Məhkəmə qərarları › İş №2(006)-3269/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3269/2021

03.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3269/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi və digər" tələblərə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi və digər" tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 27.08.2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ evi üzərində Cavabdeh1 mülkiyyət hüququnun və İddiaçı xeyrinə ipoteka yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evi X7 ilə Cavabdeh1 arasında 21.08.2014-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında Rövşən Rzayevə satılmışdır. 24.08.2014-cü il tarixdə isə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən X5 bağ evinə dair ******* nömrəli çıxarış verilmişdir. Sonradan Cavabdeh1 21.08.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi və digər tələblərə dair məhkəmədə mülki qaydada iddia qaldırmışdır. Mülki iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 29.04.2019-cu il tarixli, 2(102)-2697/2019 saylı yekun qərarı ilə həmin bağ evi üzərində X3 mülkiyyət hüquqları ləğv edilmiş və bağ evi üzərində Cavabdeh1 mülkiyyət hüququ bərpa edilmişdir. Məhkəmə öz qərarında alqı-satqı zamanı ödənilən vəsaitin Cavabdeh1 tərəfindən İddiaçı ödənilməli olduğu qənaətinə gəlmiş və bu pulun təminatı olaraq bağ evinin İddiaçı xeyrinə ipoteka ilə yüklü edilərək həmin yüklülüyün DƏDRX-də qeydə alınmasını qərara almışdır. Həmçinin Ali Məhkəmənin sözügedən qərarında göstərilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair Cavabdeh1 mülkiyyət hüquqlarının müvafiq dövlət reyestrində qeydinin bərpası ilə həmin bağ evinə dair İddiaçı xeyrinə ipoteka yüklülüyünün qeydə alınması eyni anda icra edilsin. Lakin sonradan DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 22.12.2020-ci il tarixli, **********84 nömrəli məktubu əsasında ona məlum olmuşdur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evi Sumqayıt şəhər 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 27.08.2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir və sonuncunun adına çıxarış verilmişdir. Bundan sonra Sumqayıt şəhər 4 saylı Notariat Ofisindən 27.08.2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilməsinə dair notariat işi əldə edilmişdir. Hesab edir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair Sumqayıt şəhər 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 27.08.2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız əqddir. Belə ki, notariat işinə əlavə edilmiş 26.08.2020-ci il tarixli arayışdan görünür ki, alqı-satqı müqaviləsi bağlanılan vaxt fərdi yaşayış evi üzərində yüklülük olmamışdır. Fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqları ilə eyni anda İddiaçı xeyrinə ipoteka yüklülüyü qeydiyyata alınmasına baxmayaraq, görünür ki, ya Cavabdeh1 26.08.2020-ci il tarixdə həmin yüklülüyün olmamasına dair saxta sənəd əldə etmiş, ya da ki, o, DƏDRX-in vəzifəli şəxslərini hansısa formada ələ alaraq həmin yüklülüyü (həbsi) qaldırmağa nail olmuşdur. Bundan əlavə X6 əmlakın üzərində yüklülüyün (həbsin) olduğunu bilə-bilə bağ evini öz yaxını Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Bu hərəkətlərin edilməsində məqsəd isə məhkəmə qərarı əsasında Cavabdeh1 İddiaçı ödəməli olduğu vəsaitin bağ evinə yönəldilməsinin qarşısını almaq olmuşdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, Mehdiyeva X2 Azadi Yavər oğlunun yaxınıdır və onun hazırki mübahisəli məsələdən xəbəri olduğu halda, o da bu qanunsuz hərəkətlərin bilavasitə iştirakçısı olmuşdur. Odur ki, 27.08.2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evi üzərində Cavabdeh1 mülkiyyət hüququ, İddiaçı xeyrinə isə ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməlidir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 27.08.2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ evi üzərində Cavabdeh1 mülkiyyət hüququnun və İddiaçı xeyrinə ipoteka yüklülüyün daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək göstərmişdir ki, hazırki vəziyyətdə Ali Məhkəmənin 2(102)-2697/2019 saylı, 29.04.2019-cu il tarixli qərarı ilə müəyyən olunan və Cavabdeh1 ona geri qaytarmalı olduğu 140.000 manat pul, eyni zamanda həmin pulun qanunsuz saxlanılması nəticəsində iddiaçıya vurulan zərər Cavabdeh1 onun xeyrinə tutulmalı və tutma sözügedən qərara əsasən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə yönəldilməlidir. Belə ki, sözügedən qərarda göstərilmişdir ki, “ ... yuxarıda sadalanan və məhkəmə iclasında tədqiq olunan sübutlar birmənalı olaraq ona dəlalət edir ki, tərəflər arasında əslində bağ evinin alqı-satqısı ilə bağlı razılıq olmamış, banka olan 140.000 manat pulun ödənilməsi, bağ evinin bankın ipotekasından azad edilməsi, borcun qaytarılması təminatı olaraq evin cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı razılaşma olmuşdur. Cavabdeh İddiaçıya 140.000 manat borc pul verməsi və iddiaçıya məxsus mənzilin borcun təminatı kimi mənafeləri eyni olan digər cavabdeh Rövşən Rzayevə satılması, bu alqı-satqı edilərkən əslində tərəflərin ipoteka müqaviləsini nəzərdə tutmaları bu nəticəyə gəlməyə əsas verir ki, tərəflərin əslində nəzərdə tutduqları əqdin hüquqi nəticələri tətbiq edilsin, yəni iddiaçıya məxsus bağ evi onun cavabdeh İddiaçı olan borcunun təminatı kimi ipoteka ilə yüklü edilməsi üçün ipotekanın yüklülüyü dövlət reyestrində qeydə alınsın ...”. 2014-cü ilin avqust ayında onun Cavabdeh1 140.000 manat məbləğində pul verməsi məhkəmə qərarlarına əsasən işin mübahisəsiz halıdır. Lakin Cavabdeh1 2014-cü ilin avqust ayında aldığı pulu geri qaytarmayaraq qanunsuz olaraq özündə saxlaması ona külli miqdarda zərərin vurulması ilə nəticələnmişdir. Belə ki, cavabdehə pul verilərkən, yəni 2014-cü ilin avqust ayında 1 Azərbaycan manatı 0.78 ABŞ dolları dəyərində olmuş və cavabdehə verilmiş pul həmin günün məzənnəsi ilə 179.487 ABŞ dolları təşkil etmişdir. Lakin 2015-ci ilin fevral və dekabr aylarında ölkədə baş verən devalvasiya nəticəsində Azərbaycan manatının dəyəri ABŞ dollarına nisbətdə həddindən artıq ucuzlaşmışdır. Halhazırda 1 Azərbaycan manatı 1.70 ABŞ dolları dəyərindədir. 2014-cü ilin avqust ayı ilə müqayisədə bu gün Azərbaycan manatı öz dəyərini xeyli itirmişdir. Bu, onun üçün külli miqdarda itkidir və cavabdehin qaytarmalı olduğu pulu bu illər ərzində ödəməməsi ona belə bir real zərərin vurulması ilə nəticələnmişdir. Ona görə də bu hal məhkəmə tərəfindən nəzərə alınmalı, pul verilən vaxt (2014-cü ilin avqust ayı) 140.000 manat pulun ABŞ dollarına olan məzənnəsinin, yəni 179.487 ABŞ dolları məbləğində pulun bu günkü günə Azərbaycan manatına olan ekvivalenti əsas götürülməli (305.128 manat), manatın devalvasiyası nəticəsində arada yaranmış fərq, yəni 165.128 manat (305.128 -140.000=165.128) onun real zərəri kimi qiymətləndirilərək həmin pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı Ali Məhkəmənin icraatında olmuş 2(102)-2697/2019 saylı mülki iş üzrə aşağı instansiya məhkəmələrində keçirilən iclaslarda Cavabdeh1 iddiaçı və digərləri tərəfindən aldadıldığını, mübahissələndirilən pulun əslində borc olduğu halda onların bu pulu alqı-satqı müqaviləsinin dəyəri kimi qələmə verməsini, beləliklə də əmlakından məhrum olmasını qeyd edərək onun və digərlərinin cavabdehə qarşı vicdanlı davranmadıqlarını və öz hüquqlarından sui-istifadə etdiklərini əsas gətirmişdir. Halbuki, hal-hazırda işin hallarından görünür ki, öz öhdəliklərinə vicdanlı şəkildə yanaşmayan və hüquqlarından sui-istifadə edən məhz Cavabdeh1 özüdür. Ona görə ki, o, 140.000 manat pulu və bu pulun məhz onun əmlakının ipotekadan azad edilməsi üçün iddiaçı tərəfindən köməklik göstərilməsi məqsədi ilə ona verildiyini bildirsə də, artıq 7 ildir ki, alqı-satqı müqaviləsinin dəyəri olaraq aldığı pulu geri qaytarmamışdır. Ona görə də cavabdehin qanunsuz olaraq iddiaçının pulunu 7 il saxlaması məhkəmə tərəfindən nəzərə alınmalı, bu hallar məsuliyyətdən kənarda qalmamalı və pulun ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən iddiaçının xeyrinə faizlər də tutulmalıdır. İddiaçı hesab edir ki, onun 140.000 manat pulunun qanunsuz olaraq saxlanmasına görə həmin pulun üzərinə illik 5 % pul hesablanılmaqla 49.000 manat pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlarla yanaşı ipoteka haqqında qanunvericiliyin tələblərinə əsasən yuxarıda göstərilən pul məbləğləri üzrə tutma ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə yönəldilməli, bağ evi açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait tələb olunan pul məbləğinin ödənilməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait kifayət etmədikdə isə, qalıq məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən ipoteka predmetininin satışından əldə edilmiş vəsait borcludan tutulmalı olan əsas borca, faizlərə, o cümlədən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, gecikdirilməsi nəticəsində yaranmış dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönədilir. Ona görə də iddiaçı iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 27.08.2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ evi üzərində Cavabdeh1 mülkiyyət hüququnun və İddiaçı xeyrinə ipoteka yüklülüyün daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməsi, 354.128 (üç yüz əlli dörd min yüz iyirmi səkkiz) manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması, tutmanın Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə yönəldilməsi və sözügedən əmlakın ilkin satış qiymətinin 140.000 (yüz qırx min) manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla və satışdan əldə edilmiş vəsaitin cavabdehdən tutulmalı olan pulun ödənilməsinə yönəldilməklə realizə edilməsi, əmlakın hərracdan satışından əldə edilmiş vəsait öhdəliyin icrasına kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını və Cavabdeh1 hərəkətlərində cinayət əlamətləri olduğuna görə onun barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin nümayəndəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib, iddia tələbinin dəlillərinin və işdə olan sübutların, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(102)-2697/2019 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh X7 arasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair bağlanmış AN-İ ******* saylı, 21 avqust 2014cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında cavadeh X3 adına bağ evinə dair verilmiş 24 avqust 2014-cü il tarixli, ******* № li çıxarışın ləğv edilməsi və həmin bağ evi üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüquqlarının bərpa edilməsi, tərəflər arasında yaranmış münasibətlərə tərəflərin əslində nəzərdə tutduqları borc və ipoteka müqavilələrinə dair qaydaların tətbiq edilməsi, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasındakı borc öhdəliyi ilə bağlı iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı olan borcunun təminatı kimi ipotekanın yüklülüyünün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınması, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair iddiaçı Cavabdeh1 adına müvafiq dövlət reyestrində qeydin bərpası ilə həmin bağ evinə dair ipoteka yüklülüyünün qeydə alınması eyni vaxtda icra edilməsi qərarı alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 və Cavabdeh2 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanmış və həmin notariat ofisinin notariusu X1 tərəfindən təsdiq edilmiş 27.08.2020-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evi 450.000 manat müqabilində satıcı Cavabdeh1 tərəfindən alıcı Cavabdeh2 satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.12.2020-ci il tarixli, **********84 № li məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4807/1 bağ evi Sumqayıt şəhər 4 saylı Notariat Kontoru tərəfidən təsdiq edilmiş 27 avqust 2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmişdir.Həmin daşınmaz əmlak üzərində yüklülük və məhdudiyyət yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/21-404 nömrəli, 10 avqust 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4807/1 ünvanında yerləşən bağ evinin 10.08.2021-ci il tarixə bazar dəyəri 425.000 manat, likvid dəyəri 320.000 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı 140.000 manat borcu var. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(102)- 2697/2019 saylı qərarına əsasən üzərində Cavabdeh1 mülkiyyət hüquqları bərpa edilən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evi həmin borcun təminatı məqsədi ilə İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin 27.08.2020-ci il tarixdə Cavabdeh1 ipoteka ilə yüklü edilmiş həmin bağ evini Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 450.000 manat müqabilində alıcı Cavabdeh2 satmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş hər bir tələbə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. İşdən göründüyü kimi, İddiaçı Cavabdeh1 qarşı pul tələbi irəli sürərək 140.000 manat pulun, habelə onun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 49.000 manat faiz məbləğinin və 165.128 manat dəymiş zərərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının pul tələbi qismən təmin edilməlidir. Belə ki, ilk öncə məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə İddiaçı arasında daha əvvəl baş vermiş məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı hazırkı işdə adlarıçəkilən şəxslərə münasibətdə preyudisial əhəmiyyət daşıyır və bu səbəbdən həmin iş üzrə müəyyən edilən faktlar hazırkı işdə mübahisələndirilmədən nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(102)-2697-2019 saylı qərarında müəyən olunan faktlara əsasən, İddiaçı 140.000 manat pulu Cavabdeh1 borc vermiş və bunun təminatı olaraq mübahisəli bağ evini alqı-satqı qaydasında X3 adına sənədləşdirərək ipoteka müqaviləsini alqı-satqı müqaviləsi ilə pərdələmişlər. Bu səbəbdən məhkəmənin qərarı ilə alqı-satqı müqaviləsi etibarsız hesab edilərək Cavabdeh1 mülkiyyət hüququnun bərpa edilməsi və tərəflər arasında yaranmış münasibətlərə tərəflərin əslində nəzərdə tutduqları borc və ipoteka müqavilələrinə dair qaydaların tətbiq edilməsi qərara alınmışdır. Həmçinin, iş materiallarında İddiaçı tərəfindən Cavabdeh1 ödənilmiş 140.000 manat borcun iddiaçıya geri qaytarılması barədə hər hansı sübut mövcud deyildir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 da cavabdeh tərəfindən iddiaçıya borcun ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 140.000 manat borcun Cavabdeh1 iddiaçı İddiaçı xeyrinə tutulması tələbi əsaslıdır. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan başqa, 140.000 manat pulun ödənilməsinin 7 il gecikdirilməsinə görə illk 5 faiz hesablanmaqla ümumilikdə 49.000 manat faiz məbləğinin cavabdehdən onun xeyrinə tutulması tələbi də əsaslıdır və təmin edilməlidir. Belə ki, 21 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsi məhkəmənin qərarı ilə bağlandığı andan etibarsız hesab edilməsi nəzərə alındığı halda həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasının gecikdirilməsi 7 ildən artıq olması müəyyən edilir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi onun icrasının gecikdirilməsi hesab olunur. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir”. İddiaçının dəymiş zərərin əvəzi olaraq 165.128 manat pul tələbinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin oluna bilməz. Belə ki, iddiaçı 2015-ci ilin fevral və dekabr aylarında ölkədə baş verən devalvasiya nəticəsində ona zərər dəyməsini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, iddia tələbinin əsası olan halları sübuta yetirmək iddiaçının vəzifəsidir. Bundan başqa, məhkəmə iddiaçının Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 27.08.2020ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ evi üzərində Cavabdeh1 mülkiyyət hüququnun və İddiaçı xeyrinə ipoteka yüklülüyün daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməsi tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının bu tələbi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evi Cavabdeh1 İddiaçı olan 140.000 manat borcunun təminatı məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(102)-2697 nömrəli qərarı ilə ipoteka ilə yüklü edilməsinə baxmayaraq Cavabdeh1 ipoteka predmeti barəsində özbaşına sərəncam verərək, ipoteka və mülki qanunvericiliyin tələbi olmasına baxmayaraq, bu barədə ipoteka saxlayan İddiaçı razılığını almadan, ümumiyyətlə ona xəbər vermədən əmlakı digər Cavabdeh2 satmışdır. İpoteka predmeti barəsində 27.08.2020-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanılması zamanı ipoteka saxlayanın yazılı razılığı alınmadığından, belə bir müqavilənin bağlanılmasında onun iradə ifadəsi olmadığından və bununla da Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun aşağıda sadalanan normalarının tələbləri pozulduğundan həmin əqd etibarız hesab edilməli, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində mübahisəli əmlaka dair Cavabdeh1 mülkiyyət hüquqları, İddiaçı xeyrinə ipoteka yüklülüyü bərpa edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 30.1-ci maddəsində göstərilmişdir ki, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Həmin Qanunun 30.5-ci maddəsində qeyd edilmişdir ki, bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur. Həmin Qanunun 31.1.1-ci maddəsində qeyd edilir ki, ipoteka predmetinə bu Qanunun 30cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını tələb edə bilər. Mülki Məcəllənin 324.1-ci maddəsində qeyd edilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsində qeyd edilmişdir ki, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.6-ci maddəsində qeyd edilmişdir ki, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İddiaçının digər tələbi isə cavabdehdən iddiaçının xeyrinə tutulacaq pulun Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə yönəldilməsi və sözügedən əmlakın ilkin satış qiymətinin 140.000 (yüz qırx min) manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla və satışdan əldə edilmiş vəsaitin cavabdehdən tutulmalı olan pulun ödənilməsinə yönəldilməklə realizə edilməsi, əmlakın hərracdan satışından əldə edilmiş vəsait öhdəliyin icrasına kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 İddiaçı xeyrinə tutulmasıdır. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 140.000 manat əsas borc və əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanılmaqla 49.000 manat pul Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmaqla və satışdan əldə edilmiş vəsait cavabdehdən tutulmalı olan pulun ödənilməsinə yönəldilməklə realizə edilməli, əmlakın hərracdan satışından əldə edilmiş vəsait öhdəliyin icrasına kifayət etmədikdə, qalıq məbləğ Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsində qeyd edilmişdir ki, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. Həmin Məcəllənin 39.3-cü maddəsində qeyd edilmişdir ki, məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Həmin Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 47.2-ci maddəsinə görə ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4807/1 ünvanında yerləşən bağ evinin ilkin satış qiyməti onun likvid dəyəri ilə, yəni 320.000 manat məbləğində müəyyən edilməli və müvafiq ipoteka predmetinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/21-404 nömrəli, 10 avqust 2021-ci il tarixli qiymətləndirmə rəyi əsas götürülməlidir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına iddiaçının xeyrinə bu qətnamə ilə müəyyən olunan ödənişlər tutulduqdan sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-ü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “İpoteka haqqında” Qanunun 47.4-cü maddəsində qeyd edilmişdir ki, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən qiymətləndirmənin keçirilməsi üçün xidmət haqqı olan 400 manat vəsait Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilmədiyindən, rüsum iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 əsas borca görə 140.000 (yüz qırx min) manat, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanılmaqla 49.000 (qırx doqquz min) manat, ümumilikdə 189.000 (yüz səksən doqquz min) manat pul İddiaçı xeyrinə, ipoteka predmetinin qiymətləndirilməsinə görə xidmət haqqı olaraq 400 (dörd yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 27.08.2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, bağ evi üzərində Cavabdeh1 mülkiyyət hüququ və İddiaçı xeyrinə ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində bərpa edilsin. Tutma ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında 320.000 (üç yüz iyirmi min) manat müəyyən edilsin, ipoteka predmeti açıq hərracdan satılmaqla və satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan məbləğlərin ödənilməsinə yönəldilməklə realizə edilsin, ipoteka predmetinin hərracdan satışından əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan məbləğlərin ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğ Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına bu qətnamə ilə müəyyən edilmiş məbləğlər ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar