Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-323/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında banka qoymuş olduğu pul vəsaitlərinə görə hər ay faizləri ona qaytarılmaq şərti ilə bağlanmış müqavilədə saxtakarlıq edilərək pullarının və aylıq faizlərinin mənimsənilməsini nəzərə alaraq bank tərəfindən bağlanmış, lakin ona verilməmiş müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, əlində olan pulu hər ay dolanışığına kömək etsin deyə, hər ay faizini almaq məqsədi ilə banka qoymaq qərarına gəlmişdir. Bu məqsədlə də 2015-ci ildə Cavabdeh ASC-yə 6.000 manat pul qoymuşdur. Həmin puldan 5.000 manatı 2016-cı ildə bankdan çıxarmışdır. 1.000 manat bankda pulu qalmışdır. 2016-cı ilin müəyyən dövrü üçün bankın verəcəyi 720 manat faizdən əmələ gəlmiş pul bank tərəfindən ona verilməmişdir. 2017-ci ildə bankda qalan 1.000 manatın faizini 8 %-lə, 2018-ci ildə isə həmin pulun gəliri 9 %-lə hesablanaraq ona verilmişdir. 2019-cu ilin mart ayının 01-də yenidən banka gələrək bildirmişdir ki, 2016-cı il tarixdə götürdüyü 5.000 manat pulu yenidən banka qoymaq istəyir. Onlar ayın 10-da gəlməsini bildirmişlər. O, ayın 11-də banka gəlmiş və pul qoymaq istədiyini bildirmişdir. Bildirmək istəyir ki, o, 16 il müddətində bu bankın müştərisi olmuşdur və onlara böyük inamı vardır. Odur ki, 5.000 manatın qeydiyyatını apararkən onların qeydləri ilə maraqlanmamışdır. Həmçinin imza etməsi üçün ona təqdim olunan sənədləri də oxumadan imza etmişdir. Sonuncular həmçinin ona 2 ədəd təmiz çekə də imza etdirmişlər. Artıq sonradan ona məlum olmuşdur ki, sonuncular ona bankda qalmış 1.000 manat pulun və onun faizlərinin guya onun tərəfindən çıxarılmasını təsdiq edən sənədlərə imza etdirmişlər. Bu yolla da ona nə 1.000 manat pulu, nə də onun faizini verməmişlər. Həmçinin 2 aydan sonra bilmişdir ki, banka qoyduğu 5.000 manatı 2.500 manat yazmaqla, 2.500 manat pulu mənimsəmişlər. Əmanət kitabçasında olan vərəqin dəyişdirilməsi və başqa vərəqin oraya tikilməsi açıq-aydın görünür. Vərəqin bir tərəfində, yəni lap yuxarıda olan bəzəkli hissə hissə digər vərəqdəki ilə eyni bərabərdə deyildir. Həmçinin vərəqin kitabçaya tikilməsi olduqca kobud şəkildə yerinə yetirilmişdir. O, bunları gördükdən sonra bankın müdirini görmək üçün banka getmişdir. Nə qədər gözləmişsə də, müdiri görə bilməmişdir, ancaq işçi qız ona bildirmişdir ki, hər şey qaydasındadır. Həmçinin, onu da qeyd etmək istəyir ki, qabaqcadan bankda olan 1.650 manat pulun və digər pulun depoziti eyni ayın 07-nə düşdüyü üçün vəziyyətdən istifadə edib vərəqi dəyişdirmişlər. O, işin üzərinə ciddi düşdüyü üçün ona bildirmişlər ki, o, 3.500 manatı digər kitabçaya qoymuşdur. Ancaq bildirir ki, bu pul onun hesabında köhnədən var idi. O, müqaviləni tələb etmiş və müqavilənin əslini deyil, onun kserosurətini gətirmişlər. O, orada yəqinliklə görmüşdür ki, müqavilədə olan imza onun imzası deyil. Beləliklə, Cavabdeh ASC-nin işçiləri tərəfindən ona xeyli ziyan vurulmuşdur. Yəni, bankda olan 1.000 manat və onunla bərabər 720 manat faizi, 2.500 manat məbləğində pulu (5.000 manatdan bank tərəfindən mənimsənilən 2.500 manat) bank tərəfindən mənimsənildiyi üçün ona qaytarılmamışdır. Bu işlə əlaqədar polisdə və prokurorluqda olmuşdur. Ona bildirmişlər ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etsin. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, ekspert rəy verib ki, kitabçalar dəyişilməyib. 2500 manat mədaxillə bağlı sənəddə Mahirə xanımın imzası var. İddia əsassızdır. İddiaçı Rübabə barədə polisə və prokurora şikayət verib. Oradakı araşdırmadan bir şey çıxmayıb. Sonda o, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli 4/631; 5/499 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 79-82-ci vərəqlərindəki əmanət kitabçasının vərəqələrinin surətləri tədqiq olunan Cavabdeh ASC-nin Nəsimi filialının İddiaçı adına NZDPM-0340 nömrəli əmanət kitabçasının 1, 2, 3, 4, 5-ci səhifələrinin və 6-7-ci səhifələrdəki ilk beş sətirdəki yazıların surətləridir. Tədqiqata təqdim edilmiş mülki işin 83-85-ci vərəqlərdəki əmanət kitabçasının vərəqlərinin surətləri tədqiq olunan Cavabdeh ASC-nin Nəsimi filialının İddiaçı adına NZDPM-0736 nömrəli əmanət kitabçasının 1, 2, 3-cü səhifələrinin və 4-5-ci səhifələrdəki ilk sətirdəki yazıların surətləridir. Aparılmış tədqiqatının dəyəri 112 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2021-ci il tarixli 4/1664; 5/1288; 5/1289 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adına olan 2 ədəd əmanət kitabçalarında eyni tarixə aid olan əlyazmalar – eyni şəxs tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM- 0340 və NZDPM-0736 nömrəli əmanət kitabçalarının blankları mətbəə çap üsulu ilə hazırlanmışdırlar. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM- 0340 və NZDPM-0736 nömrəli əmanət kitabçaları formalarına görə öz aralarında eynilik təşkil etmirlər. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM- 0736 nömrəli əmanət kitabçasının orta hissəsində olan dəmir sancaqları açılmamış və vərəqlər dəyişdirilməmişdir. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM- 0340 nömrəli əmanət kitabçasının orta hissəsində olan dəmir sancaqlar açılmış və yenidən tikilərək tamlığı pozulmuşdur, vərəqlərin sonradan əlavə edilməsini göstərən əlamətlər müəyyən edilmədi. Tədqiqata təqdim olunmuş Cavabdeh ASC-nin NZDPM-0736 nömrəli əmanət kitabçasının 1-ci səhifəsi üzrə əlyazıları və imza, 2-ci və 3-cü səhifələri üzrə 1-9-cu, 11-13cü və 15-ci sətirlərdəki əlyazıları və imzalar, 14-cü sətirdəki «20» rəqəmindən başqa digər əlyazıları və imza, 4-cü və 5-ci səhifələri üzrə 1-ci, 4-15-ci sətirlərdəki əlyazıları və imzalar, 6-cı və 7-ci səhifələri üzrə bütün əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 2-ci və 3-cü səhifələri üzrə 10-cu sətirdəki əlyazıları və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 4-cü və 5-ci səhifələri üzrə 2-4-cü sətirlərdəki əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiq olunan Cavabdeh ASC-nin NZDPM-0340 nömrəli əmanət kitabçasının 1-ci səhifəsi üzrə «NZDPM-0340» əlyazıları və imza, 2-ci və 3-cü səhifələri üzrə 5-7-ci, 13-15ci sətirlərdəki əlyazıları və imzalar, 4-cü və 5-ci səhifələri üzrə «HESAB№» sözünün qarşısındakı rəqəmlər, 1-ci, 2-ci, 6-8-ci sətirlərdəki əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 4-cü və 5-ci səhifələri üzrə 9-15-ci sətirlərdəki əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 1-ci səhifəsi üzrə «Nizami **********94427177 İddiaçı» əlyazıları, 2-ci və 3-cü səhifələri üzrə «Hesab№» sözünün qarşısındakı rəqəmlər, 1-4-cü sətirlərdəki əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 2-ci və 3-cü səhifələri üzrə 8-12-ci sətirlərdəki əlyazıları və imzalar, 4-cü və 5-ci səhifələri üzrə 2-4-cü sətirlərdəki əlyazıları və imzalar, 6-cı və 7-ci səhifələri üzrə bütün sətirlərdəki əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmək kitabçasının 8-ci və 9-cu səhifələri üzrə əlyazıları və imzalar rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim olunmuş NZDPM-0736 nömrəli əmanət kitabçasının bütün vərəqləri fiziki xasiyyətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş NZDPM-0340 nömrəli əmanət kitabçasının bütün vərəqləri fiziki xüsusiyyətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatının dəyəri 127 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Mahirəni tanıyır. Özü əməliyyat şöbəsinin rəisidir. Orada mədaxildə onun imzası yoxdur. Mahirənin yaşına hörmət etdiyindən onu əməkdaşlar yox, özü qəbul etdi. Həmin kitabçada bir neçə əməkdaşın imzası var. Kitabçanı müdirin yanına ona görə aparmışdı ki, müdir özü soruşdu ki, Mahirə xanımın nə problemi var. Mahirə xanım hər dəfə gələndə özü ilə hansı kitabçanı gətirirdisə, köçürülən pulu həmin kitabçada qeyd edirdilər. Kitabça sökülməyib. O, bildirdi ki, mədaxildə iştirak etməmişdir və imza onun imzası deyil. Göründüyü kimi, iddiaçı iddia tələbini əsaslandırarkən subyektiv mülahizələrə istinad etmiş, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərdən başqa, Azərbaycan Respublikası Mərkəzi Bankının 12 noyabr 2020-ci il tarixli 26-17166-2020 saylı məktubundan və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 avqust 2019-cu il tarixli ********** saylı məktubundan görünür ki, 07 mart 2016-cı il tarixli müqavilə üzrə 6.000 manat əmanət iddiaçıya geri qaytarılmışdır. 11 mart 2019-cu il tarixdə 2.500 manat, 12 mart 2019-cu il tarixdə 3.500 manat vəsait əmanətə yerləşdirilmişdir. Qeyd olunan əməliyyatlar üzrə tərtib edilmiş əmanət müqavilələri və kassa məxaric/mədaxil orderlərinin təsdiq edilmiş nüsxələri əməliyyatlar zamanı iddiaçıya təqdim edilmişdir. Əmanət müqavilələrinin şərtlərinə uyğun olaraq 2017-ci və 2018-ci illər üçün hesablanmış faizlər, müştərinin imzası ilə təsdiq edilmiş kassa məxaric orderlərinə əsasən ödənilmişdir. Bundan başqa, mübahisələndirilən əmanət müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslardan heç biri mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 112 manat və 127 manat olmaqla, cəmi 239 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 112 manat və 127 manat olmaqla, cəmi 239 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-323/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-323/2022
26.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver