Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3254/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kommunal xidmətlərə görə hesablanmış borcun yeni mülkiyyətçidən tələb edilməməsi, müqavilənin bağlanması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kommunal xidmətlərə görə hesablanmış borcun yeni mülkiyyətçidən tələb edilməməsi, müqavilənin bağlanması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil aid **********00264 nömrəli abonent kodu üzrə keçmiş abonent Mariyə Ramazanovaya hesablanmış 928,36 (doqquz yüz iyirmi səkkiz manat 36 qəpik) manat borcun İddiaçı tələb edilməməsi, cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında yaşayış sahəsinin enerji təchizatı ilə təmin edilməsinə dair alqı-satqı müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Sonradan İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürciət edərək məhkəmədən Quba rayonu, Əzizbəyov kücəsi, 42 ünvanında yerləşən mənzilə aid **********00264 nömrəli abonent kodu üzrə hesablanmış 919,06 manat borc məbləğinin silinməsi və cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında yaşayış sahəsinin enerji təchizatı ilə təmin edilməsinə dair alqı-satqı müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: 14 may 2024-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 70,4 kv.m olan yaşayış sahəsi "Satıcı” X4 tərəfindən “Alıcı” İddiaçı samışdır. Alqı-satqı müqaviləsi Quba regional “ASAN Xidmət’’ mərkəzindəki notariat kontorunda bağlanmış və reyesterdə 4Ə-1414 № ilə qeydiyyata alınmışdır. Hazırda həmin əmlaka daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün müraciət edilmişdir. İddiaçı tərəfindən alqı-satqı əməliyyat aparıldıqdan sonra kommunal xidmətlər bölməsində istehlakçının adına keçirilməsi zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 70,4 kv.m olan yaşayış sahəsinə münasibətdə əvvəlki dövrlər üzrə borc məbləği mövcuddur, hansı ki, həmin borc məbləği alqı-satqı müqaviləsi imzalanan zaman aşkar olunmamışdır. ASAN Kommunal xidmət mərkəzinə müraciət edilən zaman cavabdeh tərəfindən təqdim edilmiş - abonent Kartı çıxarışından bəlli olmuşdur ki, abonent kodu **********00264, müqavilə nömrəsi 359267 olan, abonentin ad və soyadı Mariya Ramazanova olan və ünvan 4 ünvanında yerləşən mənzilin 928,36 (doqquz yüz iyirmi səkkiz manat 36 qəpik) manat borcu mövucddur. Həmin borcun 132,20 (bir yüz otuz iki manat 20 qəpik) manat hissəsi BARMEK borcu, 786,86 (yeddi yüz səksən altı manat 86 qəpik) manat, 9,16» (doqquz manat 16 qəpik) manat olmaqla xx.xx.2015-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il dövrlərini əhatə edir. Qeyd edilməlidir ki, İddiaçı tərəfindən mənzil xüsusi mülkiyyət hüququ ilə əldə edilən zaman həmin mənzilin kommunal borclarının olması müəyyən edilmiş və buna uyğun olaraq digər kommunal xərclərlə bərabər istifadə edilmiş enerji dəyərinə görə həmin an mövcud olmuş 60 (altmış) manat pul məbləği hesab mədaxil edilmiş, başqa borc məbləği müəyyən edilməmişdir. Mənzil əldə edildikdən sonra iddiaçı tərəfindən cavabdehə müraciət edilərək işıq sayğacının onun adına quraşdırılması xahiş edilsə də, əvvəlki dövlər üzrə 928,36 (doqquz yüz iyirmi səkkiz manat 36 qəpik) manat borcun olduğu bildirilmişdir. İddiaçı məhz mənzilin onun xüsusi mülkiyyətində olmasına əsasən işıqdan istifadəyə dair onunla müqavilə imzalanmasını xahiş etsə də, cavabdeh qurum tərəfindən şifahi formada bildirilmişdir ki, yalnız əvvəlki dövrlər üzrə mövcud olmuş borc məbləği ödənildikdən sonra müqavilənin bağlanmasına razılıq veriləcəkdir. Nəzərə alınmalıdır ki, iddiaçı heç bir halda istifadə etmədiyi enerjinin dəyərini ödəməklə mükəlləf edilə bilməz və əvvəlki dövrlər üzrə borcun mövcud olması halında belə, həmin borc məbləğinin olması əsas gətirilməklə və əsassız olaraq iddiaçıdan tələb edilməklə müqavilənin imzalanmasından imtina edilməsi yolverilməzdir. Faktiki olaraq həmin borcun tərəfindən ödənilməsini tələb etmək, eləcə də müqavilənin bağlanmasını və enerji təchiztını başqa şəxsin borcunun ödənilməsindən asılı etmək əsassızdır. Digər tərəfdən yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X4 olduğu halda, abonentçi . qismində Mariyə Ramazanova çıxış etmişdir ki, həmin şəxsin kim olması bəlli deyildir. Bu hal isə bəhs edilən borc məbləğinin daşınmaz əmlakın keçmiş mülkiyyətçisinə aid olmadığını da sübut edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, abonent abunə haqqında saldoda Ramazanova Mariyadır. Borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan borcdur və dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC bu borcu iddiaçıdan tələb etmir. Köhnə abonentin 928 manat borcu vardır. Həmin borcdan 132,20 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən qalan borcdur. 786,36 manat qalıq borc vardır. İddiaçı tərəfindən borc ödənilməlidir. Çünki alqı-satqı etdikdə notariusa arayış təqdim olunmalıdır. Köhnə mülkiyyətçi arayış təqdim etməlidir ki, borc yoxdur. Mülkiyyətçi arayış təqdim etmədikdə artıq belə başa düşülür ki, yeni mülkiyyətçi köhnə mülkiyyətçinin borcunu qəbul edir. Buna görə də, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Quba Regional «Asan Xidmət» Mərkəzinin notariat ofisində 4Ə-1414 saylı AN-İ seriyalı ******* saylı xx.xx.2024-cü il tarixi 13-13/2-2-18-G-4885-5/2024 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X2 rayonu Əzizbəyov kücəsindəki, 42 saylı evi İddiaçı Ağarəhim qızına satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu Əzizbəyov küçəsindəki 42 saylı evin mülkiyyətçisi İddiaçı Ağarəhim qızıdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, **********00264 saylı kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqinə əsasən dəyəri ödənilməmiş elektrik enerjisinə görə 919,06 manat borcun olduğu müəyyən edilmişdir. Bu borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən elektrik enerjisinə görə yaranmış bütün borcların ödənilməsi tələb edilir. Abonentə aid saldo məlumatlarından görünür ki, Quba rayonu Əzizbəyov küçəsindəki 42 saylı evə xx.xx.2015-ci il tarixə 928.36 manat borc hesablanmışdır, qalıq borc 132,2 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 8.20. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. 8.22. Məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 14 may 2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini almış, alqı-satqı həyata keçirildikdən sonra kommunal xidmətlər bölməsində istehlakçının adına keçirilməsi zamanı sözügedən ünvana, alqı-satqı müqaviləsi imzalanan zaman aşkar olunmayan, əvvəlki dövrlər üzrə əvvəlki abonent Mariya Ramazanovaya münasibətdə borc məbləğinin mövcudluğu müəyyən edilmişdir. İddiaçı tərəfindən mənzil xüsusi mülkiyyət hüququ ilə əldə edilən zaman həmin mənzilin 60 manat kommunal borcunun olması müəyyən edilmiş və istifadə edilmiş enerji dəyərinə görə həmin an mövcud olmuş 60 (altmış) manat pul məbləği hesab mədaxil edilmiş, başqa borc məbləği müəyyən edilməmişdir. Mənzil əldə edildikdən sonra iddiaçı tərəfindən cavabdehə müraciət edilərək sayğacın onun adına quraşdırılması, onunla müqavilə imzalanması xahiş edilsə də, əvvəlki dövlər üzrə 928,36 (doqquz yüz iyirmi səkkiz manat 36 qəpik) manat borcun olduğu, yalnız əvvəlki dövrlər üzrə borc məbləği ödənildikdən sonra müqavilənin bağlanmasının mümkün olduğu bildirilmişdir. İddiaçı abonent saldosuna əsasən əvvəlki dövrlər üzrə hesablanmış 919,06 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, **********00264 nömrəli abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə 919,06 manat borc hesablanmışdır. Lakin mülki iş materiallarında olan iddiaçının müraciətinə səlahiyyətli orqanın cavab məktubundan da göründüyü kimi, yazılmış borcun “tələb olunmayan borclar” qrafasına aid edildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş borc məbləğinin silinməməsi hazırda iddiaçının hüquqlarını pozur, iddiaçının həmin ünvanı öz adına rəsmiləşdirməsinə baxmayaraq elektrik enerjisi ilə təchiz olunma barədə müqavilə bağlamaqla elektrik enerjisindən istifadə etmək hüququnun da həyata keçirilməsinin qarşısını almış olur. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia qismən – borcun silinməsi hissəsində təmin edilməli, **********00264 abunə kodu üzrə hesablanmış və ödənişi tələb edilməyən 919,06 manat borc abonentin hesabından silinməlidir. Məhkəmə iddianın cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında yaşayış sahəsinin enerji təchizatı ilə təmin edilməsinə dair alqı-satqı müqaviləsinin bağlanması barədə hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh təşkilatın müvafiq müqavilənin imzalamasından imtinasının əsasını məhz əvvəlki dövrlər üzrə hesablanmış borcun olması təşkil edir ki, hazırda həmin borcun silinməsinin qət edilməsi bu maneəni aradan qaldırmaqla, yuxarıda sadalanan “Elektrik enerjisindən istifadə Qaydaları”nın müddəalarına əsasən enerjitəchizatı müəssisəsi ilə iddiaçı arasında həmin müqavilənin bağlanmasını labüd edir. Ona görə də iddianın həmin hissədə təmin edilməsinə hər hansı zərurət yoxdur. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, **********00264 abunə kodu üzrə hesablanmış 919,06 manat borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Quba rayonu Əzizbəyov kücəsindəki 42 saylı evə dair (**********00264 Abunə kodu) hesablanmış 919,06 (doqquz yüz on doqquz manat, altı qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3254/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3254/2024
02.09.2024 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver