Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-339/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Dadaşov Kənan İlqar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızına qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin ½ hissəsinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Emreli (Mədətova) Elnurə Şaban qızına, Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin ½ hissəsinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh3 (Mədətova) 1996-cı ilin avqust ayında rəsmi nikaha girməklə ailə qurmuşlar. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2734/2019 saylı, 05.08.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə cavabdeh E.Mədətovanın (Emreli) adına avtomobil alınmışdır ki, həmin avtomobil həmişə cavabdeh E.Mədətovanın (Emreli) istifadəsində olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-nin verdiyi 29.08.2019-cu il tarixli məktubundan görünür ki, cavabdeh E.Ş.Mədətova ilə birgə nikah dövründə 23.02.2018-ci ildə cavabdehin adına AD151812 nömrəli şəhadətnamə əsasında 2010-cu il istehsallı, qara rəngdə, ban nömrəsi SALLMAME4AA312003 olan **-EL-*** dövlət nömrə nişanlı “Range-Rover” markalı avtomobili almışlar. Avtomobil iddiaçının razılığı və xəbəri olmadan cavabdeh tərəfindən 15.03.2019-cu il tarixdə Cavabdeh1 satılmış və avtomobilə **-UF-*** nömrə nişanı verilmişdir. Sonradan 29.05.2019-cu il tarixdə Cavabdeh1 avtomobili Cavabdeh2 satmış və avtomobilə **-SE-*** nömrə nişanı verilmişdir. Bütün bunlardan iddiaçının yalnız hazırki mübahisənin cavabdehlə aralarında başlanmasından sonra xəbəri olmuşdur. Həmin əmlak cavabdeh E.Mədətova ilə aralarında birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, qeyd edilən əmlakın ½ hissəsi cavabdeh E.Mədətovadan alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən cavabdeh Mədətova Elnurə Şaban qızı ilə birgə nikah dövründə 23.02.2018-ci il tarixdə cavabdehin adına alınmış, 2010-cu il istehsallı, qara rəngdə, ban nömrəsi SALLMAME4AA312003 olan **-EL-*** dövlət nömrə nişanlı “Range-Rover” markalı avtomobilinə dair Mədətova Elnurə Şaban qızı ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd olunan avtomobilin dəyərinin ½ hissəsinin cavabdeh Mədətova Elnurə Şaban qızından alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Sonradan İddiaçı nümayəndəsi və vəkili Kiçiybəyov Emin Atabəy oğlu iddia tələbinin həcminin azaldılması (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Mədətova Elnurə Şaban qızı ilə birgə nikah dövründə 23.02.2018-ci ildə AD151812 nömrəli şəhadətnamə əsasında cavabdehin adına alınmış 2010-cu il istehsallı, qara rəngdə, ban nömrəsi SALLMAME4AA312003 olan **-EL-*** dövlət nömrə nişanlı “Range- Rover” markalı avtomobilinin dəyərinin ½ hissəsinin cavabdeh Mədətova Elnurə Şaban qızından alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Kiçiybəyov Emin Atabəy oğlu iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlməmiş, İddiaçı isə məhkəməyə teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızının nümayəndəsi və vəkili Hüseynzadə Vüqar Nadir oğlu iddianı qəbul etmədiyini, mübahisəli avtomobilin həqiqətən də tərəflərin birgə nikah dövründə alındığını, satılandan sonra isə alqı-satqıdan əldə olunmuş pul vəsaitinin tərəflərin övladlarının təhsil haqqı kimi verildiyini bildirmiş və iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh3 (Mədətova) məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(006)-2734/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Mədətova Elnurə Şaban qızına qarşı «nikahın pozulması tələbi»nə dair iddiası təmin edilmiş, İddiaçı ilə Mədətova Elnurə Şaban qızı arasında Səadət Sarayında (Bakı nikah evində) 28 avqust 1996-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1257 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarındakı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçıla E.Mədətova arasındakı nikah qeydi 25.01.2020-ci il tarixdə pozulmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 29.08.2019-cu il tarixli məktubundan görünür ki, Mədətova Elnurə Şaban qızının adında 23.02.2018-ci il tarixdən «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında 15.03.2019-cu il tarixdə Cavabdeh1 adına, 29.05.2019-cu il tarixdə isə Cavabdeh2 adına keçmişdir. Həmçinin, işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məhkəmənin sorğusu əsasında göndərilmiş 09.10.2021-ci il tarixli məktubundan görünür ki, «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.02.2018-ci il tarixdə Mədətova Elnurə Şaban qızının adına qeydiyyata alınmış və 15.03.2019-cu il tarixdə komisyon mağazada satılması üçün qeydiyyatdan çıxarılmışdır. Həmin gün də «Range-Rover» markalı avtomobilə 781274 nömrəli hesabarayış əsasında **-UF-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Sözügedən avtomobil 29.05.2019-cu il tarixdə komisyon mağazada satılması üçün Cavabdeh1 adından qeydiyyatdan çıxarılmışdır. İşdə olan məhkəmənin qərardadı əsasında "xxxx" MMC tərəfindən verilmiş “Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” hesabatından görünür ki, «Range-Rover» markalı minik avtomobilinin (buraxılış ili: 2010; rəngi: qara; tip: universal; mühərrik gücü: 5000 santimetr kub) 15.03.2019-cu il tarixinə real bazar qiyməti 45.900 manat olmuşdur. Qiymətləndirmə hesabatının haqqı 400 (dörd yüz) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər birgə nikaha daxil olaraq ailə qurmuşlar və cavabdeh E.Mədətova birgə nikah dövründə əldə edilmiş «Range- Rover» markalı avtomobili İddiaçı xəbəri olmadan özgəninkiləşdirmişdir. Hazırda iddiaçı avtomobilinin dəyərinin ½ hissəsinin cavabdeh E.Mədətovadan (Emreli) alınaraq ona verilməsini tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikah dövründə əldə olunması faktı həm işin materiallarında olan hüquqmüəyyənedici sənədləri ilə, həm də tərəflərin nümayəndə və vəkillərinin məhkəmə iclasında verdikləri izahatları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Həmin Məcəllənin 37.1-ci maddəsinin dispozisiyasına əsasən ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Əmlakın konkret olaraq ərin və ya arvadın gəlirləri hesabına alınmasından asılı olmayaraq, ər-arvadın həmin əmlaka dair sahiblik etmək, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə bərabər hüquqları vardır. Qanunun yuxarıda qeyd olunan müddəasına görə ər-arvadın birgə nikah dövründə əldə etdikləri bütün əmlaklar onların ümumi birgə mülkiyyətləri hesab olunur, buna görə də ümumi əmlakın əmələ gəlməsində (əldə olunmasında) ər-arvadın hər birinin iştirakının aktivliyindən asılı olmayaraq onların həmin əmlaka bərabər hüquqları vardır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan avtomobil tərəflərin birgə nikah dövründə əldə olunduğuna görə onların ümumi mülkiyyəti hesab olunmalı və bununla əlaqədar tərəflər həmin əmlaka münasibətdə sahiblik, istifadə və sərəncam vermə hüquqlarına bərabər şəkildə malik olduqlarına görə onlar həmin əmlakların ümumi birgə mülkiyyətçiləri tanınmalıdırlar. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə əldə olunmasına baxmayaraq, satılan zaman iddiaçının alqı-satqı müqaviləsi bağlanmasına razılığı alınmamışdır (bununla bağlı cavabdeh tərəfindən hərhansı sübut təqdim edilməmişdir). Həmçinin, avtomobil satılan zaman tərəflər nikahda olmalarına baxmayaraq, münasibətləri pisləşmişdir və artıq nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişlər. Beləliklə, yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, tərəflərin ümumi birgə əmlakı olmuş «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh tərəfindən özgəninkiləşdirilən dövrdə real bazar qiyməti 45.900 manat olmuşdur. Buna görə də həmin avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 22.950 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızına qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin ½ hissəsinin ödənilməsi tələbi»nə dair iddiası təmin edilsin. Cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızından birgə nikah dövründə əldə olunmuş «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 22.950 (iyirmi iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 400 (dörd yüz) manat məbləğində pul cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızından tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də, Hesab AZ12PAHA40060AZNHC**********, VÖEN **********, SWİFT PAHAAZ22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-339/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-339/2022
24.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver