Məhkəmə qərarları › İş №2(006)-3387/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3387/2020

01.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3387/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi Kərimov Rövşən İbrahim oğlunun, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 Seid oğlunun, Cavabdeh5in nümayəndəsi X10 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 38, M4 ünvanında yerləşən 3 saylı mənzilə aid X2 və Cavabdeh3 arasında imzalanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin, X3 ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2019-cu il tarixli və Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh4 hərəkətlərinin qanunsuz hesab edilməsi və Cavabdeh4 mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh4 ilə xx.xx.2015-ci il tarixində Bakı şəhərində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 və X7 dünyaya gəlmişdir. İddiaçı ilə Cavabdeh5 və “xxxx” MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinə əsasən iddiaçıya məxsus Heydər Əliyev prospekti 66 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,2 kv.m olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə Heydər Əliyev prospekti 66-68 ünvanında inşa olunmuş yeni yaşayış binasının dördüncü mərtəbəsində 74 saylı ümumi sahəsi 89,8 kv.m olan 3 otaqlı mənzillə təmin olunmuşdur. Qeyd olunan mənzilin qaz, işıq, su və telefon xətləri iddiaçının adına rəsmiləşdirilmişdir. xx.xx.2018-ci il tarixində “xxxx” MMC-nin adından etibamamə üzrə səlahiyyətli nümayəndəsi qismində X2 Heydər Əliyev prospekti 38, M4 ünvanında yerləşən ümumi sahəsi 88,8 kv.m olan 3 saylı mənzili Cavabdeh3 bağışlama müqaviləsi əsasında hədiyyə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş ******* saylı RX seriyalı çıxarışa əsasən mənzil Cavabdeh3 adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmışdır. xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi ilə Cavabdeh2 mənzili Cavabdeh1 satmışdır. Göründüyü kimi qeyd olunan mənzilin özgəninkiləşdirilməsi zamanı onun razılığı alınmamışdır, Cavabdeh4 tərəfindən şifahi razılıq verilmişdir. Cavabdeh4 tərəfindən verilmiş razılıq əsasında digər cavabdehlər arasında əsassız müqavilələr imzalanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, sənədlər onun adına olmuşdur. Çıxarış onun tərəfindən alınmışdır. Ev almaqla bağlı maraqlanan zaman Əfsunu ona məsləhət görmüşdürlər. Əfsun ona bir neçə ev göstərmişdir. Evin alqısatqısından sonra Əfsunu və yoldaşını görməmişdir. Evi Əfsundan 220.000 manata almışdır. Evə mebel alınan zaman Sevinci evdə görmüşdür. İddiaçı ailəlikcə onu, Yusifi və Rövşəni tanıyır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, mənzili Mübarizdən almışdır. Əfsuna evdən köçmək üçün vaxt vermişdir. Cavabdeh5 tərəfindən ev Mübarizə verilmişdir. Evi Mübarizdən almağına baxmayaraq Əfsun və ailəsi orda yaşamışdır. Evə Seyid adlı şəxslə girib baxdıqları zaman 85 yaşlı kişi, Əfsun və onun həyat yoldaşı orada olmuşlar. Mübariz onların kirayəçilər olduğunu bildirmişdir. Evi kirayəyə vermək məqsədilə almış, pul lazım olduğuna görə evi satmaq qərarına gəlmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Kərimov Rövşən İbrahim oğlu bildirmişdir ki, mənzil Sevincin həyat yoldaşı özünü makler kimi təqdim edən Cavabdeh4 tərəfindən ona təklif edilmişdir. O evə görə Cavabdeh4 beh vermişdir. Sonradan bilmişdir ki, Sevinc və Əfsun bu evdə kirayədədir. Rəsmiləşdirmə zamanı evin Yusifin adına olduğunu bilmişdir. Əfsun Yusifə onun qohumu olduğunu bildirmişdir. 2-3 aydan sonra Əfsun evi ona satmağını təklif etmişdir. O isə əvəzində bağ evini satmağı Əfsuna təklif etmişdir. Evə görə 185.000 manat pul ödəmişdir. Pulu kassadan Əfsun və Yusif götürmüşdür. Evlə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsində mülki iş üzrə icraat hazırki işə görə dayandırılmışdır. Araşdırma zamanı ona məlum olmuşdur ki, Əfsun evlərin alqı-satqısında vasitəçilik etdiyinə görə evi formal olaraq Əfsuna veriblər. Əfsun həmin adamı da aldatmışdır. Əfsun evi satarkən onun yoldaşının, yəni iddiaçının xəbəri olmuşdur. Mənzilə baxan zaman evdəki əşyaları ona iddiaçı, yəni Sevinc göstərmişdir. Fikirləşir ki, Sevinc və Əfsun əlbirdir. Əfsun Baş Mütəşəkkil X1 tərəfindən dələduzluğa görə saxlanılmışdır. Sevinc və Əfsun bir yerdə yaşayır. Vaxtı uzatmaq məqsədilə məhkəmələrdə müxtəlif iddialar qaldırırlar. Evin qiymətini onunla Əfsun danışmışdır. Evi ona Əfsun göstərmişdir. Əfsuna evdən köçmək üçün kifayət qədər vaxt verilmişdir. Əfsun Yusifi ev tikən kimi təqdim etmişdir. Əfsun həmin həyətdə yaşamış, bütün obyekt sahibləri tanımışdır. Əfsun evdən köçmədiyinə, 8-9 ay onu gözlətdiyinə görə evə getmiş, həmin zaman Əfsunun ailəsi, yəni iddiaçı özü də orada olmuşdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh5in nümayəndəsi X8 bildirmişdir ki, iddianı qəbul etmir. İddia ancaq subyektiv mülahizələrdən ibarətdir. İddiaçı öz iddiasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən zəmanət müqaviləsindən məlumatları yoxdur, müqavilə onlar tərəfdən imzalanmamışdır. Bildiyinə görə Cavabdeh4 qanunsuz hərəkətləri barədə aidiyyəti orqanlarda araşdırma aparılır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 019560 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh4 ilə İddiaçı xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 107 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədli, arvada Budaqova soyadı verilmişdir. Sifarişçi və zəmanətverən Cavabdeh5, podratçı “xxxx” MMC və zəmanətalan İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsindən görünür ki, tərəflər İddiaçı Heydər Əliyev prospekti 66 saylı binanın 1-ci mərtəbəsi ona məxsus, ümumi sahəsi 58,2 kv.m olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə, Heydər Əliyev prospekti 66-68 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 89,8 kv.m 3 otaqlı 74 saylı mənzil ilə təmin olunması barədə razılığa gəlmişlər. İcraçı “xxxx” MMC ilə sifarişçi İddiaçı arasında xx.xx.2018-ci il tarixdə “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” 055 816-12-65 saylı müqavilənin surətindən görünür ki, icraçı müvafiq abunə haqqı müqabilində sifarişçinin domofon sistemi üçün təmir xidmətinin göstərilməsini öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 88,8 kv/m olan 3 otaqlı mənzil tam mülkiyyət üzrə hədiyyə verən “xxxx” MMC tərəfindən əvəzsiz olaraq Cavabdeh3 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4, m3 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Paylayıcı “Azəriqaz” İstehsalat Birliyi ilə istehlakçı İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə AKX-0183134/11 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə istehlakçı İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli 206274 saylı müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4, m3 saylı mənzili alıcı Cavabdeh2 satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu zaman qeydiyyatda heç kim olmamışdır. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, binə 66, mənzil 74 ünvanına verilmiş **********10740 saylı abonent kodu “xxxx” MMC ilə İddiaçı arasında olan 66-68-74 saylı zəmanət müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixində AKX-01831xx/xx-2019 №-li “Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısi barədə” müqavilə bağlanmaqla abonent məlumatlarında dəyişiklik edilərək İddiaçı Moylaverdı qızının adına rəsmiləşdirilmişdir. “xxxx” ASC ilə istehlakçı İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 42381813 saylı müqavilənin surətindən görünür ki, müəssisə müvafiq abunə haqqı müqabilində istehlakçının istifadə etdiyi içməli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası “xxxx” ASC Nərimanov rayon sukanal idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “xxxx” ASC su təchizatı və çirkab sularının axıdılması xidmətlərinə görə İddiaçı ilə onun yazılı müraciəti və ‘'xxxx” MTK ilə bağladığı 66-88-74 saylı, xx.xx.2017-ci il tarixli zəmanət müqaviləsi əsasında xx.xx.2019-cu il tarixində 42381813 saylı müqavilə bağlanmış, ona abonent kodu **********740 olmaqla xidmət göstərilir. Həmin mənzilə xx.xx.2019-cu il tarixində ALFASU-20, 49825816 saylı sayğac quraşdırılmışdır və abonent ödənişləri vaxtında həyata keçirir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 547755 nömrəli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4 m3 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4, m3 saylı mənzili alıcı Cavabdeh1 satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu zaman qeydiyyatda heç kim olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 547755 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4 m3 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 38, M4, 3 saylı mənzil Bakı şəhər 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 4Ə-1282 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ilkin olaraq xx.xx.2018-ci il tarixində Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-286 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 4Ə-131 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 13 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 66 saylı qeyri-yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 58,2 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Budaqov Möyləverdi Pənah oğlu ifadə verərək bildirmişdir ki, o, iddiaçının atasıdır. Sökülmüş binada qızının ailəsinə məxsus ümumi sahəsi 55-58 kv.m olan daşınmaz əmlakı olmuşdur. Həmin əmlak onlara Cavabdeh5 tərəfindən verilmişdir. Cari ilin fevral ayının 29-da Rövşən adında şəxs qızının evinə gələrək mənzilin onun tərəfindən alındığını bildirmiş, evin boşaldılmasını istəmişdir. Qızı imkanı olmadığından evə dair çıxarışı ala bilməmişdir. Cavabdehlərdən heç kəsi tanımır. Onlardan heç birinin evi almaq məqsədilə gəldiyini görməmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan bağışlama müqaviləsi və daha sonra mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmiş, qeyd edilən tələblərin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 337, 339.2 və 339.3-cü maddələri təşkil etmişdir. İddiaçı hazırki iddianın faktiki əsası kimi isə mübahisəli Heydər Əliyev prospekti 66-68 ünvanında inşa olunmuş yeni yaşayış binasının dördüncü mərtəbəsində 74 saylı ümumi sahəsi 89,8 kv.m olan 3 otaqlı mənzilin Cavabdeh5 və “xxxx” MMC ilə imzaladığı xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinə əsasən ona məxsus olması, Heydər Əliyev prospekti 66 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,2 kv.m olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə verilməsi, həmçinin də qeyd olunan mənzilin qaz, işıq, su və telefon xətlərinin onun adına rəsmiləşdirilməsinə istinad etmiş, istinad etdiyi halların təsdiqi kimi xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinin surətini, “xxxx” ASC Nərimanov rayon sukanal idarəsinin xx.xx.2020-ci il və “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli məktublarını da təqdim etmişdir. “xxxx” ASC Nərimanov rayon sukanal idarəsinin və “Azəriqaz” İstehsalat Birliyinin də qeyd edilən məktublarında abonent məlumatlarında dəyişiklik edilərək İddiaçı adına rəsmiləşdirilməsinin əsası kimi xx.xx.2017-ci il tarixli, 66- 68-74 saylı zəmanət müqaviləsi göstərilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh5in nümayəndəsi X4 iddiaçının istinad etdiyi xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsi ilə əlaqədar verdiyi izahata əsasən müəyyən edilmişdir ki, Cavabdeh5 qeyd edilən sənəddən tam məlumatsızdır, icra hakimiyyətinin rəsmi şəxsləri tərəfindən «zəmanət müqaviləsi» adlanan sənəd imzalanmamışdır. Məhkəmə baxışı zamanı iddiaçı tərəf Cavabdeh5in nümayəndəsinin izahatında göstərilənlərlə razılaşmadığını qeyd etsə də, bu faktın təkzib olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən sifarişçi və zəmanətverən Cavabdeh5, podratçı “xxxx” MMC və zəmanətalan İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinin əsli məhkəməyə təqdim edilsə də, bu müqavilənin həqiqiliyini yalnız iddiaçının nümayəndəsi və vəkilinin izahatı əsasında müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, iddiaçı tərəfə mübahisəli mənzilin verilməsinə əsas olmuş Heydər Əliyev prospekti 66 saylı binanın 1-ci mərtəbəsi, ümumi sahəsi 58,2 kv.m olan qeyriyaşayış sahəsinin İddiaçı məxsus olmasına dair hər hansı hüquq müəyyənedici sənədlərin təqdim edilməsi məhkəmə tərəfindən təklif olunsa da, iddiaçı bu sənədləri təqdim edə bilməmişdir. Qeyd olunanlar həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 1 saylı Bakı Ərazi İdarəsinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubunda da öz əksini tapmışdır. Belə ki, həmin məktuba əsasən Heydər Əliyev prospekti 66 saylı qeyri-yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 58,2 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumatın idarənin arxivində aşkar olunmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının “Azəriqaz” İstehsalat Birliyi, “xxxx” ASC və “xxxx” ASC ilə bağlanmış müqavilələrə istinad etməsi ilə əlaqədar həmçinin qeyd edir ki, göstərilən müqavilələrin İddiaçı tərəfindən bağlanmış olması onun mübahisəli mənzilin mülkiyyətçisi olması anlamına gəlmir. Belə ki, Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”, xx xxxx 2014-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Sudan istifadə qaydaları” və x xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nda yuxarıda adıçəkilən müqavilələrin obyektdə yaşayan və kommunal xidmətlərdən birbaşa istifadə edən istehlakçı ilə bağlanması nəzərdə tutulur və mütləq şərt kimi istehlakçının həmin obyektin mülkiyyətçisi olması bu Qaydalara əsasən müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1 və 337.4-cü maddələri). Göründüyü kimi, mülki qanunvericilik mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Özündə bu münasibətləri ehtiva edən mülki hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitamının başlıca əsaslarından biri əqddir. Əqdin anlayışından görünür ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə - insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. «İradə ifadəsi» deyimi altında iradənin insanın daxili aləmindən başqa şəxslərə çatacaq dərəcədə xaricə bəyan edilməsi anlaşılır. Şəxs öz istəyinə nail olmaq üçün başqaları ilə hüquq münasibətlərinə daxil olmalıdır. Buna görə də şəxs öz iradəsini başqalarına bildirməlidir. Əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Başqa sözlə, məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə münasibətlərindən əmələ gələn hüquq münasibətlərinə istinad edərək iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. İddiaçı iddia tələbinin əsası kimi Cavabdeh5 və “xxxx” MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinə istinad etsə də, bu müqavilənin etibarlı olmaması ilə bağlı Cavabdeh5in nümayəndəsinin izahatında göstərilənlər və mülki işin materiallarında olan sənədlər ilə müəyyən edilən halların təkzib edilməsi üçün iddia ərizəsində qeyd edilən hallar üzrə sübutlar təqdim edə bilməmişdir. Halbuki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80 və 81-ci maddələrinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə bunu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən prosessual hüquq normaları Konstitusiyada nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmişdir. İddiaçının ailə üzvləri ilə mübahisəli mənzildə yaşaması və istinad etdiyi digər dəlillər mübahisəli mənzilin mülkiyyət hüququ ilə ona məxsus olmasını təsdiq edən sübut kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə şahid qismində dindirilmiş iddiaçının atası olan Budaqov Möyləverdi Pənah oğlunun ifadəsi ilə əlaqədar həmçinin qeyd etməyi zəruri sayır ki, şahidin iddiaçının yaxın qohumu olması onun tərəfsizliyini şübhə altına alır. Belə ki, şahidin iddiaçı ilə qohumluq münasibətləri, habelə qeyd olunan faktların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək məhkəmə onun ifadəsini inandırıcı hesab etmir. Belə olan halda isə iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət vermək zərurəti yaranmışdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Həmin məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, İddiaçı, mübahisəli mənzilə hər hansı hüquqi aidiyyəti müəyyən edilmədiyindən, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etməsinə hüquqi ixtiyarı yoxdur və beləliklə də onun cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddiası, iddia ərizəsində göstərilən tələbləri irəli sürmək üzrə subyektiv hüquqa malik olmadığı əsası ilə də rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı «müqavilələrin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar