Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3341/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili - Vəkil iştirakı ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi olmaqla, Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edillməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi olmaqla, Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edillməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının “Mercedes Benz GLE 53” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehə satılmasına dair xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 2021-ci ildən aralarında sevgi münasibətləri yaranmış və daha sonra bu sevgi münasibətləri daha da ciddiləşərək qeyri-rəsmi ər-arvad münasibətlərinə çevrilmişdir. 2022-ci ilin mart ayında cavabdehə “Mercedes Benz GLE 53” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili hədiyə etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə aralarında olan münasibətlər pozulduğundan cavabdeh öz minvalında iddiaçı tərəfindən ona hədiyə edilmiş “Mercedes Benz GLE 53” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili ona geri qaytarmış və avtomobil onun adına rəsmiləşdirilmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayında onunla cavabdeh arasında münasibətlər bərpa edilmiş və bu səbəbdən mülkiyyətçisi olduğu avtomobili cavabdehin istifadəsinə qaytarmışdır. 2023-cü ilin may aylarında aralarında baş vermiş mübahisə nəticəsində məlum olmuşdur ki, “Mercedes Benz GLE 53" markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən cavabdehin mülkiyyətinə alqısatqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Halbuki, həmin alğı-satqıda iştirak etməmiş, hər hansı alğı-satqı müqaviləsini bağlamamış və ümumiyyətlə həmin avtomobilə dair cavabdehdən pul vəsaiti almamışdır. xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən sorğu vasitəsilə istənilmiş, lakin həmin qurum tərəfindən sorğusuna müsbət cavab verilməmişdir. Lakin, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi onun tərəfindən imzalanmamış və ümumiyyətlə həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsində iştirak etməmişdir. Həmin bağlanmış alğı-satqı nəticəsində alğı-satqı müqaviləsinin predmeti olan avtomobilin dəyərini qəbul etməmişdir. Sadəcə avtomobili idarə edilməsi üçün cavabdehə vermiş və onunla hər hansı alğı-satqı müqaviləsi bağlamaq niyyəti olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ekspert X2 ifadəsində bildirdi ki, ekspertizaya təqdim edilmiş sənədlər mötəbərliyi sübut olunmuş sənədlərdir. İş materiallarının 52-ci səhifəsindəki nəqliyyat alqı-satqısı ilə bağlı müqaviləsində imza mövcud deyil. Qeyd edilən müqavilədə alıcı və satıcıya məxsus iki qrafa mövcuddur. Alıcı başqa şəxs olduğundan onun imzasını tədqiq etməmişdir. Qeyd edilən müqavilədəki iddiaçıya məxsus olan ad və soyad yazısı imza sayılmır, çünki digər sənədlərdə iddiaçıya məxsus olan formalaşmış imzaları mövcuddur. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı “Mercedes Benz GLE 53 AMG 4 matic coupe minik" markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili 100.000 manata cavabdehə satmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-13-16/2-90927/2023 saylı məktubla məhkəməyə təqdim edilmiş komputer çıxarışından görünür ki, “Mercedes Benz GLE 53 AMG 4 matic coupe minik" markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə iddiaçının adına qeydiyyatına alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında cavabdehin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1633 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin mülki işin 57-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində "Hədiyyə alan" qrafasındakı imza, 58-59-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində "Hədiyyə verən" qrafasındakı imza və 5-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli etibarnamədə “İmza" qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 57-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə alan" qrafasındakı imza, mülki işin 58-59-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə verən” qrafasındakı imza, 5-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli etibarnamədə "İmza" qrafasındakı imza ilə 53-cü vərəqəsində olan 09 sentyabr 2022-ci il tarixli “nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına dair ərizədə “Şəxsin imzası" qrafasındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır və ya iradə ifadəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir Yuxarıda qeyd olunan plenum qərarında həmçinin qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, mübahisənin predmetini tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir və buna görə də əqdin etibarlı olması üçün şərtlərin mövcud olmamasına diqqət yetirilməlidir. Hazırkı tələb üzrə qeyd olunan şərtlərdən biri - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərt mübahisələndirilir və mübahisənin də əsasını o, təşkil edir ki, xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən imzalanmamışdır, yəni, əqdin bağlanmasında onun iradə ifadəsi mövcud deyildir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3341/2023 saylı qərardadına əsasən müqavilədəki imzanın iddiaçıya məxsus olub - olmamasının müəyyən etmək üçün məhkəmə - xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1633 saylı ekspert rəyində qeyd olunmuşdur ki, mülki işin 57-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə alan" qrafasındakı imza, mülki işin 58-59-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə verən” qrafasındakı imza, 5-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli etibarnamədə "İmza" qrafasındakı imza ilə 53cü vərəqəsində olan 09 sentyabr 2022-ci il tarixli “nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına dair ərizədə “Şəxsin imzası" qrafasındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Eyni zamanda ekspert məhkəmə iclasında verdiyi ifadəsində qeyd etmişdir ki, müqavilədəki iddiaçıya məxsus olan ad və soyad yazısı imza sayılmır, çünki digər sənədlərdə iddiaçıya məxsus olan formalaşmış imzaları mövcuddur. Ekspert rəyinə əsasən müəyyən olunur ki, müqavilənin bağlanmasına iddiaçının iradə ifadəsi mövcud deyildir və qeyd olunan xüsusat əqdin etibarsızlığı üçün əsasdır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən imzalanmadığından həmin əqdin bağlanmasında onun iradə ifadəsi mövcud olmadığına görə müqavilə etibarsız hesab olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsi etibarsız əqd olduğundan onun hüquqi nəticəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi də ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 110 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı “Mercedes Benz GLE 53 AMG 4 matic coupe minik" markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh satılmasına dair xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəm ekspertiza tədqiqatlarının dəyəri 110 manat məbləğində ekspertiza xərcləri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3341/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3341/2023
28.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver