Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3294/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı "borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı "borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən qeyd edilən 745,18 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. “xxxx” ASC-nin əməkdaşları tərəfindən guya sayğaca baxış keçirilən zaman qeyd edilən mənzilə quraşdırılan sayğac sistemindən kənar xəttin daxil olması ilə əlaqədar 745,18 manat borc yazılmışdır. Lakin İddiaçı və mənzildə yaşayan şəxslər tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş, elektrik enerjisindən istifadəyə görə ödənişlər vaxtlı-vaxtında edilmişdir. “xxxx” ASC tərəfindən yazılmış cərimə əsassızdır. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 16.02.2021-ci il tarixli 021405 nömrəli akt etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 695,83 manat (altı yüz doxsan beş manat, səksən üç qəpik) manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, bildirdi ki, «xxxx» ASC-nin əməkdaşları onun iştirakı və xəbəri olmadan, üzərində isə heç bir təsdiqləyici möhür olmadan 06.01.2021-ci il tarixli, NDM 021405 saylı aktı tərtib etmiş, aktda isə guya yaşadığımız mənzilə aid elektrik sayğacından kənar xəttin daxil olması aşkar edildiyini qeyd etmişlər. Halbuki onlar tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməmişdir. İddianın əsaslı olmasını nəzərə alıb təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyib bildirdi ki, istehlakçı X2 (abonent kodu: **********40112) məxsus Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən mənzilə aid elektrik sayğacına 16.02.2021-ci il tarixdə təmsil etdiyi qurumun Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacdan kənar xəttin olması (elektrik sayğacı dövrədən kənarlaşdırılmış, işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur) faktı aşkar edilmişdir. Bu fakta görə NDM 021405 nömrəli akt tərtib edilərək 6653 kvts – 695,83 manat dəyərində ödəniş sənədi hesablanmiş, akta görə təqdim edilmiş ödəniş sənədi “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğundur, iddianın əsassız olduğunu bildirirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 16 fevral 2021-ci il tarixli NDM 021405 nömrəli Aktdan görünür ki, istehlakçı X1 (abonent kodu: **********40112) yaşadığı Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən mənzildə elektrik sayğacından kənar xəttin istifadə olunması, sayğacın dövrədən kənarlaşdırılmış və işlədicilərin şəbəkəyə bibaşa qoşulması, ampermaşa vasitəsi ilə ölçü aparılan zaman işlədicilərin abonent tərəfindən söndürülməsi aşkar edilmiş, akt «xxxx» ASC-nin əməkdaşları Fərid Şükürov, Ceyhun Quliyev və Yusif Salahov tərəfindən imzalansa da, məişət abonenti qarşısında qrafada abonentin iştirak etmədiyi qeyd edilmişdir. Mülki işin materiallarında olan abunə haqqında məlumatdan görünür ki, X4 (abonent kodu: **********40112) tərəfindən 6653 kvt elektrik enerjisində istifadə etməsi qeyd edilmiş, nəticədə 63 manat (köhnə tarif üzrə 0,7 manat), 5753 manat (yeni tarif üzrə 0,11 manat) enerjidən istifadə qaydalarının pozulması ilə bağlı 695,83 manat məbləğ hesablanmışdır. Mülki işin materiallarında olan “xxxx” ASC-nin Akt Komissiyasının sədrinin “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, 16 fevral 2021-ci il tarixli NDM 021405 nömrəli Akta əsasən abonent X1 (abonent kodu: **********40112) Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən mənzildə elektrik sayğacından kənar xəttin olması aşkar edilmiş, 4,4 kvt x (0,7) x 24 saat x 90 gün = 6653 kvts, Tarif (0,07 manat) – 900 kvts, Tarif (0,11 manat) – 5753 kvts. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17.10.2020-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş diskin videogörüntüsündə “xxxx” ASC-nin nümayəndəsi Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən mənzildə elektrik sayğacından kənar xəttin olmasını bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıdan tələb olunan borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, «xxxx» ASC-nin əməkdaşları Fərid Şükürov, Ceyhun Quliyev və Yusif Salahov tərəfindən tərtib edilmiş 16 fevral 2021-ci il tarixli NDM 021405 nömrəli Akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq tərtib edilməmişdir. Belə ki, qeyd edilən qərarda abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə aktın tərtib edilməsi zamanı enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı zəruri hesab edilsə də, mübahisəli aktın tərtibi zamanı iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Bundan başqa hazırki iş üzrə İddiaçı yaşadığı mənzilə aid (abonent kodu: **********40112 X1 adınadır.) elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırıldığından, hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıdığından «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16 fevral 2021-ci il tarixli NDM 021405 nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin yerləşdiyi (abonent kodu: **********40112 X1 adına olan) binada quraşdırılmış elektrik sayğacının abonent hesabına əsassız yazılmış 695,83 manat məbləğində əlavə borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin yerləşdiyi binanın girişində, yaxud pilləkən meydançasında quraşdırılımş elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehliyi İddiaçı (abonent kodu: **********40112 X1 adınadır.) deyil, cavabdeh-enerjitəchizatı müəssisəsi özü daşıdığından, elektrik sayğacının işlək vəziyyətdə olmaması onun təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) səbəbindən baş vermədiyindən İddiaçınun (**********40112 nömrəli abonent kodu) adına tərtib edilmiş NDM 021405 nömrəli, 06.01.2021-ci il tarixli akt etibarsız hesab edilməli, sərf olunmuş elektrik enerjisinin bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna 6653 kvt enerjinin sərfiyyatına dair əsassız olaraq hesablanmış 695,83 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 16.02.2021-ci il tarixli (abunə haqqında məlumatda 19.02.2021-ci il tarix göstərilmişdir) 021405 nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 695,83 manat (altı yüz doxsan beş manat, səksən üç qəpik) manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3294/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3294/2021
14.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver