Məhkəmə qərarları › İş №2(006)-3353/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3353/2025

05.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3353/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 30 sentyabr 2021-ci il tarixdə, Abşeron rayonu 2 saylı Notariat ofisində, 3M-977 reyestr nömrəli bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh ilə İddiaçı arasında 30 sentyabr 2021-ci il tarixdə, Abşeron rayonu 2 saylı Notariat ofisində, 7000 manat pul məbləğinin 30 mart 2023-cü il tarixdə qaytramaq şərti ilə 3M-977 reyestr nömrəli borc müqaviləsi bağlanmışdır. Hal-hazırda həmin müqavilənin mübahisələndirilməsinə səbəb aralarında bağlanmış həmin borc müqaviləsinin həqiqətə uyğun olmayan, görüntü xarakterli, əslində mövcud olmayan əqdin bağlanması ilə əlaqədardır. Belə ki, Cavabdeh ilə birlikdə iddiaçı şərikli fəaliyyətlə məşğul olublar. Belə ki, onlar malların alqı-satqısı fəaliyyəti görüb, malları mağazalara paylayıb, bundan sonra mağazalardan həmin pulları bərabər götürürdülər. Əvvəl bir müddət olaraq mağazalara verdikləri məhsulların əvəzi olaraq pullarını alsalar da, sonradan 2020, 2021-ci il tarixdə pandemiya dövrünə düşdüyündən mağazalardan verdikləri malların pullarını ala bilməyərək, ziyan etməyə başlayıblar. Cavabdeh şərikli olaraq fəaliyyət göstərdikləri zaman, birgə çəkmiş olduqları xərcləri, o cümlədən mağazalara verdikləri mallara görə ala bilmədikləri pulları iddiaçıdan tələb etməyə başlayaraq, ziyanı tək iddiaçının ödəməli olduğunun deyərək tələb etməyə başlamış, iddiaçı isə bunun ikisinə də aid olduğunu, şərikli fəaliyyət göstərdikləini deyərək, çəkmiş olduqları xərclərin bərabər şəkildə bölünməli olduğunu bildirərək, narazılığını bildirmişdir. Cavabdeh bundan sonra yenə ondan tələb edərək, malların pulunun iddiaçıdan alacağını, bununla bağlı onu qohum-əqrəbalar içində rüsvay edəcəyini, təsir təzyiqlər edərək malların pulunu tələb etməsi, daha sonra isə heç olmasa formal bir borc müqavilə bağlamağı deyərək, heç olmasa üzdə nəsə görünməsini bildirərək reallıqda hər hansı pul olmadığı halda həqiqətə uyğun olmayan, etibarsız müqavilə bağlatmışdır. Halbuki, cavabdehdən notariusda heç bir pul məbləği iddiaçı tərəfindən alınmamış, onun tərəfindən iddiaçıya hər hansı pul verilməmişdir. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə münasibətdə bildirmişdir ki, ərizədə qeyd olunanlar bütövlüklə əsassızdır və iddianı qəbul etmirlər. Belə ki, faktiki olaraq müqavilə bağlanaraq borc yaranmışdır. Borc müqaviləsi bağlandıqdan sonra bank vasitəsi ilə mədaxil-məxaric əməliyyatı aparılmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırıldığı hallar: Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdi mübahisə edə bilər. Bu müddət keçdikdən sonra həmin hüquq itirilir. Hazırkı iddia üzrə mübahisələndirilmiş müqavilənin üzərindən bir neçə il keçməsinə baxmayaraq iddiaçı iddia müddətini ötürməklə mübahisələndirmişdir. Məhkəmədən iddia müddətinin tətbiqi məsələsinə münasibət bildirilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, pandemiya ərəfəsində cavabdehin müdir olduğu firma -"xxxx" MMC ilə müqavilə bağlamışdır, onlardan qida alıbsatırdı. Pandemiyaya qədər fərdi sahibkar idi. 2018-ci ilin əvvəlindən 2020-ci ilə qədər hər ay ayın əvvəlindən mal alırdı, ayın sonunda ödəyirdi. Sonra elə oldu ki, mallar satılmadı və işləyə bilmədi. 3 uşağa baxır deyə borcu ödəyə bilmir. Onun borcu cavabdehə deyil, "xxxx" şirkətinədir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər, belə ki, iddiaçı müqavilənin bağlandığı dövrdən etibarən heç bir müraciət etməmişdir. Etibarsız olması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən mübahisələndirilməyib. Odur ki, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Abşeron rayon 2 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, reyestrdə 3M-977 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsindən görünür ki, Cavabdeh (borc verən), İddiaçı (borc alana) 7000 manat məbləğində pul borc verməyi, borc alan isə krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Masallı Regional “Asan xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 1125 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə 8İ-5771 reyestr nömrə ilə rəsmiləşdirilmiş icra qeydinə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh xeyrinə Masallı, Bədələn k., ünvanına qeydiyyatda olan İddiaçı xx.xx.2023-cü il müddət üçün vaxtında ödənilməmiş 7000 manat tutulmalıdır. Bundan əlavə İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7025 manat pul tutulmalıdır. Abşeron 2 saylı Notariat ofisinin 22 yanvar 2025-ci il tarixli, 20 saylı məktubundan görünür ki, Masallı rayon Bədəlan kəndində qeydiyyatda olan İddiaçı kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən 3 gün ərzində notariat ofisinə gəlməsi, əks halda kredit müqaviləsinə icra qeydinin aparılacağı və icra olunmaq üçün İcra və Probasiya şöbəsinə göndəriləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyası): Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Mülki Prosessual Məcəllə: Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh İddiaçı 7000 manat məbləğində pul borc verməyi, sonuncu isə həmin pulu xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda İddiaçı həmin müqavilənin etibarsızlığı tələbini irəli sürür. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hallar ondan ibarətdir ki, sözügedən müqavilə tərəflər arasında yalnız görüntü xarakterli, əslində mövcud olmayan əqd kimi bağlanmışdır. Belə ki, iddiaçı 7000 manat borcunun olduğunu qəbul edir, lakin həmin pulu Cavabdeh borc alaraq götürmədiyini, "xxxx" MMC-dən nisyə aldığı malların dəyərindən qalıq borc olaraq, bu qaydada rəsmiləşdirildiyini bildirir, ona görə də etibarsız əqd kimi qiymətləndirilməli olmasını iddia edir. Məhkməmə ilk növbədə qeyd edir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin etibarsız olması nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. O da nəzərə alınmalıdır ki, bu halları sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Əksinə, işin faktiki hallarından göründüyü kimi, iddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Belə ki, müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. O da qeyd olunmalıdır ki, iddiaçı həmin əqdin etibarsızlığı ilə bağlı tələbi müqavilə bağlandığı vaxtdan 4 ildən sonra irəli sürmüşdür. Görünən odur ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə notarius tərəfindən icra qeydi verildikdən sonra iddiaçı müqaviləni mübahisələndirmək qərarına gəlmişdir ki, bu da iddiaçının icra sənədinin icrasından yayınmaq niyyətinin olduğu qənaətinə gəlməyə əsas verir. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsinin iddia müddəti kimi tətbiq edilməsini xahiş etdiyi 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı həm əhəmiyyətsizlik (əqdin görüntü üçün bağlanması, ona müqavilədə nəzərdə tutulan pul vəsaitinin verilməməsi), həm də iradə ifadəsinin zədələnməsi (müqavilənin təzyiq və məcburetmənin təsiri altında bağlanması) hallarına istinad edərək, müqavilənin etibarsızlığı tələbini irəli sürür. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, İddiaçı iradə ifadəsinin zədələnməsi hallarına əsaslanaraq qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisələndirmək hüququnu da itirmişdir. Beləliklə, məhkəmə, kredit müqaviləsinin etibarsızlığının (əhəmiyyətsizliyinin) məhkəmə iclasında təsdiqini tapmadığını, həmçinin müqavilə bağlandıqdan 4 il sonra iradə ifadəsinin zədələnməsi əsası ilə hazırki tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddia rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar