Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3349/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 mart 2025-ci il tarix, saat 15.48-də iddiaçıya məxsus telefona zəng gəlmiş, həmin gün ailəsi ilə birlikdə Novruz bayramını keçirdiyindən gələn zəngin Azərbaycandan gəlməsini düşünmüş, nömrəyə daha dəqiq baxıb həmin nömrənin Azərbaycanın beynəlxalq kodu +994 deyil, +995 nömrəsi ilə başladığına fikir verməmişdir. İddiaçıya gələn zəng +995 *** ** ** 70 nömrəsindən saat 15.48-də gəlmiş, 59 saniyə telefonla danışmışlar, iddiaçıya Azercell-dən zəng etdiklərini, 5G xidmətinə keçmək üçün razı olub-olmamağını soruşmuşlar. İddiaçı razı olduğunu bildirdikdə, yenidən zəng edəcəklərini bildirmişlər. +7 909 *** ** ** nömrəsindən 16.21-də zəng gəlmiş, iddiaçıya fayl göndərildiyini bildirmişlər və telefonun ekranının qaralıb-qaralmaması barədə soruşmuşlar. Telefonun ekranının qaraldığını dedikdə iddiaçıya bildirmişlər ki, “belə olmaldır, narahat olmayın, 15 dəqiqədən sonra telefon aktiv olacaq”. Zəngi sonlandırdıqda telefonuna "deaktiv edildi” mesajı gəlmişdir. Telefonda danışarkən əli təsadüfən Leobank proqramına dəymiş, lakin həmin proqram onu atmışdır. İddiaçı həm gələn yazıdan, həm də proqramın onu atmasından şübhələnib telefonunda yüklədiyi digər bank proqramlarına daxil olmuş, bu zaman Birbankdan 13000 manat və 697 manat olmaqla kredit götürüldüyünü və həmin kartda olan özünə məxsus 156 nanat pulla birlikdə çəkildiyinin şahidi olmuşdur. Həmin zaman iddiaçı hər hansı bir kod deməmiş, kartı ilə bağlı heç bir məlumatı paylaşmamışdır. Bununla bağlı cinayət işinin başlanması üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bankın qaynar xətti olan 196 ilə həmin an əlaqə saxladıqda xx.xx.2025-ci il tarixdə GTKR3340447C299 nömrə ilə kredit müqaviləsi, həmçinin eyni tarixli BRCB3340448C299 saylı Birbank Cashback kredit xətti müqaviləsinin bağlandığını öyrənmişdir. İddiaçı qeyd edilən kredit müqailəsində göstərilən məbləğin onun tərəfindən götürülmədiyini, bu müqavilələrin iradəsinə zidd dələduzluq yolu ilə bağlanılıb, pulun mənimsənildiyini izah etmişdir. Kredit müqaviləsinə görə 13697 manat kredit məbləği 48 ay müddətinə 33,9% illik faiz dərəcəsi olmaqla verilmişdir. İddiaçı həmin müqavilə bağlanan zaman 2 ay idi ki, əmək fəaliyyətinə başlamışdı. Həmin müddət adətən sınaq müddəti olduğundan əmək fəaliyyətinin nə qədər davam edəcəyi məlum deyildi. İddiaçı ayda 686 manat əmək haqqı alırdı. Ödəniş qrafikində isə hər aya 524.72 manat pul ödəməli olduğu göstərilmişdir. Qeyd edilən ödəniş iddiaçının əmək haqqının 77%-ni təşkil edirdi. Bu müqavilə iddiaçının iradəsinə zidd olaraq tərtib edilmiş, kredit tələbi ilə bağlı banka heç bir müraciət etməmişdir. İddiaçının Cashback kartı da olmamışdır. Müqavilə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, GTKR3340447C299 nömrəli kredit müqaviləsi, həmçinin eyni tarixli BRCB3340448C299 saylı Birbank Cashback kredit xətti müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə qarşı etirazını yazılı izahat formasında təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq "Kapital Bank” ASC-nin mobil bank tətbiqi olan "Birbank” tətbiqindən istifadə edir. İddiaçı özünə məxsus olan +**********14 mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə Honor Crt-nx1 cihazında istifadə etmişdir. İddiaçı Bankın mövcud müştərisi olduğu üçün sahib olduğu Birbank mobil tətbiqi üzərindən qanunvericiliyin tələbinə əsasən videoçəkiliş və üz tanınma vasitəsilə eyniləşdirilmə aparılmaqla onunla Bank arasında onlayn qaydada xx.xx.2025-ci il tarixli, GTKR3340447C299 saylı və xx.xx.2025-ci il tarixli, BRCB3340448C299 saylı Birbank Cashback Kredit Xətti müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, BRCB3340448C299 saylı Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən İddiaçı illik faiz dərəcəsi 29% olmaqla xx.xx.2028-ci il tarixədək kredit xətti açılmış və müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 100 manat məbləğində müəyyən olunmuşdur. Tərəflər arasında bağlanmış digər xx.xx.2025-ci il tarixli, GTKR3340447C299 saylı kredit müqaviləsinə əsasən iddiaçıya illik faiz dərəcəsi 33,9% olmaqla 48 ay müddətinə qaytarılmaq şərti ilə 13697 manat məbləğində kredit verilmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, GTKR3340447C299 saylı kredit müqaviləsi üzrə verilmiş 13697 manat kredit məbləği müqavilənin 2.1-ci bəndinə əsasən 410100J**********299 saylı cari hesaba köçürülmüş, müqavilənin 1.1.6.1-ci bəndinə əsasən 136,97 manat nağdlaşdırma komissiyası və 1.1.6.2-ci bəndinə əsasən 273,94 manat məbləğində rəsmiləşdirmə komissiyası tutulduqdan sonra qalan 13286 manat məbləğində pul vəsaiti müştərinin kart hesabı olan ******************** saylı hesaba (510307******3680 saylı karta) köçürülmüşdür. Bundan sonra müvafiq kart hesabından 13000 manat və 440 manat məbləğində pul vəsaiti müştərinin digər 416973******5525 saylı Birbank Cashback kredit kartına köçürülmüşdür. Sözügedən əməliyyatların hər biri xx.xx.2025-ci il tarixində aparılmışdır. Qeyd edilənlərdən görünür ki, sözügedən əməliyyatlar müştərinin öz hesabları arasında aparılmışdır. Belə ki, müştərinin öz hesabları arasındakı köçürmə əməliyyatlarında 3D təhlükəsizlik kodları göndərilmir. Bundan sonra 416973******5525 saylı Birbank Cashback kredit kartında olan vəsaitindən məbləğləri 5000 manat, 4900 manat və 3600 manat olan köçürmə əməliyyatları edilmişdir. Sözügedən köçürmə əməliyyatları müştərinin öz hesabları arasında olmadığından (müvafiq vəsaitlər Birbank mobil tətbiqi vasitəsilə M10 elektron pul kisəsi hesabına köçürülmüşdür) bu əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +**********14 mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodları göndərilmiş və həmin kodlar daxil edilərək təsdiq edildiyi üçün əməliyyatlar uğurla həyata keçirilmişdir (3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış iş materiallarına əlavə edilmişdir. Nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatların iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatların aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və 3D Secure kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. İddiaçının mübahisələndirdiyi əqdlərin etibarsızlığı məsələsinə gəldikdə isə qeyd edilir ki, iddiaçı bununla bağlı iddiasını əsaslandırmamışdır. Qanunvericiliyin müddəlarından, həmçinin iş materialı kimi əlavə edilmiş sənədlərdən, çıxarışlardan görünən odur ki, bankla iddiaçı arasında müqavilə bağlanan zaman qanunvericiliyin müddəalarına əməl edilmiş, iddiaçı iradə ifadəsini bəyan edərək, könüllü şəkildə müvafiq müqaviləni bağlamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək və tərəflərindən təqdim edilmiş yazılı izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq isə onun hesabına pul köçürüldüyündən məlumatı olmadığını, “M10” hesabını özü açmadığını, belə ki, “Telegram” sosial şəbəkəsində “M10” hesabı açmaqla bağlı ona yazıldığını və aldadıldığını, hesabın istifadəsində olmadığını, həmin hesaba pul köçürüldüyü üçün Kiber Cinayətkarlığa qarşı Mübarizə İdarəsində izahatının alındığını bildirmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Cavabdeh ASC və İddiaçı xx.xx.2025-ci tarixli, GTKR3340447C299 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya illik faiz dərəcəsi 33,9% olmaqla 48 ay müddətinə qaytarılmaq şərti ilə 13.697 manat məbləğində kredit ona məxsus cari hesaba köçürülmə yolu verilmiş, iddiaçı müqavilə üzrə aylıq ödənişləri Banka ödəməyi öhdəsinə götürmüşdür. 10.Mülki işin materiallarında olan xx.xx.2025-ci tarixli, GTKR3340447C299 nömrəli kredit müqaviləsinə dair ödəniş qrafikinə əsasən aylıq ödəniləcək məbləğ hər ay 524.72 manat, sonuncu ay isə 543.01 manat müəyyən edilmişdir. 11.Mülki işin materiallarında olan Cavabdeh ASC və İddiaçı xx.xx.2025-ci tarixli, BRCB3340448C299 nömrəli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya illik faiz dərəcəsi 29% olmaqla xx.xx.2028-ci il tarixədək kredit xətti açılmış və kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 100 manat məbləğində müəyyən olunmuşdur. 12.Mülki işin materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən qəbul edilən 01 may 2025-ci il tarixli qərara əsasən İddiaçı müraciəti əsasında başlanmış iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 13.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 14.Mülki işin materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2025-ci il tarixdə GTKR3340447C299 saylı müqaviləyə əsasən 13.697 manat məbləğində pul vəsaiti karta mədaxil edilmiş, müqavilə üzrə 273.94 manat kreditin rəsmiləşdirilməsi komissiyası, 136.97 manat nəğdləşdirmə komissiyası çıxılmış, 13286.09 manat isə ******************** nömrəli kart hesabına məxaric edilmişdir. 15.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən İddiaçı məxsus Cavabdeh ASC-yə aid 510307******3680 nömrəli kart hesabından xx.xx.2025-ci il tarixində Cavabdeh ASC-yə aid 416973******5525 nömrəli “Birbank Cashback” kart hesabına mədaxil edilmiş vəsaitlərin **********10 nömrəli M10 hesabına köçürülməsi müəyyən edilmişdir. Bu hesab üzrə maliyyə məlumatları, həmin istifadəçinin anket məlumatı və fotogörüntüsü məktuba əlavə olunur. Ümumiyyətlə, kart sahiblərinin anket məlumatları "xxxx" MMC-də mövcud olmur. Bu səbəbdən də Cavabdeh ASC-yə aid 416973******5525 nömrəli “Birbank Cashback” kartının kimə məxsus olması barədə məlumatların alınması üçün aidiyyəti banka müraciət olunması tövsiyə olunmuşdur. 16.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilən çıxarışa əsasən +**********10 nömrəli hesabın X4 məxsus olduğu görünür. 17.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən “Banklar haqqında” Qanunun 46.6-cı maddəsinə əsasən qarşılıqlılıq prinsipinə əsasən xarici bank tənzimləməsi və nəzarəti orqanlarının sorğuları, habelə məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Bank başqa şəxslərin tələbi ilə banklarda və xarici bankların yerli filiallarında yoxlamalar keçirməyə, onlardan hesabat və ya informasiya almağa səlahiyyəti deyildir. Qeyd olunanlar nəzərə alınaraq təqdim edilən sorğu əsasında bankda araşdırma aparılması mümkün olmamışdır. 18.Mülki işin materiallarına həmçinin, İddiaçı oğunun üz tanınmasına (99%) dair videogörüntüdən çıxarış əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 19.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı 2021-ci il tarixdən cavabdeh Bankın müştərisi olmuş, “Birbank” tətbiqindən istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə tərəflər arasında onlayn qaydada GTKR3340447C299 nömrəli kredit müqaviləsi və BRCB3340448C299 nömrəli Birbank Cashback Kredit Xətti müqaviləsi bağlanmış, kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 33,9% olmaqla 48 ay müddətinə qaytarılmaq şərti ilə 13.697 manat məbləğində kredit komissiya haqları tutulduqdan sonra yerdə qalan məbləğ-13.286 manat iddiaçıya məxsus cari hesaba köçürülmüş, bundan sonra pul vəsaiti ona məxsus 416973******5525 saylı Birbank Cashback kartına köçürülmüş, daha sonra isə vəsait Sənan Əsgərova məxsus **********10 nömrəli M10 hesabına köçürülmüşdür. 20.Hazırda iddiaçı, xx.xx.2025-ci il tarixli kredit müqaviləsindən məlumatsız olduğunu, müqavilənin onun iradəsinə zidd, dələduzluq yolu ilə bağlandığını iddia edərək, həm kredit müqaviləsinin, həm də kredit xətti müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6-cı maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. 746-2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. 746-2.6-cı maddəsinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. 23.Azərbaycan Respublikasının Mərkəzi Bankının 46/4 №-li 21 sentyabr 2023cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir. 24.Azərbaycan Respublikasının Mərkəzi Bankının 46/4 №-li 04 fevral 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın: 5.6-cı bəndinə əsasən Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyrirezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7-ci bəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 25.İşin faktiki hallarından göründüyü kimi və qanunvericiliyin tələblərinə uyğun olaraq məsafədən xx.xx.2025-ci il tarixli kredit müqaviləsinin bağlanılması yolu ilə Bank tərəfindən iddiaçıya illik faiz dərəcəsi 33,9% olmaqla 48 ay müddətinə qaytarılmaq şərti ilə 13.697 manat məbləğində kredit verilmiş, həmçinin eyni tarixli kredit xətti müqaviləsinə əsasən isə illik faiz dərəcəsi 29% olmaqla xx.xx.2028-ci il tarixədək kredit xətti açılmışdır. Bu, işin mübahisəsiz hallarıdır. 26.Hazırda iddiaçı, sözügedən müqavilələrin onun iradəsindən kənar bağlanıldığını iddia edərək hazırki iddia tələbini irəli sürmüşdür. 27.Məhkəmə, ilk növbədə qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və “Birbank Cashback” kredit xətti müqavilələri iddiaçının öz iradə ifadəsi əsasında bağlanılmış, həmin müqavilə əsasında iddiaçıya məxsus kart hesabına müvafiq komissiyalar çıxıldıqdan sonra 13.286 manat məbləğində pul köçürülmüş, bundan sonra 13.500 manata yaxın pul vəsaiti iddiaçının digər Birbank hesabına köçürüldükdən sonra, Bank tərəfindən ona 3D təhlükəsizlik kodu göndərilmiş, kodun təsdiqlənməsi nəticəsində sonuncu hesabdan da üçüncü şəxsə məxsus **********10 nömrəli M10 hesabına köçürülmüşdür. 28.Məhkəmə qeyd edir ki, müqavilənin etibarsızlığı yalnız Mülki Məcəllənin 329- 332-ci maddələrində nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olduqda mümkündür. Lakin iş üzrə nə iradə ilə ifadə arasında uyğunsuzluq, nə də aldatma, hədə və ya zor tətbiqi sübuta yetirilməmişdir. Eyni zamanda, müqavilə bağlandıqdan sonra kredit vəsaiti tam olaraq iddiaçının sərəncamında olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit və kredit xətti müqavilələri etibarlıdır və iddiaçının həmin müqavilələr üzrə iradəsi tam, aydın və azaddır. İş materiallarından aydın olur ki, iddiaçı özü tərəfindən ona kredit ayrılmasını tələb etmiş və bu proses mobil tətbiq və ya digər elektron vasitələrlə təsdiqlənmişdir. Bundan sonra kredit vəsaiti iddiaçının kart hesabına mədaxil olunmuşdur. 29.Məhkəmə qeyd edir ki, təqdim edilmiş videogörüntülərdə müqavilənin bağlanması zamanı identifikasiya prosesində iştirak edən şəxsin məhz İddiaçı özü olduğu aydın şəkildə görünür. Bunu məhkəmə iclasında iddiaçı tərəf öz izahatında da təsdiq etmişdir. Bu da kredit müqaviləsinin qarşılıqlı razılıq əsasında bağlandığını və heç bir iradə pozuntusunun baş vermədiyini göstərir. 30.İş materiallarından həmçinin görünür ki, kredit vəsaiti iddiaçının adına olan 510307******3680 nömrəli kart hesabından xx.xx.2025-ci il tarixində Cavabdeh ASC-yə aid 416973******5525 nömrəli “Birbank Cashback” kart hesabına mədaxil edilmiş, bundan sonra isə üçüncü şəxs Sənan Əsgərova məxsus **********10 nömrəli M10 hesabına köçürülmüşdür. Bank tərəfindən təqdim olunmuş yazılı izahatlardan və texniki məlumatlardan görünür ki, pulun “Birbank Cashback” kart hesabından M10 hesabına köçürülməsi zaman Bank tərəfindən iddiaçının istifadəsində olan mobil nömrəyə birdəfəlik 3D Secure təhlükəsizlik kodu göndərilmiş və əməliyyat məhz həmin kodun təsdiqlənməsi ilə icra edilmişdir. Həmçinin, Bank tərəfindən təqdim edilən sənədlərdə bu təhlükəsizlik kodunun üçüncü şəxslərlə paylaşılmaması barədə sistemli şəkildə xəbərdarlıq edildiyi də təsdiq olunur. 31.Məhkəmə qeyd edir ki, iddiaçının hesabından vəsaitin çıxarılması faktı cinayət əməli nəticəsində baş vermiş olsa da, bu hal müqavilənin bağlanması zamanı iradənin pozulması və ya saxtalaşdırılması kimi qiymətləndirilə bilməz. Çünki vəsait ilkin olaraq məhz iddiaçının hesabına yerləşdirilmiş, ona sərəncam vermək imkanı yaradılmış və əməliyyatların icrası üçün tələb olunan avtorizasiya addımları yalnız onun iştirakı ilə mümkün olmuşdur. Kredit vəsaitindən sonrakı istifadə – o cümlədən üçüncü şəxslərlə yazışma, təhlükəsizlik kodunun paylaşılması və ya kiberdələduzluq cinayətinin qurbanı olması – müqavilənin etibarsızlığına deyil, yalnız hüquqi məsuliyyətin dərəcəsinə təsir edən amillər kimi qiymətləndirilə bilər. 32.Məhkəmə həmçinin qeyd edir ki, cinayət işi üzrə istintaqın aparılması və oğurluq faktının müəyyən olunması özü-özlüyündə mülki-hüquqi müqavilənin etibarsızlığına əsas vermir. İddiaçı zərərçəkmiş qismində cinayət işinə cəlb olunduğu halda, hüquqlarının bərpası cinayət-prosessual vasitələrlə, təqsirli şəxslərin müəyyən olunması və onlardan müvafiq ziyanın tutulması yolu ilə həyata keçirilməlidir, lakin bu halların müqavilənin mövcudluğu və etibarlılığı ilə birbaşa əlaqəsi yoxdur. 33.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi qanuni əsaslarla bağlanmış, kredit vəsaiti iddiaçının sərəncamına verildikdən sonra icrası da onun iradəsi ilə həyata keçirilmişdir. Mübahisələndirilən əməliyyatlar isə Bankın deyil, üçüncü şəxslərin mümkün hüquqazidd davranışları nəticəsində baş vermiş və bu hal Bankla bağlanmış müqavilənin hüquqi qüvvəsinə təsir göstərməməlidir. 34.Beləliklə də məhkəmə qeyd edilənləri nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız hesab edildiyindən təmin edilməməlidir. 35.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3349/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3349/2025
23.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver