Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-324/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, Ərizəçi (Bakı şəhəri Nəsimi RİH Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi rayon İcra Hakimiyyətini (Qəyyumluq və Himayəçilik Komissiyasını) maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, 27.10.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 27.10.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş X5 onun övladıdır. X6 2016-cı ildən mərkəzi sinir sisteminin orqanik zəifliyi, kəskin ağıl zəifliyi diaqnozu ilə müalicə olunur. Bununla bağlı övladına İİ qrup əlil statusu verilmişdir. Oğlu artıq 6 ildir ki, müxtəlif müalicə vasitələrindən istifadə etsələr də, müalicəsi mümkün deyil. Oğlu onun himayəsindədir və övladının qayğısına bir ana kimi özü qalır. Övladı öz hərəkətlərinin hüquqi nəticələrini dərk etmir. Övladının hərəkətlərinin hüquqi nəticələrini dərk etməməsi nəticəsində banklarda, digər dövlət qurumlarında onun əlilliklə bağlı hər hansı hərəkətləri yerinə yetirməsi mümkün deyil. Digər tərəfdən, öz əmlakı barəsində sərəncam verməklə bağlı hüquqi prosedurları həyata keçirmək imkanına malik deyil. Bu da onların mülkiyyət hüquqlarının həyata keçirilməsini imkansız edir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini qeyd etmiş, vəziyyətinin nəzərə alınaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun ifadə verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, ərizəyə ərizəçinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə (Qəyyumluq və Himayəçilik Komissiyası) məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi 27.10.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 anasıdır. İş materiallarına əlavə olunmuş tibbi sənədlərlə tanış olduqdan sonra, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2(006)-5533/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 31.03.2022-ci il tarixli 770 saylı ekspert rəyindən görünür ki, X4 şizofreniya paranoid forma (F20.0) xroniki psixi xəstəliyi müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən göründüyü kimi, X1 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27.10.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-324/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-324/2022
28.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver