Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3287/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Nəsimi RİH Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Nəsimi rayon İcra Hakimiyyətini (Qəyyumluq və Himayəçilik Komissiyasını) maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il tarixdə anadan olan oğlu X4 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və ona qəyyum təyin olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi xx.xx.1976-cı il tarixdə doğulan oğlu X6 2-ci qrup anadan gəlmə əlildir. Belə ki, daimi kənar şəxslərin himyəsinə ehtiyacı vardır. Mütəmadi olaraq həkim psixiatrın nəzarətindədir. Davamlı olaraq özəl klinikalarda və Psixi Sağlamlıq Mərkəzində xəstəliyə görə müalicə və müayinələrdən keçmişdir. Belə ki, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, eləcə də nitqin təsir və anlamaq qabiliyyətinin pozuntusu vardır və daimi kənar şəxslərin himyəsinə ehtiyac duyur. Eləcə də, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitqində inkişaf geriliyi olduğu üçün ünsiyətə girmir. Oğlu xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, özünü saxlamaq qabiliyyətində deyil və daimi qulluğa ehtiyacı var. Oğlu öz hərəkətlərini dərk edə bilmədiyi üçün məcburdur ki, heç yerdə işləməyərək ona qulluq etsin, daimi nəzarətdə saxlayır. Əgər oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə bu zaman onun üzərində qəyum təyin oluna bilər, əgər qəyum təyin olunarsa, ona qəyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaq. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasnda Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-T seriyalı 266421 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş X4 anası, X7 atasıdır. Bakı şəhəri Səbail Rayon Qeydiyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 345427 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X7 xx.xx.1999-cu il tarixdə kəskin ürək çatışmazlığından vəfat etmişdir. AR ƏƏSMN-nin X1 sistemindən çıxarılmış xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışa əsasən, X4 müddətsiz olaraq ikinci dərəcəli əlilliyi vardır, əlillik səbəbi: anadangəlmə, diqanoz: oliqofreniya nəzərəçarpan debil dərəcədə emosional iradi pozğunluqlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 2432 saylı ekspert rəyindən görünür ki, X3 debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. X6 öz hərəkətlərinin mənasını anlayavə öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 müəyyən edilən kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən göründüyü kimi, X2 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Maddə 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: Maddə 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. xx.xx.1976-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə xx.xx.1976-cı il təvəllüdlü X4 psixi vəziyyətinin müəyyən edilməsi zərurəti olduğundan məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X5 “kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə” psixi xəstəliyi aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Buna görə də məhkəmə qeyd edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair kifayət qədər əsaslar olduğundan o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə ərizənin qəyyum təyin olunmaqla bağlı hissəsinə münasibətdə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsas olduğundan və qəyyumun təyin edilməsində müvafiq icra hakimiyyəti səlahiyyətli olduğundan qəyyumun təyin edilməsi ilə bağlı məhkəmə aktının çıxarılmasına zərurət yoxdur, ona görə də həmin hissədə ərizənin təmin edilməməsi məqsədəmüvafiqdir. Məhkəmə xərcləri: Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş və Bakı Şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə xx.xx.1976-cı il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva