Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3273/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh1 ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Sonata” markalı, LA/01 saylı, 07.06.2018-ci il tarixli X9i müqaviləsi əsasında təqdim olunmuş ödəniş cədvəli əsasında 31 ay ödədiyi, ümumilikdə 18349 (on səkkiz min üç yüz qırx doqquz) manat pul vəsaitin Cavabdeh1 ASC-dən və 10200 (on min iki yüz) manat pul vəsaitin isə Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ona Gürcüstan Respublikasından avtomobil gətirilməsində, Azərbaycan Respublikasında rəsmiləşdirilməsində və lizinq müqaviləsi bağlanmasında öz köməkliyini vəd etdiyi üçün 2018-ci ilin may ayında o və rəfiqəsi X1 Əliyevə məxsus sedan tipli “BMW” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gürcüstan Respublikasına getmişlər. Orada avtomobil bazarında mübahisəli “Hundai Sonata” markalı avtomobili bəyənmiş və onun puluna 10200 manat (6000 ABŞ dolları ekvivalentində) məbləğinə almışlar. Cavabdeh2 ona bildirmişdir ki, həmin maşını Gürcüstan vətəndaşı olan dostu Rauf Bakıya gətirəcək və onlar Azərbaycana qayıtmışlar. Bir neçə gündən sonra həmin maşın Azərbaycana gətirildi. Cavabdeh2 ona bildirdi ki, avtomobili gömrük rəsmiləşdirməsindən keçirib və onun Bakı qeydiyyatı olmadığına görə lizinq müqaviləsini onun adına bağlamaq mümkün deyil, bu səbəbdən də müqavilə onun adına bağlandı. Lakin, ödənişlərin onun tərəfindən ödəniləcəyi və sonra avtomobilin də onun adına keçəcəyini bildirdi. Qeyd etmək istəyir ki, Cavabdeh1 ASC-də ona bildirdi ki, ödənişləri başa çatdırandan sonra avtomobil onun olacaq və Cavabdeh2 sözlərini təsdiq etdi. Bu səbəbdən də, onda heç bir şübhə qalmadı və bundan əlavə hər dəfə ödənişləri ödəyəndə avtomobilin nə vaxt onun adına keçəcəyini maraqlandıqda, hər dəfəsində Cavabdeh1 ASC-nin əməkdaşları borcunu tam qurtarandan sonra avtomobilin onun adına keçəcəyini bildirdilər və bu yolla ondan hər ay 592 manat pul alırdılar. Beləcə o, 31 ay 592 manat olmaqla, ümumilikdə 18349 manat pul ödəmişdir. Lizinq müqaviləsi 36 aylıq müddətə bağlanmış və hər ay 591,93 manat pul ödənilməli idi. Lizinq alınan avtomobilin dəyəri isə 22000 manat qiymətləndirildi. Ona sonradan məlum olmuşdur ki, Cavabdeh2 lizinq müqaviləsi bağlanandan sonra maşını banka qoymaqla 14300 manat pul götürmüşdür. Bundan əlavə həmin avtomobilin sığortasını da hər il o etmişdir. Hətta 03.06.2019-cu il tarixdə o yol nəqliyyat hadisəsi törətmişdir və həmin vaxt Cavabdeh1ın sığortası 5985 manat dəymiş zərəri qiymətləndirdi. Həmin məbləğin 2875 manatını sığorta, qalan 3110 manatı o, öz vəsaiti hesabına ödəmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında bağlanmış LA/01 saylı 07 iyun 2018-ci il tarixli X9 müqaviləsinə əsasən “Hyundai Sonata” markalı avtomobil lizinq alanın sahibliyinə və istifadəsinə verilmişdir. Alındığı gündən maşın onun istifadəsində olmuş və lizinq ödənişləri onun tərəfindən ödənilmişdir. Cavabdeh2 onu aldadaraq, Bakı qeydiyyatında olmadığını əsas gətirərək, avtomobili lizinqə götürə bilməyəcəyini bildirmiş və müqavilə formal olaraq onun adına bağlanmışdır. Bir müddət sonra Cavabdeh2 dələduzluq maddəsi ilə tutularaq azadlıqdan məhrum edilməsindən sonra, avtomobili onun adına rəsmiləşdirməkdən imtina etmiş və bildirmişdir ki, bunun müqabilində o ona əlavə 5000 manat pul ödəməlidir. O, avtomobilin alındığı 07.06.2018-ci ildən etibarən bütün ödənişləri şəxsən özü Cavabdeh1a ödəmişdir, dəfələrlə bu ödənişləri edərkən avtomobilin nə zaman onun adına keçirilməsini maraqlanarkən bankın əməkdaşları və pulu qəbul edən şəxslər bildiriblər ki, ödənişlər bitdikdən sonra maşın onundur və bu yolla onu aldadıb, pulunu qanunsuz olaraq ələ keçiriblər. Bu səbəbdən də, “pul tələbi”nə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “Hyundai Sonata” markalı, LA/01 saylı, 07.06.2018-ci il tarixli X9i müqaviləsi əsasında təqdim olunmuş ödəniş cədvəli əsasında 31 ay ödədiyi, ümumilikdə 18349 (on səkkiz min üç yüz qırx doqquz) manat pul vəsaitinin Cavabdeh1 ASC-dən və 21000 (iyirmi bir min) manat pul vəsaitinin isə Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, onun Cavabdeh2 heç bir borcu yoxdur. Avtomobilə görə 6.000 ABŞ dolları gömrük xərci ödəmiş, ümumilikdə isə hazıradək 18.000 manat ödəniş etmişdir. Həmin 6.000 ABŞ dollarını o, Xəqaniyə oteldə rəfiqəsinin yanında vermişdir. Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında müqavilə bağlandığı andan bütün ödənişlər məhz onun özü tərəfindən ödənilmişdir. Bankın işçiləri də ona bütün ödənişləri tam olaraq ödədikdən sonra avtomobilin onun mülkiyyətinə keçəcəyini bildirərək onu aldatmışlar. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında Cavabdeh2 verdiyi izahatında bildirmişdir ki, o, Arzunu 2017-ci ildən bacısı Pərvanənin vasitəsilə tanımışdır. O, Rauf, Səbinə və Arzu istirahət etmək üçün Gürcüstan Respublikasına getmişlər. Gürcüstana gedərkən onların avtomobil almaq niyyətləri olmamışdır. Orada olarkən Arzu “Hyundai Sonata” markalı avtomobili bəyənərək onu almaq istədiyini bildirmişdir. Lakin həmin avtomobili almaq üçün kifayət qədər pulu olmamışdır. Bu səbəbdən həmin avtomobili o, özü almışdır. Avtomobili aldıqdan sonra Arzu ona avtomobili verməyi və hər ay həmin avtomobil üçün ödənişlər edəcəyini bildirmişdir. Avtomobili Gömrük postundan keçirərkən Gömrük bəyannaməsində qeyd edilən məbləğ onun özü tərəfindən ödənilmişdir. Daha sonra isə o, həmin avtomobili Cavabdeh1 ASC-yə girov qoyaraq 14.300 manat məbləğində pul götürmüşdür. Həmin avtomobili idarə etmək üçün isə Arzuya etibarnamə vermişdir. Onun adında 28 avtomobil var. Bu o demək deyildir ki, bütün avtomobil sahibləri ondan nəsə tələb etməlidirlər. Həmin ərəfədə isə satmaq məqsədilə 6 avtomobil almış və həmin avtomobillər hələ də onun mülkiyyətindədir. Aralarında olan razılığa görə banka olan ödənişləri Arzu ödəmişdir. Ona olan borcunu tam ödədikdən sonra avtomobili Arzunun adına keçirdəcəkdi. Lakin sonradan Arzu ilə aralarında olan razılaşma pozulduğundan o, avtomobili öz mülkiyyətində saxlamışdır, avtomobili Arzuya vermək niyyəti yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, cavabdeh LPO Cavabdeh1 ASC-yə münasibətdə isə rədd edilməlidir. “Amrahbank" ASC ilə Cavabdeh2 arasında bağlanmış LA/01 saylı, 07.06.2018-ci il tarixli X9 Müqaviləsinin surətindən görünür ki, Lizinq verən Lizinq alanın sifariş etdiyi 1 ədəd “Hyundai Sonata” minik markalı, Tip Sedan, Ban 5NPEC4AB2DH512789, boz rəngli, buraxılış ili 2012) əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 14.300 manatdır. Lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 28% olmaqla lizinqə verilmiş, Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi müqavilə imzalandığı gündən yaranmışdır. 07 iyun 2018-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən bağladığı müqavilə üzrə 14300 manat məbləğində ödəniş edilməlidir. 03.08.2018-ci il tarixli sığorta qaydalarına 013 saylı əlavədən görünür ki, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 04.08.2018-ci il tarixdən İddiaçı hesab olunur. “Amrahbank" ASC-yə məxsus ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən AZ02AMRA******************** hesab nömrəzi üzrə 07.09.2018-ci il tarixdən 07.01.2021-ci il tarixə qədər ümumilikdə 20.075 manat məbləğində ödəniş edilmişdir. “Amrahbank" ASC tərəfindən İddiaçı verilmiş etibarnamələrdən görünür ki, Cavabdeh1 ASC “28 May” filialına məxsus olan Hyundai Sonata minik markalı, tip: Sedan, Ban: 5NPEC4AB2DH512789 Buraxılış ili 2012, Gümüşü metallik rəngli AZ ** PS *** saylı dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi İddiaçı 03.08.2018-ci il tarixindən 15.02.2021-ci il tarixinədək etibar edilmişdir. LPO “Amrahbank" ASC tərəfindən 10 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən Cavabdeh2 ünvanlanmış 18.02.2021-ci il tarixli məktubdan görünür ki, onun 11.02.2021-ci il tarixə qeyd olunan müqavilə üzrə ümumi borcu 2826,48 AZN təşkil edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 “Hyundai Sonata” minik markalı avtomobili əldə etmək məqsədilə “Amrahbank" ASC ilə LA/01 saylı, 07.06.2018-ci il tarixli X9 Müqaviləsini bağlamış, lizinq müqaviləsinin ümumi məbləği 14.300 manat kimi müəyyən edilmişdir. Hazırda iddiaçı mübahisəli avtomobili özünün istifadəsi üçün aldığı, Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün lizinq müqaviləsini öz adından bağlaya bilmədiyi, lakin avtomobil üzrə bütün ödənişlərin onun tərəfindən həyata keçirildiyi, bu halları adına müxtəlif tarixlərdə verilmiş etibarnamələrlə, sığorta sertifikatında adının “Hyundai Sonata” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi qeyd edildiyi və ödəniş qəbzlərində onun “ödəyən” kimi göstərildiyi ilə sübuta yetirildiyini bildirməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə baxışı zamanı verdiyi izahatında lizinq müqaviləsinin onun tərəfindən bağlandığı, avtomobili Cavabdeh1 ASC-yə girov qoyaraq 14.300 manat məbləğində pul götürdüyünü, ödənişlərin İddiaçı tərəfindən edildiyini, avtomobili müəyyən məbləğ müqabilində onun mülkiyyətinə tam kecirəcəyini bildirsə də, məhkəməyə göndərdiyi ərizədə barəsində şifahi qaydada verdiyi halları təkzib edərək avtomobili özü üçün aldığını, iddiaçı tərəfindən banka həyata keçirilən ödənişlərin ona olan borcu qaytarmaq məqsədilə edildiyini qeyd etmiş, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiada göstərilənləri və cavabdeh tərəfindən ilk dəfə verilmiş izahatda bildirdiyini daha inandırıcı və iş materialları ilə sübuta yetirilmiş hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Bu Məcəllənin 431.2-ci madəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Həmin Məcəllənin 431.3-cü maddəsinin tələblərinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, iddiaçı cavabdehin bank qarşısında olan öhdəliyini üçüncü şəxs kimi icra etmiş və buna borclu kimi cavabdehin razılığı tələb olunmasa da, o etiraz etməmişdir. İddiaçı bank qarşısında cavabdehin öhdəliyinə görə 20.075 manat ödəməsi işin məhkəmə tərəfindən müəyyən edilmiş halıdır və Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında şifahi qaydada verdiyi izahatda da bu halı təkzib etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının üçüncü şəxs kimi 07.06.2018-ci il tarixli X9 Müqaviləsinə əsasən yaranmış öhdəliyi kreditor olan LPO Cavabdeh1 ASC-nin qarşısında icra etdiyi və kreditorun təklif edilən bu icranı qəbul etməkdən imtina etmədiyi müəyyən edildiyindən bankın Cavabdeh2 qarşı olan tələb hüququ müvafiq hissədə iddiaçıya keçmiş və o, bu hüququndan istifadə edərək hazırki iddia ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh2 əvəzinə banka həyata keçirilən ödənişlərdən başqa avtomobil üzrə digər əsaslarla Cavabdeh2 hər hansı məbləğdə pulun verildiyi heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Eyni zamanda LPO Cavabdeh1 ASC tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, məhkəmə hesab edir ki, iddia bu cavabdehə münasibətdə təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, 20.075 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 20.090 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia Cavabdeh2 münasibətdə digər hissədə və cavabdeh LPO Cavabdeh1 ASC-yə münasibətdə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 münasibətdə qismən təmin edilsin. 20.075 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 20.090 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia Cavabdeh2 münasibətdə digər hissədə və cavabdeh LPO Cavabdeh1 ASC-yə münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3273/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3273/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver