Məhkəmə qərarları › İş №2(006)-3373/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3373/2022

13.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3373/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı "istifadə etmədiyi su sərfinə görə ödənilmiş pulun qaytarılması və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı "istifadə etmədiyi su sərfinə görə ödənilmiş pulun qaytarılması və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 32 “A” olaraq qeyd edilən tikili 2011-ci ildən iddiaçının adınadır. 2016-cı ilə qədər orada heç kim yaşamayıb və qeydiyyatda da heç kim olmayıb. Odur ki, həmin müddətdə iddiaçının adına olan “Bakı şəhəri, Xan Şuşinski küçəsi, 32A” olaraq qeyd olunan tikilidə sudan ümumiyyətlə istifadə edilməmiş, ümumiyyətlə buna ehtiyac da olmamışdır. 2016-cı ildə isə həmin tikiliyə sayğac qoyulmuşdur. Bununla belə, sonradan iddiaçıya məlum olmuşdur ki, sayğac qoyulanadək olan müddətə qədər də həmin ünvana su borcu yazılıb. Həmin ünvanda heç kimin qeydiyyatda olmaması barədə arayış da dəfələrlə cavabdeh quruma təqdim edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh qurum tərəfindən sayğac olmadığı müddətə görə əsassız borc hesablanmış, sayğac qoyulandan sonra həyata keçirilən ödənişlər isə həmin borca aid edilərək mütəmadi olaraq silinmişdir. “Bakı şəhəri, Xan Şuşinski küçəsi, 32A” ünvanında heç kim qeydiyyatda olmadığı və ümumiyyətlə sudan istifadə edilmədiyi halda qeyd edilən müddət üçün borcun yazılması əsassızdır. Beləliklə, 2016-cı ildə sayğac qoyulan müddətə qədər “ünvan 1 ünvanda heç kəsin yaşamamasına, qeydiyyatda olmamasına və ümumiyyətlə sudan istifadə olunmamasına görə qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən 2016-cı ildə sayğac qoyulan müddətə qədər “Bakı şəhəri, Xan Şuşinski küçəsi, 32A” ünvanına dair Cavabdeh ASC tərəfindən hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC-dən hər iki istehlakçıya məxsus olan mənzillərin hüquqi ünvanını, imzalanan müqavilələrin tarixini və nömrəsini dürüst şəkildə istehlakçıya göndərilməsi, Cavabdeh ASC tərəfindən ona aid mənzilə saxta sənədlər əsasında tərtib edilən bildirişxəbərdarlıq vasitəsilə, məcbur olaraq istifadə etmədiyi su sərfinə ödənilmiş 1562 manat pul vəsaitinin Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının 599 manat borcu vardır. Bu borc 2016-cı ilin avqust ayının 31-dək olan borcdur. Sayğac 2016-cı il tarixində quraşdırılmışdır. 599 manat borcun 4 nəfər istehlakçıya görə hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli ətraflı abonent kartından görünür ki, İddiaçı istifadə etdiyi xidmətlərə görə Cavabdeh ASC-yə 577,01 manat məbləğində borcu vardır. İş materiallarında olan Cavabdeh ASC-nin məhkəməyə ünvanladığı məktubdan görünür ki, ünvan 2ırki dövr ərzində yaranmış borc 599 manat təşkil edir. Həmin ünvana xx.xx.2016-cı il tarixində İSS-15 markalı, 470473 nömrəli suölçən cihaz quraşdırılmışdır. İstehlakçıya xx.xx.2016-cı il tarixinədək adambaşına düşən istehlak normasına əsasən hesaba aparılmışdır. 2011-ci ilin fevral ayının 2-dən 2016-cı ilin avqust ayının 31-dək (sayğacsız dövr) istehlakçıya 301,59 manat dəyərində suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Abonent tərəfindən 301,59 manat borcdan 235,20 manat ödənilmiş, 66,39 manat sayğacsız dövrdən borc qalıq qalmışdır. Abonent xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək suölçən cihazın göstəricisindən yaranmış borcdan 248 manat ödəniş etmişdir. Bu ilin mart ayından suölçən cihazın göstəricisini qeyd etməyə abonent tərəfindən imkan yaradılmamışdır. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən istehlakçıya su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. İddiaçıya məxsus ünvana xx.xx.2016-cı il tarixdə sayğac quraşdırılmışdır. İddiaçı tərəfindən əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə ödənişi tam yerinə yetirilməmiş, nəticədə 599 manat borcu yaranmışdır. Hesabat suölçən cihazın göstəricisinə görə aparılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı "istifadə etmədiyi su sərfinə görə ödənilmiş pulun qaytarılması və s. tələbi”nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "istifadə etmədiyi su sərfinə görə ödənilmiş pulun qaytarılması və s. tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar