Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3337/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 02.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********55040 olan Samsung Galaxy S10+markalı telefon üçün 2040 (iki min qırx) manat ödənilməmiş hissə, 459 (dörd yüz əlli doqquz) manat dəbbə, cəmi 2499 manat, 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********25905 olan Samsung Galaxy S10+markalı telefon üçün 2560.5 (iki min beş yüz altmış manat əlli qəpik) manat ödənilməmiş hissə, 408 (dörd yüz səkkiz) manat dəbbə. Cəmi 2968.5 manat, ümumilikdə 5467.5 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5497.5 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 02.05.2020-ci il və 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********55040 olan Samsung Galaxy S10+markalı telefon və İMEİ Kodu **********25905 olan Samsung Galaxy S10+markalı telefon almış və nəticədə 5467.5 (beş min dörd yüz altmış yeddi manat əlli qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2100 (iki min yüz) manat (12 ay x 170 manat + 60 manat ilkin ödəniş) İMEİ Kodu **********55040 olan Samsung Galaxy S10+markalı telefon üçün ümumilikdə, 2499 (iki min dörd yüz doxsan doqquz) manat olmaqla ondan, 2040 (iki min qırx) manat ödənilməmiş hissə, 459 (dörd yüz əlli doqquz) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2560,5 (iki min beş yüz altmış manat əlli qəpik) manat (18 ay x 170.7 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********25905 olan Samsung Galaxy S10+markalı telefon üçün ümumilikdə, 2968.5 (iki min doqquz yüz altmış səkkiz manat əlli qəpik) manat olmaqla ondan, 2560.5 (iki min beş yüz altmış manat əlli qəpik) manat ödənilməmiş hissə, 408 (dörd yüz səkkiz) manat dəbbə; cavabdehin cəmi ödədiyi məbləğ 60 manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 4-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 02.05.2020-ci il tarixli müqavilə üzrə cavabdehə 2040 manat əsas borc, 459 manat cərimə borcu, 04.06.2020-ci il tarixli müqavilə üzrə cavabdehə 2560,50 manat əsas borc, 408 manat cərimə borcu, ümumilikdə isə 5467,50 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5497.5 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 02.05.2020-ci il tarixdə ümumilikdə dəyəri 2100 manat təşkil edən İMEİ Kodu **********55040 olan “Samsung Galaxy S10+” markalı telefon və 04.06.2020-ci il tarixdə ümumilikdə dəyəri 2560,50 manat təşkil edən İMEİ Kodu **********25905 olan “Samsung Galaxy S10+” markalı telefon alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. 02.05.2020-ci il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə İMEİ Kodu **********55040 olan Samsung Galaxy S10+ markalı telefon markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 04.06.2020-ci il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə İMEİ Kodu **********25905 olan Samsung Galaxy S10+ markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 11.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 10.03.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 02.05.2020-ci il tarixli müqavilə üzrə cavabdehə 2040 manat əsas borc, 459 manat cərimə borcu, 04.06.2020-ci il tarixli müqavilə üzrə cavabdehə 2560,50 manat əsas borc, 408 manat cərimə borcu, ümumilikdə isə 5467,50 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 02.05.2020-ci il tarixli müqavilə üzrə 100 manat, 04.06.2020-ci il tarixli müqavilə üzrə 100 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02.05.2020-ci il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 2040 manat, cərimə borcu üzrə 100 manat, 04.06.2020-ci il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 2560,50 manat, cərimə borcu üzrə 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 26 manatı məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 02.05.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 2040 manat, cərimə borcu üzrə 100 manat, 04.06.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 2560,50 manat, cərimə borcu üzrə 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 26 manatı, cəmi 4826,50 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3337/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3337/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver