Məhkəmə qərarları › İş №2(006)-3266/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3266/2023

07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3266/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktların etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin evinə elektrik cərəyanı verilişini dayandırması və ondan 5.600 manat pul tələb etməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Rİ264728 saylı, xx.xx.2023-cü il tarixli Rİ284380 saylı, xx.xx.2023-cü il tarixli Rİ284781 saylı, xx.xx.2023-cü il tarixli Rİ295296 saylı, xx.xx.2023cü il tarixli Rİ295499 saylı aktların etibarsız sayılması və həmin aktlar əsasında hesablanmış 526,50 manat məbləğində borcun silinməsi, eyni zamanda 5.224,10 manat məbləğində öncəki illər ərzində hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları onun evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttini kəsmiş, iştirakı olmadan R seriyalı 284781 nömrəli 07 mart 2023-cü il tarixli akt tərtib etmişlər. Həmin aktda göstərilir ki, guya o, sayğacın qapaq möhürünü açaraq sayğacı sxemdən kənarlaşdırmışdır. O, cavabdehin tərtib etdiyi həmin aktla razı deyil. Belə ki, sayğac küçədədir, ona heç bir müdaxilə etməmişdir. O, bir müddətdir ki, Nəsimi rayonundakı ata evində ailəsi ilə birlikdə yaşayır. Buna səbəb uşaqlarının ali məktəbdə təhsil almaları ilə bağlıdır ki, yol yaxın olsun. Evinin işığı sönəndə video kamera göstərmir, ondan bilir ki, işıq sönüb. O, Elsevər adlı nəzarətçiyə zəng edərək, işığın nə səbəbdən söndüyünü soruşduqda sonuncu demişdir ki, sayğacları açıb kodlaşdırırlar, ona görə də işıq sönür. Ona zəng edəndən sonra kamera işləmişdir, bilmişdir ki, işıqları qoşub. İki gündən sonra işıqlar yenə də sönmüşdür, kamera göstərməmişdir. O, Maştağa qəsəbəsində olan işıq idarəsinə getmişdir. Ona bildirmişlər ki, 5.600 manat borcu var. O, buna etiraz edərək, heç bir borcunun olmadığını, sayğacdan smart kart vasitəsi ilə istifadə etdiyini bildirib, elektrik xəttini qoşmağı təklif etmişdir. Bundan sonra, kompüterlə kodu açmışlar, evinin işığı yanmışdır. Ona demişlər ki, mart ayının axırı borcundan 100 manat ödəyər, əks halda elektrik cərəyanı verilişi dayandırılacaq. Cavabdeh bu hərəkəti ilə onu incidir, ona qarşı əsassız tələb irəli sürür. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nı pozmuşdur. Cavabdeh heç bir əsas olmadan ondan 5.600 manat borc tələb etdiyindən və evinə elektrik enerjisi verilməsini dayandırdığından onun hərəkəti qanunsuz hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X2 mülki işə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdiyindən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək izahatında bildirdi ki, İddiaçı tərəfindən 2007-ci ildən 2023-cü ilə qədər istifadə olunmuş elektrik enerjisinə və tərtib olunmuş aktlara görə 5.600 manat borc hesablanmışdır. İddiaçı bununla bağlı **********10001 abunə kodu üzrə hər ay istifadə olunmuş elektrik enerjisinin hesabatı ilə bağlı qəbzlərlə tanış olmuşdur. Həmin qəbzlərdə 2007-ci ildən 2023-cü ilə qədər hər ay ərzində istifadə olunmuş elektrik enerjisi hesablanaraq ümumi borc qeyd olunmuşdur. Lakin, iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2023-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Bu səbəbdən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanı üzrə **********10001 saylı abunə kodu İddiaçı adınadır. 21 dekabr 2022-ci il tarixli R seriyalı 284380 saylı, 07 mart 2023-cü il tarixli R seriyalı 284781 saylı, 06 aprel 2023-cü il tarixli R seriyalı 295296 saylı, 05 iyun 2023-cü il tarixli R seriyalı 295499 saylı aktlardan, eləcə də, abunəçi haqqında məlumatdan (məlumat bazasından cədvəl şəkilli çıxarışda) görünür ki, iddiaçının iddia tələbinə münasibətdə istər iddia müddəti ərzində, istərsə də bundan öncə bir neçə akt tərtib edilmiş, həmin aktlarda qeyd olunanlar nəzərə alınaraq iddiaçıya əlavə sərfiyyata görə borc məbləği hesablanmışdır. Bundan başqa, iddiaçı mübahisələndirdiyi aktlardan kənar dövr ərzində elektrik enerjisindən istifadə etmiş və elektrik enerjisindən istifadəyə görə adi borclar yaranmışdır. İddiaçının mübahisələndirdiyi və silinməsini tələb etdiyi ümumi borc məbləği 5.600 manat təşkil edir. Məhkəmə ilk öncə vurğulayır ki, iddiaçının mübahisələndirdiyi aktların yalnız dördü ilə əlaqədar iddia müddətləri ötürülməmişdir. Digər aktların mübahisələndirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə, iddia digər aktlarla bağlı hissədə rədd edilməlidir. xx.xx.2022-ci il tarixli Rİ264728 saylı, xx.xx.2023-cü il tarixli Rİ284380 saylı, xx.xx.2023-cü il tarixli Rİ284781 saylı, xx.xx.2023-cü il tarixli Rİ295296 saylı, xx.xx.2023cü il tarixli Rİ295499 saylı aktlardan görünür ki, həmin aktlar iddiaçının iştirakı və məlumatı olmadan tərtib edilmiş, həmin aktlarla iddiaçı tanış edilməmiş, aktlar onun tərəfindən imzalanmamışdır. Aktlarda qeyd olunan sayğac iddiaçının cavabdehlik sərhəddindən kənarda yerləşir. Cavabdeh tərəf sayğaca müdaxilə və s. bağlı iddiaçının birbaşa təqsirinin (təqsirli hərəkət və hərəkətsizlik) olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Yuxarıda qeyd edildiyi kimi, sayğaca iddiaçının müdaxilə etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Sayğac ümumiyyətlə iddiaçının cavabdehliyinə aid sahədə quraşdırılmamışdır, sayğac iddiaçının yaşadığı ünvandan kənarda yerləşir. Bu səbəbdən, xx.xx.2022-ci il tarixli Rİ264728 saylı, xx.xx.2023-cü il tarixli Rİ284380 saylı, xx.xx.2023-cü il tarixli Rİ284781 saylı, xx.xx.2023-cü il tarixli Rİ295296 saylı, xx.xx.2023cü il tarixli Rİ295499 saylı aktlar etibarlı hesab edilə bilməz və həmin aktlar üzrə iddiaçıya hər hansı borc məbləğinin hesablanması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Həmin aktlar üzrə iddiaçının abunə koduna 116,74 manat, 77,87 manat, 99,84 manat, 30,29 manat, 201,76 manat olmaqla, ümumilikdə 526,50 manat əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qeyd olunan 5 akta münasibətdə təmin edilməli, həmin aktlar etibarsız hesab edilməli, həmin aktlar üzrə iddiaçının abunə koduna yazılmış 116,74 manat, 77,87 manat, 99,84 manat, 30,29 manat, 201,76 manat olmaqla, ümumilikdə 526,50 manat əlavə sərfiyyat (borc) silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Rİ264728 saylı, xx.xx.2023-cü il tarixli Rİ284380 saylı, xx.xx.2023-cü il tarixli Rİ284781 saylı, xx.xx.2023-cü il tarixli Rİ295296 saylı, xx.xx.2023cü il tarixli Rİ295499 saylı aktlar etibarsız hesab edilməli, həmin aktlara əsasən abunəçi İddiaçı adına olan **********10001 saylı abunə koduna hesablanmış 116,74 manat, 77,87 manat, 99,84 manat, 30,29 manat, 201,76 manat olmaqla, ümumilikdə 526,50 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Rİ264728 saylı, xx.xx.2023-cü il tarixli Rİ284380 saylı, xx.xx.2023-cü il tarixli Rİ284781 saylı, xx.xx.2023cü il tarixli Rİ295296 saylı, xx.xx.2023-cü il tarixli Rİ295499 saylı aktlar etibarsız hesab edilsin. Həmin aktlara əsasən abunəçi İddiaçı adına olan **********10001 saylı abunə koduna hesablanmış 116,74 manat, 77,87 manat, 99,84 manat, 30,29 manat, 201,76 manat olmaqla, ümumilikdə 526,50 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar