülməsi, eləcə də tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 8.2-ci yarımbəndində “Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir” müddəası nəzərdə tutulmuşdur. Göstərilən qaydalarda müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda cavabdeh bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən 1500 manat məbləğində kredit limitinin ayrılmasına dair müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına salır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın görünür ki, o, həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilməsi ehtimal edilən cinayətlə əlaqədar aidiyyəti orqanlara – Cavabdeh ASC-nin 196 qaynar xətt xidmətinə, Daxili işlər Nazirliyinə, Qaradağ Rayon Polis İdarəsinə müraciətlər ünvanlamışdır. Göründüyü kimi iddiaçı kredit limitinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli Əlavə Razılaşmanın onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3) müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. Göründüyü kimi İddiaçı debet kartı kimi istifadə etdiyi plastik kart üzrə ona limitin ayrılması ilə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın kredit götürülmə ilə bağlı dələduzluq hallarının yayıldığı vaxtda bundan məlumatlı olaraq, təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi ucbatından onun tərəfindən götürülməmiş 1500 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır. Qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən kredit müqaviləsinin etibarlı sayılması, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin yaranması üçün digər əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, h də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar). Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Göstərilənlərə əsasən məhkəmə yalnız yazılı və formal hallarla kifayətlənməyərək, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab edir ki, xx.xx.2024-cü il tarixli X11 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır. Məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından qeyd edir ki, kredit müqaviləsi etibarsız hesab edildiyi hallarda, belə bir tələb olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi həll edilməlidir. Məhkəmənin qənaətinə görə hazırkı halda etibarsız hesab edilən xx.xx.2024cü il tarixli Əlavə razılaşma üzrə restitusiya (müqavilə üzrə götürülmüş kreditin qaytarılması ilə bağlı) tətbiq olunmasına zərurət yoxdur. Belə ki, MM-in 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə birbirilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırkı işin hallarından isə mübahisələndirilən Əlavə Razılaşma bağlanarkən İddiaçı tərəfindən hər hansı pul vəsaitinin əldə edilmədiyi müəyyən edilmişdir. Bununla belə cavabdehə restitusiya qaydasında faktiki krediti götürmüş şəxs(lər)ə qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilir. Eyni zamanda məhkəmə tərəfindən pulun kimin hesabına köçürülməsinin müəyyənləşdirilməsindən ötrü müvafiq araşdırmalar aparılmış, Kapital Bank" ASC-dən İddiaçı adına olan kartdan xx.xx.2024-cü il tarixdən aparılan maliyyə əməliyyatları barədə məlumatların götürülməsi ilə bağlı qərardadın icrası nəticəsində məbləğin hazırkı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş X2 hesabına, daha sonra isə ayrı-ayrı hesablara köçürülməsi müəyyən edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi 1500 manat kredit limitinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli Əlavə Razılaşmanın etibarsız hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə Cavabdeh ASC ilə bağlanmış 1000 manat kreditin verilməsinə dair xx.xx.2024-cü il tarixli GTZK8011544B299 nömrəli Kredit Müqaviləsinə münasibətdə isə qeyd edir ki, Əlavə razılaşmadan fərqli olaraq iddiaçıya 1000 manat kreditin verilməsinə dair sözügedən müqavilə yuxarıda adıçəkilən qaydalara riayət edilməklə, videoeyniləşdirmə aparılmaqla bağlanmışdır. Belə ki, bank tərəfindən məhkəməyə təqdim edilmiş daşıyıcıda olan video görüntüdən görünür ki, müvafiq müqavilə bağlanarkən iddiaçının videosu qeydə alınmış və həmin görüntünün şəxsiyyəti təsdiq edən sənəddə əks olunan simalar (üz cizgiləri) ilə bir-birinə uyğunluğu müəyyən edilmiş və yalnız bundan sonra iddiaçı ilə GTZK8011544B299 nömrəli Kredit Müqaviləsi bağlanmışdır ki, bu da Mülki Məcəllənin 339.3-cü maddəsinin dispozisiya şərtinin ödənilməməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, həmin maddəyə əsasən, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi videoeyniləşdirmə aparılan zaman bankın iddiaçıya qarşı törədilən aldadılma halından xəbərdar ola bilməsi ehtimalı müəyyən edilmir. Ona görə də məhkəmə iddianın “xx.xx.2024-cü il tarixli GTZK8011544B299 nömrəli Kredit Müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “hər iki müqavilə üzrə kredit reyestrindən adının silinməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli X11 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma etibarsız hesasb edildiyindən, həmin razılaşma üzrə İddiaçı reyestrdə Cavabdeh qarşısında xx.xx.2024-cü il tarixli Əlavə Razılaşma üzrə icra edilməmiş öhdəliyi (borcu) olan şəxs kimi qalması üçün hər hansı qanuni və müqavilə əsası yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin müqaviləyə dair hissədə təmin edilməlidir. Lakin digər - xx.xx.2024-cü il tarixli GTZK8011544B299 nömrəli Kredit Müqaviləsinin etibarsız sayılması hissəsində iddia rədd edildiyindən, bu da həmin müqavilə üzrə iddiaçının kredit reyestrindən adının silinməsi tələbinin rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC ilə xx.xx.2024-cü il tarixli “X11 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma” etibarsız hesab edilməli, həmin razılaşma üzrə İddiaçı adının kredit reyestrindən adının silinməsi ilə bağlı bank tərəfindən tədbirlər görülməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu tərəflər arasında münasib surətdə bölüşdürülərək 50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat tərəflərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanması göstərilmiş xx.xx.2024-cü il tarixli “X11 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma” etibarsız hesab edilsin və həmin Razılaşma üzrə İddiaçı adının kredit reyestrindən silinməsi ilə bağlı Cavabdeh ASC tərəfindən tədbirlər görülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat tərəflərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Həbibə Miriyeva