Məhkəmə qərarları › İş №2(006)-3270/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3270/2022

19.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3270/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜ Ə Y Y Ə N E T D İ : Təsviri hissə: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2011-ci il tarixində iddiaçının adına "xxxx" ASC-nin “Xəzər” filialında xəbəri və icazəsi olmadan 5000 manat məbləğində kredit rəsmiləşdirilmişdir. İddiaçı bundan yalnız 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində "xxxx" ASC ilə bağlı məhkəmə prosesində şahid qismində dəvət olunarkən xəbər tutmuşdur. Həmin məhkəmə iclasında bankın işçilərinin dələduzluq əməlindən zərərçəkmiş yüzlərlə insan dindirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli hökmünün 74-cü vərəqində qeyd olunmuşdur: “Ekspertizaya təqdim olunmuş xx.xx.2011-ci il tarixli xəzinə məxaric orderində alanın imzası qarşısındakı və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində "İddiaçı” qeydinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur”. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Xəzər filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X12 barəsində 6 il müddətində azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 3 il müddətinə sınaq müddəti, həmin filialda kassir vəzifəsində işləmiş X13 barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq 2 il müddətinə sınaq müddəti və X6 barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 il sınaq müddətinin müəyyən edilməsi hökm edilmişdir. Lakin iddiaçının üzərindən həmin borc öhdəliyinin götürülməsi haqqında xx.xx.2016-cı il tarixli hökmdə heç bir qeyd aparılmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinə növbəti müraciəti zamanı bildirilmişdir ki, müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı artıq Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ləğv prosesində olan "Atrabank” ASC-də adında qalan borc öhdəliyinin silinməsi və s. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbimi dəqiqləşdirərək ləğv prosesində olan "xxxx" ASC-də borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin "xxxx" ASC - yə həvalə edilməsini xahiş etmişdir. Bu ərizə əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5220/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının adına "xxxx" ASC -də borcun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsi ləğv prosesində olan "xxxx" ASC-yə həvalə edilmişdir. Cavabdeh tərəf bu qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)1024/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5220/2019 saylı, 25 oktyabr 2019 cu il tarixli qətnaməsini dəyişdirmədən saxlanmasını qət edilmişdir. Cavabdeh tərəf hər iki məhkəmənin qəbul etdiyi qətnamədən narazı qalaraq Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya şikayəti vermişdir. Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1024/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7988/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsim Rayon Məhkəməsinin qəbul etdiyi 2(006)- 5220/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Məhkəmə ləğv prosesində olan "xxxx" ASC-yə qarşı borcun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin "xxxx" ASC-yə həvalə edilməsi” barədə iddia tələbinin konkretlilik və dəqiqlik şərtlərinə cavab verməməsi və qanunvericilikdə nəzərdə tutulan heç bir iddia tələbinə aid olmadığını səbəb göstərərək ləğv etmiş və tələbinin təmin edilməməsi haqqında yeni qətnamə qəbul etmişdir. Eyni zamanda qətnamədə iddiaçıya izah edilmişdir ki, o, müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edərək, 05 oktyabr 2011 -ci il tarixli kredit müqaviləsini mübahisələndirə bilər. Beləliklə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən də görsəndiyi kimi 05 oktyabr 2011-ci il tarixli müqavilənin bağlanmasında iddiaçının iradəsi, razılığı, iştirakı olmamışdır. Göstərilənlərə əsasən 05 oktyabr 2011-ci il tarixli müqavilənin etibarsız sayılması və "xxxx" ASC-yə olan borcun silinərək bu barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2735/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı 5000 (beş min) manat əsas borcun, kreditdən istifadəyə görə hesablanmış 1012,63 manat faiz borcunun, cəmi 6012,63 manat məbləğində borc pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-nin hesabına köçürülməsi, tutmanın İddiaçı mülkiyyətində olan "Renault 12" markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, "Renault 12" markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşının açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 6012,63 manat məbləğində borc pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-nin hesabına köçürülməsi, ipoteka predmeti olan avtomaşının satışından artıq qalan məbləğin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-98/2016 saylı, xx.xx.2016cı il tarixli hökmü ilə X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X7 üzərində qalmış həmin azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və 3 (üç) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökm icraya qəbul edildiyi gündən hesablanması, sınaq müddəti ərzində X7 davranışına nəzarətin Bakı şəhəri Xətai rayon İcra şöbəsinə tapşırılması, X7 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, X7 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 308.2-cı maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X2 üzərində qalmış həmin azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və 3 (üç) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökm icraya qəbul edildiyi gündən hesablanması, sınaq müddəti ərzində X2 davranışına nəzarətin Bakı şəhəri Nizami rayon İcra şöbəsinə tapşırılması, X2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X8 üzərində qalmış həmin azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökm icraya qəbul edildiyi gündən hesablanması, sınaq müddəti ərzində X8 davranışına nəzarətin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə tapşırılması, X8 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, X8 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, X3 Azərbaycan Respublikasının Cinayət Mocəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X3 üzərində qalmış həmin azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökm icraya qəbul edildiyi gündən hesablanması, sınaq müddəti ərzində X3 davranışına nəzarətin Bakı şəhəri Nizami rayon İcra şöbəsinə tapşırılması, X3 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, X3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş kredit müqavilələrinin və bank sənədlərinin cinayət işinin materiallarında saxlanılması, ekspertiza xərcləri 1180 manatın təqsirləndirilən şəxslər X5, X12, X13 və X1 müştərək qaydada dövlətin xeyrinə tutulması, iş üzrə mülki iddianın olmadığının nəzərə alınması hökm edilmişdir. Həmin hökmdən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2011-ci il tarixli xəzinə məxaric orderində alanın imzası qarşısındakı və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində "İddiaçı” qeydinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10631/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2735/2012 saylı, 13 noyabr 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının onları ödəyən tərəflərə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adına olan 04 oktyabr 2011 -ci il tarixli 01 nömrəli kredit müqaviləsinin və eyni tarixli girov müqaviləsinin 2-ci vərəqində “bank” qrafasında "İbrahimov F.C" qeydlərinin qarşısındakı, 05 oktyabr 2011 -ci il tarixli xəzinə məxaric orderində "rəhbər" qrafasındakı imza; "Ssuda verilməsi üçün sərəncamımın sol yuxarıkənarında olan dərkənar və imza; əmlakın qiymətləndirilməsi haqqındakı aktda “komissiyanın sədri İbrahimov F.C" qeydlərinin qarşısındakı imza - X9 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş “Ssuda verilməsi haqqında Sərəncamlar”da "xxxx" ASC-nin Xəzər filialının kredit şöbəsinin müdiri Adıgözəlov N.Ə.” qeydinin qarşısındakı imzalar - X12 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, əmlakın qiymətləndirilməsi haqqındakı aktda “kommissiyanın üzvləri Əliyev V.A." qrafasındakı imza X6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 05 oktyabr 2011-ci il tarixli xəzinə məxarıc orderində “alanın imzası" qrafasındakı, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində “İddiaçı" qeydinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Göstərilən Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» 12 aprel 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4-cü maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli kredit müqaviləsinin bağlanması zamanı lazımi subyektin iştirakı şərti pozulmuş və qeyd olunan müqavilə qüvvədə olan mülki qanunvericiliklə müəyyən olunmuş şərtlərin pozulması ilə bağlanmışdır. Belə ki, 04 oktyabr 2011-ci il tarixdə İddiaçı xəbəri olmadan onun adına "xxxx" ASC-də kredit rəsmiləşdirilmiş, həmçinin 05 oktyabr 2021-ci il tarixli xəzinə məxaric orderində onun adından imza icra edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı onun adına sənədləşdirilmiş kredit məbləğini almamış, onun "xxxx" ASC qarşısında kredit borcunu ödəmək öhdəliyi olmamışdır. Beləliklə, yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 04 oktyabr 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, İddiaçı 04 oktyabr 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcu silinərək bu barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 04 oktyabr 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. İddiaçı 04 oktyabr 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcu silinərək bu barədə Azərbaycan Kredit Bürosuna məlumat verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar