Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3298/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1925-ci il təvəllüdlü X1 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Onun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 304 saylı pasport verilmişdir. Atasına həmin pasportla məxsus olan miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı 1 saylı Bakı Asan xidmət mərkəzinə müraciət etmiş və ona vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həmin əmlaka çıxarış alınması ilə bağlı müraciət etdikdə oradan bildirdilər ki, babasının adı pasportda olduğu kimi Ağamurad yazılmalı olduğu halda, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi şəxsi mülkiyyət huququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 304 saylı pasportda Ağamirzə kimi qeyd olunmuşdur. Ona görə də həmin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 304 saylı pasportun atasına məxsus olması faktının məhkəmədə təsdiq etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X4 ərizədə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.6-cı bəndinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin hüquqmüəyyənedici sənədi (evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu) verən təşkilata (hazırda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin hüquqi varisi kimi çıxış edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) sənəddə olan səhvlərin aradan qaldırılması ilə bağlı müraciət edib-etməməsi, etdiyi təqdirdə imtina olunması ilə bağlı sübutlar ərizəyə əlavə edilməmişdir. Məhkəmə hazırlıq iclası zamanı ərizəçiyə müvafiq müraciətin edilməsi və nəticəsi barədə məhkəməyə məlumat verməsi üçün ərizəçi tərəfə məhkəmə tərəfindən vaxt verilsə də, müvafiq təşkilata müraciət edilməsi və həmin müraciətə verilən cavab, imtina olunduğu təqdirdə hansı səbəblərdən müvafiq düzəlişin mümkün olmaması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir ki, bu da xüsusi icraat qaydasında irəli sürülən məsələyə baxılmasını istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi nümayəndəsi X4 tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən nümayəndəyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (hökumət ödəniş portalı, xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz, saat 16:24:47) dövlət büdcəsindən Ərizəçi nümayəndəsi X3 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3298/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3298/2024
09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver